13 Mart 2025

Cümə axşamı, 07:33

HƏR ŞEY QALİBİNDİR

ABŞ tarixinin ən maraqlı prezident seçkisi yarışı başlayır

Müəllif:

12.01.2016

2016-cı ilin ən vacib hadisələrindən biri ABŞ-da keçiriləcək prezident seçkiləri olmalıdır. Aparılan ictimai rəy sorğuları göstərir ki, hazırda demokratların namizədləri arasında lider Hillari Klinton, respublikaçılarda isə Donald Trampdır. Odur ki, ABŞ tarixinin ilk qaradərili prezidentini ilk qadın prezident əvəzləyə bilər. Amma Ağ Evin növbəti sahibinin ekssentrik milyarder olacağı da istisna deyil.

Trampın taleyinə iyulda Klivlenddə (Ohayo ştatı), Klintonun taleyinə isə Filadelfiyada (Pensilvaniya ştatı) aydınlıq gələcək. Hər iki partiya məhz həmin ay qurultay keçirərək, rəsmən prezidentliyə namizədini müəyyənləşdirəcək.

Hələliksə ölkədə partiyadaxili seçim prosesi gedir. İş elə gətirib ki, Ayova ştatında (ilk kokuslar, 1 fevral) və Nyu-Hempşirdə (ilk praymerizlər, 9 fevral) ilkin seçkilər kampaniyanın gedişi üçün ciddi əhəmiyyət daşıyır. Daha sonra martın 1-də super çərşənbə axşamı olacaq. Həmin gün Amerikanın ən azı 14 ştatı yarışa qatılacaq. Ümumxalq səsverməsi isə noyabrın 8-də keçirilməlidir. Məhz həmin seçkidən sonra, nəhayət, Ağ Evin 45-ci sahibinin adı məlum olacaq.

ABŞ-da "hər şey qalibindir" formuluna əsaslanan prezident seçkisi sistemi haqda çox danışılıb. Bu sistemlə bağlı əsas tənqidlər amerikalıların əslində bilavasitə namizədə deyil, "prezident+vitse-prezident" cütlüyünü seçəcək xüsusi nümayəndələrə səs vermələrilə bağlıdır (yəni "elektoral səslər" - onların sayı 538-dir). Bu halda nümayəndələrin əksəriyyətinin səsini qazanaraq prezident seçilmiş şəxsin, ümumxalq səsverməsində uduzmuş namizəd olması da mümkündür. Məsələn, Corc Buş ilə Albert Qor arasında prezidentlik uğrunda yarış zamanı belə hal yaşanmışdı. Buna baxmayaraq, əksər amerikalılar ölkənin seçki sisteminin sabit və ədalətli olduğunu düşünür.

Bu mənada, 2016-cı ildə seçki prosesinin hansı sürprizlərlə yadda qalacağı maraqlıdır. Belə sürprizlərdən biri Donald Trampdır. Məsələ ondadır ki, dekabrda CNN və "Fox News" tərəfindən keçirilmiş sosioloji sorğular onun Respublikaçılar Partiyasından olan rəqiblərini 20% üstələdiyini göstərib. Sorğuya qatılanların 39%-i Trampı dəstəklədiyini bildirib. Bu, noyabrdakı göstəricidən 3% çoxdur. Halbuki iyunda milyarderi dəstəkləyən, ümumiyyətlə, yox idi. "The Washington Post" yazır ki, Trampın gözlənilməz uğuru respublikaçıları "broker qurultayı" keçirmək məcburiyyətində qoya bilər. Bu cür qurultaylar aşkar favoritin olmadığı halda keçirilir və namizədin müəyyənləşdirilməsi üçün təkrar-təkrar səsvermələr, uzun-uzadı danışıqlar aparılır. Respublikaçılar son dəfə belə qurultayı 1976-cı ildə keçirmiş və seçkini uduzmuşdular. "Fillər" üçün partiyadaxili parçalanmaya yol verməmək vacibdir. Trampın seçkiyə müstəqil namizəd kimi qatılmaq qərarı verəcəyi təqdirdə isə belə parçalanma qaçılmaz ola bilər. Yeri gəlmişkən, milyarder artıq belə addım ata biləcəyini dilə gətirib. "USA Today" qəzeti və Saffolk Universiteti tərəfindən aparılmış sorğu göstərib ki, Trampın tərəfdarlarının 68%-i ona müstəqil namizəd olacağı təqdirdə də dəstək verəcək. Yeri gəlmişkən, respublikaçıların sıralarında daha bir maraqlı hadisə yaşanıb - milyarder Çarlz Kox noyabrda verdiyi bəyanatda hər hansı namizədi dəstəkləməklə bağlı planının olmadığını bildirib. Qeyd edək ki, Çarlz və Devid Kox qardaşları dünyanın ən zəngin sahibkarlarındandır. Dövriyyəsi 100 milyard dollardan çox olan "Koch Industries" şirkətinin sahibi olan qardaşlar uzun illər respublikaçıların seçki kampaniyalarının sponsoru olublar. KİV-in məlumatına görə, Trampla görüşən qardaşlar onu fikrindən daşındırmağa çalışıblar.

Lakin sponsorlardan asılı olmayan Trampa hələ ki, heç kəs təsir göstərə bilmir və onu heç nə narahat etmir. Tramp "Amerikanın qüdrətini özünə qaytarmaq üçün" sonadək gedəcəyini bildirir.

Tramp ABŞ-ın ən iri tikinti şirkətinin rəhbəri və beynəlxalq hotellər və kazinolar şəbəkəsinin sahibidir - yəni ABŞ prezidentliyinə ideal namizəd tipinin tam əksidir. Bircə onu xatırladaq ki, Tramp dəfələrlə qeyri-korrekt siyasi fikirlər səsləndirib. O, istənilən an təhqiramiz ifadələr işlədə, millətçi şüarlar səsləndirə bilər. ABŞ-da bir "yanlış söz"ün işdə, təhsildə, ümumiyyətlə, həyatda ciddi problemlərə yol aça biləcəyini nəzərə alsaq, bu, siyasətçi üçün kifayət qədər qaba davranışdır. Bu mənada Trampı qalmaqallı rus siyasətçisi Vladimir Jirinovski ilə müqayisə etmək olar. Məlum olduğu kimi, Jirinovski də ilk baxışdan hər kəsdə ikrah hissi yaratsa da, illərdir populyar siyasi və mediafiqur olaraq qalır. Tramp meksikalı miqrantları "vəhşi" və "qatil" adlandırıb, onları Amerikanın "yüksək mədəniyyətini" dağıtmaqda təqsirləndirib və "Meksikanın öz hesabına" divar tikərək, onların qarşısının kəsilməsini təklif edib. Ötən ilin dekabrında isə milyarder ABŞ-a müsəlmanların buraxılmasına "ümumi və tam qadağa" qoyulmasının vacibliyini bildirib. O, fikrini radikal islamın və qeyri-leqal immiqrantların Birləşmiş Ştatlara təhlükə yaratması ilə əsaslandırıb. Ölkə Konstitusiyasına ABŞ-da doğulmuş istənilən şəxsə vətəndaşlığın verilməsini nəzərdə tutan 14-cü düzəlişə Tramp, ümumiyyətlə, ləğv etməyi düşünür. Onun əsas elektoratı ağ amerikalılardır. Onların arasında daha çox ali təhsil olmayanlara, keçmiş hərbçilərə rast gəlinir. Sonuncular son illərdə yaşananların uşaqlıqdan tanıdıqları Amerikanı məhv edə biləcəyindən narahatdırlar. Belə çıxır ki, ölkənin siyasi Olimpində eyni adları görməkdən (Buşlar, Klintonlar), həmçinin əbədi siyasi nəzakətdən bezmiş amerikalılar milyarderin arxasında getməyi düşünür. Məsələn, "Bloomberg News" tərəfindən aparılmış sorğunun nəticələrinə əsasən, respondentlərin 65%-i Trampın müsəlmanların ölkəyə buraxılmasına müvəqqəti qadağa qoyulması ideyasını dəstəkləyir. Yeri gəlmişkən, bu, ABŞ-da 2016-cı ilin seçki prosesilə bağlı daha bir sualtı qaya proqnozlaşdırmağa imkan verir. Bəlkə də, bir çox amerikalı Trampa olan simpatiyasını sadəcə gizli saxlayır. Hələlik... Üstəlik, respublikaçıların digər namizədlərinin dəstəyi Trampla müqayisədə xeyli azdır. Məsələn, Texasdan olan senator Ted Kruz 18%, Floridadan olan senator Marko Rubio 10% səs yığa bilib. Florida ştatının sabiq qubernatoru Ceb Buşa dəstək isə 5-10% arasındadır. Halbuki onun siyasi və maddi imkanları daha çoxuna ümid etməyə əsas verirdi.

Seçki ilini maraqlı edən daha bir məqam ənənəvi didişmənin yalnız bir partiyadan olan namizədlər arasında getməməsindədir. Hazırda əsl savaş Trampla demokratların əsas namizədi Hillari Klinton arasında yaşanır. Trampın Ayova və Nyu-Hempşirdən olan seçicilər üçün hazırlanmış ilk reklam çarxında müsəlmanların ABŞ-a girişinin qadağan olunmasının vacibliyi haqda fikirlərindən sonra Klinton milyarderin "İslam Dövləti"nin ən yaxşı əlaltısı" olduğunu bəyan edib. Məsələ ondadır ki, Trampın çıxışından bir hissə əvvəllər "Əl-Qaidə" ilə əlaqəli qruplaşmalardan biri olan terrorçularının təbliğat videosunda istifadə edilib. Tramp isə öz növbəsində Barak Obamanı və Hillari Klintonu açıq şəkildə İD-nin yaradılmasında günahlandırıb. Milyarder onu da deyib ki, Klinton ABŞ-ın dövlət katibi olarkən Yaxın Şərqdə "saysız-hesabsız ölümlərə" səbəb olub. Hillari Klinton Trampı "qadın düşməni" də adlandırıb. Milyarder isə cavabında Hillari Klintonun həyat yoldaşı, ABŞ-ın sabiq prezidenti Bill Klintonun "dünyada qadınları təhqir edən ən məşhur şəxslərdən biri" olduğunu bəyan edib. Ümumiyyətlə, Tramp, demək olar ki, hər şeyə cavab tapır. Məsələn, o, Meksika ilə sərhədə divar çəkilməsilə bağlı təklifinin Klinton tərəfindən etirazla qarşılanmasını anlamır: axı, o, İsraillə Fələstin arasında belə divarın çəkilməsinə etiraz etmir.

Etiraf etmək lazımdır ki, Cozef Baydenin prezidentlik yarışında qatılmaqdan imtinasından sonra demokratların əsas namizədinə çevrilmiş H.Klinton müxtəlif vəzifələrdə olduğu dövrdə bir çox zəif nöqtələrini hər kəsə nümayiş etdirib. Onun bəyanatlarında dəfələrlə ziddiyyətlərə, "boşluqlar"a rast gəlinib. Lakin bu, xanım Klintonu tərəfdarlardan məhrum etməyib. "Gallup" tərəfindən keçirilmiş sorğu onun 2015-ci ildə Amerikanın ən sayılan qadını olduğunu göstərib - respondentlərin 13%-i məhz Hillari Klintonun adını çəkib. Bununla yanaşı, ötən illə müqayisədə onun tərəfdarları 3% azalıb. Yeri gəlmişkən, xanım siyasətçinin tərəfdarları arasında çox sayda qadınla yanaşı, orta təbəqənin insanları və müxtəlif azlıqların təmsilçiləri də var. 12 yaşlı feminist Oliviyanın Klintona ünvanladığı (rəsmi saytda yerləşdirilib) məktub onun elektoral dəstəyinin göstəricisi sayıla bilər. Oliviya siyasətçiyə öz köməyini təklif edir, seçkidə Klintonun qələbə çalacağına çox inanır. Bundan başqa, qızcığaz bundan sonra bütün Amerika ərazisində geylərin nikahına icazə veriləcəyini sevinclə qarşılayır. Sabiq birinci ledinin imicmeykerinin hansı auditoriyaya işlədikləri aydındır.

Lakin Klintonun və digər demokratların məqsədlərinə çatmasını çətinləşdirən daha bir məqam var: onlar amerikalıların diqqətini Obamanın prezidentliyi dönəmində baş vermiş mənfi məqamlardan yayındırmalıdırlar və belə məqamlar heç də az deyil. İndi onlar elektoratın diqqətini bu dövrdə baş vermiş müsbət məqamlara çəkməyi bacarmalıdırlar. Məsələn, demokratlar bildirirlər ki, respublikaçılar Obamanın səhiyyə sahəsindəki islahatları (Obamacare) ləğv edəcəksə, Nümayəndələr Palatası isə proqramın əsas müddəalarının ləğvinə artıq səs veribsə, bu, milyonlarla amerikalının sağlamlığına mənfi təsir göstərəcək. Amma demokratların əlində bu cür birmənalı kozırlar çox azdır. Çünki qeyri-leqal miqrantlar məsələsində Obama öz partiyadaşlarına çoxlu sayda problemlər qoyub gedir, Trampın, bununla bağlı, dəqiq hədəfə vurulan atmacaları isə problemin nə dərəcədə aktual olduğunu göstərir.

Obama administrasiyasının yeni ilin ilk günlərində atdığı daha bir mübahisəli addım ölkədə odlu silah dövriyyəsinin məhdudlaşdırılması ilə bağlıdır. Bu, dərhal cəmiyyəti iki yerə bölüb: bir hissə Konstitusion haqlarından, "Amerikanı qurmuş" qanunlardan danışır, digərlərisə hər il yüzlərlə insanın, o cümlədən uşağın ölümünə, zorakılığa və qətllərə görə məhz odlu silaha malik olma hüququnu səbəb göstərir. Bu günlərdə Oreqonda baş vermiş və KİV tərəfindən o qədər də işıqlandırılmayan bir hadisə bu məsələyə xüsusi aktuallıq qazandırıb. Söhbət qoruğun inzibati binalarını nəzarətə götürmüş fermerlərin silahlı qiyamından gedir. Fermerlər hesab edirlər ki, torpaqlara və rançoya federal hökumət tərəfindən nəzarət effektiv deyil.

Bütün bunlarla yanaşı, namizədlər üçün xarici hadisələr də ciddi aktuallıq daşıyır. Bu da tez-tez beynəlxalq arenada lənglikdə, həddindən artıq ehtiyatlılıqda və hətta aşkar zəiflikdə günahlandırılan Obamanın mirasıdır. 2011-ci ildə Obama İraqda hərbi kampaniyaya son qoyub, 2014-cü ildə eyni addımı Əfqanıstanla bağlı atıb. Bununla, o, sanki, Vaşinqtonun Yaxın Şərqdən uzaqlaşdığını nümayiş etdirməyə çalışıb. Lakin "ərəb baharı"nın nəticələri, Suriya müharibəsi, ən başlıcası isə İD-nin peyda olması Yaxın Şərq problemlərinin Amerikanın qapısına gəlib çıxa biləcəyini göstərir. Kaliforniyanın San-Bernardino şəhərində törədilmiş terror aktları, həmçinin Parisdə bu yaxınlarda baş vermiş qanlı hadisələr bunu göstərir. Bu faktlar Amerika ictimaiyyətində əməlli-başlı qorxuya səbəb olub. Odur ki, ABŞ-da 2016-cı ildə aparılacaq seçki kampaniyasında milli təhlükəsizlik məsələsi diqqət mərkəzində olacaq. Səhiyyə və ya digər amerikadaxili məsələlərdən fərqli olaraq, bu sahədə diskussiyaları bütün dünya izləyəcək - axı, ABŞ-da keçirilən seçkilər dünya siyasətində düzənə ciddi təsir göstərir və demək, söhbət bütünlükdə planetin təhlükəsizliyindən gedir.

Beləliklə, demək olar ki, Klintonun liderliyi, müəyyən dərəcədə, məcburi seçimdir. Bu, böyük ölçüdə həm də Demokratlar Partiyası daxilində rəqabətin zəif olması ilə əlaqədardır. Lakin o, hədəfinə doğru inamla irəliləyir və təslim olmağa hazırlaşmır.

Trampın populyarlığına gəlincə, o, daha çox milyarderin qələbə şansı baxımından deyil, Amerika ictimaiyyətində yaşananlar baxımından düşündürücüdür və siyasi korrekt üzlüyün altında nələrin gizləndiyini göstərir. O da nəzərə alınmalıdır ki, Trampın bəyanatları həqiqət olsa da, olmasa da, əsasən populistliyilə seçilirsə, Klinton hələ dövlət katibi olarkən bir sıra ciddi səhvlərə yol verib və bu günə kimi ona bu səhvləri xatırladırlar. Bütün bunlar prezidentlik uğrunda, hələ ki, potensial rəqiblər arasında savaşı daha da qızışdırır. Əsas hadisəyə, təxminən, 1 il qaldığı vaxtda seçki kampaniyası artıq aqressivliyi, kəskin tonu və kompromatları ilə fərqlənir. Onlardan birinin Ağ Evə rəhbərliyə başlamasından sonra nələrin baş verəcəyini söyləmək hələ ki, tezdir. İstənilən halda, tələsməyək - 58-ci dəfə keçiriləcək prezident seçkilərinə qalan bu bir il hələ Obamanın ilidir...



MƏSLƏHƏT GÖR:

551