28 Dekabr 2024

Şənbə, 12:09

YENİ VƏZİYYƏT

Neftdən sonrakı dövrdə Azərbaycanın iqtisadi siyasəti haqqında

Müəllif:

01.03.2016

Əlverişsiz xarici iqtisadi və siyasi konyunkturun daha güclü təsiri şərtlərində ölkə qarşısında yoxlanılmış, elmi cəhətdən əsaslandırılmış iqtisadi siyasətin hazırlanması və reallaşdırılması vəzifəsi durur. Milli iqtisadiyyatın karbohidrogen resurslarının dünya qiymətindən asılılığı, qeyri-neft sektorunun zəif ixrac potensialı bu problemin Azərbaycan hökumətinin iqtisadi blokunun təmsilçiləri - alim-iqtisadçılar və mütəxəssislər arasında müzakirəsini daha da aktuallaşdırdı. Bu müzakirələrin nəticələri əsasında qısamüddətli dövr və uzun perspektiv üçün dövlət iqtisadi siyasətinin əsas bloklarını formalaşdırmaq, daha doğrusu, hazırda bir çox ölkələrdə edilən kimi - büdcə proqnozu ilə uyğun olan bir neçə variantdan ibarət mərhələli fəaliyyət proqramı qəbul etmək olar. 

Bu şərtlərdə iqtisadi siyasətin sistemşəkilli bloklarının aktivləşməsinə səbəb olan bir neçə tədbir mövcuddur. 

Onların sırasında ayrılıqda bunları qeyd etmək olar: ixracın dəstəklənməsi və idxalın əvəzlənməsi; iqtisadiyyatın prioritet seqmentləri üçün investisiya axınlarının cəlb edilməsi; dövlət mülkiyyətinin özəlləşdirilməsi; orta və kiçik sahibkarlığa dəstək; əhalinin səmərəli məşğulluğuna dəstək; bank sisteminin səmərəli yüksəldilməsi və milli valyutanın sabitləşməsi; səmərəsiz xərclərin azaldılması; əhalinin ən müdafiəsiz kateqoriyalarına (çoxuşaqlı ailələr, təqaüdçülər və s.) inflyasiya xərclərinin təzminatı...

 

İdxalın əvəzedilməsi

2014-cü il ərzində statistik məlumatlara əsasən ölkənin idxalının strukturunu təhlil etsək, ərzaq məhsulları arasında ən böyük paya buğda - 293,9 mln. dollar və şəkər - 205,2 mln. dollar malikdir, daha doğrusu, əhali üçün daha mühüm olan məhsullardır. Məsələn, İranın təcrübəsi göstərir ki, kənd təsərrüfatına subsidiyaların böyük əksəriyyəti strateji məhsul sayılan buğdanın payına düşür. Sirr deyil ki, çörəyin qiymətindəki dəyişiklik təkcə iqtisadiyyata deyil, həm də ölkədə siyasi ab-havaya da təsir edir. Ona görə də ölkənin taxıla olan toxunulmaz ehtiyatının, həmçinin ordu, xəstəxanalar və məktəblərin taxıl tədarükləri tam şəkildə dotasiya olunurlar. Subsidiyalar dəyirman müəssisələrinə, habelə adi çörək bişirilməsi üçün çörəkxanalara verilir. Şəkərin subsidiyalaşma səviyyəsi son dərəcə böyükdür - 50,7%, bununla belə, ölkədə istehlak edilən şəkərin yarısına tamamilə dotasiya ayrılır (ordunun ehtiyacı üçün, şəhər ticarətinin pərakəndə şəbəkəsi vasitəsilə satılan və kənd kooperativlərinin mağazaları). 

Milli kənd təsərrüfatında bu sahədə müsbət xarici təcrübənin istifadə edilməsi zəruridir və ilk növbədə, subsidiyalardan başqa, vergi güzəştləri və aşağıfaizli kreditləri dövlət tərəfindən müəyyən edilmiş alış qiymətləri və məhsul sığortasına məqsədyönlü şəkildə tətbiq etmək lazımdır. Milli ixracın dəstəklənməsi məqsədilə dövlətin ixracdan əvvəl və ixracın kreditləşməsinin təqdim olunması, ixracın sığortalanması təcrübəsinin tətbiqi zəruridir. 

 

Maliyyə məsələsi

Dünya iqtisadiyyatında vəziyyət belədir ki, böhran şərtlərində qarşıya qoyulmuş məqsədlərə əlavə maliyyə vasitələri cəlb etmədən nail olmaq çətindir. Xarici bazarda vəziyyət əlverişli, neftin qiyməti isə yüksək həddə olduğu vaxtlarda karbohidrogenlərin ixracından əldə edilən gəlirlər Dövlət Neft Fonduna (ARDNF) yönəlirdi. Fondun əsas vəzifələrindən biri xarici şoklar, habelə karbohidrogen mənbələrinin qiymətinin düşməsi zamanı milli iqtisadiyyatın sabitliyinin yüksəldilməsidir. Hazırda dünya iqtisadiyyatında yaranmış vəziyyət bu resursların istifadəsinin zəruriliyini öncədən müəyyən edir. Onlar asan olmayan dövrü geridə qoymağa və ölkə iqtisadiyyatının artımını stimullaşdırmağa kömək edəcək. ARDNF rezervləri iqtisadiyyatın gələcək dəyişməsinə, məhz - sənaye və nəqliyyat infrastrukturunun, kiçik və orta biznesin inkişafına yönəlməlidir. 

Dövlət investisiyaları tələbat zəncirini işə salmaq iqtidarındadırlar. Əgər onlar sənaye və nəqliyyat infrastrukturuna xərclənirlərsə, bu daha böyük multiplikativ təsir verir - pullar bütün iqtisadiyyata xərclənir və bütün zəncir boyu məhsullara (metal konstruksiyaların, tikinti materiallarının və s. istehsalına) tələbat artır.

Milli iqtisadiyyatın sürətli inkişaf tələb edən prioritet sahələri aqrosənaye kompleksi, maşınqayırma, kimya sənayesi və əczaçılıq, nəqliyyat və telekommunikasiya infrastrukturunun inkişafıdır. Bütün bunlar ölkənin uzunmüddətli iqtisadi inkişafının modelini yaradaraq, kənardan qloballaşma çağırışları ilə birlikdə etibarlı iqtisadi qalxan yaradan iqtisadiyyatın təməl elementlərini təşkil edirlər. 

Yuxarıda qeyd edilən sahələrin dəstəklənməsi üçün lizinq maliyyələşməsi mexanizmlərinin istifadə edilməsi məqsədəuyğundur. Bununla yanaşı, lizinq qanunvericiliyini müasir tələblərə uyğun hala gətirmək lazımdır. Bu, sahibkarların lizinqdən istifadəsinin sərfəli olması üçün lazımdır, yəni lizinq maliyyələşməsi sahibkarlara kreditlə müqayisədə daha ucuz başa gəlirdi. 

 

Sənayenin park zonası

Əlavə daxili və xarici investisiyaların cəlb olunması ölkədə azad iqtisadi zonaların (sənaye zonaları, sənaye parkları, inkubatorlar, texnozonalar və s.) müxtəlif variantlarının yaradılmasına kömək olacaq.

Xaricdə XX-XXI əsrlərdə sənaye istehsalatının səmərəli inkişaf forması klasterlər oldu, yəni istehsalatın, müəssisələrin müəyyən bir və nisbətən kiçik yerdə cəmləşməsi. Hazırda ölkədə texnoparkların yaradılmasından savayı, klaster tipli daha sadə strukturların - sənaye məhəllələrinin formalaşdırılması siyasəti qəbul edilib. 

Sənaye məhəlləsi - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir. Sənaye məhəllələrində sahibkar öz müəssisəsi üçün infrastruktur yaratmaqdan ötrü pul xərcləmir, belə ki, sənaye məhəllələrinin müəyyən hissələrində sahibkarların istehsal xəttini təşkil etmək və istehsala başlaması üçün hazır obyektlərin yaradılması nəzərdə tutulub. Həmçinin sənaye məhəllələrində sahibkarlara müəyyən güzəştlərin təqdim edilməsi planlaşdırılır. Sənaye məhəllələrinin, ilk növbədə, ölkənin iri rayon mərkəzlərində təşkili məqsədyönlüdür. Sənaye məhəllələri müəyyən sferalar və ya ərazilərə xidmət göstərməlidirlər: iri istehsalat şərtlərində istehal edilən məhsulu istehsal etmək sərfəli deyil, servis xidmətləri göstərmək və s. Səmərəli fəaliyyət göstərən sənaye məhəllələri gələcəkdə kiçik sənaye zonalarının özəyinə çevrilməlidirlər. 

Layihənin reallaşdırılması üçün fəaliyyətini aktivləşdirməli olan Azərbaycan İnvestisiya Şirkəti məsuliyyət daşıyır. Sənaye məhəllələrinin təşkilində rayonların icra hakimiyyətləri də bilavasitə iştirak etməlidirlər. 

Bununla yanaşı, ölkədə azad iqtisadi zonaların da yaradılması gündəmdədir. Belə ki, Ələtdə tikilməkdə olan limanın bazasında AİZ-in yaradılması imkanı müzakirə edilir. İqtisadiyyat Nazirliyi müsbət xarici təcrübə nöqteyi-nəzərindən bu məsələ ilə lap yaxından məşğul olmalıdır. Nazirliyin sərmayəçilər üçün bu gün səsləndirdiyi güzəştlər kifayət deyil. 

Ölkə iqtisadiyyatının inkişafının mühüm istiqaməti müasir nəqliyyat-logistika infrastrukturunun yaradılmasıdır. Yəni Azərbaycan səmərəli fəaliyyət göstərən "Avropa-Qafqaz-Asiya" (TRACECA) və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizləri ilə nəqliyyat mərkəzinə çevrilməlidir. Eyni zamanda mərkəzin infrastruktur karkasını magistral avtomobil, dəmir yolu və dəniz yolları təşkil edəcək. Nəqliyyat xidmətlərinin ixracının inkişafı, məhsulların ixracı kimi Azərbaycanın milli məhsulunun mühüm hissəsi olacaq. Bununla bərabər, müasir istehsalatın inkişafı üçün ixtisaslı işçi kadrların hazırlığını planlı şəkildə reallaşdırmaq vacibdir. Postsovet dövründə peşəkar texniki təhsilin acınacaqlı vəziyyəti köklü şəkildə yenidən qurulmalı, daha dəqiq yenidən yaradılmalıdır. 

 

Özəlləşdirmənin yeni mərhələsi

İqtisadi inkişafa mühüm töhfəsini dövlət mülkiyyətinin özəlləşdirilməsi də verəcək. Hərçənd hazırda dövlət mülkiyyətinin böyük hissəsi özəlləşdirilib, ölkə üçün strateji əhəmiyyətli və özəlləşdirilmə üçün münasib olmayan müəssisələr var. Lakin dövlət mülkiyyətində olan müəssisələrin digər kateqoriyaları da var - hazırkı mərhələdə onlar adekvat olmayan hərrac dəyərinə görə sahibkarları cəlb etmirlər. 

Dünyada müəssisələri 1 dollara satmaq anlayışı mövcuddur. Özəlləşdirilən müəssisə səmərəsiz fəaliyyət göstərirsə, dövlət müəssisənin simvolik dollara satılması barədə müsabiqə elan edir. Eyni zamanda hakimiyyət orqanlarının nümayəndələri alıcını diqqətlə seçirlər. Həmin alıcı müəssisənin gəlir gətirməsi, uyğun olaraq vergi, maaş ödəməsi, təkmilləşdirmə aparması, iş yerlərini saxlaması üçün istehsalatı yoluna qoymalıdır. Bu cür özəlləşməyə dair misallar bir sıra postsosialist ölkələrində (Polşa, Macarıstan) baş verib. Xarici təcrübəni rəhbər tutaraq, Azərbaycanda da 1 manata özəlləşdirmə təcrübəsini, investisiya proqramının reallaşdırılması tələbi ilə tətbiq etmək olar. İnvestisiya proqramı həyata keçirilməyəcəyi təqdirdə isə müəssisə dövlətin mülkiyyətinə qaytarıla bilər. 

Bununla belə, özəlləşdirilmiş müəssisələrin təhlili göstərir ki, bu cür obyektlərin müəyyən miqdarının səhmlərinin 30% alınmayıb və dövlətin mülkiyyətində qalıb. Onların böyük əksəriyyəti - ölkənin regionlarında və kənd təsərrüfatı ilə bağlı müəssisələridirlər. Bu müəssisələrin keçmiş borcları ağır yük kimi qalıb. Onlar isə müəssisənin səhmləri tam alındıqdan sonra ancaq silinə bilər. Bu amil də əcnəbi tərəfdaşlar və investorlarla tam əməkdaşlığın yaradılmasına maneə olur. Qeyd etmək lazımdır ki, özəlləşdirilmiş mülkiyyətin səhmdarı olaraq dövlət müəssisənin fəaliyyətində heç bir şəkildə iştirak etmir, yəni sahibkar problemlərini özü həll edir. 

Qüvvədə olan qanunvericilik mülkiyyətçiyə səhmlərin böyük hissəsini və dövlətdə qalan 30%-lik paketi almağa imkan verir. Lakin özəlləşdirmədən sonrakı dövrdə özəl müəssisələrin təşəkkül tapması ilə bağlı maliyyə çətinliklərini nəzərə alaraq (borcların qaytarılması, texniki yenidənsilahlanma, istehsalat bazasının inkişafı vəs.), səhm nəzarət paketinin sahibi istədikdə bunu hər zaman edə bilməz. Bu şərtlərdə, müəssisənin inkişafının investisiya proqramının reallaşdırılması müqabilində dövlətdə qalan paketin mülkiyyətçiyə verilməsi əlverişli olardı. Bu şəkildə, müəssisə buradan doğan nəticələrlə qarışıq mülkiyyətdən özələ keçir və özəlləşmədə öz məntiqi tamamlığını tapır. Regionlarda sahibkarlığın inkişafı üçün özəlləşdirmə haqqında qanunvericiliyin təkmilləşdirilməsinə, xüsusən də səhmlərin dövlət payını sahibkarlara ötürülməsi imkanları və şərtlərinin müəyyənləşdirilməsinə qayıtmaq lazımdır. 

 

İqtisadi inkişafın lokomotivi kimi KOD

Ölkənin iqtisadi inkişafında kiçik və orta biznesin inkişafı da böyük rol oynaya bilər. Bunun reallaşdırılması üçün Sahibkarlığa Kömək Milli Fondu kiçik və orta müəssisələrin kreditləşmə həcmlərini artırmalıdır. Həmçinin fondun kiçik müəssisələrə mikrokreditlərin ayrılmasının vacibliyi də qeyd edilməlidir.

Kiçik və orta biznesin fəaliyyəti ilə bağlı bütün inzibati prosedurları sadələşdirmək, həmçinin milli iqtisadiyyatda prioritet sahələrdə yeni müəssisələr üçün "maliyyə tətilləri"ni nəzərdə tutan vergi qanunvericiliyinin tətbiqi məqsədəuyğundur. Regionlarda kiçik sahibkarlığın idarə edilməsində verginin ləğvi də o cümlədən. 

Qeyd etmək lazımdır ki, kiçik və orta biznes (KOD) xaricdə iqtisadiyyatda böhran təzahürlərinin səmərəli amortizatorudur. KOD subyektlərinin ABŞ və Almaniyanın ÜDM-ə töhfəsi 50-52% həddində, Fransanın 55-62%, Yaponiyanın 52-55%, Rusiyanın 19-20% təşkil edir. KOD subyektlərində işlə təmin olunanların ümumi məşğulluqda payı isə bu ölkələr üzrə belədir: ABŞ və Fransa - 54%, Almaniya - 46%, Yaponiya - 78%, Rusiya - 25%. 

 

Milli sənayenin dirçəlməsi

Qlobal böhranın xərclərinin öhdəsindən gəlməyə çalışan müasir Avropa, bir sıra Aİ-ə üzv ölkələri müflisləşmənin astanasında qoyan "xidmət sferaları" və "ofis iqtisadiyyatı" modellərinin tətbiqi əvəzinə, "yeni sənayeləşmə" və milli sənayenin dirçəlməsi strategiyasına müraciət edib. Böhranın təsirlərini minimuma endirmək üçün istehsalını Amerika bazarından daxilə yönəldən Çinin misalı bu mənada son dərəcə səciyyəvidir. Öz "iqtisadi çəkisinə" görə Polşanın daha sadə misalı da olduqca ibrətamizdir. Bu ölkənin hələ böhrandan əvvəlki dövrlərdə sənayesinin 60%-i daxili bazara yönəlmişdi, bu isə ona qlobal bazarlardan xeyli asılı olan İspaniya və Yunanıstana xas xərclərdən xilas olmağa imkan verdi. Nəhayət, Sinqapur, Malayziya və Cənubi Koreyanın daha erkən uğurları dövlətin dərin və keyfiyyətli iqtisadi dəyişikliklər dövründə fəal sənaye siyasətinin əhəmiyyətindən xəbər verir. Azərbaycan hökumətinin reallaşdırdığı iqtisadi siyasət adekvat, vaxtında və dəqiqdir. Hökumətin üzərinə götürdüyü siyasi öhdəlik və reallaşdırılan qərarlar düzgün idi. Bu şəkildə, ölkə hökuməti ÜDM-in müsbət artımının təmin olunmasına, iqtisadiyyatın şaxələnməsi və ixrac-yönlü sektorların inkişafı, daxili tələbatın dəstəklənməsi və işsizliyin artımına yol verilməməsinə yönəlmiş kontrsiklik iqtisadi siyasət reallaşdırır. Bunlarla yanaşı, bugünkü iqtisadi vəziyyətdə alim-iqtisadçılar, siyasətçilər, ölkə ictimaiyyətinin dünya iqtisadiyyatında böhran təzahürləri ilə bağlı problemlərin həllinə yönəlmiş fikirlərinin gücləndirilmiş mübadiləsinin aparılması son dərəcə vacibdir.

 


MƏSLƏHƏT GÖR:

535