Müəllif: Sənan NADİROĞLU Bakı
Bu ilin ən böyük idman hadisəsinə getdikcə az vaxt qalır. Avqustun 5-də planetin ən böyük idman yarışı Yay Olimpiya Oyunlarına rəsmən start veriləcək. Bundan sonra dünyanın ən güclü atletləri mötəbər yarışın medalları uğrunda mübarizə aparacaqlar.
Cari il Azərbaycan idmanında bəzi tanınmış və titullu atletlər olimpiadadan kənarda qala bilər. Səbəb bu və ya digər idman növündə eyni çəkidə iki güclü idmançının çıxış etməsidir. Olimpiadada hər ölkə hər çəkidə yalnız bir idmançı ilə təmsil oluna bilər. Məhz bu səbəbdən, Azərbaycan medal qazanmağa qadir olan potensial mükafatçını itirəcək.
İlk olaraq güləşdən danışaq. Uzun tarixə malik və milli idman növümüz sayılan güləş hər bir yarışdan Vətənə çoxlu sayda medalla qayıdıb. Sirr deyil ki, hər Olimpiadada ən çox medal qazanan idmançılar da məhz güləşçilər olub. Sərbəst güləşdə 97 kq-da Azərbaycanın iki güclü idmançısı çıxış edir. Bunlar Şərif Şərifovla Xetaq Qazyumovdur. Şərif 2012-ci il London Olimpiadasının qalibidir. Kolleksiyasında dünya çempionluğunun qızıl medalı da var. Qazyumov isə iki dəfə olimpiadada bürünc medal qazanıb, dünya və Avropa çempionatının qalibidir. Bu çəkidə Xetaq Qazyumov Olimpiadaya lisenziya qazansa da, hazırda Rioya kimin gedəcəyi məlum deyil. Güləşdə lisenziya ölkəyə verildiyindən, Azərbaycan Güləş Federasiyası qərar verməyə tələsmir.
Sərbəst güləş yığmasının kapitanı olan Xetaq Qazyumov "R+"a açıqlamasında bunları dedi: "Şərif çox yaxşı güləşçidir. Əvvəllər 84 kq-da çıxış edib. İndi çəkisi 97 kq-a yüksəlib. Boyu mənimlə eynidir, 180 sm, deməli, bu, normaldır. "Rio"ya kimin gedəcəyini məşqçilər müəyyənləşdirəcək. Qarşıda bir neçə turnir var. Ayrı-ayrılıqda həmin yarışlarda iştirak edəcəyik, sonda sparrinq görüşü baş tutacaq. Kim güclüdürsə, o da Olimpiadaya gedəcək. Mənim üçün əsası medal qazanmaqdır. Arzu edirəm, kimin getməsindən asılı olmayaraq, Azərbaycan üçün qızıl medal qazansın".
Şərif Şərifov isə komanda yoldaşının çox təcrübəli olduğunu bildirdi. Onun sözlərinə görə hazırda bu çəkidə kimin Rioya gedəcəyini söyləmək mümkün deyil: "Olimpiadaya bir neçə ay var. Ona görə, hər bir idmançı zədələnə bilər. Hazırda Xetaq zədəsini sağaldır. Ona rəqib olmaq çox çətindir. Qazyumovun xətrini çox istəyirəm. Təəssüf ki, başqa çıxış yolumuz yoxdur. İkimizdən biri Olimpiadaya yollanacaq. Etiraf edirəm ki, Braziliyaya getmək üçün hər şeyə hazıram. Yəqin, yayda sparrinq görüş keçiriləcək. Orada kim qalib gəlsə, Rioda Azərbaycanı təmsil etmək hüququ qazanacaq".
Mütəxəssislər Şərifi daha şanslı hesab etsə də, Xetaq Qazyumovun xeyrinə olan amillər də var. "Rio-2016" Xetaq üçün son Olimpiada olacaq. İndiyə qədər Pekin və Londonda bürünc medal qazanan Qazyumov böyük təcrübəyə malikdir və istənilən rəqibinə ciddi problem yarada bilər. Şərif isə son bir ildə stabil çıxışıyla diqqəti cəlb edib. Məhz buna görə də məşqçilər yekun qərarı verməkdə çətinlik çəkir.
Sərbəst güləş üzrə Azərbaycan millisinin böyük məşqçisi Firdovsi Umudovun sözlərinə görə, seçim zamanı idmançıların titulları heç bir əhəmiyyət daşımayacaq: "Hazırda hər hansı bir çəkidə seçim etmək çətindir. Çünki Olimpiada ərəfəsində idmançının hansı formada olması bizim üçün önəmlidir. Güləşçinin əvvəllər qazandığı titullar heç bir önəm daşımır. Yarışa ən hazır və güclü olan yollanacaq. Bu mənada, seçim zamanı intizama riayət etmək vacibdir. Məşqçilər idmançıların məşqə davranışı və fiziki hazırlığına böyük önəm verəcək. Şəriflə Xetaq arasında yoxlama görüşü də ola bilər. Bu zaman qalib olan tərəf Rioya gedəcək. Hər ikisi dünya güləşində özünəməxsus yer tutur. Amma biz seçimi birinin xeyrinə edə bilərik".
Boksda bu rəqabət 91 kq-da özünü göstərir. "Baku Fires"dəki çıxışından tanıdığımız Abdulqadir Abdullayev və Teymur Məmmədov. Sonuncu Azərbaycan yığmasının heyətində Avropa çempionatının qalibi olub, dünya çempionatı və olimpiadada bürünc medal qazanıb.
64 kq-da legioner Lorenso Sotomayor və Heybətulla Hacıəliyev var. Sotomayov Bakıda keçirilən ilk Avropa Oyunlarında qızıl medal qazandığından məşqçilər ona daha çox güvənir. Azərbaycan çempionatında Heybətullanın Sotomayora uduzması müəyyən mənada olimpiadaya kimin gedəcəyini təxmin etməyə imkan verir.
Eyni rəqabət 56 kq-da da var. Bu çəkidə dünya çempionu Cavid Çələbiyevlə ilk Avropa Oyunlarının mükafatçısı Tayfur Əliyev çıxış edir. Avropa Oyunları zamanı məşqçilər iştirak üçün Tayfura şans verdi. "Rio-2016"da böyük ölçüdə federasiya Cavid Çələbiyevin Braziliyaya yollanmasına şərait yaradacaq.
Londonla müqayisədə 2016-cı ildə Rioya daha az lisenziya qazanağı gözlənilən cüdoçularımız da əsas mübarizə 100 kq-da müşahidə olunacaq. Hər zaman ağır çəkilərdə olan problem bu dəfə məşqçiləri çətin sual qarşısında qoyub. 100 kq-da ölkənin iki güclü cüdoçusu iştirak edir - Elxan Məmmədov və Elmar Qasımov. Məmmədov Azərbaycan cüdosunun ilk və yeganə dünya çempionudur. Elmar Qasımov isə Avropa çempionu və bir sıra turnirlərin qalibidir. Hər iki idmançı son yarışlarda uğurla çıxış etdiyindən son qərarı millinin baş məşqçisi Peter Zayzenbaher verəcək.
Qeyd edək ki, Yay Olimpiya Oyunlarına bir qədər çox vaxt qalsaydı, bu problemi həll etmək olardı. O zaman idmançılarımızdan biri çəkisini dəyişməliydi. Adətən, belə atlet ya 6-7 kiloqram arıqlayır və ya əksinə çəkisini artırır. Amma olimpiadaya 6 ay qaldığından bu mümkünsüz görünür. Çünki artıq hər çəkinin sahibləri məlumdur. Digər tərəfdən, çəkisini dəyişən atlet müəyyən müddət uyğunlaşma dövrünü keçir və yaxşı nəticə göstərə bilmir. Bu mənada, müvafiq federasiyalar vacib qərar qəbul etməlidir. Azərbaycan Olimpiya komandasının uğurlu çıxışı müəyyən ölçüdə onların seçimindən asılı olacaq.
MƏSLƏHƏT GÖR: