24 Dekabr 2024

Çərşənbə axşamı, 18:07

MƏĞLUBİYYƏT

Futzal üzrə Azərbaycan yığmasının "AÇ-2016"da milliləşdirilmiş braziliyalılara arxalanması özünü doğrultmadı

Müəllif:

16.02.2016

Futzal üzrə Azərbaycan millisindən "AVRO-2016"da medal gözləmək, əslində, sadəlövhlük olardı. Sadiq azarkeşlər komandadan layiqli nəticə tələb etməklə kifayətlənirdi. Məşqçilər heyəti isə yığmanın, heç olmasa, qrupdan çıxacağını düşünürdü. Futzalçılarımız Avropa Çempionatında 3 görüş keçirdilər və ikisində məğlub olub, yalnız birində qalib gəldilər. 

Qrupdakı görüşdə İtaliyaya 0:3 hesabı ilə uduzan millimiz ikinci matçda Çexiyanı məğlub etməyi bacardı. Amma 6:5 hesablı qələbəyə baxmayaraq, məzmunsuz oyun və buraxılan səhvlər komandanın acınacaqlı durumda olduğunu təsdiqlədi. Üstəlik, Çexiya üzərində qələbə belə, bizlərin qrupdan çıxacağını rəsmiləşdirmədi. Son turda İtaliya Çexiyaya qalib gəlməklə Azərbaycan millisinin dörddəbir finala çıxmasına yardımçı oldu. 

Pley-offda millimizin rəqibi turnirin favoritlərindən sayılan Rusiya komandası oldu. Gözləmək olardı ki, uzun müddət Moskva "Dinamo"suna rəhbərlik edən Azərbaycan millisinin baş məşqçisi Faustino Peres ruslara qarşı xüsusi taktika hazırlayacaq. Lakin start heyəti göstərdi ki, baş məşqçimiz ilk dəqiqələrdən braziliyalılara güvənməklə uğur qazanacağına o qədər də inanmır. Matç göstərdi ki, Auqusto-Eduardo-Rafael-Amadeu dördlüyü ruslarla bərabər səviyyədə mübarizə aparmağa qadir deyil. Nəticədə, 2:6 hesabı ilə uduzan milli dörddəbir finalda mübarizəni dayandırdı. 

Hərçənd Serbiyada keçirilən qitə birinciliyində 8 qol vurub, 14-nü buraxan futzalçılarımız tarixinin 2-ci ən yaxşı nəticəsini göstərdi. "Avro-2012" və "Avro-2014"ü xal qazanmadan qrupda başa vuran Azərbaycan millisi 4 cəhddən yalnız ikisində pley-off həyəcanı yaşayıb. Ümumiyyətlə isə 10 qitə çempionatında çıxış edən yığmamız ilk 6 turnirdə seçmə mərhələdə oynamaqla kifayətlənib. Dörddəbir finalda uduzan digər komandalara gəlincə, son Avropa çempionu İtaliyanın Qazaxıstana 2:5 hesabı ilə uduzması turnirin sensasiyası oldu. Ukrayna Serbiyaya 1:2, Portuqaliya İspaniyaya 2:6 hesabı ilə təslim oldu. Digər göstəriciləri də nəzərə alsaq, Azərbaycan qitə birinciliyini 8-ci komanda kimi başa vurdu.

Ümumilikdə, Azərbaycan millisi Serbiyada keçirilən Avropa Çempionatında zəif təsir bağışladı. Təkcə yerlilər yox, milliləşdirilmiş braziliyalılar da qeyri-adi heç nə ilə yadda qalmadılar. Dörddəbir finala qədər irəliləməyi uğur saymaq olmaz. Hərçənd, indiki halda Azərbaycan millisi bundan artığına layiq deyildi. Qrupda Çexiya yox, başqa bir komanda rəqib olsaydı, qrupdan çıxmaq şansımız çox az olardı. Etiraf etməliyik ki, Çexiya bu çempionatın ən zəif komandası idi.

Millinin heyətində gənc qapıçı Rövşən Hüseynlinin oyununu fərqləndirmək olar. 24 yaşlı qapıçı mükəmməl çıxışı və qurtarışları ilə azarkeşlərin sevimlisinə çevrildi. Yaxşı qapıçı komandanın yarısı olsa da, tək qolkiperlə uğur qazanmaq olmur. Baş məşqçi bütün oyunu 5 əsas futzalçının üzərində qurmaqla uğursuzluğun əsasını qoydu. Çünki qitə birinciliyi səviyyəsində yarışda bütün matçlarda 5 futzalçıdan istifadə etməklə, qələbə qazanmaq çox çətindir. Milliləşdirilmiş Sergey Çuykovun Serbiyaya yollanmasının səbəbi bizlərə məlum olmadı. Görünür, "Avro-2016"da bir dəqiqə belə oynamayan Çuykov səfərə turist kimi yollanıb. Digər tərəfdən, heyətdə daha çox braziliyalılara şans verilməsi ölkədə futzal məktəbinin olmamasını növbəti dəfə təsdiqlədi. 

"Avro-2016"da son çempion İtaliyanı üstələyən Qazaxıstan komandası bizlərə, sözün əsl mənasında, futzalı necə inkişaf etdirməyi göstərdi. Böyük maliyyə olduğu dönəmdə özlərini itirməyən qazaxlar kifayət qədər yaxşı futzalçı hazırlamağı bacardılar. Qitə birinciliyində qazax hücumçu Serik Zamankulov 5 qolla bombardirlər sırasında yer alır. İtaliya, Xorvatiya, Rusiya, İspaniya kimi komandaların qapısına yol tapan Zamankulov bütün qitənin diqqətini özünə cəlb edib. Zamankulovla yanaşı, Çingiz Yesenemanov, Dinmuxamet Süleymanov kimi qazax futzalçılar da bu gün millinin əsasını təşkil edir.

Azərbaycanda da kifayət qədər istedadlı və bacarıq gənclər var. Sadəcə, onları düzgün istiqamətləndirmək lazımdır. Azərbaycanlını aparıb ehtiyatda oturtmaqla, onu inkişaf etdirə bilməzsən. Braziliyalılar oynayır, azərbaycanlılar oturub baxırlar. Yalnız milli çempionatda meydana çıxmaqla güclü oyunçu olmaq mümkün deyil. Yerli futzalçılara beynəlxalq turnirlərdə təcrübə qazanmağa şərait yaratmaq vacibdir. Əks halda, hər Avropa Çempionatında braziliyalılara ümid bəsləyəcəyik və sonda qazanan əcnəbi legionerlər, uduzan isə bizim futzalımız olacaq. 

Yazdıqlarımız həqiqət olmasaydı, millimizin baş məşqçisi Tino Peres danışmağa söz tapardı. Belədə isə əcnəbi çalışdırıcı "R+"a müsahibəsində danışmaq istəmədiyini bildirdi: "Məğlub olmusansa, çox danışmaq münasib deyil. Əlbəttə, uduzmaq istəmirdik. Rusiya ilə matçda müəyyən epizodlarda qol vurmaq şanslarımız da oldu, lakin yararlana bilmədik. Rəqib isə təcrübəsi hesabına qələbə qazana bildi. Hesabın böyük olması isə son 2 dəqiqədə daha çox risk etməyimizlə bağlı idi".

Yığmamızın qapıçısı Rövşən Hüseynli isə komandada təcrübə çatışmadığını söylədi. Onun sözlərinə görə, dörddəbir finalda mübarizəni dayandırmağa səbəb bəxtsizlik oldu: "Mənə elə gəlir ki, bizdə yeganə çatışmayan təcrübədir. Çempionatlarımızın səviyyəsi arasında böyük fərq var. Yarımfinala çıxmağı çox istəsək də, alınmadı. Fikrimcə, biz "AÇ"dəki çıxışımızı erkən başa vurduq. Rusiyanı keçə bilərdik. Tarix yazmağımızı çox istəyirdim. Alınmadı. Oyunuma gəldikdə, daha yaxşı çıxış edə bilərdim. Bəzi məqamlar var ki, üzərində daha çox çalışmağım lazımdır. Amma bütövlükdə, özümdən söz etdirməyi bacardım. 24 yaşım olsa da, hamıdan çox sey etdim. Bu, böyük uğurdur".

Futzalçılar və məşqçi tənqidlərlə razılaşmasa da, Futzal Federasiyasının prezidenti Zaur Axundov millinin zəif çıxış etdiyini etiraf edir və islahatlar olacağını deyir: "AVRO-2016" bizim üçün uğursuz alındı. Baxmayaraq ki, sonda ən güclü 8 komanda arasında yer aldıq. Komandamızın çıxışını başqa cür adlandırmaq olmaz. Daha çox yerli oyunçuların çıxışından narazı qaldım. Onlardan daha çox şey gözləyirdim. İtaliyaya qarşı keçirdiyimiz ilk görüşdəki yaxşı oyundan (0:3) sonra, gənc qapıçımız Rövşən ulduz xəstəliyinə tutuldu. Mən komandamızda belə halları qəbul edə bilmirəm. O, Çexiya (6:5) və Rusiya (2:6) ilə oyunlarda çox pis çıxış etdi. Təəssüf ki, biz bu turnirə tam hazırlaşa bilməmişdik. Yaxşı sınaqçı rəqib tapa bilmədik. Hətta bunlara rəğmən, Rusiyanı keçə bilərdik. Sadəcə, müdafiə xəttimizdəki zəif çıxışdan sonra, qələbə qazanmaq şansımız qalmadı. Hesab 1:1 olarkən fərqlənə bilsəydik, hər şey tam fərqli ola bilərdi. Qarşıda Dünya Çempionatının pley-off matçları var. Azərbaycan futzalı tarixində ilk dəfə Dünya Çempionatının final mərhələsinə qatılmaq istəyirik. İndiki komandadan 3 futzalçı həmin heyətdə yer almayacaq. Amma onların adını sonra açıqlayacağam. Dünya Çempionatına vəsiqə qazanmayacağımız halda isə, indiki heyətin 90 faizi komandadan uzaqlaşdırılacaq".

Qeyd edək ki, Azərbaycan millisi mart-aprel aylarında Kolumbiyada keçiriləcək Dünya Çempionatına vəsiqə qazanmaq üçün pley-offda qüvvəsini sınayacaq.



MƏSLƏHƏT GÖR:

524