24 Dekabr 2024

Çərşənbə axşamı, 05:20

BİRİNCİLƏR ARASINDA BİRİNCİ

İstedadlı pianoçu Xədicə Qayıbova son anadək Sovet hakimiyyətinin ona ən sərt cəzanı tətbiq etməyəcəyinə inanırdı

Müəllif:

16.02.2016

Stalinə "effektiv menecer" kimi pərəstiş edən şəxslər "rəhbər"in ölkəni "ac-yalavac qəbul edib, atom bombalı dövlətə çevirdiyini" deyirlər. Amma bununla yanaşı, XX əsrin 30-cu illərinin ortalarından 40-cı illərinin ortalarınadək onun "menecmenti" dövrün bir çox yaxşı insanlarının məhvinə səbəb olub. Həmin onillikdə Azərbaycan da bir çox dahi şairini, yazıçısını, rəssamını, aktyorunu və digər mədəniyyət xadimlərini itirib. Biz orta məktəb dərsliklərindən faciəli ölüm tarixlərinə vərdiş etmişik - 37, 38 və 39-cu illər. Cəlladların əlində ölən şəxsin qadın olması isə xüsusilə kədərlidir.

 

Ziyalı ailədə

Xədicə Qayıbova Azərbaycanın ilk peşəkar pianoçusu sayılır. Dövrünün adamları onu əsl virtuoz adlandırırdılar. Ümumiyyətlə, onun ətrafında hər kəs öz sahəsində "birinci" idi. Eyni nəsildən olan Fərrux ağa Qayıbov Azərbaycanın ilk təyyarəçisi olub. O, Birinci Dünya müharibəsi zamanı dünyanın ilk və məşhur çoxmühərrikli təyyarəsi olan "İlya Muromes"i idarə edib.

Onun həyat yolaşının bacısı Nigar Şıxlinskaya Azərbaycanın ilk şəfqət bacısı kimi tarixə düşüb. Xədicə Qayıbovanın həyat yoldaşının ulu babası Vəkil ağa Qayıbov Çar Rusiyasında ali tibb təhsili almış ilk azərbaycanlıdır. O, Qarabağ xanı İbrahimxəlil xanın şəxsi həkimi olub.

Xədicə xanımın özünə gəlincə, o, sünni dini lider Müftizadənin nəslindəndir. Atası Osman bəy də Tiflisdə ali dini rütbəyə malik olub. Başqa ailədə olsaydı, onu oxumamış, çoxuşaqlı ana taleyi gözləyərdi. Lakin Xədicə xanımın atası özünün fəaliyyət sahəsinə baxmayaraq, qızına dünyəvi təhsil verib. Xədicə xanımı Qafqazın ən yaxşı qadın gimnaziyası olan "Müqəddəs Nina" gimnaziyasında təhsil almağa məhz atası göndərib. Hələ uşaq yaşlarından ona müxtəlif dünyəvi fənlərdən dərs demək üçün müəllimlər tutulub. Müfti Osman bəy qızında xüsusi musiqi istedadını görən zaman isə uşağın fortepiano ifaçılığını öyrənməsinə üstünlük verib.

Böyük istedada malik qız tez ailə qurub. O, mühəndis Nadir Qayıbovla evlənib. Nadir Qayıbov ailənin dostu idi. Onların valideynləri də yaxşı tanış idilər. Çünki Nadirin atası Qafqaz müftisi Hüseyn əfəndi idi. Hüseyn əfəndi çox qeyri-adi müfti sayılırdı - o, ümumi maarifləndirmə tərəfdarı olmaqla yanaşı, məktəblərə maliyyə yardımı edirdi. Üstəlik, Hüseyn əfəndi Mirzə Fətəli Axundov ilə dost idi.

Hər iki ailə Tiflisdə yaşayırdı. XX əsrin əvvəlində Tiflis mədəniyyət mərkəzi idi və çox sayda tarixçi, etnoqraf, yazıçı və musiqişünas ekzotika, Şərq mədəniyyəti axtarışı ilə oraya üz tuturdu.

1911-ci ildə 18 yaşlı Xədicə açıq konsertlər verməyə başlayır.

 

Gənc qız və muğam

Faktiki olaraq bərabərliyin mövcud olduğu dövrümüzün rahatlığı şəraitində Qayıbova və ailəsinin qəhrəmanlığını tam qiymətləndirmək çətindir. O dövrdə müsəlman qızın konsert verməsini, üstəlik, musiqiyə özündən əlavələr etməyə çalışmasını təsəvvürə gətirmək çətin idi. Təxminən, 20 yaşı olarkən o, fortepianoda muğam ifaçılığına başlayıb. Muğam texnikası üçün əsas qaydaları müəyyənləşdirib, hətta rus-müsəlman məktəbində musiqi dərsi deyib. Həyat yoldaşı Nadir isə atası Osman bəy kimi, Qayıbovanın istedadını üzə çıxarmasına yalnız dəstək olub.

Bir müddət sonra onlar Bakıya köçmək qərarına gəlirlər. Düşünürlər ki, müsəlman şəhərində ailə daha geniş imkanlar qazanacaq. Bundan başqa, artıq 1919-cu il idi və Azərbaycan Demokratik Respublikası böyük perspektivlər vəd edirdi. Lakin cəmi 1 il sonra şəhər "Qızıl Ordu" tərəfindən işğal olunur. O dövrdə xalq maarifi komissarı Ruhulla Axundovla tanışlıqları və yaxşı münasibətləri olmasaydı, dindar nəslindən olan Qayıbovları çox pis günlər gözləyə bilərdi. Ruhulla Axundov nəinki onların tərəfini saxlayıb, hətta artıq 30-cu illərdə Qayıbovlara Xalq Maarifi Komissarlığında Şərq musiqisi bölməsinə rəhbərliyi həvalə edib. Orada çalışan Xədicə Qayıbova Azərbaycan Dövlət Konservatoriyasının yaradılmasına böyük töhfələr verib.

 

Təqib 

20-ci illərin əvvəlləri, məlum olduğu kimi, kütləvi şəkildə teatr tikintisi ilə yadda qalıb. Kommunist Partiyası onlardan təbliğat vasitəsi kimi istifadə edirdi. Qayıbova da o dövrdə çox çalışır, teatrlar üçün gələcək aktyorların hazırlandığı maarifçilik kurslarında musiqi dərsi deyirdi. Daha sonra o, konservatoriyanın bəstəkarlıq fakültəsində təhsil alır. Bu mərhələdə həyat yoldaşı artıq Xədicə xanımı tərk etmişdi və o, bir neçə il idi tək yaşayırdı. Və 1933-cü ildə Xədicə Qayıbova həbs edilir. Əməkdar müəllim və virtuoz musiqiçiyə qarşı antisovet fəaliyyəti ittihamı irəli sürülür. İstintaq 3 ay davam edir və o, bütün bu dövrü həbsdə keçirir. Lakin istintaq lazımi sübutlar tapa bilmədiyindən, Xədicə xanım azadlığa çıxır.

Tezliklə o, Rəşid Qayıbovla (eyni soyadı daşıyan) ailə qurur. R.Qayıbov həmin dövrdə Karl Marks adına Sosial-Texniki İnstitutun (gələcək Xalq Təsərrüfatı İnstitutu) rektoru idi. Lakin onların birgə həyatı uzun sürmür. Məşum 37-ci illərdə Rəşid Qayıbov əvvəlcə vəzifədən azad olunur, daha sonra antisovet fəaliyyəti və müsavatçılarla əlaqələrdə günahlandırılaraq həbsə atılır. Elə həmin il o, güllələnir.

Xədicə Qayıbovanın taleyi də elə onda həll olunur. Çekistlərin "dəmir" məntiqinə görə, müftilər ailəsi, həyat yoldaşının güllələnməsi və əvvəllər həbsdə olması sübut üçün kifayət idi. 1938-ci ilin martında Xədicə xanım da müsavatçılarla əlaqədə və casusluqda təqsirli bilinərək həbs olunur.

"Onu 1 ay ərzində 9 dəfə dindirirlər. Lakin o, ittihamları rədd edir", - deyə tarixçi Fərid Əliyev bildirir: - "Bundan sonra dindirilmə dayandırılır. Onu bir də yayda 1 dəfə məhkəməyə çıxarırlar. Bu, o dövr üçün ənənəvi olaraq belə məsələlərin çözüldüyü, təxminən, 15 dəqiqə sürən, vəkilsiz, məşhur üçlüyün iştirakı ilə keçirilən məhkəmə idi".

Həmin ilin oktyabrında Xədicə xanım da güllələnir.

Tarixçilər Səid Gəncəlinin "Qadınlar, gözəllik və müqəddəslik" kitabına istinadla deyirlər ki, Xədicə xanım son anadək ən ağır cəzaya layiq görüləcəyinə inanmırmış. O, Sibirə sürgün olunacağını düşünürmüş. Həbsxanada onun kamera qonşusu eyni taleyi yaşayan Zivər Əfəndiyeva olub. Onun tanınmış partiya xadimi olan həyat yoldaşı Sultan Məcidi də 1 il əvvəl güllələmişdilər. Qadınlar çoxdan və yaxşı tanış idilər. Əfəndiyeva həmin dövrdən sağ çıxa bilib və sonralar danışırmış ki, Xədicə xanım Sibirə sürgün ediləcəyinə əmin imiş. O düşünürmüş ki, Sovet hakimiyyəti necə də olsa, qadını güllələməz. 

X.Qayıbova Sibirdə müəllimlik fəaliyyətini davam etdirəcəyi ilə bağlı planlar da qurumuş. Təəssüf ki, onun bu arzusu gerçəkləşməyib. Beləliklə, daha bir gözəl və istedadlı insanın həyatı "effektiv menecment"in qurbanı olub.

1956-cı ildə Xədicə Qayıbovanın qızı Alanqi Sultanovanın xahişi ilə mərhumun cinayət işinə yenidən baxılıb və ona bəraət verilib.


MƏSLƏHƏT GÖR:

531