
MAYDANIN SONU GÖRÜNMÜR
Ukraynada növbədənkənar parlament seçkisi təhlükəsi yaranıb
Müəllif: İrina XALTURİNA Bakı
Maydan hadisələrinin ikinci ildönümü inqilabdan sonra ilk hökumət böhranı ilə üst-üstə düşüb. İndi hadisələr ən pis ssenari üzrə inkişaf edərsə, Ukrayna növbəti dəfə növbədənkənar seçki keçirməli olacaq. Kiyevin Azadlıq meydanında (Maydan) 2014-cü ilin fevralında baş vermiş və təxminən, 100 insanın həyatına son qoymuş faciəvi hadisələrin ildönümü ilə bağlı xatirə tədbirləri bütün ölkə ərazisində keçirilir. Xatırladaq ki, 2013-cü il noyabrın sonunda Maydan Avropaya inteqrasiya tərəfdarları ilə dolmuşdu. Buna səbəb Nikolay Azarov hökumətinin Aİ ilə Assosiativ Sazişi imzalamaqdan imtinası olmuşdu. 2014-cü il fevralın 22-də Ali Rada prezident Viktor Yanukoviçi vəzifədən kənarlaşdırmış, Konstitusiyaya dəyişikliklər etmiş, ölkədə növbədənkənar prezident seçkisi elan olunmuş və bu seçki nəticəsində Pyotr Poroşenko prezident seçilmişdi. Lakin Maydan hökumət əleyhdarlarının tam qələbəsilə bitsə də, 2 il sonra ölkədə hökumətin siyasətindən narazılıq əvvəlkitək yüksəkdir.
Mini Maydan və Yasenyuk
Maydanda fevralın 20-də keçirilmiş kütləvi aksiya zamanı sayı yüzlərlə olan mitinqçilər ənənəvi olaraq, təkərlərdən tonqal qalayıb, Milli Qvardiyanın döyüşçülərilə qarşıdurmaya gedib, "vətəndaş hökuməti"nin yaradıldığını elan ediblər. Onlar prezident və baş nazirin istefası, Minsk razılaşmasının qeyri-qanuni elan edilməsi, kommunal xidmətlərə görə tariflərin artırılmasının qadağan olunması və s. tələblər irəli sürüblər. Şəhərin mərkəzində Rusiya banklarının "törəmə"lərinin binası və biznesmen Rinat Axmetovun ofisi hücuma məruz qalıb. "Radikal (inqilabçı) sağçı qüvvələr" "Kozatski" hotelinin bir hissəsini ələ keçirib, oradan qərargah yaradıb və yeni hökumətin qurulduğunu elan edib. Lakin cəmi 2 gün sonra hər kəs evinə dağılışıb, kommunal xidmətlər çadırları yığışdırmağa, meydanı tullantılardan təmizləməyə başlayıb və bununla da, növbəti mini Maydan sağ-salamat başa çatıb.
Narazılığın baş qaldırmasına formal olaraq səbəb olmuş məsələlər isə çözülməmiş qalır və onların nələrə yol aça biləcəyini söyləmək çətindir. Hər halda, fevralın 16-da Ali Rada Arseni Yasenyuk hökumətinə etimadsızlıq haqda qətnaməni qəbul edə bilməyib. Qərarın qəbulu üçün 226 səsin tələb olunduğu halda, qətnaməni 194 deputat dəstəkləyib. Bununla yanaşı, parlamentarilər hökumətin fəaliyyətini qeyri-qənaətbəxş sayıblar.
Xatırladaq ki, Ukrayna hökumətində dəyişikliklər məsələsi iqtisadi inkişaf və ticarət naziri Ayvaras Abramaviçusun fevralın 3-də vəzifəsindən istefa verməsindən sonra gündəmə gəlib. O, istefasının səbəbi kimi islahatlar aparmaması üçün siyasi təzyiqlərlə üzləşməsini və iqtisadiyyatdakı korrupsiya sxemini göstərib. Fevralın 22-də isə "Baş nazirlə 10 dəqiqə" verilişində Yasenyukun özü inqilabdan sonrakı 2 ildə ukraynalıların bütün ümidərinin doğrulmadığını, bunda özünün də günahkar olduğunu etiraf edib. Həmvətənlərini bir qədər ürəkləndirmək üçün Yasenyuk Ukraynanın Avropa İttifaqı ilə Assosiativ Saziş imzaladığını xatırladıb, indi onların "sözün əsl mənasında müstəqil dövlət olduqlarını" deyib. Onun sözlərinə görə, bunadək Ukrayna "faktiki olaraq Rusiya tərəfindən idarə olunurdu". Hökumət böhranına necə son qoyulacağını isə baş nazir açıqlamayıb.
Ali Radada hökumətə etimadsızlıq qətnaməsinin iflasından dərhal sonra "Batkivşşina" fraksiyası hakim "Avropa Ukraynası" koalisiyasını tərk etdiyini açıqlayıb. Xatırladaq ki, 2014-cü ilin noyabrında formalaşdırılmış bu koalisiya 5 fraksiya tərəfindən yaradılmışdı - "Pyotr Poroşenkonun Bloku" (PPB), "Xalq cəbhəsi", Oleq Lyaşkonun Radikal Partiyası, "Samopomoş" və "Batkivşşina". 2015-ci ilin sentyabrında Ukrayna Konstitusiyasına "desentralizasiya" haqda dəyişiklik edilməsini, Donbasa isə xüsusi statusun verilməsini nəzərdə tutan qanun layihəsi Radikal Partiyanın koalisiyanı tərk etməsinə səbəb olmuşdu. Radikalların gedişi Radanın qarşısında iğtişaşlarla, qumbara partlaması və 4 asayiş keşikçisinin ölümü ilə nəticələnmişdi. Beləliklə, koalisiyada 281 deputat qalmışdı. Bu gün gedişilə koalisiyanı daha pis vəziyyətə salan "Batkivşşina" isə qərarını klan idarəçilik sisteminin dağıdılmasının vaciblyilə əsaslandırır. Bu partiyada hesab edirlər ki, sözügedən sistem dövlətə təhlükə yaradır, korrupsiyanın çiçəklənməsinə, iqtisadi problemlərin dərinləşməsinə səbəb olur. Partiyanın lideri Yuliya Timoşenko əmindir ki, Ukraynanı yalnız "yeni Konstitusiyaya əsasən köklü yenilənmə" xilas edə bilər. Sabiq baş nazir parlamentdə, əslində, heç zaman qərbpərəst koalisiyanın olmadığını, söhbətin hər zaman "kuluar, kölgə koalisiyasından" getdiyini bildirib.
Bütün bunlar azmış kimi, "Batkivşşina"ya "Samopomoş" da qoşulub. Sonuncular Yasenyukun vəzifədən kənarlaşdırılması cəhdinin iflasa uğramasını "prezidentin, baş nazirin, koalisiyanın kleptokratik hissəsinin və oliqarxlar blokunun iştirakı ilə hökumət çevrilişi" kimi qiymətləndirib. Beləliklə, parlamentdəki çoxluqda yalnız PPB və "Xalq cəbhəsi" qalıb.
Real səbəblər
Amma dəfələrlə korrupsiyada ittiham olunmuş Timoşenkonun sözünə inananlar çox deyil. Odur ki, hər kəs onun qərarının real səbəblərini axtarır. Xatırladaq ki, Timoşenko Yasenyuk hökumətilə bağlı səsvermədən bir qədər əvvəl, fevralın əvvəlində ABŞ-a səfər edib. Birləşmiş Ştatlarda o, çox sayda yuxarı ranqlı Amerika siyasətçisilə görüşüb. Timoşenkonun bir araya gəldiyi şəxslər arasında Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə Komitəsinin rəhbəri Con Makkeyn, Xarici Məsələlər üzrə Komitəsinin rəhbəri Ed Roys, Nümayəndələr Palatasındakı respublikaçı çoxluğun lideri Kevin Makkarti, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland və digərləri olub. Əksər müşahidəçilərin fikrincə, Timoşenko səfər nəticəsində ABŞ-ın dəstəyini qazanıb və bu, ona özünü evdə inamlı hiss etmək imkanı verib. Yeri gəlmişkən, Ukraynada çoxdan belə bir lətifə danışılır ki, Yuliya Timoşenko hörüklərini açıb buraxıbsa, demək, tezliklə Ali Rada da buraxılacaq. Bu lətifənin, əslində, nə qədər həqiqət olduğunu görmək üçün bütün şanslar var. Hər halda, imicində köklü dəyişikliklər etmiş Timoşenko çox israrlı görünür. O, ilk növbədə, Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Valentin Nalivayçenko ilə səylərini fəal şəkildə birləşdirir. Xatırladaq ki, Nalivayçenko vəzifəsindən Poroşenkonun təşəbbüsü ilə kənarlaşdırılıb və deyilənə görə, Vaşinqton prezidentliyə onun namizədliyini ciddi şəkildə nəzərdən keçirir. "Bizim komandamız qəti şəkildə əmindir ki, hökumət təcili olaraq istefaya getməlidir. Bundan sonra biz yeni texniki hökumətin formalaşdırılması üçün əlimizdən gələni etməyə borcluyuq. Bu alınmazsa, ümumi komandamız növbədənkənar seçkinin keçirilməsində israr edəcək", - deyə "Batkivşşina"nın lideri bildirib. Lakin Timoşenkonun yeni hökumətdə hansı rola yiyələnəcəyini söyləmək çətindir. Hər halda, o, baş nazirlik iddialarından imtina etməyib.
Bəs, bütün bunlar Vaşinqtonun nəyinə gərəkdir? Korrupsiya haqda söz-söhbətlərin, siyasi təzyiqlərin arxasında amerikalıların Ukraynaya birbaşa və müxtəlif beynəlxalq strukturların vasitəsilə yatırılan yatırımların nəticə verməməsindən narazılığı dayana bilər. Üstəlik, bu nəticə tezliklə gözlənilmir. Ölkə iqtisadi baxımdan getdikcə dərəyə yuvarlanır və hər ötən gün Ukrayna iqtisadiyyatına yeni yatırımlara ehtiyac yaranır.
Bu versiyanı Ukrayna prezidenti Pyotr Poroşenkonun əməlləri də dolayısı ilə təsdiqləyir. Hökumətin parlamentdəki hakim koalisiyanın inamını tam itirdiyini bəyan edən Poroşenko hesab edir ki, "hakimiyyətə inamın bərpası üçün Yasenyuk istefa verməlidir". Bununla bağlı, uğursuz səsvermədən sonra isə Poroşenko parlamenti buraxmaq səlahiyyətindən istifadə etməyə tələsmədiyini göstərib (hakim koalisiyanın dağılmasından sonrakı 30 gündə yeni koalisiya formalaşdırılmazsa, prezident parlamenti buraxa bilər). P. Poroşenkonun sözlərinə görə, o, Ali Radanın buraxılması ilə bağlı qərarı ən son anda qəbul edəcək: "Buna yol vermək olmaz. Çünki koalisiyanın dağılması ölkəni dərin və uzunmüddətli siyasi böhrana sürükləyəcək. Ölkənin, təxminən, 2 ildə 4-cü seçki kampaniyasına başlamağa vaxtı yoxdur. Üstəlik, təcavüzlə üzləşdiyimiz indiki şəraitdə".
Əslində isə söhbət mümkün seçkilərə çoxdan immuniteti yaranmış Ukraynadan yox, "Pyotr Poroşenkonun Bloku"ndan gedir. Onun növbəti seçki kampaniyasından "sağ çıxma" ehtimalı o qədər də yüksək deyil. Poroşenko üçün hazırkı koalisiya daxilində yerdəyişmələr etmək daha sərfəlidir və bu işdə Lyaşko işə yaraya bilər. Yeri gəlmişkən, vaxtilə belə bir versiya var idi ki, Lyaşko hakim koalisiyanı "desentralizasiya"ya etirazı üzündən yox, hakimiyyətdən uzaqlaşaraq lazımi siyasi manevr imkanları qazanmaq və deputat həmkarları ilə "alver" imkanı əldə etmək üçün tərk edib. Məhz, bu səbəbdən, versiyalardan birinə görə, Yasenyukun istefaya göndərilməsinə uğursuz cəhddən sonra Maydandakı çıxışlar Poroşenkonun özü tərəfindən təşkil edilib. Maydan hadisələrinin ikinci ildönümündə Kiyevdə baş qaldırmış iğtişaşların arxasında Rusiyanın dayandığını bəyan edən Poroşenkonun nə demək istədiyi hər kəsə aydındır: ölkədə daxili qeyri-sabitlik, ilk növbədə, Kiyevin düşmənlərinə sərf edəcək. Demək, razılığa gəlmək, mümkün qədər hakimiyyətin əvvəlki tərkibilə davam etmək lazımdır.
İstənilən halda, aydındır ki, Ukrayna daxili siyasi böhran içərisindədir. İndi hakimiyyət başında dayanmış şəxslər arasında razılıq yoxdur. Hakimiyyəti yenidən qurmaq istəyirlər. Bu işdə əsas sözü isə güman ki, böyük parlament və idarəçilik təcrübəsi, həmçinin partiya resursları olan Timoşenko, ABŞ-la yaxşı münasibətləri, güc strukturlarına və xüsusi xidmət orqanlarına təsir imkanları olan Nalivayçenko deyəcək. Odur ki, Ukraynada növbədənkənar parlament seçkisi deyəsən qaçılmazdır.
Kiyevdə yaşananların Donbas probleminin həllinə necə təsir göstərəcəyisə ayrı mövzudur. Hər halda, Minsk razılaşmasının maddələri, ilk növbədə, parlament tərəfindən təsdiqlənməlidir. "Normand dördlüyü"nün Münhendə apardığı danışıqlar nəticəsiz bitib. Növbəti görüş martda Parisdə keçirilməlidir. Lakin o danışıqların da vəziyyəti köklü şəkildə dəyişəcəyi inandırıcı görünmür. Parlamentin iş qabiliyyəti isə, göründüyü kimi, o qədər də yüksək deyil.
MƏSLƏHƏT GÖR: