Müəllif: Sənan NADİROĞLU Bakı
Üzgüçülük və əlil arabasında basketbol üzrə 5 qat dünya çempionu olmuş Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Ser Filip Kraven Azərbaycan Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi tədbirlərində iştirak etmək üçün Bakıya gəlib. Qonağı Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Entoni Seynsburi müşayiət edib. Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov yubiley tədbirlərində iştirak etmək üçün dəvəti qəbul etdiyinə görə, F.Kravenə təşəkkürünü bildirib. O, yubiley tədbirləri və ölkədə Paralimpiya hərəkatının inkişafı sahəsində görülmüş işlər barədə geniş məlumat verib.
Ser Filip Kraven Azərbaycan Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibətilə İlqar Rəhimovu və Paralimpiya ailəsinin bütün üzvlərini təbrik edərək xoş arzularını bildirib. Görüşdə Beynəlxalq Paralimpiya Komitəsi ilə Azərbaycan Milli Paralimpiya Komitəsi arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi sahəsində müzakirələr aparılıb. Azərbaycanı tərk etməzdən əvvəl R+a müsahibə verən Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kraven ölkəmizdə və dünyada paralimpiya hərəkatının inkişafı barədə danışıb.
- Azərbaycanda paralimpiya hərəkatının vəziyyəti barədə nə fikirdəsiniz?
- Azərbaycan Milli Paralimpiya Komitəsinin inkişafı sevindirici haldır. Bu, öz-özlüyündə həm medallar baxımından əhəmiyyətlidir, həm də idmançıların üzərindən əlillik adının götürülməsi, özlərini göstərməsi üçün gözəl fürsətdir. Bundan əlavə, uşaqlar da bu komitə vasitəsilə öz bacarıqlarını çox gözəl şəkildə nümayiş etdirə bilirlər. Azərbaycanda ilk dəfə olaraq uşaq əlil idmançılar arasında da beynəlxalq yarışlar təşkil edilib. Bu çox vacib addımdır. İdmançılarınız daim uğur qazanırsa deməli düzgün yoldasınız.
- Bu il Milli Paralimpiya Komitəsinin 20 yaşı tamam olur. Yəqin, razılaşarsınız ki, az müddət olmasa da, görülən işlər çoxdur.
- Prezident İlham Əliyevin bu sahəyə olan diqqətini qeyd etməliyəm. Məhz onun qayğısı nəticəsində, ölkədə paralimpiya hərəkatı inkişaf edib. Azərbaycan Milli Paralimpiya Komitəsinin 20 yaşında olmasına baxmayaraq, böyük ümidlər yaradıb və eyni zamanda, fəaliyyətini genişləndirir. Bu, bizi sevindirməyə bilməz. Əslində, medallar, Milli Paralimpiya Komitəsinin təşkil etdiyi oyunlar komitəmizin fəaliyyətinin bir hissəsidir. Eyni zamanda, heç də daha az əhəmiyyətə malik olmayan işimizin digər istiqaməti idman vasitəsilə daha inklüziv, bütün cəmiyyəti əhatə edən fəaliyyətə dəstək verməkdir. Azərbaycan Milli Paralimpiya Komitəsində bəyəndiyim əsas amil odur ki, komitə hər iki istiqamətə eyni gözlə baxır, eyni əhəmiyyət verir, bununla bərabər, hökumətlə sıx əlaqədə işləyir. Sözsüz ki, bu komitənin inkişafı və hərəkatı üçün hökumətlə sıx əlaqədə işləmək çox vacibdir.
- Ölkəmizdə paralimpiya hərəkatı tanınmış idmançılarla diqqəti cəlb edir. Yığmanın lideri cüdoçu İlham Zəkiyev dəfələrlə böyük uğurlar qazanıb. İdmançılarımızın əldə etdiyi nəticələri necə qiymətləndirirsiniz?
- İlk olaraq söyləyim ki, uğurlarınız davamlı olacaq. Mənə Rio Paralimpiadasına qazandığınız lisenziyaların sayı barədə məlumat verildi. İnanıram ki, Braziliyada da mükafatlarınız çox olacaq. Bakıda keçirilən ilk Avropa Oyunlarında da paralimpiyadanın daxil edilməsi bizə hədsiz qürur hissi yaşatdı. Məhz buna görə dövlət başçısı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təşəkkür etmək istərdim. Azərbaycanda idmançılar onlara göstərilən diqqəti layiqincə dəyərləndirir. İlham Zəkiyevin adını çəkdiniz, o, çox gözəl insan və dəyərli idmançıdır. Onun əzmkarlığına valeh olmuşam. İki dəfə paralimpiya çempionu olub. Zəkiyev dünya və Avropa çempionu olmaqdan yorulmur. İlham çoxlarına yaxşı nümunədir. İlham Zəkiyev kimi idmançılar səhhətində problemi olan insanlara ümid verir. O sübut edir ki, insan daim mübarizə aparmağa qadirdi.
- Azərbaycan ilk dəfə uşaqlar arasında paralimpiya yarışları təşkil edib. Bu sahədə hər hansı rəsmi turnirin keçirilməsi gözlənilirmi?
- Planlarımız çoxdur. Sadəcə, bir qədər vaxt lazımdır. Hər hansı bir ideyanı reallaşdırmaq üçün, eyni zamanda, maliyyə tələb olunur. Hazırda bütün fikrimiz Rio Paralimpiadasına yönəlib.
- İlham Zəkiyevin bir arzusu var. O, hər zaman deyir ki, paralimpiyaçıların adi idmançılarla birgə çıxış etməsini istəyir. Yəni onlara fərq qoyulmasın.
- Adətən, Olimpiada başa çatandan sonra, paralimpiada başlayır. Fərq qoyulmamalıdı. Biz çalışırıq ki, təmsilçilərimiz fərqi hiss etməsin. Adi idmançılarla eyni yarışda iştirak mümkündür. Bunun digər texniki tərəflərini düşünmək lazımdır. Beynəlxalq Olimpiya Komitəsinin münasibəti maraqlıdır. Onlar necə yanaşacaqlar. Hazırda bu barədə konkret fikir bildirmək çətindir.
- Paralimpiya hərəkatı bir çoxlarına yeni həyat verdi. İstərdik ki, bu ideayanın yaranması barədə danışardınız..
- Beynəlxalq Paralimpiya Komitəsi 1989-cu ildə yaradılıb. Mərkəzi Almaniyanın Bonn şəhəri sayılır, yəni orada işləyirik. Bir neçə federasiyanın ideyasına əsasən yarandı. Səhhətində müəyyən problem olan insan həyat eşqini itirməməlidir. Bizim əsas ideyamız həmin insanları cəmiyyətdən təcrid etməməkdir. Dünyada bir çox nümunələr var ki, əlil olan insan idmanda böyük uğurlar qazanır. Bununla o, həm ailəsini, həm də dostlarını sevindirir. Biz onlara kömək əlimizi uzatmalıyıq. İdman paralimpiya hərəkatında böyük güc sahibidir. Biz əlil olan idmançıların da olimpiya hərəkatında təmsil olunmasına nail olduq. Bu, böyük uğurdur. İndi həmin istiqaməti daha da inkişaf etdirməliyik.
- Gələcəkdə Paralimpiya Oyunlarında idman növlərinin sayının artırılması gözlənilirmi?
- Yay Paralimpiya Oyunlarında idman növlərinin sayının artırılması bir qədər çətindir. Əslində, bu məsələyə böyük maraq var. Lakin bu, Qış Paralimpiya Oyunlarında mümkündür. Əksər hallarda bu da baş verir. Eyni zamanda, biz müasir dövrlə ayaqlaşmalı və maddi tələbləri nəzərə almalıyıq. Ola bilər ki, növbəti illərdə yeni idman növləri daxil edilsin və bəziləri siyahıdan çıxarılsın. Lakin biz bu məsələyə tam açıq, əhatəli şəkildə yanaşmalıyıq. "Rio-2016"nın proqramına iki idman növü daxil edilib. Bunlar parakanoe və paratriatlondur. Növbəti 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarında isə parabadminton və parataekvondonun daxil edilməsi nəzərdə tutulur.
MƏSLƏHƏT GÖR: