Müəllif: Natiq NAZİMOĞLU Bakı
Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli strateji tərəfdaşlığı gücləndirir. Üç ölkənin XİN başçıları arasında Tiflisdə baş tutmuş beşinci görüş bunun təsdiqidir.
Tiflis görüşünü ayrı-ayrı ekspertlər müxtəlif epitetlərlə şərh edirlər - çoxlarının nəzərində bu görüş Azərbaycan-Gürcüstan-Türkiyə oxunun tam formalaşması kimi qiymətləndirilir.
Bununla yanaşı, Gürcüstan paytaxtında keçirilmiş üçtərəfli görüşə daha dərindən yanaşmaq lazımdır. Çünki söhbət regionun 3 dövlətinin, ilk növbədə, iqtisadi sahədə, özü də hər hansı başqa ölkələrin maraqlarına qarşı olmadan gələcək yaxınlaşmasına hesablanmış strateji kursdan gedir. Üstəlik, Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı sırf üçtərəfli, hətta ümumregion tərəfdaşlığı formatını aşıb. Bu əməkdaşlıq bütünlükdə Avrasiyanın inteqrasiya trendininə çevrilib və onun ayrılmaz bəndlərindən biridir.
Tiflisdə aparılmış danışıqların məğzi Azərbaycan, Gürcüstan və Türkiyənin XİN başçıları Elmar Məmmədyarov, Mixail Canelidze və Mövlud Çavuşoğlu tərəfindən qəbul edilmiş bəyannamədə öz əksini tapıb. Sənəddə regionda bu 3 ölkənin iştirakı ilə həyata keçirilən layihələrə tam dəstək ifadə olunur. Söhbət, ilk növbədə, Cənub Qaz Dəhlizindən və Xəzər karbohidrogenlərinin Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə dünya bazarlarına çıxarılmasını nəzərdə tutan digər enerji layihələrindən gedir.
Bu kontekstdə Azərbaycanın aparıcı roluna heç bir şübhə yoxdur. Elmar Məmmədyarov da bununla əlaqədar olaraq deyib: "Bildiyiniz kimi, Azərbaycan Xəzərin enerji resurslarının Qərb bazarlarına çıxarılması üçün hər zaman özünün tranzit imkanlarını təklif edib. Bakı-Tiflis-Ceyhan layihəsinin uğurla həyata keçirilməsindən sonra biz regionda bir sıra vacib layihələrin təşəbbüskarı olmuşuq. Azərbaycan Cənub Qaz Dəhlizinin əsasını təşkil edən TANAP layihəsinin reallaşdırılması, Bakı-Tiflis-Qars dəmir yolunun inşası və yeni Bakı Beynəlxalq Ticarət Limanının tikintisi ilə Avrasiyanın ən vacib regionlarını birləşdirir. Bakı-Tiflis-Qars dəmir yolu və yeni Bakı Beynəlxalq Ticarət Limanı Şərq-Qərb dəhlizinin əsas seqmenti olacaq".
Beləliklə, Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın əsasını onların Avrasiyanın kəsişməsində nəhəng layihələrdə birgə iştirakı təşkil edir. Onun əhəmiyyətini regional geosiyasətdə baş verən müəyyən yeni dəyişikliklər belə, azaltmaq iqtidarında deyil. Məsələn, İranın beynəlxalq sanksiyalardan qurtulmasından sonra öz qazını Ermənistan və Gürcüstan vasitəsilə Avropaya nəql edəcəyinə dair söz-söhbətlər, yaxud Gürüstan tərəfinin Rusiyadan qaz idxalını artıracağı, bununla bağlı Tiflis ilə "Qazprom" arasında danışıqların başladığı haqda məlumatlar və s. Gürcüstan rəhbərliyinin bu hərəkətləri, əlbəttə ki, Azərbaycan tərəfində müəyyən suallar yaradır. Çünki burada söhbət bir tərəfdən təcavüzkar Ermənistanın regional enerji layihələrinə cəlbindən gedir, digər yandan bu, Bakının və Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) iqtisadi maraqlarına zərərdir.
Lakin Azərbaycan, Gürcüstan və Türkiyənin XİN başçıları arasında baş tutmuş üçtərəfli görüş göstərib ki, Tbilisi Bakı və Ankara ilə strateji tərəfdaşlığa sadiqdir. Başqa sözlə, Tiflis anlayır ki, bu münasibətlər yalnız regionda miqyaslı layihələrin uğurla reallaşdırılmasının deyil, həm də Gürcüstanın özünün Cənubi Qafqazın geosiyasi və geoiqtisadi düzənində əsas tranzit ölkələrdən biri kimi sabit rolunun qarantıdır.
Azərbaycan-Gürcüstan-Türkiyə tərəfdaşlığının Avrasiya üçün əhəmiyyəti birincisi, onun yeni İpək yolunun formalaşdırılması prosesinə töhfəsilə ölçülür. Bu yol Çini Avropa ilə birləşdirəcək (üstəlik, prosesə Qazaxıstan və Ukrayna kimi ölkələrin də qoşulacağı gözlənilir). İkincisi, söhbət Bakı, Tiflis və Ankara arasındakı siyasi dialoqun bütünlükdə regional təhlükəsizliyin təmininə köməyindən gedir. Bu kontekstdə son dərəcə aktuallıq qazanmış terrorçuluqla mübarizəni qeyd etmək lazımdır.
Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri ölkələrinin terrorçuluqla mübarizədə Türkiyə ilə həmrəy olduğunu təsdiqləyiblər. Tiflis Bəyannaməsində 2016-cı il fevralın 17-18-də Ankarada və Diyarbəkirdə törədilmiş, 35-dən artıq Türkiyə vətəndaşının ölümünə səbəb olmuş terror aktları pislənir.
Bakı, Tiflis və Ankara regionda davam etməkdə olan ərazi münaqişələrinin həllinə də ümumi yanaşma ortaya qoyur. Bəyannamədə bildirilir ki, bu münaqişələr Cənubi Qafqazda "sülhə, sabitliyə və iqtisadi inkişafa maneədir". Sənəddə dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətlə yanaşılmasının vacibliyi, dövlət sərhədlərinin güc tətbiqilə dəyişdirilməsinin yolverilməzliyi vurğulanır. Bakı, Tiflis və Ankara hesab edir ki, Dağlıq Qarabağ və ona bitişik ərazilərdəki, həmçinin Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrindəki münaqişələr tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, dövlətlərin ərazi bütövlüyünün, suverenliyinin, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı şərtilə, həmçinin BMT, ATƏT və Avropa Şurasının müvafiq qərar və qətnamələrinə əməl edilməklə sülh yolu ilə çözülməlidir.
Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etməsilə bağlı bəyanatında Elmar Məmmədyarov bir məqamı xüsusi vurğulayıb: Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində irəliləyişin olmaması regional əməkdaşlığa ən ciddi təhlükədir. "Təəssüf ki, Ermənistan işğalçılıq siyasətini davam etdirir. Ermənistanın bu siyasəti davam etdirməsi və status-kvonun qorunub saxlanmasına cəhdləri münaqişənin həllində irəliləyişə imkan vermir", - deyə nazir qeyd edib.
Beləliklə, Azərbaycan, Gürcüstan və Türkiyə Cənubi Qafqaz regionundakı münaqişələrin, xüsusilə Dağlıq Qarabağ probleminin tezliklə həllində maraqlı olduqlarını ortaya qoyub. Erməni siyasətçiləri və ekspertlərinin Bakı, Tiflis və Ankaranın sülhpərvər mövqeyinə reaksiyası isə İrəvanın Azərbaycan ərazilərini işğaldan azad etmək istəmədiyini, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllini əngəlləməyə çalışıdığını bir daha üzə çıxarıb. Üstəlik, erməni tərəfi Tiflisdə keçirilmiş üçtərəfli görüş ətrafında qərəzli beynəlxalq fon yaratmağa çalışır. Son dövrlərdə Rusiya ictimai rəyindəki antitürk əhvalına arxalanan İrəvan Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının inkişafı ilə bağlı fikirləri Ankaranın Cənubi Qafqazda nüfuzunu artırmaq cəhdlərilə əlaqələndirməyə çalışır. Guya Ankara antirusiya xarakterli Türkiyə-Gürcüstan-Azərbaycan geosiyasi xətti yaratmaqla məşğuldur. Bununla yanaşı, erməni tərəfi regional siyasətdə fəallığını artırmış və ənənəvi olaraq, Cənubi Qafqazla bağlı məsələlərdə Türkiyə ilə rəqib olan İranın hisslərilə də oynamağa çalışır. Görünən odur ki, iqtisadi böhrandan heç cür xilas ola bilməyən Ermənistanı özündən çıxaran əsas səbəb Azərbaycanın regional inteqrasiya proseslərində aparıcı, əlaqələndirici rola malik olmasıdır. Məsələn, politoloq Valeriya Qyancumyan Bakı-Tiflis-Ankara geosiyasi oxunun "Azərbaycan-Türkiyə-Qazaxıstan, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-İran-Türkiyə istiqamətlərində "şaxələnməsi" tendensiyası"nın yalnız Ermənistan üçün deyil, Rusiya və İran üçün də təhlükəli olduğunu düşünür. Bununla yanaşı, artıq qeyd edildiyi kimi, Bakı-Tiflis-Ankara "üçbucağı" çərçivəsində tərəfdaşlıq hər hansı digər dövlətə qarşı yönəlməyib. Burada məqsəd qətiyyən dünyanın nəhəng güc mərkəzləri, məsələn, Qərblə Rusiya arasındakı geosiyasi qarşıdurmada arenaya və ya alətə çevrilmək deyil. Buna ən azı regional nüfuzunu getdikcə artırmaqla Ermənistanı qorxuya salmış Azərbaycan imkan verməz. Bundan başqa, Azərbaycan üzv olduğu müxtəlif beynəlxalq struktur və formatların potensialından yalnız dövlətlər, xalqlar arasında əməkdaşlıq məqsədilə, bu maraqlara uyğun istifadə etməyə çalışır. Bu mənada da Bakı-Tiflis-Ankara "üçbucağı"nın özünü regionun mehriban qonşuluq, effektiv əməkdaşlıq meydanı kimi çoxdan təsdiqlədiyini söyləmək olar. Amma bu, eyni zamanda, "üçbucağın" perspektivli layihələrinin Rusiya və İranın da maraqları ilə uzlaşmasını qaçılmaz edir. Digər tərəfdən Azərbaycan da ənənəvi olaraq Qafqazda böyük nüfuza malik bu fövqəldövlətlərlə əlaqələrini genişləndirir. Zəif iqtisadiyyatlı və hər hansı gələcək perspektivi olmayan bədbəxt Ermənistan isə bütün qüvvəsini ona yönəldib ki, bu dövlətlər Bakı-Tiflis-Ankara üçtərəfli formatını qəbul etməsin.
MƏSLƏHƏT GÖR: