24 Dekabr 2024

Çərşənbə axşamı, 21:22

MİNİMAL XƏRCLƏRLƏ

AFFA-nın Baş katibi Elxan Məmmədov: "Futbolçuların məvacibi və futbola yatırılan sərmayələr aşağı düşür"

Müəllif:

19.01.2016

Yeni 2016-cı il Azərbaycan futbolu üçün önəmli il olacaq. Mayda ölkəmiz 17 yaşlı futbolçular arasında Avropa Çempionatının əsas mərhələsinə ev sahibliyi edəcək. 2005-2015-ci illəri əhatə edən futbolun inkişafına dair Dövlət Proqramının başa çatması klublarımızın gələcək planlarına mane olmayacaq. Çünki AFFA tərəfindən yeni Dövlət Proqramı hazırlanır və bu sənədin yaxın aylarda təsdiqlənəcəyi gözlənilir. Digər tərəfdən, bu ildən etibarən həm yerli, həm də əcnəbi futbolçuların transfer qiymətində eniş hiss olunur. Sözsüz ki, bu amilin ölkə futbolunun inkişafına təsirsiz ötüşməyəcəyi məlumdur. 

Azərbaycan futbolu ilə bağlı "R+"un suallarını AFFA-nın Baş katibi Elxan Məmmədov cavablandırib.

- İlk olaraq ötən ildən danışmaq istərdik. 2015-ci il Azərbaycan futbolu üçün nə ilə yadda qaldı? 

- 2015-ci il Azərbaycan futbolu üçün vacib il oldu. Ölkə futbolu tarixində ilk dəfə iki klubumuz Avropa Liqasının əsas mərhələsində mübarizə apardı. Azərbaycan çempionu "Qarabağ" ardıcıl ikinci dəfə bu uğura nail oldu. Üstəlik, Ağdam təmsilçisi qrup mərhələsində son tura qədər pley-offa çıxmaq şanslarını saxladı. Təəssüflər olsun ki, bu dəfə də alınmadı. Amma "Qarabağ"ın gələcəkdə bizləri sevindirəcəyinə inanıram. "Qəbələ" 2015-ci ildə ilk dəfə qrup mərhələsinə yüksəldi. 2012-ci ildən başlayaraq, əvvəlcə "Neftçi", sonra "Qarabağ", ardınca "Qəbələ" qrup mərhələsində iştirak etməyə nail oldu. Ümid edirik ki, növbəti illərdə də minimum iki klubumuz qrup mərhələsində iştirak edəcək. Bu, 2015-ci ildə bizim üçün vacib hadisədir. 2015-ci ildə Rəşad Sadıxov milli komandada 100 oyun keçirən ilk futbolçu kimi tarixə düşdü. Bununla bağlı Azərbaycan-İtaliya oyunundan əvvəl UEFA-nın Baş katib müavini kapitanı mükafatlandırdı. Rəşad Sadıxovun 100 oyun keçirməsi UEFA tərəfindən rəsmən təsdiqləndi. Ötən illə bağlı daha bir maraqlı məqam Azərbaycan-İtaliya görüşündə rekord sayılan 48 min azarkeşin Bakı Olimpiya Stadionuna gəlməsi oldu. Bakı Olimpiya Stadionunda keçirilən ilk görüşdə 48 min azarkeşi görmək çox sevindiricidir. 

- Azərbaycanda 2015-ci ilin ən yaxşı məşqçisi və futbolçusu kimdir? Sizin fikriniz maraqlıdır...

- Təbii ki, ən yaxşı nəticəni Qurban Qurbanov göstərdi. "Qarabağ"ın baş məşqçisinin ən böyük üstünlüyü odur ki, üzərində çox çalışır. Çalışır, hər zaman öyrənsin, biliyini artırsın. Biz hər il Qurban Qurbanovun inkişafını görürük. Futbolçuya gəldikdə, azarkeş kimi cavab verəcəyəm. Düşünürəm, "Xəzər-Lənkəran"da çıxış edən Rahid Əmirquliyev əzmkarlıqla seçilir. Hər oyunda maksimum gücünü göstərir. Demək olar ki, 2015-ci ildə keçirilən əksər oyunlarda özünü yaxşı tərəfdən göstərdi. 

- 2016-cı ildə 17 yaşadək futbolçuların Avropa Çempionatı Bakıda baş tutacaq. Mötəbər yarışla bağlı təşkilati işlər hansı mərhələdədir?

- 2016-cı ildə 17 yaşadək futbolçuların qitə birinciliyi paytaxtımızda keçiriləcək. Mayın əvvəlində başlayacaq, ayın üçüncü həftəsində yekunlaşacaq. Avropa Çempionatı ilə bağlı bizim böyük xərclərimiz olmayacaq. 2012-ci ildə AFFA və dövlət tərəfindən inşa edilən stadionlar inşa olunacaq. Heç bir yeni arena tikməyə ehtiyac olmayacaq. Çünki infrastruktur artıq mövcuddur. Digər administrativ xərclər olacaq. Amma bu xərclər AFFA-ya UEFA tərəfindən ödəniləcək.

- 2016-cı ildən başlayaraq, bir çox federasiya büdcə ilə əlaqədar qənaət etməyə başlayıb. AFFA da bu ildən etibarən büdcəyə qənaet edəcəkmi?

- Düzünü deyim ki, AFFA artıq 2015-ci ilin üçüncü rübündən etibarən, qənaət prosesinə başlayıb. 2016-cı il yanvarın 1-dən isə biz bu prosesi həyata keçiririk. Bildiyiniz kimi, bəzi layihələrə son qoyduq. AFFA-nın hesabına klublarda idman direktorları fəaliyyət göstərirdi. Onlarla müqavilə mart ayında başa çatmalıydı. Ötən il onlarla görüşümüz oldu və biz layihəni dayandırmaq istədiyimizi bildirdik. Nəticədə, yanvarın 1-dən etibarən, layihəni dayandırdıq. Büdcədə optimallaşdırma etdik. Klublara gəlincə, sözsüz ki, klublarda müəyyən problem olacaq. Bəzi klublarda əcnəbi futbolçular var, onların müqavilələri xarici valyuta ilə hesablanıb. Bu məsələdə onlar çətinlik çəkəcək. Klublar gəlirləri manatla əldə edir. Ona görə də məvacibi xarici valyuta ilə ödəmək problem yaradacaq. Düşünürəm, yaxın zamanlarda klublar futbolçularla bu məsələni müzakirə edəcək. Çalışacaqlar ki, yaydan etibarən müqavilələr milli valyuta ilə hesablansın. Futbolçuların məvacibi enməyə başlayacaq. Ümumilikdə, futbola yatırılan sərmayələr aşağı düşür. Fikrimcə, ümumiyyətlə, idmanımız optimallaşdırma siyasətinə başlamalıdır.

- Hazırda Avropa, eləcə də dünyanın aparıcı klublarında maliyyə problemi özünü göstərir. Sizin fikrinizcə, Azərbaycan klubları bu problemdən yan keçmək üçün hansı işləri görməlidir?

- Bu il yox, artıq gələn ilin xərclərini düşünmək lazım olacaq. İndidən prosesə başlasalar, 2017-ci ildə buna hazır olacaqlar. Ümumiyyətlə, çalışmaq lazımdır, büdcənin xərcləri azalsın. Lakin yaxşı xəbərimiz də var. Avropa Liqasında iştirak edən klublarımız 2015-ci ilin sonunda UEFA-dan gəlir əldə ediblər. Bu gəlir avrodadır. Bu, yaxşı fürsətdir. UEFA-dan əldə olunan gəliri mümkün qədər qənaətlə istifadə etmək lazımdır.

- Bakı Olimpiya Stadionunda oyunlar az keçirilir. Ölkənin ən böyük futbol arenasının gələcək fəaliyyəti necə olacaq?

- Biz çalışacağıq, Bakı Olimpiya Stadionundan maksimum istifadə edək. 2020-ci ildə Bakı şəhəri Avropa Çempionatının 4 oyununu qəbul edəcək. O vaxta qədər azarkeşlərimizin stadionu daha yaxşı tanıması üçün çalışacağıq. Biz gördük ki, çoxlu sual yaranır. Təşkilatçılıq cəhətdən zəif tərəflərimizi bilirik. Bəzi könüllülər stadionu yaxşı tanımırlar. Onlar stadiona gələn qonaqları asanlıqla yerləşdirməyi bacarmalıdırlar. Buna görə qərar qəbul etdik ki, bu ildən etibarən, Azərbaycan milli komandası ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirsin. Çox gözəl arenadır. Bu stadion bütün bölgədə bir nömrəli stadiondur. Hər bir azarkeş bu arena ilə fəxr edə bilər.

- Futbolun İnkişafına dair yeni Dövlət Proqramının hazırlanması barədə məlumat var. Yeni proqram hansı illəri əhatə edəcək?

- Yeni Dövlət Proqramı üçün ilkin sənədlər təqdim olunub. Yeni proqram "Avro-2020"ni əhatə edə bilər. Bir neçə proqram olmaqdansa, bir geniş Dövlət Proqramının olması daha yaxşıdır. 2020-ci ildə Bakı tarixinin ən böyük idman yarışlarından birini keçirəcək. Qitə birinciliyi Avropanın 13 şəhərində olacaq. Bizdə qrup mərhələsinin 3 oyunu, 14 final mərhələsinin 1 görüşü baş tutacaq. 2016-cı ildən başlayaraq, yeni proqramın hansı illəri əhatə edəcəyini dövlət müəyyənləşdirməlidir. Ola bilər, 7 illik, ola bilər, 5 və ya 10 illik olsun. Yeni proqram, ümumilikdə, Azərbaycanda futbolun inkişafının davamı kimi həyata keçiriləcək.

- Bir qədər Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkidən danışmaq istərdik. AFFA yeni məşqçinin işindən razıdır?

- Hazırda onun işinə qiymət vermək tezdir. Prosineçki son seçmə mərhələsinin ortasında təyin olundu. Sevindirici haldır ki, Azərbaycan millisinə inam yaranıb. Yığma hücum futbolu oynamağa başlayır. Prosineçkinin komandasından daha çox qol gözləyirik. Ümid edirik, növbəti seçmə mərhələ daha uğurlu olacaq. Prosineçki 10 oyunun 6-da baş məşqçi kimi çalışıb. Dünya Çempionatının seçmə mərhələsində həm baş məşqçi, həm də millidən uğurlu nəticələr gözləyirik. Məhz yeni seçmə mərhələdən sonra Prosineçkinin işinə qiymət vermək mümkün olacaq.


MƏSLƏHƏT GÖR:

542