23 Noyabr 2024

Şənbə, 19:56

ODA DA GİRİR, SUYA DA

Ən ağır işlərə qatılan əksər qadınlar düşünür ki, kişi peşəsi olmur

Müəllif:

01.03.2016

8 Mart ərəfəsində güllər, hədiyyələr bolluğunda, kişilərin hər gün rast gəlinməyən nəzakəti fonunda unuduruq ki, bayram heç də qadınların gözəl, zərif cins kimi mədh edilməsi üçün düşünülməyib. Əksinə, bu gün qadın və kişi hüquqlarının bərabərliyinin təsdiqlənməsinin təntənəsidir. Bu gün qadınların hüquqları uğrunda apardıqları mübarizə tarixində həmin günün 1857-ci ilə gedib çıxdığına inanmaq çətindir. Məhz həmin gün - sonradan "qazanların yürüşü" adlandırılacaq bu gündə Nyu-Yorkda minlərlə toxucu kişilərlə bərabər hüquqlar tələbilə küçələrə çıxıb: iş gününün müddəti, əmək şəraitinin yaxşılaşdırılması və bərabər əməkhaqqı. O dövrdə qadınlar sutkada 16 saat işləyir, əvəzində kişilərdən 3 dəfə az əməkhaqqı alırdılar. O zaman siyasi azadlıqlar məsələsi gündəmdə olmasa da, təxminən, eyni mərhələdə İngiltərədə və ABŞ-da qadınların hərəkatı qızışmağa başlayıb. Söhbət özlərini sufrajist (səsvermə hüququ anlamı verən "suffrage" sözündən) adlandıran qadınlardan gedir.

Onların əsas tələbi seçki hüququ olsa da, bu, yeganə tələb deyildi. Sufrajistlər kişilərlə bərabər mülkiyyət hüququ, təhsil və peşəkar fəaliyyətdə bərabər şərait tələb edirdilər.

Qadınların öz hüquqları uğrunda hərəkatının tarixi onilliklərlə ölçülür və yalnız 1911-ci ildə martın 8-i ilk dəfə Beynəlxalq qadınlar günü kimi qeyd edilib. Bu, Almaniya, Avstriya, Danimarka və İsveçrədə baş verib. 1966-cı ildə SSRİ Rəyasət Heyətinin qərarı ilə 8 Mart bu ölkədə də bayram və qeyri-iş günü elan edilib. Doğrudur, SSRİ-də bayramın əvvəllər sosial-siyasi çalar daşıdığını unutmuşdular və onu, sadəcə, "bütün qadınlara sevgi günü" kimi qeyd edirdilər.

Bu sovet ənənəsi bu günümüzədək gəlib çıxsa da, qadınlar hələ də adi həyatda çətinliklərlə üzləşirlər. Bəli, onların seçki hüququ var, təhsil ala, kişilərlə birlikdə pul qazana bilirlər. Lakin bir çox hallarda qadınlar zərif çiyinlərini ən ağır yüklərin altına verir, üstəlik, bir çox hallarda ayrı-seçkiliklə qarşılaşırlar. Bu, yalnız Azərbaycana aid deyil.

 

"Heç bir işdən çəkinmirəm..."

Nəsibə xanımın 58 yaşı var. O, neft şirkətində texniki qurğular operatorudur. Bu, sırf "çöl" işidir: hər gün, istər istidə, istər şaxtada, başında kaska, ayaqlarında çəkmə, xüsusi formada olan Nəsibə xanım ərazini gəzməli, nasosların, qurğuların işini yoxlamalıdır. Onlardan hansısa xarab olubsa, Nəsibə xanım problemi aradan qaldırmalıdır. Bu isə diqqətlə yanaşı, həm də güc tələb edir. Axı, mexanizmlər əksər vaxtlarda bərk sıxılır və onu fırlatmaq çətin olur. "Bəzən nasosun detallarını dəyişməli oluram. Açarı götürür, nasosu açmağa başlayıram. Bu işə gücüm heç də həmişə çatmır. Belə hallarda gənclər köməyimə gəlir. Gördüyüm iş qadın işi deyil. Bu işə kişilər lazımdır", - deyə Nəsibə xanım bildirir. Bundan başqa, Nəsibə xanımın üzərində başqa məsuliyyətli iş də var. Ətrafa neft axırsa, yanğının baş verməməsi üçün o, dərhal aradan qaldırılmalıdır. Qəhrəmanımızla birlikdə bu sahədə daha 2 xanım çalışır. Onların hamısı, demək olar ki, eyni yaşdadırlar. Nəsibə xanımın sözlərinə görə, qadınlardan yalnız biri cavandır - "cəmi" 46 yaşı var. Onlar ailələrini dolandırmalı olduqları üçün bu cür ağır işə girişiblər.

Yaşına baxmayaraq, Nəsibə xanım gümrah görünür və 23 illik fəaliyyəti dövründə həmkarlarının, rəhbərliyinin hörmətini qazandığını qürurla söyləyir: "İşə hər zaman çox məsuliyyətlə yanaşmış, heç zaman səhvə yol verməmişəm. Nəyisə bilməmişəmsə, susmamış, hər zaman bilənlərdən soruşmuşam".

Nəsibə xanımın həyatı asan keçməyib. Onun peşə seçimi də təsadüfi deyil. 35 yaşında olarkən o, Ermənistan tərəfindən işğal olunmuş Ağdam rayonundan 2 azyaşlı körpəsi və 2-ci qrup əlil həyat yoldaşı ilə köçkün düşüb. Bir yerdə qərar tutanadək onlar bir çox yaşayış yeri dəyişməli olublar. Nəsibə xanımın bir çox peşəsi var - o, dərzi də işləyib, tibb bacısı da. O, böyük ustalıqla xalça da toxuyub. Həyat elə gətirib ki, sonda Nəsibə xanım başında kaska, əlində qayka açarı ilə dolaşmalı olub. Lakin qəhrəmanımız ruhdan düşmür və heç bir işdən, hətta ən ağır işdən belə, qorxmadığını deyir.

 

"Riyaziyyat tənbəllərin elmidir"

Bu gün kişilər zehni əmək sahələrinin də əksəriyyətini "tutublar", qadınlar isə özlərini təsdiqləmək üçün cəmiyyətdəki stereotipləri aşmaq məcburiyyətindədirlər.

Natalya Qaraxanovanın 30 yaşı var. O, yaxşı proqramçı və veb-dizaynerdir. Veb-saytların hazırlanması, həmçinin müxtəlif internet layihələrilə məşğuldur. Bu işdə N.Qaraxanova yeni texnologiyalardan istifadə edir, kontekst və media reklamı ilə, IT sahəsində brendinq və konsaltinqlə məşğul olur. Natalya bu seçimi düşünülmüş şəkildə edib: "Uşaqlıqda məni dəqiq elmlər cəlb edirdi. Çünki humanitar fənlərdə yaddaş səni aldada bilər. Məsələn, tarixi unuda bilərsən. Riyaziyyatda bu, baş vermir. Riyaziyyat tənbəllərin, yadda saxlamağa tənbəllik edənlərin, daha çox başa düşməyə çalışanların elmidir. Bir dəfə prinsipi başa düşməklə, müxtəlif hallarda eyni metodu tətbiq edə bilirsən". Bununla yanaşı, Natalya heç zaman əldə etdiklərilə kifayətlənmir, hər zaman təkmilləşməyə can atır müxtəlif kurslara, treninqlərə gedir. Amma sən demə, cəmiyyətdə qadının sağlam rəqabət aparmasına heç də həmişə adekvat reaksiya göstərmirlər: "Müxtəlif çətinliklərlə çox tez-tez qarşılaşıram. Frilanser işlədikdə tez-tez şəbəkələrdən, saytlardan sifarişlər alırsan. Orada sənin istifadəçi adın və işlərindən başqa heç nə bilmirlər. Bununla əlaqədar olaraq, tez-tez, xüsusilə bizim şəhərimizdə heyrətlə, deyərdim ki, hətta inamsızlıqla qarşılaşırsan. İnkişafın, azadlığın sürətlə irəliləməsinə baxmayaraq, cəmiyyətdə kişi və qadın işlərilə bağlı stereotiplər mövcuddur. Təəssüf ki, bu, zehni əməyə, xüsusilə proqramlaşdırmaya da aiddir. Belə bir fikir var ki, proqramçı kişi, oğlan olmalıdır. Özü də bu oğlan uzun müddət oturub təcrübə toplayaraq mütəxəssisə çevrilib. İnsanlar bu işdə qızları gördükdə, üstəlik, kitabxanaçı görkəmli deyil, adi, yaxşı geyimdə olan, özünə qulluq edən xanımları gördükdə onun iş bacaracağına inanmırlar. Odur ki, mən belə hallarla çox rastlaşmışam - axı, bu gülməlidir, bu nə bacaracaq? Halbuki, öz sahəsində inkişaf etmək istəyən bütün mütəxəssislər kimi, mən də işimə kifayət qədər vaxt ayırır, biliyimi artırıram". Bununla yanaşı, Natalya tez-tez işlə istirahət arasında seçim qarşısında qalır və çox şeydən imtina edir. Qız kişilərin onu bir çox hallarda özlərinə tən görmədiklərini etiraf edir.

 

"Ekoloq - yalnız gül-çiçək demək deyil"

Bilməyənlər üçün "ekoloq" sözü çox zaman ətraf mühitin mühafizəsi, yaşıllıqlarla assosiasiya olunur. 35 yaşlı Aleksandra Salamakina isə bu mifi dağıdır. O, həyatının 12 ilini ekologiyanın konsaltinq, audit, layihələr, tikinti, neft sektoru və istehsalat kimi əsas istiqamətlərinə həsr edib. Aleksandra sement zavodunda işləyir. "Sahədə fəaliyyətlə bağlı heç bir iş asan deyil", - deyə o, bildirir: "Hava şəraitindən asılı olaraq sahəyə çıxmalısansa, geyinir və əraziyə yollanırsan, problemləri həll edirsən. Hər gün nələrlə qarşılaşıram? Adi işlərdən tutmuş, həlli bir neçə şöbədən asılı olan mürəkkəb işlərədək. Çıxışda qaz parametrlərindən biri pis işləyirsə, heç də hər kəs dərhal problemin səbəbini müəyyən edə bilmir. Sistemin texniki informasiyasının diqqətlə yoxlanılmasından sonra şöbələr üzrə reydlər başlayır: analizatorun kalibri nə vəziyyətdədir? Son nəticələr nədən ibarətdir? Bəlkə, bir daha yoxlayaq? Eyni şeydir. Xammal göstəriciləri üzrə keyfiyyət şöbəsinə üz tutursan - son yarım ildə hər hansı dəyişiklik varmı? Yox. Belə olan təqdirdə, bütün əldə olunmuş nəticələrlə istehsal şöbəsinə gedir və orada yekun cavabı axtarırsan. Tapıldı və aradan qaldırıldı? Lap yaxşı. Texniki həlli tapa bilmirsənsə, hər şeyə başdan başlayır, korporasiyadakı qonşu zavodlarda çalışan həmkarlardan yardım istəyirsən".

Əvvəl-əvvəl Aleksandra bütün işləri özü görürmüş (sexlərin və fəhlə sahələrinin təftişi, yoxlamalar, sənədlərlə iş). Bir qədər sonra ona kömək üçün şöbəyə bir nəfər də göndərildi. Səhərlər keçirilən texniki yığıncaqlarda o, yeganə qadın idi: "Əvvəllər kişilərdən ibarət kollektivdə əlaqələr qurmaq çətin idi. Təsəvvür edin ki, sənin mövqeyində də səndən əvvəl kişi çalışıb və üstəlik, sən yaşından cavan görünürsən. Düzdür, zaman keçdikcə münasibət də dəyişir. Hərə bir yaşda, bir xarakterdədir. Lakin bir böyük üstünlük var - "texnarlarla" işləmək hər zaman asandır və bunu istənilən şəxs təsdiqləyə bilər. Bizdə heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz - əla kollektivimiz var; hər şey sənin lap əvvəldən özünü necə göstərməyindən asılıdır. Bunun üçün "yaxşı oğlan" kimi görünmək üçün banal cəhdlər etmədən də istəyinə nail olmaq mümkündür - işin öhdəsindən gəlirsənsə, kişilərin cərgəsinə asanlıqla qoşulmaq olar. Şərtlərinizə əməl edilməsi tələbini irəli sürməkdən qorxmayın. Lakin vəziyyət tələb edirsə, digər əməkdaşların, şöbələrin işini də görün. İstehsalatda "özündən razı" imici hələ heç kəsə xeyir gətirməyib. Bu, belə imicin işə yarayacağı kontingent deyil. Qızlara xas olan incəlikləri rəfiqələrlə görüşlərə saxlayın. Makiyajsız, manikürsüz və dikdabansız da "qadın kimi qalmaq" olar, ələlxüsus da klinker aparatının arxasında. Sevimli peşəndən maraqlara və hüquqlara toxunmadan zövq almaq tamamilə mümkündür".

 

Barmenlər də insandır

Müasir dünyada qadınların son dövrlərədək onlar üçün tabu sayılan fəaliyyət sahələrinə girə bilmələri üçün, həqiqətən də, cəsarət nümayiş etdirmələri lazım gəlir. Məsələn, barmen qızlar. Qızlar özlərini kokteyl qarışdırmaq işində əsasən gənc, hətta yeniyetmə yaşlarında sınamaq istəyirlər. Səbəb aydındır: ağır iş qrafiki hər kəsin bacaracağı iş deyil. Amma bu sahənin də digər sahələr kimi, öz xüsusiyyətləri var.

Alisa 16 yaşı olarkən məktəbdə tətil zamanı özünü pabda barmen kimi sınamaq fikrinə düşüb. "Bir qədər qazanmaq və ingilis dili biliklərimi inkişaf etdirmək istəyirdim", - deyə qız bildirir. Birdən-birə sərt iş rejiminə uyğunlaşmaq çətin idi: nəticədə, təcrübəli barmendən kokteyl qarışdırmağı öyrənmək, paralel olaraq ilk müştərilərə xidmət göstərmək lazım idi. Paba sevimli futbol komandalarına azarkeşlik etmək üçün üz tutanlar da bəzi hallarda hörmətsizlik edirdi: bəziləri ona söz atmaqdan belə çəkinmirdilər. Lakin Alisa üçün ən xoşagəlməz hal bu deyildi: "Müştərilər bəzən bizim də insan olduğumuzu unudur, kobudluq, ədəbsizlik edirlər". Alisa bunu pabda çalışmağın xüsusiyyəti yox, ümumilikdə xidmət personalına insanların münasibəti kimi qiymətləndirir.

Qız qısa zamanda kokteylləri ustalıqla qarışdırmağı öyrənib. Artıq o, nəinki daimi müştərilər üçün ənənəvi dadlı kokteyllər hazırlayır, hətta onları "təəccübləndirə" bilirdi. Üstəlik, o, içkili müştərilərin həyat tarixçəsini dinləməklə xarici dil biliklərini xeyli artırmış, eyni zamanda uzun və gərgin iş gününün bütün gərginliyini dərk etmişdi. "Bu iş insana dözümlülük, təmkinlilik, möhkəmlik, stressə sinə gərmək bacarığı öyrədir. Onun ən çətin cəhəti sakit qalmağı, insanların münasibətinə reaksiya verməməyi bacarmaqdır", - deyə qəhrəmanımız bildirir. Gənc qıza belə işin yaraşmadığını düşünən insanların mənfi münasibətilə də rastlaşmalı olursan. Üstəlik, tez-tez yaxınlarından da məzəmmət görür, bunu udmaq məcburiyyətində qalırsan.

 

"Poqon özünə inam yaradır"

Digər qəhrəmanımız Ülkər (ad şərtidir) ehtiyatda olan zabitdir. Ülkərin sözlərinə görə, o, 19 yaşında olarkən tam şüurlu şəkildə Sərhəd Qoşunlarında qulluq etməyə yollanıb. Gənc yaşında bu rütbəyə çatmaq üçün tələb olunan mərhələləri keçmiş qız yalnız "xidmət"dən deyil, şəxsiyyətin formalaşması və psixoloji faktorlarda da inamla danışır. Ümumilikdə, qadınla kişinin hərbi xidməti arasında o qədər də böyük fərq yoxdur. Eyni hərbi təlimlər, atıcılıq, səhər tapşırıqları, poliqon, idman. Fərq yalnız qadınların kişilərdən 1 saat az işləməsi - səhər saat 8-dən axşam 6-dək - və gecə növbəsinə çıxmamalarıdır. Gündəlik rejim bütün qadın qulluqçular üçün də eyni dərəcədə sərtdir - poliqona gediləcəksə, səhər saat 7-də oraya çatmaq üçün 6-da yola çıxılmalıdır. Xanımlar da "Kalaşnikov" avtomatından, "Makarov" tapançasından kişi həmkarları qədər asan istifadə edirlər. "Pulemyotdan atəş açmağı isə yalnız güclü qadınlar öyrənir", - deyə Ülkər bildirir: "Çünki o, çox ağırdır. Uzanaraq atəş açdıqda o, öz ayaqlarının üzərində qoyulur. Atəşi ayaq üstə açırsansa, pulemyotu əldə saxlamaq hər qadının işi deyil".

Qadınlar üçün normativlər kişilərin normativlərindən bir qədər zəifdir: məsələn, kişilər üçün tələb olunan sinə üstə əyilib qalxma sayı 60-dırsa, qadınlar üçün bu, 30-dur. Atışda isə heç bir güzəşt nəzərdə tutulmur. Buna ehtiyac da yoxdur: qahınların daha dəqiq olduqlarını hər kəs bilir.

Əslində, bu işdə qadının könüllü qəbul etdiyi yeganə qərar hərbi xidmətə yollanmaqdır. Onun sonrakı həyatı sərt reqlament və Nizamnaməyə əsaslanır: geyimədək hər şey 250 səhifəlik kitabda yazılmış normalar çərçivəsində olmalıdır: yubka dizdən 4 barmaq aşağı olmalı, gödəkcə ombanı örtməli, ayaqqabı sadə və qara, alçaq dabanlı olmalı, saç düzümü ciddi, makiyaj cüzi olmalı, nəzəri cəlb etməməlidir.

Lakin hər şeyə rəğmən, qadın qadındır. Odur ki, onlar özlərinə əl gəzdirməyə, bu işdə də mümkün qədər fərqlənməyə çalışırlar: yubkanın formasında, yarığında, laklı ayaqqabılarda... "Qadınlar cərgədə belə, eyni cür dayanmırlar", - deyə zabitimiz bildirir: "Sıra cüzi də olsa, pozulur".

Bəs, qadın nədən bu çətin yolu seçir? "Poqon insanda özünə inam yaradır. Bu, mülki həyatla müqayisədə çox fərqli hissdir. Cəmiyyətdə əksər insanlar formaya hörmətlə yanaşır. Odur ki, özünə hörmət hiss etmək, bürokratik instansiyalarda heç bir problemlə, maneə ilə qarşılaşmamaq xoşdur", - deyə qəhrəmanımız qeyd edir.

Ülkər xanım seçiminə görə təəssüflənməsə də, etiraf edir ki, həyata ikinci dəfə gəlsə, bu yolu seçməzdi.

Bu gün iş sahəsində uğur qazanmış, adətən, "kişi işi" sayılan peşələrlə məşğul olan kifayət qədər qadın var. Sovet illərində qadın traktorçular, ekskavatorçular nadir hal deyildisə, bu gün vəziyyət fərqlidir. İnformasiya texnologiyalarının inkişaf etməsilə qadınlar əvvəllər sırf kişilərə xas sayılan işləri uğurla mənimsəyirlər.

Qadınların "kişi işi" seçimi heç də həmişə könüllü baş vermir. Lakin onlara layiq olduqları qiymət verilməlidir. Amma buna baxmayaraq, onlar uğurla çalışır və özləri üçün heç bir güzəşt gözləməyərək, qadın olaraq qalmaqda davam edirlər.



MƏSLƏHƏT GÖR:

581