24 Dekabr 2024

Çərşənbə axşamı, 05:42

GƏNC GƏLİB, GƏNC DƏ GETDİ

Böyük mədəniyyət adamı Əminə Dilbazinin Azərbaycanın milli rəqs məktəbinin formalaşmasında misilsiz zəhməti olub

Müəllif:

01.03.2016

Xatirə danışmağı sevirdi. "Bütün yaşlı insanlar kimi sevirdi" - deyib ona haqsızlıq etmək istəmirəm. Ötən illərini elə böyük coşğu ilə yaşamışdı ki, nə qədər qürurla, fəxrlə yada salsaydı, azdı. Ancaq danışanda səsindəki, gözlərinin dərinlərindəki qüssəni görməmək də mümkünsüzüydü. Otağı muzeyi xatırladırdı. Ömrünün gur, coşub-çağlayan illərini yola salan məşhur rəqqasə Əminə Dilbazi orda xatirələrinə sığınırdı. Necə deyərlər, odu söndürüb, külü ilə oynayırdı.

 

"Əminə mənim oğlum Cavanşirdir"

O, şikayətlənməyi sevmirdi. Arabir etdiyi gileyi də maddi vəziyyətindən olmazdı. Əllərini yana açıb, çiyinlərini çəkirdi. "Pula ehtiyacım yoxdur", - deyirdi: "Pulu neyləyirəm? Qayğıya, diqqətə ehtiyacım var". Sənətinin izləri yalnız divarları, albomları bəzəyən şəkillərdə deyil, 90-nını adlayan rəqqasə xanımın qıvraq hərəkətlərində, simasını bəzəyən təbəssümündə də qalırdı.

O evdə, o otaqda tamamilə unudulmuş, yaddan çıxmış bir sənətkar kimi yaşadığını söyləmək də doğru olmazdı. Arabir, özünün dediyi kimi, bayramdan bayrama qapısını döyən sənət adamları olurdu. Amma kimsə ömründən keçən, əbədiyyətə yol alan köhnə dostlarını, doğmalarını əvəz edə bilməzdi. Yəqin, elə ona görə otağını muzeyinə çevirmişdi ki, keçmişi üçün qəribsəyəndə tənhalıqdan qurtulsun, darıxmasın. Ancaq hərdən xatirələrin, şəkillərin də gücü çatmırdı. Çox darıxdığını deyirdi.

Qocalıq öz sözünü desə də, hələ yaddaşına toxunmamışdı. Əminə Dilbazi 1919-cu ilin 26 dekabrında Qazaxda dünyaya gəlmişdi. Güclü hafizəsi sayəsində lap kiçik yaşlarından həyatından keçən insanlar, hadisələr xatirindəydi. Uşaqlığını, həddindən artıq dəcəl, ağaca dırmaşmaqdan, yoldaşlarıyla dalaşıb-barışmaqdan yorulmayan balaca Əminəni gülə-gülə yada salırdı. Deyirdi: "Yoldaşlarımdan kimi döyürdülərsə, mənə şikayətə gəlirdi, gedib günahkarın dərsini verirdim".

Beş yaşı olanda böyük qardaşı Cavanşirin qəflətən xəstələnməsi ailəsini Qazaxdan Bakıya gətirdi. Ancaq burda qardaşını həmişəlik itirdilər. Qardaşının ölümü atasını sarsıtdı. Onu həmişə dərd-qəm içərisində görmək balaca Əminəni sıxırdı. Nadincliyi, özünəməxsus nəvazişləriylə atasına bu dərdi unutdurmaq istəyirdi. Bir gün atası onu bağrına basıb: "Qızım, görürəm sən mənə Cavanşiri əvəz edə bilərsən", - dedi. Bərbərə aparıb saçlarını oğlansayağı kəsdirdi. Ona oğlan paltarı alıb evə gətirdi. Dedi: "Bu gündən Əminə mənim oğlum Cavanşirdir". Sonra ona çərkəzi paltar, qaragül dərisindən papaq, gözəl bir xəncər də sifariş verdi. 

...Havalar isinməyə başlayanda Qazaxa gedirdilər. O illərdə yaylağa köçdükləri günlər də Əminə Dilbazinin ən işıqlı xatirələrindən idi. Yaşıdlarıyla səhər erkəndən çəmənlikdə oynayar, quşlarla, kəpənəklərlə yarışardı. Sonralar - məşhur rəqqasə ikən rəqs edəndə bəzən özünü o günlərdə sandığını, həmin duyğuları sanki yenidən yaşadığını deyirdi... Bütün yayı Qazaxda qalırdılar. Dava-dalaşda, qalmaqalda, ağaclara dırmaşmaqda oğlan uşaqlarından geri qalmırdı. 

1926-cı ildə onu əvvəlcə Azərbaycan, sonra rus məktəbinə qoydular. Gözlənilmədən ağır xəstəliyə tutulan Əminə Dilbazi bir müddət məktəbdən ayrılmalı oldu. Bir az sağalsa da, həkimlər onun məktəbə getməsini, dərslərinə davam etməsini məsləhət görmədilər. Ancaq nə həkimlər, nə də valideynləri Əminə xanımın inadını qıra bilmədilər. Təhsilini davam etdirdi. 

1932-ci ildə taleyin daha bir ağır zərbəsiylə üzləşdi. Onu çox sevən, fədakar, mehriban atası vəfat etdi. Atasının ayrılığıyla uzun illər barışmadı.

 

"Sizdə oynaya bilməyənləri bəyənirlər?" 

Atası onu oğlan uşağı kimi böyüdürdü. Yəqin, buna görə idmana həvəs göstərdi. İdmanın yüngül atletika növü üzrə rayonda keçirilən idman yarışlarında birincilik qazandı. 1935-ci il idi. Bir gün oxuduğu məktəbin direktoru onu yanına çağırdı. Kabinetdə əyləşmiş tanımadığı kişiyə təqdim etdi. Sonra ona bir ünvan verib tapşırdı: "Sabah bu ünvana get". Elə bildi yenə idman yarışına göndərilir. O vaxtlar ən gözəl paltar saydığı idman paltarını geyinib deyilən ünvana yollandı. Gördü ki, bu heç idman yarışına oxşamır. Burda uşaqlar tarın, kamançanın müşayiəti ilə rəqs edirdilər. Növbə ona çatanda soruşdular: "Hansı havaya oynayacaqsan?" Etiraz etdi: "Oynamayacağam, mən idmançıyam. Bura məni səhvən çağırıblar". Dedilər: "Oynamalısan". Musiqi səsləndi. Amma o, rəqs edə bilmirdi. Onda "Obsa çalın", - dedi. Cavab verdilər ki, belə rəqs yoxdur. Özü çalıb oğlansayağı oynamağa başladı. Bir də onda fərqinə vardı ki, zalda gülüş səsindən qulaq tutulur. Komissiya üzvlərinin gülməkdən gözləri yaşarmışdı. Pərt halda paltosunu götürdü, var gücüylə ordan qaçdı. Yolboyu özünə dönə-dönə söz verdi ki, bir də ömrüboyu rəqs etməyəcək. Məktəbdə direktora da belə dedi: "Bir də ora getmərəm. Orda idman yarışı aparmırlar, rəqs edirlər. Mən heç onları başa düşmürəm". Direktor həyəcanlı qızı sakitləşdirdi: "İndi ki istəmirsən, bir daha getmə". 

Gözləmədiyi halda üç-dörd gün sonra onu yenidən direktorun otağına çağırdılar. Keçən dəfə məktəbə gələn kişini görəndə qaçmaq istəsə də, onu tutdular. Qonaq dedi: "Sənin oynamağını bəyəniblər. Odur ki ardınca gəlmişəm". Təəccüblə cavab verdi: "Sizdə oynaya bilməyənləri bəyənirlər? Mən idmançıyam". Bu dəfə məktəbin direktoru onu dilə tutub həmin ünvana getməyə razı saldı. 

Otağa daxil olan kimi komissiya üzvlərindən biri onu təbrik edib yeni yaradılan rəqs ansamblına qəbul olunduğunu bildirdi. Yenə razılıq vermədi. Amma "Sənə 200 manat da təqaüd də verəcəyik" - deməklə ürəyini aldılar. O zaman anası üç uşağını dolandırmaq üçün üç yerdə işləyirdi. Əminə xanım danışırdı: "200 manat o dövr üçün böyük pul idi. Fikirləşdim ki, yaxşı olar, anam gecə növbəsindən çıxar, üzünü doyunca görərik. Komissiya üzvlərinə dedim, gərək, anamdan icazə alım. Anamdan soruşdum ki, sənə hər ay 200 manat versəm, işinin birindən çıxarsan?" Yazıq az qaldı dəli olsun ki, hardan tapacaqsan, kim verəcək sənə bu pulu? Anam qorxurdu kimsə məni aldadar. Hər şeyi olduğu kimi ona danışdım. Anam biləndə ki, məktəbdə dərslərimə də davam edəcəyəm, rəqsə getməyimə razılıq verdi.

 

İstedad sorağında

Beləcə, sənət yolunu tutdu Əminə Dilbazi. 1936-cı ilin yanvarından özünə tamamilə uzaq, yad saydığı rəqqasəlik sənətində izlər açmağa başladı. O günlər daha çox anasının zəhmətini yüngülləşdirəcəyinin sevincini yaşayırdı. Hər ay zərfin arasında 200 manatı anasına uzadanda sanki dünyanı ona bağışlayırdılar. Üç aydan sonra təqaüdünü 100 manat da artırdılar.

Sonralar bildi ki, çəkilən bütün zəhmətlər Azərbaycanın ilk xalq rəqs ansamblının yaradılması üçündür. Əminə xanımın ardınca məktəbə gedən kişi rəqs ansamblının direktoru kimi tanıyacağı Əşrəf Səfərov, ona "müsabiqədən keçmisən"- deyən komissiyanın üzvü isə görkəmli baletmeyster, sonralar Əminə Dilbazinin müəllimi olan İlya Arbatov idi. Bu istedadlı sənət adamlarının zəhməti sayəsində respublikada ilk xalq rəqs ansamblı - Xalq Maarif Komissarlığının nəzdində Azərbaycan xalq rəqs ansamblı yarandı. 

Bir gün onlara xəbər verdilər ki, Azərbaycanın o zamankı rəhbəri Mir Cəfər Bağırovun qarşısında çıxış edəcəklər. Həyəcanla gözlənilən gün gəlib çatdı. Ansamblın üzvlərinin ifasının Mir Cəfər Bağırov tərəfindən bəyənilməsi onların üzünə yeni qapılar açdı. 1936-cı ilin oktyabrında Mir Cəfər Bağırovun göstərişiylə bu gənc rəqs qrupu Azərbaycan Dövlət Filarmoniyasının tərkibinə daxil edildi. 

1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ongünlüyünə yola salınacaq musiqiçilərin siyahısında Əminə Dilbazinin də adı var idi. Səfərə az qalmış eşitdi ki, bəy nəslindən olduqları üçün bir neçə nəfərlə birlikdə adını siyahıdan çıxarıblar. Ancaq bu qərarın proqrama təsiri olduğunu nəzərə alıb onları yenidən ansambla qaytardılar.

Bundan sonra taleyin uğurlu qədəmləri hər yerdə onu izləməyə başladı. Böyük-böyük salonlardan ona ünvanlanan alqışlar, gül-çiçək dəstələri, tamaşaçı məhəbbəti... Azərbaycanın elə bir bölgəsi qalmadı ki, Əminə Dilbazi orada konsert proqramı ilə çıxış etməsin. Uzaq-uzaq ölkələrdə qastrol səfərlərində oldu. 

Ali təhsil almasa da, xalq rəqslərinin mahir ifaçısı kimi tanıdılar onu. Üzeyir Hacıbəylinin musiqisi əsasında "Kolxoz çölləri" adlı ilk rəqsini qurdu. Rəqsdə o vaxt çox məşhur olan pambıqçı Bəsti Bağırova rolunu Əminə Dilbazi özü oynayırdı. 

 

Üzeyir Hacıbəyli ilə görüş

Bir gün Üzeyir bəy rəqsə tamaşa etdi. Konsertdən sonra Əminə xanıma Üzeyir Hacıbəylinin onu görmək istədiyini söylədilər. "Dedim, getmərəm", - Əminə xanım danışırdı: "Qorxurdum ki, Üzeyir bəy rəqsimi bəyənməz. Deyər sənin belə şücaətin var ki, mənim musiqimə rəqs qurursan? Yoldaşlarım məni ürəkləndirdilər. Qılman Salmanovla birlikdə getdik Üzeyir bəyin yanına. Üzeyir bəy məni görən kimi dedi: "Balaca qız (o, mənə belə müraciət edirdi) sən mənə tanış gəlirsən". Bildirdim ki, anam 1928-ci ildə məni və bacımı onun yanına gətirmişdi. Sonra biz musiqi məktəbinə qəbul edildik. Ancaq atam dünyasını dəyişdi, daha musiqi təhsilimizi davam etdirmədik. Üzeyir bəy mənə: "Balaca qız, sən istedadlısan, - dedi. - Mənim musiqimə gözəl rəqs qurmusan. Rəqs qurmağa davam et". Onun sözlərindən elə təsirlənmişdim ki, doyunca ağlamaq istəyirdim. Böyük bəstəkar oradaca zəng vurub tapşırdı ki, mənim rəqsimi dövlət konsertinə salsınlar. Bu hadisədən çox həvəsləndim. Qısa müddətdə Niyazinin musiqisinə "Dağlar gözəli", Qılman Salmanovun musiqisinə isə "Alagöz" rəqslərini qurdum. Düzü, indi quruluş verdiyim rəqslərin sayını da bilmirəm".

Əminə Dilbazi danışırdı ki, rəqs sənəti elədir ki, bu sənətə gənc gəlib, gənc getməli olursan. Yəni 20 il rəqqasənin sənət ömrüdür: "Mən isə 60 ildir rəqqasəyəm. Sənətdə üç rəqqasə ömrü yaşamışam. Amma mənim kimilər azdır. Rəqqasələr sənətə, bir qayda olaraq, 16 yaşına gəlib 36 yaşında gedirlər. Həqiqətən, ailə qurmaq, övlad dünyaya gətirmək bu sənətə mane olur. Əvvəla övlad dünyaya gətirən rəqqasə üç il sənətdən uzaqlaşmalıdır. Digər tərəfdən ailə, uşaq da qayğı istəyir, sənət də. Dünyanın əsl rəqqasələrinin həyatına nəzər salsaq, görərik ki, onların ya ailəsi olmayıb, ya da övladları. Ailənin olmaması isə, sənətçi barəsində müxtəlif şayiələrin yaranmasına səbəb olur. Əslində, bu söhbətlərin çoxu həqiqətə uyğun olmur. Hərə ağzına gələni danışır. Mən düşündüm ki, əgər mənim rəqqasəlik qabiliyyətim varsa, ailə mənə niyə mane olmalıdır? Ailə də qurdum, dörd övlad anası da oldum. Heç zaman da uzun müddət sənətdən ayrılmadım. Həmişə tələbələrimə də deyirəm ki, ailə həyatının çətinliyindən qorxmayın. Ailənin, övladın verdiyi səadəti sənətdən ala bilməzsiniz. Ancaq fikirləşin kiminlə evlənirsiniz. Mənim bəxtim onda gətirdi ki, Cövdət Hacıyev kimi gözəl bir bəstəkarla ailə həyatı qurdum. Biz onunla həm də, sənət dostu olduq.

 

Bir sevgi hekayəsi

Onların maraqlı sevgi hekayətləri olub. Əminə Dilbazi gülə-gülə danışırdı: "Cövdət mənə yaxınlaşıb öz sevgisini, evlənmək istədiyini söyləmirdi. Müharibə illəriydi. Qohumlarım təkidiylə Fikrətə (bəstəkar Fikrət Əmirov - Z.F.) ərə getməyə razılıq verdim. Cövdətə məktub yazdım: "Mən yalnız səni sevirəm. Ancaq Fikrətlə evlənirəm". Gəncə səfərindən geri döndükdən sonra Cövdət məni vağzaldan birbaşa "ZAQS"-a apardı. Evləndik. Nikah mərasimində Səməd Vurğun və Mirvarid Dilbazi iştirak etdilər". 

 Xasiyyətcə bir-birlərinin tamamilə fərqli adamlardır. Əminə Dilbazi insanlar arasında olmağı çox sevən, ötkəm, açıq-saçıq idi. Cövdət Hacıyev isə, əksinə qapalı insan idi. Əsərinin ifa olunub-olunmayacağını belə düşünmədən yazıb-yaradırdı. Amma bu iki fərqli insanın arasında tükənməz sevgi var idi. Əminə Dilbazi danışırdı: "Bizi çoxları ayırmağa çalışdı. Amma buna nail olmadılar. Mən şərait yaradırdım ki, Cövdət yaradıcılıqla məşğul olsun. O, Moskvada Dmitri Şostakoviçin yanında təhsil alanda, sirkdə ikinci işə girdim ki, Cövdət təhsilini davam etdirə bilsin. Beş il hər ay ona pul göndərdim". 

Mübahisələri də olurdu. Cövdət Hacıyev ən çox da Əminə Dilbazinin tez-tez qastrollara getməsindən narazılıq edirdi. Həyat yoldaşı uzun müddətə xaricə qastrola gedəndə, uşaqların qayğısına Cövdət Hacıyev qalırdı.

 

Uğur

Əminə Dilbazi 1947-ci ildə Praqada keçirilən gənclərin və tələbələrin I Ümumdünya festivalının, 1957-ci ildə Moskvada keçirilən VI Ümumdünya festivalının iştirakçısı oldu. 1954-cü ildə əməkdar artist, 1959-cu ildə xalq artisti fəxri adlarına layiq görülüb, 1999-cu ildə "İstiqlal" ordeni ilə təltif edildi. 

Uzun illər Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında qızlardan ibarət rəqs qrupunun rəhbəri oldu. 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun nəzdində yaradılan "Çinar" tələbə rəqs kollektivinə, 1967-ci ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki "Sevinc" qızlar ansamblına rəhbərlik etdi. İncəsənət Gimnaziyasında "Günel" rəqs qrupunu yaratdı. 

Pedaqoji fəaliyyətə 1939-cu ildə Teatr Texnikumunda başladı. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərdi. Uzun illər Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasında müəllim kimi çalışdı. "Vağzalı" "Turacı", "Tərəkəmə", "Naz eləmə", "İnnabı" və başqa rəqsləri məharətlə ifa edən rəqqasənin repertuarına rus rəqsləri, Ukrayna rəqsləri, özbək rəqsləri, ərəb rəqsləri də var idi. "Leyli və Məcnun", "Arşın mal alan", "O, olmasın, bu olsun" və başqa əsərlərdə də rəqslərə quruluş verdi.

Əminə Dilbazi 91 il ömür sürdü. O, 2010-cu ilin 30 aprelində vəfat etdi. Sənətkar özü də əmin idi ki, onun sənət ömrünü yetişdirdiyi rəqqasələr davam etdirəcək.



MƏSLƏHƏT GÖR:

644