Müəllif: Nərminə VƏLİYEVA Bakı
Suğra Bağırzadə tamaşaçıların hələ də xatırladığı və sevdiyi 10-dan artıq filmdə çəkilib: "Yollar və küçələrlə", "Ulduz", "Şir evdən getdi", "Alma almaya bənzər", "Güllələnmə təxirə salınır" və s. Amma karyerasına o, "Cücələrim" mahnı və rəqs ansamblında başlayıb. 60-cı illərin əvvəlində balaca Suğranın səsi bütün Sovet İttifaqında hər kəsə tanış idi. Bu gün Azərbaycanın əməkdar artisti olan Suğra Bağırzadə yeni kinolara çəkilir, floristika ilə məşğul olur. Bu yaxınlarda isə o, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Fəxri doktoru" adına layiq görülüb. Bu ad ona türk dünyası mədəniyyətinə və Azərbaycan-Türkiyə münasibətlərinə töhfələrinə görə verilib.
- Suğra xanım, hazırda nə işlə məşğulsunuz? Hansı filmə çəkilirsiniz?
- Hazırda "Həyat, sən nə qəribəsən?!" serialına çəkilirəm. Qəhrəmanım Ülviyyə xanım uğurlu iş adamının xanımı, 2 uşağın anasıdır. Kənardan elə görünür ki, o, sabit, xoşbəxt həyat sürür. Reallıqda isə hər şey əksinədir. Qəhrəmanımın bir çox problemi var. O, demək olar ki, daim ağlayır, ailəsinə görə narahatlıq keçirir, həyat yoldaşına kömək etməyə çalışır. Bir sözlə, dramatik və qəmli bir rol (gülür). Mən ssenaristlərdən hər zaman roluma az da olsa nikbinlik, sevinc qatmalarını xahiş edirəm. Amma onlar belə dəyişikliyin əleyhinədirlər.
- Kino üçün darıxmısınızmı?
- Çox. Əvvəllər seriallara çəkilmirdim. Hesab edirdim ki, bu, qeyri-ciddi, yüngül işdir. Bu üzdən də, "Həyat, sən nə qəribəsən?!" serialının rejissoru Ramin Nəbiyev mənə rol təklif etdikdə ssenarini oxuyaraq çox düşündüm. Sonda rejissorun təzyiqi qarşısında təslim oldum və bundan qətiyyən peşman deyiləm.
- Son bədii filminiz...
- Ötən il gənc rejissor Nurlan Sirudinoğlu diplom işini - qısametrajlı "Avropalı gəlin" filmini çəkib. Orada mən əsas qəhrəmanın anası olan fransız qadını oynamışam. Süjetə görə, həyat yoldaşım (Eldar Bağırbəyov çəkilib) ailəsilə birlikdə Bakıya köçür. Burada onun gənc qızı azərbaycanlı oğlana vurulur.
Bu yay isə rejissor Kənan Musayevin "Zaman adlı qatar" tammetrajlı filminin çəkilişləri başa çatıb. Orada da mən əsas qəhrəmanın anasını oynamışam (gülür). Nə etmək olar? Elə yaşdayam ki, mənə ana və ya nənə rolları verilir. Etiraf edim ki, bu, çox xoşuma gəlir...
- Bu haqda çox rahat danışırsınız. Halbuki çoxdan səhnədə olan bəzi aktrisalar hələ də "yaşlı" rollardan imtina edir, Cülyetta və Leyli rollarına çəkilmək istəyirlər...
- Onlar kimi aldatmağa çalışırlar ki? Bir il sonra 70 yaşım tamam olacaq və mən yaşımı heç zaman gizlətməmişəm. Əksinə, insanlar yaşımı bildikdə təəccüblənir və bu mənə xoş gəlir. Onsuz da yaşımdan cavan görünürəm...
- Həqiqətən də, ruhən və cismən cavan qalmağı necə bacarırsınız?
- Xüsusi sirrim yoxdur. Gərək, daim hərəkətdə olasan, işini sevəsən, işlə ailə arasında qızıl ortanı tapa biləsən.
- Fikrinizcə, gələcəkdə Azərbaycan kinematoqrafiyasını nə gözləyir?
- Düşünürəm ki, Azərbaycan kinematoqrafiyasının gələcəyi çox yaxşıdır. Son zamanlar bu incəsənət növünə dövlət tərəfindən xüsusi diqqət göstərilir. Vəsait ayrılır, yeni ssenarilər yazılır, filmlər çəkilir və onlar müxtəlif beynəlxalq kinofestivallarda iştirak edir. Əlbəttə ki, bütün bunlar sevindirici haldır. Lakin müasir tamaşaçı kinoteatrlara getmir. Onların həyatı televiziya, video və DVD ilə dolub. Tamaşaçı tənbəlləşib. Onun üçün əlində pult evdə, divanda olmaq daha rahatdır: rəqəmsal televiziya hər kəsə yüzlərlə telekanalı izləmək imkanı verir. Təəssüf ki, video və bütün bu texnologiyalar bizimlə acı zarafat etdi: bu gün kameralarla məhdudiyyətsiz çəkilişlər aparmaq olur. Kino lentilə çəkiliş zamanı isə hər kadra incəsənət əsəri kimi yanaşırdılar. Yadımdadır, mən 8-ci sinifdə oxuyarkən rejissor Ağarza Quliyevin "Ulduz" filminə çəkilmişdim. Kino sınaqları başlar-başlamaz "Torqovı"dakı böyük dəmir stenddə filmdə sınaqdan keçirilən aktyorların fotoları asılmışdı. Bir müddət sonra isə bütünlükdə aktyor heyətinin və çəkiliş qrupunun şəkilləri də peyda oldu. Axşamlar "Torqovı"da gəzişən bakılılar artıq yeni film çəkilişlərinin getdiyindən xəbər tuturdular. Onlar çəkilişlərin başa çatmasını səbirsizliklə gözləyir, sonda bilet almaq üçün uzun-uzadı növbələrə düzülürdülər. O zaman aktyorlara münasibət də fərqli idi...
- Valideynləriniz və uşaqlığınız haqda danışın. Necə oldu ki, "Cücələrim" mahnı və rəqs ansamblının solisti oldunuz?
- Ailəmiz böyük olub: 7 bacı, 1 qardaş. Anam Məleykə xanım Tibb İnstitutunun stomatologiya fakültəsini bitirmişdi, atam Sadıq müəllim memar-körpü inşaatçısı idi. Onlar hələ tələbə olarkən Gürcüstanda tanış olmuşdular. Atam anamı küçədə görmüş və ilk baxışdan vurulmuşdu. Toydan sonra o, anamı Bakıya gətirmişdi. O zaman onun ailəsi sərt ənənələrilə tanınan Çəmbərəkənddə yaşayırdı. Anam hər zaman dəblə ayaqlaşıb: dəbdəbəli şifon paltar geyir, dabanlı ayaqqabıda və ya platformalı bosonojkada gəzirdi. Gənc ailə Çəmbərəkəndə yerləşdikdə məhəllədə hər kəs Sadığın modabaz gürcü qadını ilə evləndiyini danışırmış. Anam dünyaya uşaq gətirdikdən sonra da özünə diqqətini azaltmamışdı. Halbuki, o, ev işlərilə də məşğul olur, uşaqları tərbiyə edirdi.
Oxumağa, rəqs etməyə lap erkən yaşlarımdan başlamışam. Səsimin, musiqi duyumumun olduğunu görən anam məni Pionerlər və Məktəblilər sarayında açılmış uşaq xoruna yazdırıb. Böyük bacım Elmira da xorda idi. Tezliklə diqqətləri cəlb etdim və xorun solistinə çevrildim. Bu, həyatımın xüsusi, çox xoşbəxt dönəmi idi. 1959-cu ildə Moskvada Azərbaycan incəsənəti dekadası keçirildi və orada bizim mahnı və rəqs ansamblımız da iştirak edirdi. Orada mənim üzərimdə böyük məsuliyyət var idi - mənə "Cücələrim" mahnısını solo ifa etmək həvalə olunmuşdu. Azərbaycanı tədbirdə layiqincə təmsil etdik. 1 ay sonra ifa etdiyim mahnı "Dünyanın ən yaxşı uşaq səsləri" albomuna düşdü. Mən "Cücələrim"lə, demək olar ki, bütün dünyanı dolaşdım. Dahi Rəşid Behbudovdan, tanınmış pedaqoq, vaxtilə Müslüm Maqomayevlə məşğul olmuş Aleksandr Milovanovdan vokal dərsləri almışam. Aleksandr Akimoviç hesab edirdi ki, mənim sopranom ilə operada oxumaq lazımdır.
Bir qədər böyüyəndən sonra "Azərbaycanfilm" kinostudiyasına dəvət aldım. Orada əvvəlcə xarici filmləri səsləndirirdim. Sonradan filmlərə çəkilməyə başladım. Hər kəs aktyor karyeramın parlaq alınacağını düşünürdü. Atamdan başqa...
- Bəs, onda o sizi niyə qastrollara buraxırdı?
- Mən "beş"lə oxuyurdum və atam belə ağıllı qızın ölkənin istənilən ali məktəbinə qəbul olunacağını dəfələrlə təkrarlayırdı. O, hesab edirdi ki, səhnə mənim üçün sadəcə uşaqlıq əyləncəsidir, peşəni isə bütün ömrün üçün ciddi şəkildə düşünərək seçməlisən. Hər qastroldan əvvəl o zaman Dəmir Yolu İdarəsində vəzifəli şəxs olan atamın kabinetinə məktub gəlirdi - orada onun qızının necə istedadlı olmasından, mənim bu və ya digər tədbirdə iştirakımın vacibliyindən bəhs edilirdi. Atamın məni uşaq qastrollarına buraxmaqdan başqa yolu qalmırdı. Biz ciddi tərbiyə almışıq və nizam-intizama öyrəşmişdik. O zaman bəzən inciyir, onunla mübahisə etməyə çalışırdım. İndi özüm ana və nənəyəm deyə onun davranışının səbəblərini anlayıram. Onun 8 uşağı var idi və o, hər bir övladına görə narahatlıq keçirir, hər birimizə yalnız yaxşılıq etməyə çalışırdı.
- Bəs, kinoya gəlişiniz necə oldu?
- 8-ci sinifdə oxuyurdum. Məni "Cücələrim"dəki çıxışımdan və kinostudiyadakı dublyajlardan tanıyan rejissor Zeynəb Kazımova məni "Yollar və küçələrlə" filmində çəkilməyə dəvət etdi. Daha sonra ekranlarımızda tez-tez gördüyünüz "Ulduz" filmi gəldi. Ondan sonra daha 11 filmdə çəkildim. Orta məktəbi bitirdikdən sonra məni hətta Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna təqdim etdilər. Lakin atam buna qəti etirazını bildirdi və rejissorluq fakültəsinə belə, getməyimə razılıq vermədi. Nəticədə, Dövlət Neft Akademiyasına daxil oldum və yüksək molekulyar kimya üzrə mühəndis-texnoloq diplomu əldə etdim. İnstitutu əla qiymətlərlə bitirdikdən sonra ilyarım Elmi-Tədqiqat İnstitutunda çalışdım. Sonda tale məni yenidən "Azərbaycanfilm" kinostudiyasına qaytardı. Lakin bu dəfə oraya lentlərin hazırlanması sexinin əməkdaşı kimi qayıtmışdım. Laborantlıqdan başlayaraq düz növbə rəisi postunadək irəlilədim. Bütün pərdəarxası işləri bilirdim. Daha sonra lent şöbəsinin rəhbəri oldum və pensiyaya "Azərbaycanfilm" kinostudiyasının böyük mühəndisi kimi çıxdım. Bir sıra filmlərdə çəkilsəm də, orada heç zaman aktrisa hesab edilməmişəm. O dövrdə artıq ailə qurmuşdum və həyat yoldaşım aktyorluq fəaliyyətimə qətiyyən etiraz etmirdi.
- Ən sevimli rolunuz? Hansı filmi təkrar-təkrar izləməkdən bezmirsiniz?
- Bütün rollarımı bəyənirəm. Lakin çəkildiyim filmləri təkrar izləməyi sevmirəm. Çünki hər dəfə hansısa qüsur tapıram və mənə elə gəlir ki, daha yaxşı oynaya bilərdim.
- Fikrinizcə, gənc aktyorlarımızda nə çatmır?
- Təvazökarlıq. Bir çox filmlərimin, rollarımın olmasına baxmayaraq, özümü "ulduz" saymıram. Sadəcə, çox sevdiyim və qiymətləndirdiyim işimlə məşğulam... Bu həyatda yaşamaq heç də bəzilərinin düşündüyü kimi, çətin deyil. Təmiz, özün kimi ol, ətrafındakılara qayğı ilə yanaşı, paxıllıq etmə və öz hərəkətlərinə görə cavab verməyi bacar. İnanın ki, pul həyatda əsas amil deyil. Mən ailə quran zaman həyat yoldaşımla heç nəyimiz yox idi. Hərəmiz ayda 90 rubl əməkhaqqı alırdıq. Çox çətinliklər, maneələr var idi. Amma bu, ailəmizi daha möhkəm, daha güclü edirdi.
- Suğra xanım, bəs, necə oldu ki, floristika ilə məşğul olmağa başladınız?
- Güllərlə ağır 1990-cı illərdə, ölkədə xaosun, qarışıqlığın hökm sürdüyü dönəmdə maraqlanmağa başlamışam. Onlar mənə depressiyadan çıxmağa, mənfi enerjidən qurtulmağa kömək edirdi. Ailəmizdə gülləri hər zaman seviblər. Anamın güllərə necə qulluq etdiyini, bitkilərə xəstəlik düşdükdə, onlar məhv olduqda necə məyusluq keçirdiyini yaxşı xatırlayıram. Bir dəfə anama demişdim ki, böyüdükdə güllərin ömrünü uzatmağın, onları əbədi etməyin yolunu mütləq tapacağam.
- Və tapdınız...
- (Gülür) Bu işdə kimyaçı peşəsi, kimyəvi maddələrin hazırlanmasında sentrifuqalardan istifadə etmək, güllərin konsistensiyasını dəyişmək, müxtəlif məhlullarla işləməyi bilmək bacarığım köməyimə gəldi. Mən yalnız canlı güllərlə işləyirəm. Onların quruması isə kompozisiyada baş verir. Hər bir əsərə həcmindən asılı olmayaraq, 2 il vaxt sərf olunmalıdır. Onlar keramika halına yalnız bu müddətə çatır. Daha sonra onları rəngləyir, daha sonra güllərin rəngi canına çəkməsi üçün bir qədər də gözləyirəm. Son mərhələ rənglərin qurumasıdır və gül-çiçəkli rəsm sizi onilliklər boyunca sevindirməyə hazırdır.
- Rəssamlar İttifaqının və Ümumdünya Nəbatatçılar Sammitinin üzvüsünüz. Florstika sizin üçün nədir?
- Öz hisslərimi, emosiyalarımı güllər vasitəsilə ifadə etməyin yolu. Rəsmlərim, kompozisiyalarım düşüncələrimin, arzularımın, sevgimin ifadəsidir. Mənim yeni peşəkar istiqamət - floristika sənayesi üzrə sertifikatım var. Onu mənə 27 ölkəni özündə birləşdirən Ümumdünya Nəbatatçılar Sammiti təqdim edib. Postsovet ölkələrindən Azərbaycan sammitdə mənim timsalımda təmsil olunur. Bu janrda canlı güllərdən istifadə edən yeganə nəbatatçı dizaynerəm. Peterqofun 300 illiyinə həsr olunmuş və Sankt-Peterburqda təşkil edilmiş güllərin tərtibatçıların beynəlxalq sərgisində də iştirak etmişəm. Sərgiyə "Dostum Peterqofa hədiyyə" adlı işimlə qatılmışam və mükafatlandırılan 4 nəfərdən biri olmuşam. Orada fəxri fərman və diplomla yanaşı, mənə Ağ evin imitasiyası olan güldan da hədiyyə edilib. Hazırda bir neçə şagirdim var və onlara floristikanın sirlərini öyrədirəm. Bu tətbiqi-dekorativ yaradıcılıq sənətinin Azərbaycanda inkişaf etməsini istəyirəm. Güllər insanlara çox bənzəyir: müxtəlif, unikal. Onlar da qayğı, nəzakətli davranış tələb edir, xarakterinə və həyat şəraitinə görə insanlar qədər müxtəlifdirlər. Güllərlə davranmaq bacarığı, onlardan nadir kompozisiyalar yaratmaq, bu zaman onların təravətini, həyat gücünü qoruyub-saxlamaq əsl sənətdir. Bunu bacaranlar əsl sehrbazdır. Çünki o, digərlərinin ətrafdakı gözəlliyi görməsinə, hiss etməsinə, anlamasına imkan yaradır.
- Kimyəvi preparatlarla işləmək baxımından ən çətin bitki hansıdır?
- Qızılgül. Ləçək nə qədər çoxdursa, işin o qədər çətin və ağırdır. Bu sənəti uşaqlara öyrədən zaman ən sadədən başlayırıq. Bu, bitkinin yarpaqları, kökü, budağı üzərində işləməkdir. Bu işin ən çətin tərəfi ləçəkləri olduğu kimi saxlamaqdır. Axı, onların hər biri formasına, naxışlarına görə fərqlənir. Qızılgül o qədər incə bitkidir ki, ona fərdi yanaşmaq lazımdır.
- Suğra xanım, övladlarınız haqda danışın. Onlardan sizin yolunuzu gedən - özünü kimyaya, kinoya və ya floristikaya həsr edəni varmı?
- İki qızım var - Gülnarə və Cəmilə. Onların maraqları başqadır. Qızlarım uşaq yaşlarından xarici dilləri öyrənməyə üstünlük veriblər. Kimya, kino onları qətiyyən cəlb etməyib. Mən onlara bu məsələdə təsir göstərməyə çalışmamışam. Həyat yoldaşım və mən övladlarımıza sərbəst seçim imkanı vermişik. Böyük qızım Gülnarə Xarici Dillər İnstitutunu, kiçiyi - Cəmilə isə İncəsənət İnstitutunu bitirib. 4 nəvəm var. Onlardan ikisi - Oliviya və Ameliya güllərlə işləməyi çox sevirlər. Ümid edirəm ki, onlar mənim işimi davam etdirəcək, floristikanı yalnız incəsənət kimi deyil, həm də perspektivli biznes istiqaməti kimi təbliğ edəcəklər.
MƏSLƏHƏT GÖR: