14 Mart 2025

Cümə, 11:24

"XÜSUSİ BACARIQLI ƏCNƏBİ"

Azərbaycanlı alim - 50-dən çox Amerika patentinin və 25-dən çox yeni texnologiyaların müəllifi ABŞ-da xüsusi status qazanıb

Müəllif:

01.03.2016

Moskvalı alimlərlə birgə (N.E.Bauman adına MATM) 1978-ci ildə insan və heyvanların sümüklərində gərginliyin yaranması hadisəsini kəşf edən azərbaycanlı alim, texniki elmlər doktoru, Azərbaycan Texniki Universitetinin sabiq professoru Elyaz Babayev xüsusi bacarıqlı xarici alim statusunu alaraq hazırda Amerikada yaşayır. O, 50-dən çox Amerika patentinin, 100-dən çox beynəlxalq səviyyədə təsdiq olunmuş patentin və 25-dən çox yeni texnologiyanın müəllifidir. 

Özəl Amerika şirkətlərinin birində çalışan alim öz elmi kəşfi, yeni nailiyyətləri barədə danışıb və üzləşdiyi çətinlikləri yada salıb.

- Elyaz müəllim, siz elmə sovet vaxtlarında gəlmisiniz. İlk addımlarınızı xatırlaya bilərsinizmi?

- Qafan şəhərində Azərbaycan orta məktəbini qızıl medalla bitirmişəm. Bakıda Ç.İldırım adına Politexnik İnstitutuna daxil olmuşam. Fakültə rəhbərliyinin məsləhətinə əsasən ali təhsil müəssisəsində "Qaynaq istehsalatı" kafedrasında müəllim işi üçün qalmışam.

1972-ci ilin yanvarında N.E.Bauman adına Moskva Ali Texniki Məktəbində (MATM), həmin ildə SSRİ Dövlət mükafatına layiq görülmüş rektor, akademik Q.A.Nikolayevin rəhbərliyi altında "Qaynaq istehsalatı" kafedrasının alimləri yeni cərəyan kəşf etdilər - bioloji toxumaların ultrasəslə qaynağı və kəsilməsi. Mən aspiranturaya sənədlərimi vermək qərarına gəldim. Moskvaya uçdum. Yeri gəlmişkən, iki yerə 50-dən çox müraciət daxil olmuşdu. 

- Yəni aspiranturaya daxil olmaq şansları olduqca az idi.

- Bəli, elədir. Sənədlərimi qəbul edərkən, kafedranın və MATM rektoru Q.Nikolayevin müavini, professor V.Vinokurov dedi ki, mən vaxtımı, pullarımı və enerjimi sərf etməyim, çünki mənim daxil olmaq üçün nəinki praktiki, heç nəzəri şansım yoxdur. İş orasında idi ki, namizədlərin 90%-i bu təhsil ocağının məzunları idilər və əksəriyyəti Lenin təqaüdçüləri olmaqla, oranı fərqlənmə ilə bitirmişdilər. 

- Buna baxmayaraq, Siz daxil oldunuz...

- İmtahanda MATM rektoru Q.A.Nikolayev özü iştirak edirdi. Sualların cavablarına və imtahan götürən professorlarla mübahisələrdən sonra o, özüm barədə danışmağı xahiş etdi. Mənə uğur diləyərək və yanvarda görüşərik deyərək, o, artıq auditoriyadan çıxmaq istəyirdi, lakin təəccüb içində qalan Loşilov və Vinoqradov ona müraciət etdilər: "Qeorgi Aleksandroviç hara gedirsiz, imtahan indicə başlayıb, axı?" Nikolayev isə cavab verdi ki, o, artıq seçimini edib.

- Siz digər iki sovet alimi ilə birgə İxtiralar və Kəşflər üzrə SSRİ Dövlət Komitəsində xüsusi diploma layiq görülən, əvvəl məlum olmayan hadisəni müəyyən etmisiniz. Kəşfinizin mahiyyəti nədir?

Həmin kəşfin mərkəzində insan və heyvan sümüklərində, eləcə də yaşla bağlı dəyişən sümük toxumalarında dinamik qüvvəyə malik çoxsahəli gərginliyin ilk dəfə aşkarlanması durur.

- SSRİ EA-nın akademiki Q.Nikolayev, texniki elmlər doktoru, professor V.Loşilov və mən insan və heyvan sümüyünün toxumalarda daxili gərginliyin mövcud olmasını kəşf etmişik. Onun mahiyyəti ondadır ki, biz birinci olaraq skeletin hissəsi və orqanizmin yaşından asılı olan, makrohəcmlərdə tarazlaşdırılan, insan və heyvan sümüyünün toxumalarında gərginliyin mürəkkəb sahələrini müəyyən etdik. 

- Həyatınız bu icaddan sonra dəyişdimi?

- O, mənim alim qismində karyeramı qorudu. Məsələ orasındadır ki, 1978-ci ildə planlaşdırılan ixtisarlarla bağlı məndən işdən çıxmaq barədə ərizə yazmağı xahiş etdilər. Hərçənd qanunla onlar bu hüquqa malik deyildilər, çünki mən kafedrada azsaylı elmi namizədlərdən biri idim. Düzdür, dostum üçün yer saxlamaqdan ötrü mən ərizə yazdım. 

1978-ci ilin 30 dekabr tarixinin ertəsi günü TASS elmi kəşfim barədə xəbər verəndə, institut rəhbərliyi məni axtarmağa başladı və qarşımda ərizəmi cırdı. Məni nəinki sosial yarışın qalibi elan etdilər, hələ baş müəllim vəzifəsi də verdilər.

- Siz iki dəfə doktorluq işini yazmalı olmusunuz, düzdür?

- Bəli, elədir. İlk dəfə mən doktorluq dissertasiyamı 1991-ci ildə Latviya Elmlər Akademiyasında müdafiə etmişəm. Həmin vaxt orada biotibb mühəndislik sahəsində dünyaca məşhur olan alimlər işləyirdilər. Akademik A.K.Malmeyster, akademik V.K.Kalnberz, hazırkı akademik İ.V.Knets, professor X.Yanson və s. kimi soyadları xatırlatmaq kifayətdir. Mənə elmlər doktoru elmi dərəcəsi verildi, ondan sonra SSRİ elmlər doktoru elmi dərəcəsi də qazanmaq qərarına gəldim.

Təəssüf ki, mənim bədxahlarım tərəfindən həmin vaxt AAK-nın ünvanına kifayət qədər "xoş" məktublar yazılıb. Məni AAK-a çağırdılar və dedilər ki, SSRİ dağılıb və Moskva diplomu almaq istəyirəmsə, dissertasiyanın 60%-ni yenidən yazmalıyam. Doktorluq dissertasiyamın müdafiəsini təsdiq edən ikinci diplom məhz belə yaranıb.

- Belə bir fikir var ki, bir çox alimlər yaxşı pul qazanmaq üçün gedirdilər. Lakin sizin heç bir maliyyə çatışmazlığınız yox idi. Çünki o vaxt bir neçə vəzifə tuturdunuz...

- Siz tamamilə haqlısınız. Mən Azərbaycan Texniki Universitetinin (AzTU) kafedrasında professor, həmin ali məktəbin biotibb mühəndislik laboratoriyasının rəhbəri, Travmatologiya və ortopediya institutunda biomexanika və ultrasəs laboratoriyasının rəhbəri idim. Bundan başqa, müxtəlif ittifaq təşkilatlarda məsləhətçi idim. O vaxtlar üçün pis qazanmırdım. Tez-tez xarici ezamiyyətlərə gedirdim. Demək olar ki, bütün dünyanı gəzmişəm.

- Amerikaya getməyə sizi nə vadar etdi?

- Sözün düzü, məni heç kim Azərbaycandan getməyə məcbur etmirdi. Müəllimlik etdiyim ali təhsil müəssisəsindəki mühit məni təngə gətirdi. Mən çox prinsipial idim: heç vaxt rəhbərliyin sözü ilə oturub durmurdum, heç kimin aliliyini tanımırdım və s. Həmişə mənə əngəllər törədirdilər. Bəzən eşitməli olurdum ki, guya dissertasiyamı mən yazmamışam... Hər zaman kafedra müdiri və ya dekan olmağım üçün mane yaradırdılar. Bizim bəzi alimlərə Lenin və ya Zeynalabdin Tağıyev mükafatı verilərkən üzücü və gülməli idi...

- Elyaz müəllim, lakin zaman hər şeyi öz yerinə qoydu. Siz bu gün xüsusi bacarıqlı status qazanan tanınmış alimsiniz. Zəhmət olmasa, deyin, Amerikada elmlə məşğul olanlara xüsusi yanaşırlar?

- Amerikada alimlər heç bir imtiyaza malik deyillər. Burada kapitalizmdir. İşlədiyin yerə fayda gətirmək lazımdır. Xüsusi bacarıqlı alim statusu mənə tez bir zamanda "Green card" - yaşamaq hüququ və vətəndaşlıq (heç bir siyasi səbəbi olmadan) qazanmaq imkan verdi. Burada alimlərə "doktor" deyə müraciət edirlər. Bu qədər. Universitetlərdə o qədər də çox pul vermirlər. Yaxşı qazanc üçün 10-15 ildən çox işləmək lazımdır, yaxşı elmi müqavilələr qazanmaq lazımdır. Mənə bir neçə təklif var idi, lakin maliyyə tərəfi razı salmırdı, ona görə mən hər şeyi sıfırdan başlamalı oldum...

- ABŞ-da elmi iş ilə bağlı ümidləriniz doğruldumu? 

- Həm də çox. Mən 50-dən çox Amerika patentinin və 25-dən çox yeni texnologiyanın müəllifiyəm. Dünya praktikasında sağalmayan, çətin müalicə olunan və adi yaralar və yanıqların müalicəsi üçün əsasən 5 müxtəlif qurğudan istifadə olunur. Mən, azərbaycanlı kimi - patentlərə sahib olduğum iki qurğunun müəllif-ixtiraçısıyam. Üçüncü artıq Amerika dövləti (FDA) tərəfindən təsdiqlənib və klinikalara çıxışını gözləyir. Bilirsiz, mən dünyada analoqu olmayan Sovet və Rusiya elmi qarşısında baş əyirəm.

- Gündə neçə saat işləyirsiniz?

- Gündə 10-12 saat. Sadəcə böyük zövq alıram. İş günündən sonra məni eksperimentlər keçirdiyim laboratoriyaların birində tapmaq mümkündür. Bəzən eyni vaxtda bir neçə layihə üzərində işləmək məcburiyyətində oluram.

- Hazırda nəyin üzərində çalışırsınız? Alınırmı?

- Qazların ion səviyyəsində istənilən maye ilə qarışdırılması qurğusu üzərində işimi tamamlamışam. Güllələrin və digər xarici obyektlərin yaralıların (əsgərlərin, polislərin, yanğınsöndürənlərin və s.) bədənlərindən çıxaran (eksperimental), qanaxmanı dayandıran, ağrıkəsən, sterilləşdirən qurğular hazırdır. Xarici ölkələrin birində cərrahiyyə və xərçəngin müalicəsi sahəsində çox maraqlı nəticələrə malikəm.

İkicərəyanlı səs cərrahiyyə üzrə tamamilə yeni qurğu hazırlamışam. Ümumilikdə dünyada analoqu olmayan 25 texnologiya.

- Bütün zamanlarda dünyanın ən yaxşı beyinləri sizin timsalınızda olduğu kimi Amerikaya "köç edirlər". Alimləri bu qədər cəlb edən, özünə çəkən Amerika elmi fəaliyyət bazarının cəlbediciliyi nədən ibarətdir?

- Amerikada yeniliklərə - şirkətlərə, biznesə fayda gətirən ixtiralara dəyər verirlər. Vəssalam.

- Ailəniz barədə danışardınız, zəhmət olmasa.

- Həyat yoldaşım - Fəridə Qasımzadə Azərbaycan Politexnik Universitetinin Metallurgiya fakültəsini bitirib. O, rəhmətlik professor-metallurq Nadir Qasımzadənin qızıdır. On il ərzində o, məşhur metallurgiya şirkətində çalışıb və orada laboratoriyanın rəhbəri olub. İndi isə ürək-damar cərrahiyyəsi sahəsində dünyanın iri tibb şirkətinin birində metallurgiya proseslərinin keyfiyyəti üzrə laboratoriyaya rəhbərlik edir. Böyük qızım Gülzar hüquqşünaslıq üzrə doktordur. Minnesota Universitetini bitirib. O, biznes sahəsi üzrə hüquqşünasdır. Kiçik qızım Leyla da hüquqşünasdır, lakin kriminalistika sahəsində. O, Corctaun Universitetini bitirib. Qızlarım stajçı kimi Senatda, kiçik qızım isə hətta Konqressdə çalışıb. İki nəvəm - Maksimus (4 yaş) və Qais (2 yaş) var. Kürəkənlərim də hüquqşünasdırlar.


MƏSLƏHƏT GÖR:

576