23 Noyabr 2024

Şənbə, 21:16

CƏNUBİ QAFQAZIN "NEWSWEEK"i

Onillik yubileyini qeyd edən "Region Plus" jurnalı fəxr ediləcək uğurlara nail olub

Müəllif:

16.02.2016

"Region Plus" analitik jurnalının o qədər böyük olmasa da, çox şən kollektivi jurnalın 10 illik yubileyinə həsr olunmuş fotosessiyaya toplaşıb. Bu bayram əhvalını izləyəndə istər-istəməz düşünürsən ki, burada - hər birimiz üçün çox rahat bir məkanda illər ərzində, doğrudan da, böyük işlər görülüb. Və insanın beynində bir dissonans yaranır - axı, necə? Bəzən, hətta uşaq təsiri bağışlayan bu adi insanların hər biri nə qədər hazırlıqlı olmalıdır ki, analitik məqalələrində dünyanı hansı kataklizmlərin gözlədiyini əvvəlcədən xəbər versin? Onlar hansı biliklərə sahib olmalıdırlar ki, müsahibə zamanı ən ciddi müsahibi belə, təvazökarlıqdan uzaq olsa da, virtuoz suallarla "dalana dirəsinlər"?..

Fotosessiya üçün hamını bir araya yığmaq çox çətin idi. Əvvəla, "R+"un kollektivi diqqət mərkəzində olmağı xoşlamır (hərçənd, 10 il ciddi səbəbdir); ikincisi, jurnalistin həyatı belədir - onun üçün sərt vaxt məhdudiyyəti qoymaq çox çətindir. Axı, o, eyni zamanda, bir neçə iş görməlidir: redaksiya tapşırığını yerinə yetirmək üçün qaçaqaçdadı, sonra redaksiyadakı həmkarlarına hələ xəbər vermədiyi jurnalist araşdırmasına girişir; yolüstü övladını götürmək üçün məktəbə qaçır və bəlkə də yolda olarkən, kiminləsə müsahibə razılaşdırır və sonda budur - doğma jurnalın redaksiyası. O, hər gün doğma insanları gördüyün ocaq kimidir - burada xoş söz eşidəcəksən, dəstək alacaqsan, birdən işlər qaydasında getməsə, sənə görə özün qədər narahatlıq keçirəcəklər. Bura çoxlarının arzuladığı yerdir - evdən həvəslə yollandığın və müsbət əhvalla geri döndüyün məkan.

Jurnalımızın ilk sayının işıq üzü gördüyü tarixdən - 16 fevral 2006-cı il - 10 il keçdiyinə inanmaq olmur. Vaxt çox sürətlə ötür. Nə demək olar? Yubiley hər zaman xüsusi təntənə və diqqətdir. Bu, eyni zamanda, həm sevincdir, həm məsuliyyət. Çünki ən kiçik yubiley belə, adamı geri boylanaraq düşünməyə vadar edir...

 

Nə işlər görmüşük?

Jurnal qısa vaxtda istər Azərbaycanda, istərsə də xaricdə böyük oxucu kütləsi toplayıb. Redaksiyamızda olmuş əcnəbi jurnalistlərdən birinin dediyi kimi, "Region Plus" Cənubi Qafqazın "Newsweek"nə çevrilib. Sadə dildə desək, o, regionda eyni vaxtda 3 dildə çıxan yeganə həftəlik analitik nəşrdir. Başı çıxan insanlar bu cür jurnalın cəmi 15-20 nəfərdən ibarət peşəkar heyətlə buraxılmasını təəccüblə qarşılayır. Üstəlik, "Region Plus" dünyaca tanınmış analoqlarından o qədər də fərqlənmir. Jurnala kifayət qədər tələbatın olması da bununla bağlıdır.

 

Yerdə, havada, İnternetdə...

Bir neçə il əvvəl beynəlxalq reyslərində "Region Plus"un da paylandığı AZAL Dövlət Şirkəti sərnişinləri üçün əlavə bir neçə yüz nüsxə jurnal istəmişdi. Bunu eşitmək çox xoş idi. Bəs, xarici diplomatların, ali məktəb müəllim və tələbələrinin, deputatların və məmurların dilindən analitik jurnalın materiallarından gündəlik həyatlarında istifadə etdiklərini eşitmək necədir? Jurnala Bakının "Port Baku", "Landmark" və digər nəhəng biznes mərkəzlərində dayanıqlı tələbat müşahidə olunur.

Çoxsaylı oxucu rəyləri, istər dövlət, istərsə də özəl strukturlar, həmçinin diplomatik korpuslar tərəfindən verilmiş diplomlar, fəxri fərmanlar və sertifikatlar da "Region Plus"a marağın böyük olduğunu göstərir. Elə bu yaxınlarda "Region Plus" Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən "Rusiya-Azərbaycan münasibətlərinin dəstəklənməsi və işıqlandırılmasına töhfəsinə görə" diplomu ilə təltif olunub.

Qürur hissi ilə qeyd etmək istərdik ki, əməkdaşlarımızın fəaliyyəti ölkə rəhbərliyinin də diqqətindən kənarda qalmır. «Region Plus»un əməkdaşları Prezident İlham Əliyev tərəfindən medalla mükafatlandırılan, mənzillə təmin olunan jurnalistlər sırasındadır.

Bu illər ərzində jurnal minlərlə oxucu toplayıb, özünü yalnız Azərbaycanın deyil, həm də xarici jurnalist dairələrində qəbul etdirib. Jurnalın səhifələrində Rusiya və Türkiyənin tanınmış jurnalistləri, icmalçıları məqalələrlə, şərhlərlə çıxış ediblər.

Jurnala tələbatın nə dərəcədə olduğunu "Region Plus"un saytına daxil olan oxucuların sayı da göstərir. Kütlənin ciddi mətbuata marağının az olduğu indiki dövrdə, İnternetdə, təxminən, 20 minlik daimi oxucu Azərbaycanda nəşr olunan analitik jurnal üçün kiçik göstərici deyil. Saytın oxucuları arasında Azərbaycandan və Rusiyadan olanlar üstünlük təşkil edir. Ümumilikdə, "Region Plus"un elektron versiyası dünyanın 45-50 ölkəsini əhatə edir. Onlar arasında ABŞ və Avropa ökələri də var.

Jurnalın sosial şəbəkələrdəki səhifələrini dünyanın müxtəlif bölgələrindən minlərlə insan izləyir. Onlar arasında tanınmış siyasətçilər və politoloqlar, nüfuzlu xarici kütləvi informasiya vasitələri, araşdırma mərkəzləri və ekspertlər də var.

 

Turnir cədvəli

"Region Plus" Azərbaycanda keçirilən iri beynəlxalq tədbirlərə informasiya dəstəyinin verilməsində də fəal iştirak edir. Bu məqsədlə 2012-ci ildə jurnalın "Eurovision-2012" mahnı müsabiqəsinə həsr edilmiş xüsusi buraxılışı böyük tirajla çap olunub. Həmin buraxılış musiqi müsabiqəsinin qonaqları tərəfindən o qədər böyük maraqla qarşılanmışdı ki, redaksiyanın özü üçün həmin nömrənin nüsxələrini tapmaq çətin idi. Jurnalın Birinci Avropa Oyunlarına həsr olunmuş və Əməliyyat Komitəsi ilə birlikdə Atletlər Kəndi və Media Kəndində paylanılmış 3 xüsusi buraxılışına maraq ondan da böyük olub. Əməliyyat Komitəsinin məlumatına görə, həmin buraxılışlara, xüsusilə xarici jurnalistlər böyük maraq göstəriblər.

Tezliklə bu siyahıya 2016-cı il iyulun 17-də Bakıda ilk dəfə keçiriləcək "Formula-1" Avropa Qran-prisinin işıqlandırılması də əlavə olunacaq.

 

Paylaşmağa hər zaman hazırıq! 

Əminik ki, ciddi nəşr, hətta bugünün reallıqlarında belə, maraqlı və əyləncəli ola bilər və olmalıdır. Bizim hələ cəmi 10 yaşımız olsa da, bacardığımızı paylaşmaqdan hər zaman məmnunuq. Bu, təcrübə, enerji və auditoriyamız üçün daha yaxşı olmaq istəyimizdən doğur.

Bizim üçün yubiley indiyədək əldə edə bildiyimiz uğurlara sevinmək üçün bir bəhanədir: təcrübə, hörmət, həmfikirlərin və sadiq dostların tapılması; regionda və ondan kənarda qazanılmış etibar... 

İndiyədək nail olduğumuz hər şey gələcək inkişafımız üçün etibarlı əsasdır.



MƏSLƏHƏT GÖR:

595