Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Taekvando üzrə Azərbaycan yığması ilk dəfə Yay Olimpiya Oyunlarında maksimum sayda - 4 idmançı ilə iştirak edəcək. Yığmamız bu hüquqa Türkiyədə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində nail olub. Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq) və Milad Beigi Harçeqani (80 kq) İstanbulda bu uğuru finala yüksəlməklə əldə edib. Bunadak daha bir idmançımız - dünya və Avropa çempionu Radik İsayev (+80 kq) lisenziyanı təmin edib.
Beynəlxalq Taekvando Federasiyasının qaydalarına əsasən olimpiadada hər ölkə maksimum 4 idmançıyla (2 kişi və 2 qadın olmaqla) təmsil oluna bilər.
Türkiyədə keçirilən Avropa Təsnifat turnirinə gəlincə, ölkəmizi 67 kq çəki dərəcəsində təmsil edən Fəridə Əzizova müvafiq olaraq, makedoniyalı Petra Matiyaseviç (4:1), ukraynalı Tatyana Teterevyanikova (3:0) və sloveniyalı Franka Aniç (1:0) üzərində inamlı qələbələr qazanaraq, Rio de Janeyroda keçiriləcək sayca 31-ci olan Yay Olimpiya Oyunlarına iştirak hüququnu əldə edib. Final görüşündə də almaniyalı Rabia Güleçə 1:0 hesabı ilə qalib gələn həmyerlimiz, İstanbulda dövlət himnimizi səsləndirib.
Qadın təmsilçilərimizdən, həmçinin Patimat Abakarova Dünya Taekvando Federasiyasını təmsil edən Dino Poriunes-Lanqerudidən (4:1), yunanıstanlı idmançı İoanna Kotsudan (5:1), yarımfinalda isə ukraynalı İrina Romaldanovadan (3:1) üstün olaraq finala adlayıb. Abakarova finalda serbiyalı idmançı Tiyana Boqdanoviçi (6:5) mübarizədən kənarlaşdıraraq yarışın qalibi olub.
Kişilərdən isə Milad Beigi Harçeqani latviyalı Yanus Kauneni (16:0), erməni idmançı Arman Yeremyanı (11:1) və yarımfinalda türkiyəli Yunus Sarını (10:1) böyük hesablarla məğlub edərək finala yüksəlib. İdmançımız finalda polşalı rəqibi Pyotr Pazinskiyə 14:2 hesabı ilə qalib gələrək turnirin qızıl medalını əldə edib.
Dördüncü dəfə Olimpiadada çıxış edəcək taekvandoçularımız, Afina-2004 və London-2012-də 2 idmançımız tatami üzərinə çıxmışdısa, 2008-də 1 həmyerlimiz Olimpi fəth etməyə çalışmışdı. Bu il Rioda keçiriləcək Yay Olimpiya Oyunlarında qadın yığmamız diqqət çəkəcək. İndiyədək xanımlarımız heç vaxt 2 lisenziya qazanmamışdı. Ümumiyyətlə, zərif cinsin nümayəndələri yalnız 1 dəfə Olimpiadaya yollanmışdı ki, buna da 4 il öncə Fəridə Əzizova nail olub. Ona qədər taekvando üzrə yalnız Rəşad Əhmədov iki dəfə Olimpiadada iştirak edib.
Taekvandoçularımız son dövrlərdəki uğurları Olimpiya medalları qazanmağa ümid yaradır. Əvvəlki yarışlarda ən yaxşı nəticəsi 4-cü yer olan idmançılarımız istənilən əyarlı medal qazanmaqla, ilki reallaşdıracaqlar.
14 illik fasilədən sonra taekvandoçumuz Radik İsayevin dünya çempionu olması, üstəlik, komandamızın ilk Avropa Oyunlarında uğurla çıxış etməsi deyilənləri təsdiqləyir. 2015-ci ildə kişilərdən ibarət millimiz ilk dəfə Dünya Kubokuna sahib çıxmaqla yenilik etdi. Bütün bunlar taekvandoçulardan Rio Yay Olimpiya Oyunlarında uğur gözləməyə imkan verir.
Karyerasında ikinci dəfə olimpiadada iştirak hüququ qazanan Fəridə Əzizova "R+"a açıqlamasında əsas məqsədin medal qazanmaq olduğunu bildirib: "Məqsədim lisenziyaya nail olmaq idi. Çox sevinirəm ki, bu uğura imza atdım. Yarışda ilk gündə mübarizəyə qoşulmağı çox sevirəm. İlk qalib gələn, medal qazanan özüm olmaq istəyirəm. Bu sarıdan eqoist olduğumu da bilirəm. Etiraf edim ki, 2012-ci il London Olimpiadasından əvvəl Bakıda keçirilən lisenziya xarakterli təsnifat turnirində çıxış etdiyim zaman çox həyəcanlı, həmçinin təcrübəsiz idim. Bununla belə, lisenziya qazandım. Amma məhz təcrübəsizliyim səbəbindən Londonda 1 xal fərqi ilə məğlub olmuşam. Artıq inanıram ki, Rioda tam fərqli olacaq. Həyatda heç nədən gileylənməyə haqqım yoxdur. Tanrım xoşbəxt olmaq üçün mənə hər şey verib. Uğur qazanıb azarkeşləri sevindirmək çox yaxşı hisslərdir. Növbəti məqsədim Riodan Vətənə medalla qayıtmaqdır".
İlk Avropa Oyunlarının qalibi Milad Beigi Harçeqani də Rioya yollanacaq idmançılar sırasında olacaq. Taekvandoçumuzun sözlərinə görə, Braziliyada keçiriləcək olimpiadaya çempion olmaq üçün gedəcək: "Son illər mənim üçün çox uğurlu oldu. Taekvando üzrə komanda yoldaşlarımla birgə bir sıra uğurlar əldə etdik. Sözsüz ki, ilk Avropa Oyunlarındakı qələbədən sonra ancaq lisenziya barədə düşünürdüm. Hazırda lisenziya var. Buna görə olimpiadada çıxış etmək barədə düşünməliyəm. Rioda ən güclülər çıxış edəcək. Adi bir səhv bütün arzularımızın üstündən xətt çəkə bilər. Ona görə olimpiadada hər bir çətinliyə hazır olmalıyam. Rioya medal üçün yollanacam. Braziliyada çempion olmaqla ən böyük arzumu reallaşdıra bilərəm".
Qeyd edək ki, Rioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanan taekvandoçularımız fevraldan etibarən xüsusi proqramla hazırlaşacaq. Onların olimpiadaya qədər iki turnirdə gücünü sınayacağı gözlənilir. Adıçəkilən 4 taekvandoçu avqustda baş tutacaq olimpiadaya qədər məşqçilərin xüsusi nəzarətində olacaq.
MƏSLƏHƏT GÖR: