Müəllif: Zöhrə FƏRƏCOVA Bakı
O, Zəlimxan Yaqub idi. Dəyərli əsərlərin, cild-cild kitabların müəllifi... Ömrünü ədəbiyyata həsr edən söz adamı. Həyatının ilk çağlarından bir cığır tutdu. O cığır ədəbiyyatın müqəddəs yoluna qovuşdu, əbədiləşdi. O, sevilən şairdir. Şeirləri dillər əzbəridir. Həyatı hər zaman hamar keçməmişdi. Gördüyü çətinliklər, qarşılaşdığı nadanlarla, laqeydlərlə mübarizələrin ağrıları idi bəlkə sonralar canında dolaşan, həkimlərin dilindən eşitdiyi müxtəlif adlı xəstəlik... Bir zaman möhkəm, sarsılmaz, həmişə xəstəliyə meydan oxuyan şair gün gəldi, çarəsiz xəstəliklərlə yoldaşlıq etdi.
Bu ilin ilk ağır itkisi oldu. Şair 2016-cı ilin 9 yanvarında gözlərini əbədi yumdu. Könüllərdə, xatirələrdə belə qaldı: qürurlu, əzəmətli, həssas, poetik duyğulu... Çünki o, Zəlimxan Yaqub idi...
Onun haqqında 100 kitab da azdır
İlləröncə onunla müsahibəyə şeirlərinin birindəki bu misra ilə başladım: "Ömür yaşdan nələr çəkib?". "Kəndi Kəpənəkçi, mahalı Borçalı, paytaxtı Bakı, Vətəni Azərbaycan, dünyası Türk Dünyası, kainatı bütün bəşəriyyət olan bu ömür sazın, sözün, məclislərin, şifahi xalq ədəbiyyatının, yolların, səfərlərin ömrüdür", - dedi şair. - "Bundan belə, evdə əyləşib, o ömürlə bağlı 100 kitab yazsam, yenə çatdıra bilmərəm".
Sanki sualıma bənd idi. İlk beşiyindən, ilk yurdundan-yuvasından həvəslə danışmağa başladı. Söhbətinə o qədər rəng, çalar, canlılıq qatırdı ki, onu dinlədikcə mənə elə gəlirdi ki, bir filmə baxıram...
1950-ci ilin 21 yanvarında Borçalıda dünyaya gəlməsini Allahın ona verdiyi ən böyük xoşbəxtlik sayırdı Zəlimxan Yaqub. Çünki o yerlərdə təbiət özü, dağlar özü möcüzədir. Şair kimi yetişməyində o kənd, o mühit çox böyük rol oynadı. Nağıllarımızı, dastanlarımızı, əfsanələrimizi, bayatılarımızı ilk dəfə o yurdun müdrik insanlarından eşitdi. Sözə, saza o yurdda heyran oldu. İlk şeirini orda qələmə aldı. Ona görə sinəsi tükənməz söz xəzinəsiydi.
Bir də özünün dediyi kimi, maddi cəhətdən deyil, mənəvi cəhətdən zəngin olan bir evdə böyüdü. Atası Yusif riyaziyyat müəllimiydi. Çox zəngin mütaliəsi var idi. Anası Güllü xanım evdar qadınıydı. Göz yaşlarını, qəmini, kədərini dilindən düşməyən bayatılarla anladırdı. 1937-ci ildə, onun 10 yaşı olanda atasını - Sərdaroğlu Qurbanı həbs edib sürgünə göndərmişdilər. O, varlı-pullu deyildi. Savadlı, qabiliyyətli, gözəl saz çalan, oxuyan, məclislərdə hörmət görən, yaşca cavan olsa da, kəndin say-seçmə ağsaqqallarından idi. Elə bunun da güdazına getmişdi. O vaxtdan qızının gözləri yollarda qalmışdı...
Anasının gözlərindəki bu qüssə Zəlimxan Yaqubun bu dünyadan görüb-anladığı ilk kədər payı oldu. Bu həsrətin izi ilə illərsonra Orta Asiyaya getdi. Orada dədə-babasını yadına salan, göz yaşı tökən, Azərbaycan deyiləndə dodağı çatlayan adamlarla görüşdü. "Sürgün" adlı poema yazdı.
Ailə başçısı sürgün olunan ailədə yetim qız kimi böyüyən, gözləri yaşlı, dili bayatılı anasının nisgili, kədəri, atasının ziyalılığı, zəngin mütaliəsi başlanğıcı oldu. Zəlimxan Yaqub üçün yollar oradan başlayırdı.
Ömrünün ilk çağlarından məclislərdə, böyüklərin, ustad aşıqların, müəllimlərin yanında oldu. Baxışından, duruşundan, sifətinin cizgilərindən, hərəkətindən hiss edirdilər qeyri-adiliyini...
Yalançı əlaçı
İlk şeirini 5-ci sinifdə oxuyanda yazdı. Hələ bitkin şeir olmasa da, anası oğlunun qabiliyyətini görə bildi. Dayısına - əməkdar müəllim Rəşid Acalova söylədi. Rəşid müəllim şagirdindən - Zəlimxan Yaqubdan yazdığı şeiri oxumasını istədi. Şeiri dinlədikdən sonra bacısı qızına dedi: "A Güllü, görərsən, bu, gələcəyin böyük şairi olacaq".
El-obaya hay-küy düşdü: Yusif müəllimin oğlu şair olub. Kimi dedi vergi, kimi dedi buta verilib, kimi dedi yuxuda bir qız görüb...
"Mən nə uşaq kimi uşaq, nə gənc kimi gənc oldum", - deyirdi Zəlimxan Yaqub. - "Mənim oyuncağım olmayıb. Uşaqlıqdan məni barmaqla göstərirdilər: "Bax, o Zəlimxandır", - deyirdilər. Dünyam zəngin, təbiətlə ünsiyyətim güclü idi. Saatlarla yarpağa, çiçəyə, gülə, mamıra baxırdım. Çəkilirdim bir tərəfə fikirləşir, özümə suallar verirdim: niyə göy ucadır? Sonu haradadır?".
Ürəyinə dammışdı, bilirdi gələcəkdə hamının tanıdığı bir adam olacaq. Həmkəndlilərinin, qohumlarının ona münasibətindən də bunu görürdü. Sanki uşaq yaşında içindən böyüdüyünü hər kəs duyur, hiss edirdi. Ona böyük kimi baxır, boynuna məsuliyyət qoyurdular. Bir də atasının dedikləri...
Zəlimxan müəllim xatırlayırdı: "Daş atıb pəncərənin şüşəsini qırdım. Anam şikayətləndi: "Atana səni döydürəcəyəm". Atam gələndə dedi: "Ay kişi, bu uşağa təpin, şüşəni qırıb". Atam cavab verdi: "Nə danışırsan, ay arvad. O məndən ağıllıdır. Mən ona nə deyim?".
Elə bil, məni ildırım vurdu. Atam mənə deyir, bu məndən ağıllıdır. Yəni çiynimə yük qoyur, məsuliyyət qoyur ki, adam balasısan, özünü ağıllı apar".
Oxuduğu orta məktəbdə adı əlaçı şagirdlərin siyahısında olsa da, doğrusunu yenə şair özü deyirdi: "Əlaçı deyildim. Riyaziyyatı çox zəif bilirdim və riyaziyyat müəllimləri həmişə mənə "5" qiymət verirdilər. Deyirdilər, sən get ədəbiyyatla məşğul ol. Əlaçı idim, amma yalançı əlaçı idim".
1971-ci ildə "Azərbaycan gəncləri" qəzetində şeirlərini şair Hüseyn Arif təqdim etdi, ona uğurlu yol arzuladı.
İlham mənbəyi qadındır
Orta məktəbi 1967-ci ildə bitirdi. Bakıya gəldi. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kitabxanaçılıq fakültəsinə daxil oldu. O vaxtadək yuxularında gördüyü, əli çatmayan, ideal saydığı böyük şairlərlə dostluq etmək, oturub-durmaq, onlara şeir oxumaq, şeirlərini dinləmək xoşbəxtliyinə bu şəhərdə çatdı. Borçalıda Osman Sarıvəllinin, Səməd Vurğunun şeirləri dillər əzbəri idi. Ustad aşıqlar - Əmrah, Kamandar, Hüseyn Saraclı, Xındı Məmməd saatlarla onlardan oxuyardılar. Zəlimxan Yaqub fəxrlə danışırdı: "Yatanda yuxuma da girməzdi ki, gün gələr, Osman Sarıvəlli, Hüseyn Ariflə müəllim-tələbə, ata-oğul olaram. Borçalıdan gətirdiyim məhəbbətin burada üstünə gəldi. Meydanım genişləndi, sözüm tutuldu, başıma qapaz vuran olmadı, əksinə, sığal çəkdilər, bağırlarına basdılar. Bu siyahını başlasam, 50 adamın adını çəkə bilərəm. Hamısından xoş xatirələr qalıb. Azərbaycanda xalq məhəbbəti, el sevgisi qazanan, dövlətdə, millətdə, sənətdə böyük nüfuz sahibi olan şəxsiyyətlərlə oturdum-durdum. Bu da mənim yaddaşımın hesabına olub. Onlar görəndə ki, bir şair şeirini oxuyur, yanılanda arxasını mən deyirəm, heyrətə gəlirdilər. Tofiq Bayram, Söhrab Tahir, Məmməd Araz, Hüseyn Arif, Osman Sarıvəlli də belə olub. Onların kitabxanaları yansa, kitablarını gəl mənim yaddaşımdan köçür. Şairlərə İlahi sevgim, məcnunluğum həmişə olub".
Bircə dəfə yazıçı-publisist Qulu Xəlilovun onu tənqid etdiyini söyləyirdi. Bunu da zarafata salırdı: "Orada da sərt tənqid yox idi. Tərifləyirdi, deyirdi, şeirlərində partiya, ictimai mövzular, pambıq, üzüm yoxdur".
Bu da şairin mənə verdiyi müsahibəsindəndir: "Şair əgər şairdirsə, ən böyük ilham mənbəyi qadındır. O qadın ana da ola bilər, bacı da, həyat yoldaşı da, sevdiyin gözəllər də. Bunlar mənim yaradıcılığımın şah damarıdır. Dünyanın nə qədər gözəl şeiri var, hamısı qadınlarla bağlıdır. Gözəllik olmasa, bunu kim yarada bilərdi? Yer üzündə nə qədər mahnı var. Elə mahnı təsəvvür eləyə bilərsinizmi, qadına, qıza, sevgiyə aid olmasın? Mənim də dillər əzbəri olan, gözəlliyə, gözəllərə yazılan şeirlərimin hamısı həqiqətən içimdən keçən, məni yaşadan, mənim yaşatdığım o gözəllərlə, sazda, sözdə, söhbətdə, məclisdə yaranıb".
"Xanımlara çox şeirlər yazmısınız. Düzdür ki, həyat yoldaşınıza heç şeir həsr eləməmisiniz?". Verdiyim sualın içindən özünəməxsus ustalıqla çıxmışdı şair: "Bizim Borçalıda aldığımız tərbiyə var idi. Mənim atam öz atası Şamil kişinin yanında heç vaxt anamın adını çəkməzdi. Səslənər, bir işarə verərdi və biz bu tərbiyə ilə böyüdük ki, "Adını demirəm, eldən ayıbdı, Filankəsin qızı Filan oynasın". Biz həyat yoldaşımızın adını kitaba, dəftərə salmağı özümüzə ar bilmişik, ayıb bilmişik. O psixologiya bu gün də məndə qalır. Doğrudur, heç kəs nə Həzrət Məhəmməd, nə də onun arvadı Həzrət Xədicə deyil. Amma həmişə o ideallığa sarı getməliyik. Gözəl övlad tərbiyə eləmək istəyirsənsə, ailə örtülü qab kimi qalmalıdır. Bura toxunulmazlıqdır, müqəddəslikdir. Bu şəhər mənimdir. Yəni adını çəkmədən ona həsr etdiyim bir neçə şeirim var".
Dörd övlad böyüdüb tərbiyə etmişdi. "Necə hərəkət eləyirsən, övladın, nəvən də elə davranır", - deyirdi. - "Otuz ildən artıqdır ailə sahibiyəm. Atama qarşı necə olmuşamsa, övladlarımdan da elə münasibət görürəm. Ailə sağlam olmalıdır. Birdəfəlik, birmənalı şəkildə bilin, kimin yumruğu havadadırsa, kim ürəklə danışırsa, deməli, o, evdəki qeyrətli qadınla, sağlam ailə ilə bağlıdır. Ailəsində çat olan adam heç vaxt ürəklə danışa bilməz".
Ədəbiyyat ierarxiyası
Ədəbiyyatda da bu böyük-kiçikliyin gözlənilməsinin tərəfdarı idi. "Biz o tərbiyəni görmüşük", - deyirdi. - "Özümüzdən əvvəlki nəslə böyük ehtiramımız olub. İndi gəncliyə də qayğımız var. Amma çox təəssüflər olsun, 60-cı illər nəsli deyilən nümayəndələr 1980-1990-cı illər ərəfəsində bir dedi-qodu başladılar və bu, cavanlara o dəqiqə sirayət elədi. Bugünün cavanlarının 80 faizi yaradıcılıqla, mütaliə ilə yox, bir-birini söyməklə, qəzetdə təhqir etməklə məşğuldur. Bu, çox ağrılı məqamdır. Ədəbiyyat ədəb sözü ilə başlayır. Hörmət, ehtiram olmalıdır. Bunlar olmayan yerdə ədəbiyyat yoxdur. Xoş söz eşitməsən, xoş münasibət görməsən, hansı enerji ilə yazacaqsan?".
Onu saatlarla söhbətlərindən doymadan, yorulmadan dinləmək olardı. Zəlimxan Yaqub danışırdı: "Gərək adət-ənənəyə, kökə, yaddaşa, tarixə, keçmişə ehtiramla yanaşasan. Bu, ədəbiyyatda da davam etməlidir. Etməyəndə qırılır və arada uçurum yaranır. İstedadlı hansı sahədə yazsa, böyük olacaq. Burada janr, forma yox, məzmun, mahiyyət əsasdır. Bir də xeyirxah niyyətlə yaşamaq lazımdır. Belə olanda nəticə gözəl olur. Nifrətin axırı düşmənçilik, məhəbbətin axırı dostluqdur".
Duzlu-məzəli söhbətləri də vardı. Ona şairlər, yazıçılar barədə danışdığı lətifələri eşitdiyimi söyləyib suala keçmişdim: "Sizin haqqınızda belə lətifələr var?". "Var" demişdi. "İçərisində düzləri var, yoxsa?..". Gülmüşdü: "Elə əksəriyyəti düzdür. Xalq yaradır, qoy yaratsın. Qoy, elə birini özüm deyim. Hüseyn Arif cənnətdə ağacın kölgəsində bir qızla söhbət eləyir. Görür, Zəlimxan gəlir. Qaş-qabağını tökür, könülsüz görüşür. Ayrılan kimi gedir cənnətin komendantına şikayət eləyir: "Məni burdan çıxar". Komendant deyir: "Şair, səni hara çıxarım? Bura cənnətdir". Hüseyn Arif cavab verir: "Zəlimxan Yaqub da gəlib bura. Daha bu nə cənnət oldu?". Gözəldir də. Şair folklorlaşa bilmirsə, deməli, o, şair deyil".
Onun həyatda bir idealı vardı: insanları ucaltmaq. Deyirdi: "Kimin haqqında danışmışamsa, onu yüksəltmişəm. Yəni insandırsa, o, yüksəlməyə layiqdir. Axı insanın nə qədər ömrü var? Niyə bir-birimizi didməliyik? Hamımız qonağıq, gedəcəyik. Qonağa hörmət lazımdır. Gözəllə, gözəlliklə, dostla, eloğlu ilə yaşa, gözəl məclislərdə boy göstər, qoy millət feyziyab olsun. Biz kimik ki? Göydə Allah var, hər şeyi O özü yerbəyer eləyəcək".
2016-cı ilin 11 yanvarında Zəlimxan Yaqub Fəxri xiyabanda torpağa tapşırıldı. Son mənzilə çiyinlərdə gedən şair hər kəsin ürəyində geri döndü...
MƏSLƏHƏT GÖR: