23 Noyabr 2024

Şənbə, 21:39

GENERAL BAKIXANOVUN ƏN ALİ MÜKAFATI

XIX əsrin sonlarında keçirilmiş məhkəmə prosesi əsasında ölkənin Dövlət Arxivindən nadir sənəd tapılıb: general-leytenant Cəfərqulu ağa Bakıxanovun xidmət dəftərçəsi

Müəllif:

07.02.2016

Bu yaxınlarda Azərbaycanın Dövlət Tarix Arxivində sənədlərlə işləyərkən general-leytenant Cəfərqulu ağa Bakıxanovun tam xidmət dəftərçəsini tapdıq. Söhbət tanınmış maarifpərvər Abbasqulu ağa Bakıxanovun kiçik qardaşından gedir. Bildiyimizə görə, yerli arxivlərdə Çar ordusunda xidmət etmiş Azərbaycan sərkərdələrinin heç birinin tam xidmət dəftərçəsinin (TXD) surəti yoxdur. Belə sənədlərin nəinki orijinalını, hətta surətini belə, yalnız Rusiya arxivlərindən tapmaq olar.

 

Xidmət dəftərçəsinin "vəziyyəti"

Cəfərqulu ağa Bakıxanovun xidmət dəftərçəsi generalın hər hansı şəxsi işində və ya sərkərdələrin işlərilə bağlı qovluqda yox (belə qovluq, ümumiyyətlə, yoxdur), onun oğlu general-mayor Həsən ağa Bakıxanovun vəfat etmiş bacısı Ayna xanım Bakıxanovanın (ailə qurduqdan sonra Usmiyeva soyadını götürüb) mülkiyyətinə hüququnun tanınması iddiası ilə bağlı məhkəmə materialları arasında yer alıb. İşə 1889-cu ilin mart-aprel aylarında Bakı dairə məhkəməsində baxılıb. Məhkəmədə Həsən ağa Bakıxanovun maraqlarını etibarnamə ilə həmin dövrdə saray asessoru titulunu daşımış (Rusiya İmperiyasında podpolkovnik hərbi rütbəsinə bərabər 7-ci sinif vətəndaş dərəcəsi) Həsən bəy Məlikov (Zərdabi) təmsil edib.

Ayna xanım Bakıxanovaya gəlincə, yəqin ki, o, milliyyətcə qumuq olmuş general-mayor Əmirçoban bəy Usmiyevin həyat yoldaşlarından biri olub. Düzdür, əlimizdə bunu birbaşa sübut edəcək dəlillər (nikah haqqında şəhadətnamə, şəxsi yazışmalar, xatirələr və s.) yoxdur. Amma müxtəlif mənbələrdən götürülmüş faktların üst-üstə düşməsi bu versiyanın xeyrinədir. 

Birincisi, Ayna xanım və Əmirçoban bəy yaşıd olublar - qadın 1837, bəy isə 1836-cı ildə doğulub. İkincisi, nə Ayna xanımın, nə də Əmirçoban bəyin övladı olub. Üçüncüsü, onların hər ikisinin atası Çar ordusunda general olub. Bundan başqa, Ayna xanım Bakıxanovanın ölümü haqda şəhadətnamə Usmiyevlərin ata-baba mülkünün yeləşdiyi Kaytaq-Tabasaran dairəsindən verilib. 

Yeri gəlmişkən, Həsən ağa Bakıxanovun iddiası məhkəmə tərəfindən təmin edilib. 

 

Düşməni qaçmağa məcbur etmək

General-leytenant Cəfərqulu ağa Bakıxanovun tərcümeyi-halı və hərbi xidmətinə gəlincə, TXD-dən məlum olur ki, o, 1793-cü il fevralın 6-da keçmiş Bakı xanı Mirzə Məhəmmədin ailəsində doğulub. Dini məzhəbinə görə o "müsəlman, Əli şiəsi" olub. O, valideynlərinin yanında böyüyüb. General Xanbutay bəyin qızı Çimnaz xanımla evli olub. Bu nikahdan onların 4 övladları var idi: oğlanlar - 1833-cü il mayın 8-də doğulmuş Həsən ağa və 1838-ci ildə dünyaya gəlmiş Əhməd ağa və qızlar Nurcahan xanım (6 iyun 1832-ci il) və yuxarıda adı çəkilən Ayna xanım (8 sentyabr 1837-ci il).

TXD-də qeyd olunur ki, onun xanımı və uşaqları da dini məzhəblərinə görə "müsəlman, Əli şiəsi" olublar.

Cəfərqulu ağanın Qubada 2 mərtəbəli daş evi, daş karvansarayı, 9 dükanı və şəhər ərazisində 4 meyvə bağı olub. Amsar, Cəfərabad və Qədəmlər kəndləri də ona məxsus imiş. Bu kəndlərdə 120 ailə yaşayıb, ümumi ərazi əkinə yararlı və yararsız 4 min desyatin idi, həyat yoldaşının adına heç nə olmayıb.

General-leytenant Cəfərqulu ağa Bakıxanovun hərbi xidmətlərinə gəlincə, TXD-dən məlum olur ki, o, hərbi məktəb bitirməyib. Xidməti Qafqaz ordusunda keçib. 1829, 1830, 1842-1845, 1847-1849-cu illərdə İrana, Türkiyəyə və dağlılara qarşı hərbi əməliyyatlarda fəal iştirak edib. İranla savaşda fərqlənməyə görə Anna lentinin üzərində asmaq üçün qızıl medalla (1828) və III dərəcəli Müqəddəs Anna ordeni ilə (8 fevral 1829) təltif edilib.

1930-cu il yanvarın 27-də türklərə qarşı döyüşdə göstərdiyi qəhrəmanlığa görə əlahiddə Qafqaz korpusunun baş komandanı verilməli olan daha aşağı rütbələri aşaraq, Cəfərqulu ağa Bakıxanova birbaşa podporuçik rütbəsi verib. Elə həmin il o, IV dərəcəli bantlı Müqəddəs Vladimir ordeninə layiq görülüb (16 mart 1830-cu il). 1831-ci il sentyabrın 17-də Cəfərqulu ağa Bakıxanov poruçik rütbəsi alıb və Zaqafqaziya süvari-müsəlman polkuna keçirilib. 21 oktyabr 1840-cı ildə o, ştabs-kapitan, 1 il sonra isə kapitan olub (27 dekabr 1841-ci il).

Cəfərqulu ağa Bakıxanov rus qoşunlarının dağlılarla döyüşündə xüsusi fərqlənib. Qafqaz Arxeoqrafiya Komissiyasının topladığı aktlarda (sədri A.Berje) onun döyüşlərdəki şücaəti haqda məlumatlarla tanış olmaq mümkündür. Məsələn, rusların Dağıstandakı hərbi əməliyyatlarına başçılıq etmiş knyaz Arqutinski Qafqaz ordusunun komandanı qraf Vorontsova 27 iyul 1845-ci ildə yazdığı raportda deyilir: "Şiddətli atəşə baxmayaraq, düşmən bizim hücumumuz qarşısında darmadağın olub. Mən polk. Bakıxanovun rəhbərliyi altında olan süvari qoşununu piyadaların üzərinə göndərdim: onlar 3 verst boyu düşməni daban-dabana qovdu və döyüş meydanını düşmən meyitlərilə doldurdu". Qeyd edək ki, bu halda söhbət Hacı Muradın dəstəsilə döyüşdən gedir.

25 sentyabr 1848-ci il tarixli digər raportda knyaz Arqutinski qraf Vorontsova Aktam kəndi yaxınlığında Daniyal bəy və Hacı Muradın dəstəsilə döyüşün detallarını açıqlayır: "Düşmən təlaşa düşən kimi polk. Cəfərqulu ağa Bakıxanov öz süvari qoşunu ilə axan çaydan çəkinməyərək düşmənin arxasına keçdi və qaçanlara cinahdan hücum etdi".

Bu isə qraf Vorontsovun əlahiddə Qafqaz korpusu ilə bağlı 6 iyul 1951-ci il tarixli əmrindən çıxarışdır: "Turçi-dağa doğru irəliləməzdən əvvəl knyaz Arqutinski Ömərin dəstəsinə qarşı general-mayor Bakıxanovun rəhbərliyi altında1 batalyon, 2 top, 200 kazak, 600 milis və Ağalar bəyin polkundan ibarət ehtiyat dəstə göndərmişdi. ...Ehtiyat qüvvələr qısa vaxt ərzində toplandı və bir gecəyə 50 verst keçərək düşməni gözlənilmədən Çiraxçay üzərində yaxaladı, onu döyüş meydanından qaçmağa məcbur etdi".

 

Sərkərdələr nəslindən

Dağlılara qarşı döyüşdə fərqləndiyi üçün Cəfərqulu ağa Bakıxanov II dərəcəli Müqəddəs Stanislav ordeninə (6 dekabr 1842-ci il), imperator taclı II dərəcəli Müqəddəs Stanislav ordeninə (19 avqust 1845-ci il), imperator taclı II dərəcəli Müqəddəs Anna ordeninə (22 noyabr 1847-ci il), üzərində "İgidliyə görə" yazılmış qızıl qılınca (6 iyun 1848-ci il), III dərəcəli Müqəddəs Vladimir ordeninə (18 mart 1849-cu il) layiq görülüb.

1843-cü ildə Cəfərqulu ağa Bakıxanov ştabs-rosmistr, daha sonra rosmistr, 1 il sonra isə polkovnik rütbəsi alıb. 1849-cu il iyulun 1-də ona general-mayor rütbəsi verilib. 26 noyabr 1850-ci ildə general-mayor Cəfərqulu ağa Bakıxanov 25 illik xidmətlərinə görə Rusiya İmperiyasının ali mükafatı - IV dərəcəli Müqəddəs Georgi ordeninə layiq görülüb. Üstəlik, ona ordenin müsəlmanlar üçün hazırlanmış variantı verilib: ordenin üzərində müqəddəs Georginin əksi əvəzinə Rusiyanın ikibaşlı qartaldan ibarət gerbi həkk olunmuşdu.

1954-cü il mayın 24-də Cəfərqulu ağa Bakıxanov I dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olunub. 1856-cı il avqustun 26-da isə o, Rusiya imperatoru II Aleksandrın tacqoyma mərasimində iştirak edib. Bakıxanova "Əla və çalışqan xidmətinə görə" I dərəcəli Müqəddəs Anna ordeni (tac və qılınclı) 28 may 1861-ci ildə verilib.

Cəfərqulu ağa Bakıxanov sadalanan mükafatlardan başqa, Türkiyə və İranla müharibədə iştirakına görə gümüş medallarla, 1853-1856-cı illər müharibəsindən xatirə olaraq Andreyev lentində bürünc medalla, həmçinin Qafqazdakı xidmətlərinə görə qızıl xaçla mükafatlandırılıb.

TXD-də bu mükafatların yalnız adları çəkilir. Onların verilmə tarixi haqda heç bir məlumat yoxdur. 18 oktyabr 1864-cü ildə Cəfərqulu ağa Bakıxanov general-leytenant rütbəsi alaraq, ordudan təxris edilib. Ona illik 2604 rubl pensiya kəsilib.

1866-cı il martın 19-da isə yenidən Qafqaz ordusunda xidmətə göndərilib. General-leytenant Cəfərqulu ağa Bakıxanov 1867-ci il oktyabrın 12-də Qubada dünyasını dəyişib. Onun nəşi xüsusi təmtəraqla Bakıya gətirilib və bölgənin ən müqəddəs yeri sayılan Bibiheybət məscidi yaxınlığındakı ailə sərdabəsində dəfn edilib.

Onun oğulları Əhməd ağa və Həsən ağa da Rusiya İmperiyasının ordusunda xidmət edib, Qafqaz ordusunun komandanına tabe olublar. Əhməd ağa Kazak polkunun leyb-qvardiyasının polkovniki, Həsən ağa isə general-mayor olub. Abbasqulu ağa Bakıxanovun böyük qardaşı da polkovnik olub.



MƏSLƏHƏT GÖR:

645