Müəllif: Vəfa ZEYNALOVA, Zərifə BABAYEVA Bakı
İqtisadi vəziyyətin yaxşı olmadığı şəraitdə kasıbların durumu daha da ağırlaşır. Xoşbəxtlikdən, rəsmi məlumata görə, Azərbaycanda yoxsulluq həddində yaşayan əhali 5%-i ötmür. Halbuki, 2004-cü ildə ölkə əhalisinin 49%-i yoxsul təbəqəyə aid idi. İndiki rəqəm o qədər böyük olmasa da, yenə də həmin insanlar bəzən ən zəruri şeyləri belə, ala bilmirlər.
"Yaxınlarına kömək et..."
Bu yaxınlarda sosial şəbəkələrdə üzərində belə bir yazı olan foto yerləşdirilmişdi: "Kasıblar üçün pulsuz çörək paylanır". Aksiya Bakı marketlərindən biri tərəfindən təşkil olunmuşdu. "Bizim insanlara pulsuz çörək paylamağa başladığımız vaxtdan 3 il keçir. Mağazamızın yanında üzərində müvafiq yazı olan dolab qoymuşuq. Həmin çörəklər oraya qoyulur. Çörək sexindən gətirdiyimiz çörəyin bir hissəsini mağazanın piştaxtasına, bir hissəsini isə həmin şkafa düzürük", - deyə mağazanın sahibi Pərviz Ələkbərov bildirir. Onun sözlərinə görə, onlar hər gün 80-150 arasında pulsuz çörək paylayırlar: "Bəzi insanlar pulsuz çörək götürməyə utanır, digərləri bunu sadəcə səhətləri imkan vermədiyi üçün edə bilmir. Çörəyin belə şəxslərn evinə çatdırılması üçün maşın da ayırmışıq. Heç kəs ac qalmamalıdır".
Daha bir belə xeyriyyə aksiyasının təşkilatçısı Elvin Rəcəblidir. O, metronun "Nizami" stansiyası yaxınlığında, "Beşmərtəbə" dairəsinin yanında yerləşən köşklərin birində pulsuz çörək paylayır. Təşkilatlar da insanlara yardım edirlər: Bakının populyar restoranlarından birinin sahibi "asılmış kofe" aksiyası keçirir - restoranda nahar edən hər bir şəxs daha bir pors yeməyin pulunu ödəyə bilər. Həmin pors kasıb müştəriyə pulsuz veriləcək.
"Asılmış kofe" (Caffe sospeso) termini ilk dəfə İtaliyada, Neapolda işlədilib. Orada bir fincan kofe sifariş edən istənilən müştəri sonda iki fincan kofenin pulunu ödəyə bilərdi - pulu ödənilmiş kofe oraya üz tutan yoxsul müştəriyə verilirdi. İndi bu təcrübə dünyada daha geniş yayılmaqdadır və sevindirici haldır ki, o, Bakıda da populyarlıq qazanmağa başlayıb.
Xeyriyyəçilik ənənəsi
Bəs insan səhhəti ilə bağlı problem üzündən son dərəcə çətin durumla qarşılaşdıqda, müalicəsi üçün isə imkanı xaricində olan ciddi məbləğ tələb edildikdə necə olsun?
30 yaşlı Zaur Rəşidova osteoblastoma diaqnozu qoyulub. O, 2006-cı ildən bəri düz 5 cərrahiyyə əməliyyatı keçirib. Lakin müalicənin başa çatdırılması və Zaurun tam sağalması üçün Almaniyada həyata keçirilə biləcək təcili və ağır əməliyyat tələb olunurdu. Nəticədə, sosial şəbəkələrdə onun müalicəsi üçün vəsaitin toplanması üçün aksiya təşkil edildi və tezliklə aksiyaya 90 mindən artıq insan qatıldı. Bu, insanların tanımadıqları şəxsə yardım aksiyasına məmnuniyyətlə qoşulduqları ilk hal deyil. Amma daha bir sevindirici hal ictimaiyyətin xeyriyyəçilik təşəbbüslərinə Azərbaycanın birinci şəxsləri tərəfindən dərhal dəstəyin verilməsidir.
"Dostlar, bir qədər əvvəl birinci xanımın nümayəndəsi mənimlə əlaqə saxladı. Mehriban xanım Zaurun müalicəsi üçün bütün xərcləri və Almaniyada ən yaxşı həkimlərin tapılması işini öz üzərinə götürür. Dərdimizə şərik çıxan hər şəxsə təşəkkür!" - deyə Zaur Rəşidovun bacısı Facebook sosial şəbəkəsində səhifəsində yazıb.
Daha bir nümunə: 3 yaşlı İmran Cəfərov akvaparkların birindəki hovuzun nasos sisteminə düşmüş, borunun ağzında müdafiə barmaqlıqları olmadığından uşağın hər iki ayağı doğranmışdı. Bütün ölkə İmrandan narahat idi. O zaman Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə İmranın üzərində Almaniyada dövlət hesabına 14 əməliyyat aparılmışdı. Uşaq Bakıya qayıtdıqda onun bir ayağı tam qaydasında işləyirdi, digərinə isə protez qoyulmuşdu.
Hər birimiz uşağa kömək etməyə hazır idik, onun tezliklə sağalmasını arzulayırdıq. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın məsələyə müdaxiləsi və qiymətəgəlməz yardımı isə hər birimizdə möcüzəyə, statusundan və ranqından asılı olmayaraq xalqımızdakı insanpərvərliyə inamı möhkəmləndirdi.
Azərbaycanda xeyriyyəçilik ənənələrinin əsası XX əsrin əvvəllərində azərbaycanlı milyonçu mesenatlar tərəfindən qoyulub. Onların bu missiyaya hansı töhfələri verdiklərini xatırlamaq üçün bu şəxslərin adlarını çəkmək kifayətdir: Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, İsa bəy Hacınski, Murtuza Muxtarov və digərləri.
Qanuna ehtiyac var
"Bahalı müalicələr üçün təşkil olunmuş çoxsaylı xeyriyyə aksiyaları ilə bağlı nümunələr bizdə insanlarımızın rəhmliliyinə inam yaradır. Hamımız insanıq və xoş bir iş görmək üçün birləşə bilərik", - deyə kasıblar üçün xeyriyyə cəmiyyəti yaratmış şəxslərdən olan Pərvinə Quliyeva bildirir. Onun sözlərinə görə, yaratdığı qrup bir çox aksiyaların müəllifidir. Həmin aksiyalar çərçivəsində bir çox insan hansısa yoxsul ailəyə ərzaq verib, yaxud nahar hazırlayıb.
Lakin xeyriyyəçiliklə məşğul olmaq ilk baxışdan göründüyü qədər asan deyil. Əslində bu, son dərəcə çətin işdir. Bütün digər sahələr kimi, onun da qanunla tənzimlənməsinə ehtiyac var. Maraqlıdır ki, Azərbaycanda hələ də xeyriyyəçiliklə bağlı qanun qəbul edilməyib. Halbuki, Milli Məclisin (parlament) Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, bu komitə tərəfindən xeyriyyəçilik fəaliyyəti ilə bağlı qanun layihəsi hələ 2013-cü ildə hazırlanıb. Onun məqsədi xeyriyyəçilik fəaliyyəti üçün hüquqi bazanın yaradılması olub. O vaxtdan 3 il keçsə də, sənəd hələ də layihə şəklində qalır. Çoxları 3 ilin o qədər də uzun müddət olmadığını deyə bilər. Lakin bu, belə deyil. Hər gün yaşamaq uğrunda mübarizə aparan insanlar üçün bu, bir ömür deməkdir. Bu qanunun qəbulu pərakəndə halda olan xeyriyyəçilik şəbəkəsini sahmana salardı. Bu halda təşəbbüskarlar məzlum insanlar üçün yardımların axtarışını qanuna əsaslanaraq, daha sabit, təşkilatlanmış şəkildə həyata keçirə bilərlər; məsələn, Safya Vasilyevna Sokolova kimi. O, faşist düşərgələrinin qurbanıdır. 89 yaşlı qadının gözləri pis görür, demək olar ki, gəzə bilmir, əli işləmir - bütün bunlar onun əsir düşərgəsində keçirdiyi ağır günlərin nəticəsidir. Qadın bərbad halda olan evlərin arasında yerləşən kiçik, bir otaqlı daxmada yaşayır. Onun hər ay aldığı cüzi pensiya ilə yaşamaq mümkün deyil. Qadın könüllülərin və rəhmli insanların yardımı hesabına yaşayır. Bakıdakı Mixail Arxangel Kilsəsinin sosial xidmətinin başçısı və veteranlarla iş üzrə kuratoru Aleksandr Antropov deyir ki, Sofiya Vasilyevna son dərəcə ağır şəraitdə yaşayır: onun evinin su buraxan damını könüllülər böyük əzab-əziyyətlə sahmana salıblar. Bəs, Sofiya Vasilyevnanın yaşını və xəstəliklərini nəzərə alsaq, onun dərmanlarına nə qədər pul lazımdır? Qadının kiçik evi, az qala, aptekə çevrilib.
Qruplar, xeyriyyə cəmiyyətləri yardıma ehtiyacı olan insanlar üçün imkan daxilində vəsait toplasa da, onlara yardım göstərməyə çalışsa da, bu, əlbəttə ki, kifayət deyil. Üstəlik bu birliklərin fəaliyyəti hər hansı hüquqi sənədlə tənzimlənmir. Sadəcə olaraq, vəsaitinə xəsislik etməyənlər ehtiyacı olanlara yardım göstərirlər. Belə qruplara sosial şəbəkələrdə də kifayət qədər rast gəlinir. Lakin artıq qeyd etdiyimiz kimi, xeyriyyəçilik yalnız vəsaitin toplanması ilə məhdudlaşmır. Bu sırada hüquqi yardım da önəmli yer tutur. Axı, ərzaq üçün lazım olan pulu adi insanların köməyilə toplamaq olsa da, müxtəlif hüquqi problemlərin həlli, sənədlərin hazırlanması üçün hüquqşünasın, vəkilin köməyinə ehtiyac var. Bu köməyisə hər zaman lazımi anda tapmaq olmur.
Sosial proqram çərçivəsində
Qərb ölkələrində sosial səviyyəsindən asılı olmayaraq, xeyriyyəçilik gündəlik həyat tərzinə çevrilir. O, istər adi insanların, istərsə də iri şirkətlərin büdcəsində əhəmiyyətli yer tutur. Əsasən inkişaf etmiş ölkələrdə xeyriyyəçilik fəaliyyəti dövlət strukturları tərəfindən tənzimlənir. Əksər kommersiya şirətlərinin isə ehtiyacı olanlara, yoxsullara yardım göstərilməsi üçün öz sosial fondları var. Bundan başqa, orada insanlarda rəhm hissi uşaqlıqdan formalaşdırılır; məsələn, Böyük Britaniyada uşaq bağçalarında xüsusi maarifləndirmə günləri olur və orada uşaqlara hər kəsin özünə yemək, isti paltar almaq iqtidarında olmadığı haqda danışılır. Məktəblərdə bu iş daha geriş görülür; orada tez-tez müxtəlif xeyriyyə marafonları təşkil olunur, toplanmış vəsait isə xeyriyyə fonduna köçürülür. Xeyriyyə aksiyalarının təşkilində müxtəlif dini təşkilatlar da böyük rol oynayır. Onlar pulsuz yeməkxanalar, evsiz insanların gecələməsi üçün yataqxanalar tikirlər.
Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2012-ci ilin şaxtalı fevralında və 2014-cü ilin soyuq yanvarında bir neçə müvəqqəti səyyar sığınacaq yaratmışdı. Orada evsiz-eşiksiz insanlara, kasıblara qaynar nahar, çay verilir, elementar tibbi yardım göstərilir, yatmaq üçün şərait yaradılırdı. Həmin sığınacaqlardan yaşadığı rayona gedib çıxmaqda çətinlik çəkənlər, açıq havada işləyənlər, evindən çox uzaqda olan vətəndaşlar, evsizlər, ilkin tibbi yardıma ehtiyacı olanlar yararlana bilirdilər. Bu gün isə nazirlik nümayəndələri ehtiyacı olanların yardım ala biləcəyi daimi sığınacaqların və ya sabit məkanların yaradılması planına dair hər hansı məlumata malik deyillər. Amma şaxtalı dönəmlərdə adətən sığınacaqlar fəaliyyətini bərpa edir.
Bununla yanaşı, Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bu gün dövlətin qlobal böhranın mənfi təsirlərini minimuma endirməyə, ölkə vətəndaşlarının hazırkı yaşayış standartlarını qoruyub-saxlamağa çalışdığını bildirib. Onun sözlərinə görə, dövlət, ilk növbədə, yaşlıların, çoxuşaqlı ailələrin və əlillərin qayğısına qalır. Bütün bunlar üçün isə əlavə vəsait tələb olunur. Bununla yanaşı, Piriyevin dediyinə görə, sosial əhəmiyyətli obyektlərin istifadəyə verilməsi planında dəyişiklik yoxdur. Gələn il Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin, yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış Reabilitasiya Mərkəzi və sosial sığınacağın, penitensiar müəssisələrdə cəza çəkmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Gözlənilən novasiyalar kimi, "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndrilməsi üzrə Dövlət Proqramı"nı və "İşsizlikdən icbari sığorta haqqında" Qanunu göstərmək olar.
Bütün bunlar göstərir ki, bizim ölkəmizdə minlərlə insanın sayəsində müasir xeyriyyəçilik ənənələri dərin kök salır. Axı, soydaşlarımıza xas olan qayğıkeşlik ən ağır dövrlərdə də aradan itməyib. Bununla yanaşı, onsuz da gəlirləri azalmış insanlar tərəfindən maliyyə toplanması, dənizdə bir damla deməkdir. Xüsusilə hazırkı çətin dönəmdə ölkəmizdə bu məsələnin dövlət tərəfindən qanunvericiliklə tənzimlənməsinə ehtiyac yaranıb.
MƏSLƏHƏT GÖR: