14 Mart 2025

Cümə, 11:32

ƏLVERİŞLİ MƏQAM

Azərbaycan ilə İran regionda tamamilə yeni vəziyyət yaradır

Müəllif:

01.03.2016

İrana tətbiq olunmuş beynəlxalq sanksiyaların aradan qaldırılması və Azərbaycanın qlobal böhranın təsirlərinin minimuma endirilməsinə hesablanmış yeni iqtisadi siyasətin tətbiqinə başlaması iki ölkə arasında əməkdaşlığın inkişafı üçün tamamilə yeni şərait yaradıb. İndi Azərbaycan - İran əlaqələrinin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi üçün kifayət qədər əlverişli şərait var. Azərbaycan Prezidentinin İrana fevralın 23-də etdiyi rəsmi səfərə də əsasən bu kontekstdə baxmaq lazımdır.

Səfər çərçivəsində İlham Əliyev İran İslam Respublikasının ali dini lideri Əli Xamenei, prezident Həsən Ruhani və İran hökumətinin üzvlərilə görüşüb. Tərəflər müxtəlif sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, həmçinin gündəmdə olan regional və beynəlxalq məsələləri müzakirə ediblər. Danışıqların yekununda nəqliyyat, Xəzərin resurslarından birgə istifadə, maliyyə, səhiyyə, gömrük nizamlanması, fövqəladə vəziyyətlərdə birgə fəaliyyət sahələrində əlaqələrin inkişafına dair 11 sənəd imzalanıb.

 

Bakı ilə Tehran yeni yolda

Prezidentlərin mətbuat üçün bəyanatlarından məlum olub ki, tərəflər görüşün nəticələrindən razı qalıblar. "Ötən iki il yarım ərzində bu, bizim beşinci görüşümüzdür. Bu, çox sevindirici haldır ki, bizim hər görüşümüz iki ölkə arasında münasibətlərimizin daha da inkişafına xidmət edir", - deyə Həsən Ruhani bildirib.

İlham Əliyev isə öz növbəsində deyib: "Bizim münasibətlərimiz möhkəm təməl üzərində qurulur və bu gün İran-Azərbaycan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qalxıb".

Dövlət başçılarının müzakirələr və sənədlərin imzalanması zamanı Şimal-Cənub beynəlxalq nəqliyyat layihəsinin reallaşdırılması məsələsinə xüsusi diqqət ayırmaları təsadüf deyil. Tehran ilə Bakı "Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Çərçivə Sazişi" və "Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında Müqavilə"ni imzalamaqla, faktiki olaraq bu layihəni finiş nöqtəsinə çıxarıblar. Plana əsasən, Astara çayı üzərində körpünün salınması, demək, iki ölkənin dəmir yollarının birləşdirilməsi bu ilin sonuna başa çatdırılmalıdır. Artıq 2017-ci ilin əvvəlindən İrandan Rusiyaya, oradan isə Avropaya tranzit daşımalarına başlamaq mümkün olacaq.

İranda imzalanmış razılaşmalar neftin nəzərdə tutulduğundan tez və kəskin ucuzlaşması üzündən postneft iqtisadi siyasətinin reallaşdırılmasına başlamış rəsmi Bakının planlarına tam uyğun gəlir. Bu kontekstdə Azərbaycan, ilk növbədə, öz tranzit potensialından istər tarixi İpək yolu çərçivəsində, istərsə də Şimal-Cənub marşrutu üzrə istifadə etmək niyyətindədir. Bununla əlaqədar olaraq, hələ 2015-ci ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyev İrana istiqamətlənmiş dəhlizin Azərbaycan ərazisindəki hissəsinin inşasının sürətləndirilməsilə bağlı tapşırıqlar verib.

Sanksiyalardan yeni xilas olmuş İrandan ötrü də bu, Rusiya və Avropa bazarlarına çıxış üçün yeni və böyük imkandır. Layihə Tehrana ciddi tranzit gəlirləri də vəd edir. Bir məqamı xatırlatmaq kifayətdir ki, Avropa ilə Hindistan arasında illik yük daşımaları 25 milyon tona çatır, Şimal-Cənub yolu isə məhz onları birləşdirməyi nəzərdə tutur. Bu gün həmin yüklər dəniz yolu ilə daşınır. Doğrudur, ilkin mərhələdə yeni marşrut vasitəsilə ildə cəmi 6 milyon ton yükün daşınması nəzərdə tutulur. Lakin sonrakı illərdə həcmin 15-20 milyon tonadək artırılması planlaşdırılır.

Yeni dəhliz daşıma müddətini dəfələrlə azaltmağa, müvafiq olaraq, yük sahiblərinin xərclərə qənaət etməsinə imkan verəcək. Azərbaycanla İran arasında müvafiq razılaşmanın imzalanmasından 1 ay əvvəl Hindistanın Bakıdakı səfiri Sancay Rana "Report" agentliyinə müsahibəsində ölkəsinin Şimal-Cənub maşrutu ilə yük daşımalarında maraqlı olduğunu bildirmişdi: "Hazırda yüklərin dəniz vasitəsilə Azərbaycana göndərilməsi üçün bizə ən azı 40 gün vaxt lazımdır. Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində vacib mövqeyə malikdir. Biz bu dəhlizlə yükləri Azərbaycan vasitəsilə Rusiya və Avropaya nəql edə bilərik".

 

Ermənistan marşrutunun devalvasiyası

Qitələri birləşdirəcək Şimal-Cənub dəhlizi layihəsnin reallaşdırılmasının regionumuz üçün siyasi əhəmiyyəti də olacaq. Aydındır ki, Azərbaycan torpaqlarının 20%-nin qonşu Ermənistan tərəfindən işğalı Bakının qərarların qəbulu zamanı əsaslandığı əsas amillərdən biridir. Azərbaycan işğala son qoyulmadığı müddətdə Ermənistanın regional layihələrdə iştirakına imkan verməyəcəyini gizlətmir.

Bu mənada Ermənistan KİV-nin və ekspertlərinin Azərbaycan-İran razılaşmasından keçirdiyi narahatlığı başa düşmək olar. Məsələn, "Lragir" saytı diqqəti prezident Həsən Ruhaninin İranla Azərbaycanın dəmir yollarının 2016-cı ilin sonunadək birləşdiriləcəyinə dair bəyanatına çəkir. "Ruhaninin bəyanatı Ermənistan-İran dəmir yolunun "devalvasiyasına" səbəb ola bilər. Azərbaycan dəmir yolunu İranla birləşdirərsə, Qars-Axalkalaki-Bakı yolunun istismara verilməsindən sonra İrandan qatarlar Qara dənizədək hərəkət edə bilərlər. Bu halda dəyəri 3,2 milyard dollar olan Ermənistan-İran dəmir yolu Tehran üçün mənasını itirəcək", - deyə məqalədə bildirilir.

Bənzər fikri ermənilərin "İodus vivendi" analitik mərkəzinin direktoru Ara Papyan da səsləndirib. Onun fikrincə, Suriya müharibəsi və Türkiyədəki qeyri-sabit vəziyyət nəzərə alınarsa, İranın Avropaya çıxması üçün ən optimal quru yolu Azərbaycandır. Ermənistan variantına gəlincə, Papyan hesab edir ki, bu, bahalı olmaqla yanaşı, Zəngəzur vasitəsilə uzun-uzadı dəmir yolu çəkilməlidir. Nəticədə, bu istiqamət o qədər də cəlbedici təsir bağışlamır: "Hər kəs bunun qeyri-real olduğunu anlasa da, deyirlər ki, söhbət 100 kilometrdən uzun tunelin, 20 kilometrdən artıq körpülərin tikintisindən gedir. Üstəlik, rəsmi məlumata görə, bu işlərin görülməsinə 3,2 milyard dollar vəsait və 7 il vaxt tələb olunur. İran-Azərbaycan dəmir yolunun tikintisi isə demək olar ki, başa çatıb. Yanvar ayına olan rəsmi məlumata görə, onun 84%-i hazırdır. Odur ki, bu yolun inşası qısa zamanda başa çatdırılacaq. Nəticədə, İran-Azərbaycan-Gürcüstan dəmir yolunun istismara verilməsi Ermənistanı təcrid vəziyyətinə salacaq".

Ermənistanın energetika naziri Yervand Zaxaryan isə faktiki olaraq həmvətənlərinin bu narahatlığına haqq qazandırıb. Parlamentdəki hökumət saatında nazir deputatların İran-Ermənistan dəmir yolu layihəsinin taleyilə bağlı sualını cavablandıra bilməyib.

 

Yeni imkanlar

Əlbəttə ki, Şimal-Cənub layihəsinin canlandırılması İranla Azərbaycanın yeganə birgə məqsədi deyil. Səfər çərçivəsində imzalanmış sənədlərin strukturundan görünür ki, tərəflər iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Maraqlıdır ki, Xəzər dənizindəki bəzi karbohidrogen yataqlarının kimə mənsub olduğuna dair bu yaxınlaradək mübahisə edən Bakı ilə Tehran indi dənizdəki neft-qaz resurslarının birgə istifadəsinə dair razılığa gəlib. Əlbəttə ki, İran bunadək də Azərbaycan yataqlarına investisiya yatırırdı. Məsələn, İranın NIOC şirkəti "Şahdəniz" yatağının işlənməsi layihəsində, demək olar ki, ilk andan iştirak edir. Prezidentlərin mətbuat üçün bəyanatından isə məlum olub ki, bu əməkdaşlıq yeni səviyyəyə yüksəldiləcək. "Xəzər dənizində yerləşən neft-qaz yataqlarının birgə işlənilməsi məsələsi də müzakirə olundu və yaxşı nəticələr gözlənilir", - deyə İlham Əliyev qeyd edib.

Səfər çərçivəsindəcə SOCAR ilə İran Milli Neft Şirkəti və İranın Qədir İnvestisiya Şirkəti arasında 2 memorandum imzalanıb. Gələcək əməkdaşlıq istiqamətləri və layihələri məhz bu razılaşmalarla müəyyənləşəcək.

Bakı ilə Tehran etiraf edirlər ki, tərəflər arasında hazırkı ticarət dövriyyəsi mövcud potensiala uyğun deyil. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 120 milyon dolları aşmayıb və onun 80%-i İrandan idxalın payına düşüb. Lakin görünən odur ki, tərəflər yeni imkanlardan bu vəziyyətin də yaxşılaşdırılması üçün istifadə etməyi düşünür.

"Qlobal iqtisadiyyatda müşahidə olunan mənfi tendensiyaların təsirini azaltmaq və dinamik inkişaf meylini qoruyub saxlamaq üçün Azərbaycanda geniş iqtisadi islahatlar daha sürətlə davam etdirilir. Hazırda geniş investisiya və özəlləşdirmə proqramları üzərində iş aparılır, həm yerli, həm də xarici iş adamları üçün biznes mühiti daha da yaxşılaşdırılır. Hesab edirik ki, bu, iranlı iş adamlarının Azərbaycanda fəaliyyəti üçün də yeni imkanlar yaradacaq", - deyə İlham Əliyev İran Dövlət Televiziyasına Tehrana səfəri ərəfəsində verdiyi müsahibəsində bildirib.

Tehranda mətbuat üçün bəyanatda isə Azərbaycanın dövlət başçısı diqqəti iki ölkədə aparılan böyük iqtisadi islahatlar və biznes mühitinin yaxşılaşdırılması işi fonunda qarşılıqlı investisiya qoyuluşları üçün ciddi imkanların mövcudluğuna çəkib.

Qeyd edək ki, İranın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 760 milyon dollar qiymətləndirilir. Onun 145 milyonu qeyri-neft sektoruna yönəldilib. Ötən il Azərbaycan-İran Hökumətlərarası Komissiyasının 10-cu iclasında İran investorlarının Sumqayıtda kimya sənayesi parkının yaradılmasında iştirakının stimullaşdırılması haqda qərar da qəbul edilib.

Tehrana səfəri zamanı isə İ.Əliyev "maliyyə, bank, sığorta, turizm, əczaçılıq sektorlarında da gələcək fəaliyyət üçün gözəl imkanların olduğuna" da diqqət çəkib.

Həsən Ruhani isə öz növbəsində diqqəti Araz, Ənzəli və Maku azad iqtisadi-ticarət zonalarında birgə fəaliyyət üçün yaxşı imkanların olduğuna çəkib. Amma tərəflərin bu istiqamətdə tezliklə əməkdaşlığa başlamasına Azərbaycanla Ermənistan arasında münasibətlərin həll olunmaması mane ola bilər. Çünki İran ərazisindəki bu zonaların fəaliyyətində Ermənistan da qazanc götürə bilər, bu isə Azərbaycanın maraqlarına uyğun deyil. Bununla yanaşı, Bakı ilə Tehran məsələni gündəlikdən çıxarmağa tələsmirlər.

Tərəflər Azərbaycanla İran arasında turizmin inkişafına da böyük diqqət göstərir. İlham Əliyevin Tehrana səfərinin Novruz bayramı ərəfəsinə təsadüf etməsini rəmzi hal saymaq olar. Məlum olduğu kimi, bu bayram ərəfəsində qonşu ölkələrdən Azərbaycana xeyli turist axışır. Hər il İrandan Azərbaycana 200-250 min turist gəlir. İrana il ərzində baş çəkən Azərbaycan vətəndaşlarının sayı isə təxminən 1 milyondur. Tərəflər əmindir ki, bu, son hədd deyil və turist mübadiləsinin artırılması imkanları çoxdur.

"Biz xalqlarımızın gediş-gəlişinin asanlaşdırılması istiqamətində fikir mübadiləsi çərçivəsində, o cümlədən dəniz nəqliyyatı ilə də get-gəlin artırılması barədə ətraflı söhbət etdik", - deyə İran prezidenti bildirib.

 

Sabitləşdirici amil

Azərbaycan-İran ikitərəfli əlaqələrinin fəallaşdırılması regionda çoxtərəfli əməkdaşlıq formatları üçün də vacib əhəmiyyət daşıya bilər. İran, Azərbaycan, Rusiya və Gürcüstanın nəqliyyat arteriyalarının birləşdirilməsinə imkan verəcək Şimal-Cənub layihəsilə yanaşı, Bakı ilə Tehranın enerji sahəsində əldə etdiyi razılaşma, məsələn, gələcəkdə bir tərəfdən Azərbaycan, İran, Rusiya, digər yandan Azərbaycan, İran, Gürcüstan vahid enerji sisteminin yaradılmasına imkan verə bilər.

"Energetika sahəsində çox gözəl işlər görülür və gözəl perspektivlər vardır. Bu sahədəki əməkdaşlıq ancaq İran-Azərbaycan əməkdaşlığı ilə məhdudlaşmır. Qonşu ölkələr də bu layihəyə qoşula bilərlər və belə olan halda bu, gözəl transmilli, regional layihəyə çevriləcək", - deyə Azərbaycan Prezidenti bildirib.

Ümumilikdə, tərəflər regionun digər dövlətlərilə üçtərəfli əməkdaşlığın inkişafını vacib sayıblar. Ruhaninin sözlərinə görə, söhbət İran-Türkmənistan-Azərbaycan, İran-Azərbaycan-Rusiya, İran-Azərbaycan-Gürcüstan və İran-Azərbaycan-Türkiyə istiqamətlərindən gedir. Bundan başqa, Prezident İlham Əliyev tərəflərin bu formatların coğrafiyasını genişləndirmək niyyətində olduqlarını da söyləyib.

Beləliklə, Bakı ilə Tehran ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı üçün bütün mövcud potensialdan istifadə etmək niyyətlərini ortaya qoyublar. Tərəflər gələcək əməkdaşlıq üçün yaranmış əlverişli vəziyyətdən istifadə etmək, regionda sabitləşdirici rolu üzərlərinə götürmək fikrindədirlər.

Səfər Bakının çoxşaxəli xarici siyasət doktrinasına sadiqliyini də nümayiş etdirib. İranla Qərbə tərəf boylanmadan Şimal-Cənub layihəsinin sürətləndirilməsinə dair sənədlərin imzalanması bu siyasətin daha bir təzahürüdür. Lap Bakının vaxtilə antiiran kampaniyasına qoşulmaqdan imtina etməsi, Tehrana mümkün hərbi təzyiqlər üçün öz ərazilərini verməkdən birmənalı şəkildə boyun qaçırması kimi.



MƏSLƏHƏT GÖR:

588