
ZAMANA QALİB GƏLƏN YADDAŞ
Dünyada Xocalı hadisələrindən nə qədər çox adam xəbər tutarsa, bəşəriyyətin gələcəkdə bu cür faciələrdən qaçmaq şansı o qədər artar
Müəllif: İlhamə MÖHSÜMOVA Bakı
1992-ci il, fevralın 27-si səhər. Vertolyotun pilotu Leonid Kravets növbəti tapşırıqdan sonra Gəncəyə qayıdarkən vertolyot Azərbaycanın balaca Xocalı şəhəri üzərindən uçur. Heyət üzvlərinin diqqətini alabəzək düzənlik çəkir. Lakin vertolyotda olanların ağlına da gəlmir ki, eniş edərkən, sözün əsl mənasında cəhənnəm mənzərəsilə qarşılaşacaqlar.
"Cəhənnəmi görmüş pilot"
"Ətraf meyitlərlə dolu idi. Onların əynində üst paltarı yox idi. Cəsədlər ev paltarlarında, uşaqlar kalqotkalarda, ayaqyalın idilər. Yuxarıdan baxarkən elə bu səbəbdən yer alabəzək görünürmüş. Cəsədlər arasında silahlı insanlar gəzir, sağ qalanları yerindəcə öldürürdülər", - deyə Ermənistanın Azərbaycanın Xocalı şəhərində əhaliyə qarşı törətdiyi qətliamın ilk şahidlərindən olmuş L.Kravets xatirələrini jurnalistlərlə bölüşərkən bildirib.
Vertolyot atəşə tutulur və onlar hadisə yerini tərk etmək məcburiyyətində qalırlar. Gəncəyə qayıdan heyət üzvləri hökumətə baş verənlərlə bağlı xəbər çatdırır. Və Xocalıya çəkiliş qrupu göndərilir: tanınmış jurnalist Çingiz Mustafayev, iki köməkçisi və iki nəfər milis əməkdaşı.
"Hadisə yerinə çatdıqda hər həs ilk 3 dəqiqəni şokda keçirdi. Yadımdadır, onlar başlarını əllərinin arasında tutaraq, donub qalmışdılar. Meyitlər bir-birindən xeyli aralı səpələnmişdi. Təəssüf ki, o anda bütün bunları yüksəklikdən lentə almaq heç kəsin ağlına gəlmədi. Çəkiliş uzağı 10 dəqiqə davam etdi. Orada çox qala bilmədik. Yanımızda olan milis kapitanı, deyəsən, dəli olmuşdu. Meyitlər arasından övladının cəsədini tapmışdı. Güllə uşağın başının bir hissəsini parçalamışdı. Onun gücü sadəcə cəsədi vertolyota aparmağa çatdı. Onun özünü güclə dartıb aparmaq lazım gəldi", - deyə şahid xatırlayır.
Səhəri gün Xocalı faciəsindən çəkilmiş kadrlar bütün dünyanı çalxalayır.
L.Kravetsi təəssüfləndirən odur ki, Azərbaycan aşkar olayları sübut etmək məcburiyyətində qalıb: "Təəssüf ki, illər sonra Xocalı Azərbaycanın ağrılı yerlərindən biri olaraq qalır. Lazım gələrsə, mən beynəlxalq məhkəmədə bu hadisələrin şahidi kimi iştirak etməyə hazıram. Mənim vicdanım təmizdir. Bəs, belə məhkəmə olacaqmı?"
Bu gün, hadisədən 24 il sonra ukraynalı pilotun xatirələri əsasında "Cəhənnəmi görmüş pilot" adlı sənədli film çəkilib. 30 dəqiqəlik filmdə həmin faciəli gecədə baş vermiş hadisələr Xocalı qətliamının ilk şahidlərindən birinin dilindən təqdim edilir. Film "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində təşkil olunmuş aksiyalardan biridir.
Filmin ilk təqdimatı ötən il Moskvada keçirilib. Xocalı faciəsinin 24-cü ildönümündə isə filmin yaradıcıları onu Bakıda təqdim ediblər. Bu dəfə filmin izləyiciləri arasında keçmiş SSRİ HHQ-nin pilotu Leonid Kravetslə yanaşı, dəhşətli gecədən möcüzə sayəsində sağ çıxa bilmiş xocalılar da var idi.
Xocalıda itirilmiş uşaqlıq
"Həmin günə qayıtmaq istəyirəm. Bir anlıq da olsa, anamı, atamı, qardaşlarımı yenidən görmək. Kaş o zaman onlarla birlikdə öləydim. Mənim heç kəsim yoxdur. Tənha qalmışam", - deyə Xocalı qətliamı zamanı hər 2 valideynini itirmiş 25 uşaqdan biri olan Mehdi Əliyev bildirir.
Həmin gecə Mehdinin cəmi 4 yaşı var idi. Meşədə tək qalmış və möcüzə sayəsində qurtula bilmiş uşaq ermənilərə əsir düşür. O zaman əsirlər arasında valideynlərini, qardaşlarını axtaran Mehdi onları bir daha görməyəcəyini ağlından belə, keçirmirdi. O, əzizlərinin erməni yaraqlılarının qurbanına çevrildiklərindən xəbərsiz idi. Mehdi özünün xilasını möcüzə adlandırır. Lakin bu, onun həyatını heç də yüngülləşdirmir. Yaxınlarını itirməyn ağrısı, acısı ildən-ilə daha da artır.
Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının təşəbbüsü ilə lentə alınmış 17 dəqiqəlik "Böyüməyən uşaqlar" filminin əsasını da Mehdinin həyatı təşkil edir. Film ötən il "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə çəkilib.
"Filmin çəkilməsi ideyası "Böyüməyən uşaqlar" kitabının işıq üzü görməsindən sonra yarandı. Mən o kitabda həmin dəhşətli gecədə hər iki valideynini itirmiş uşaqların xatirələrini toplamışam. Anladım ki, uşaqların yaşadıqları o dəhşəti, doğmalarını heç zaman görməyəcəklərini anlayan insanların hər gün çəkdikləri ağrını bir nəfərin simasında təqdim etmək kimi nadir imkan qazanmışam. Bu gün həmin uşaqlardan ən kiçiyinin 24 yaşı var. Lakin onlar hələ də uşaqdırlar. Böyüməmiş uşaqlar. Müharibə onların uşaqlıqlarını əllərindən alıb. Onların yaşadıqlarını bütün dünyanın eşitməsi vacibdir", - deyə Elşad Eyvazlı "R+"a açıqlamasında bildirib.
Əvvəlcə film subtitrlər vasitəsilə ingilis dilinə tərcümə olunub. Bu il o, ingilis, alman, türk və rus dillərində dublyaj edilib. Filmin Almaniyada, Litvada, İsveçdə, İndoneziyada və Hollandiyada nümayişi planlaşdırılır. E.Eyvazlı ümid edir ki, filmin gələcəkdə Avropada və dünyanın digər ökələrində nümayişi Xocalı soyqırımının tanıdılması işinə əhəmiyyətli töhfə olacaq. Çünki şahid ifadələri ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliyin danılmaz sübutlarıdır.
"Bu gün dünyanı eybəcər hala salınmış meyit şəkillərilə təəccübləndirmək olmaz. Lakin bu cür insan taleləri vasitəsilə ürəklərə yol tapmaq mümkündür və bunu etmək lazımdır. Hələ ki, şahidlər sağdır, hələ ki, bu dəhşətləri danışacaq insanlar var. Ola bilsin ki, nəticəni illərlə gözləməli olacağıq. Lakin o, mütləq olacaq. Dünya Xocalı soyqırımına ədalətli qiymət verəcək", - deyə E.Eyvazlı qeyd edib.
"Atəşkəs" sülhü təmin edəcəkmi?
Qarabağ müharibəsi və Xocalı soyqırımı ilə bağlı digər bir filmin də məqsədi ürəklərə yol tapmaqdır. Söhbət "Atəşkəs" filmindən gedir. Film macar rejissoru Erik Boqnar tərəfindən Macarıstanın "Turan" Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə layihəsi çərçivəsində lentə alınıb. Çəkilişlər Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə baş tutub.
Macar dilində çəkilmiş film macarıstanlı və azərbaycanlı jurnalistlərin ilk birgə işidir. Onun süjet xəttinin ideyası macar jurnalistləri tərəfindən hazırlanıb. Çəkilişlər Azərbaycanda aparılıb. Ekran əsərində Ermənistanın Azərbaycana təcavüzünün müxtəlif mərhələləri, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, Azərbaycan xalqının tarixi-mədəni irsi və ənənələrindən söz açılır. Filmin əsas ideyasını Azərbaycanın tarixən üzləşdiyi ədalətsizlik, etnik təmizləmə aktları, Xocalı faciəsi təşkil edir.
"Filmin premyerası ötən ilin noyabrında Macarıstanda olub. Tədbirdə Türkiyə, Macarıstan diplomatları və siyasətçiləri, bir neçə şəhərin merləri, Macarıstan ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər. Bu il isə film Azərbaycanda təqdim edilib. Ümumilikdə, film Avropa tamaşaçısı üçün nəzərdə tutulub. O, 2 il ərzində çəkilib. Bu, fondumuzun dünya birliyinin Qarabağ münaqişəsi haqda məlumatlandırılması, ermənilərin Azərbaycana qarşı təcavüzünün qəbul etdirilməsi istiqamətindəki çoxillik fəaliyyətinin nəticəsidir. Gələcəkdə filmin rus, ingilis dillərində dublyajı, dünyanın bir sıra ölkələrində nümayişi nəzərdə tutulur", - deyə BAMF-in sədri Umud Mirzəyev "R+"a açıqlamasında bildirib.
O, hesab edir ki, Azərbaycan heç bir halda ümidsizliyə qapılmamalı, yorulmamalıdır. "Bizim buna haqqımız yoxdur", - deyə U.Mirzəyev qeyd edib: "Qloballaşan dünyada bu faciə haqda kimlərinsə heç nə eşitməməsi, bütün həqiqətləri bilməməsi tamamilə təbiidir. Kimlərinsə baş verənlərə etinasız yanaşmasından incimək də lazım deyil. Əksinə, bütün nailiyyətlərdən, informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, danışmaq, həqiqəti ortaya qoymaq, onu dünya ictimaiyyətinə çatdırmağa çalışmaq lazımdır. Bu zaman ölkənin özündəki gənc nəsli də unutmaq olmaz".
Xocalı naminə!
Təəssüf ki, Azərbaycan bu hadisələr, onun miqyası haqda həqiqətləri, real faktları dünya birliyinə yalnız son illərdə çatdırmağa nail olur. Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumunun baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən reallaşdırılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində bu istiqamətdə böyük işlər görülüb. Bu kampaniya çərçivəsində hər il dünyanın 100-dən artıq ölkəsində miqyaslı tədbirlər, yürüşlər, mitinqlər, sərgilər keçirilir, fotostendlər nümayiş olunur. Bu günlərdə yenə də kampaniya çərçivəsində www.justiceforkhojaly.org internet saytı istifadəyə verilib. Saytda Xocalı şəhərinin işğalaqədərki vəziyyəti, onun coğrafiyası, tarixi, iqtisadiyyatı, əhalisi haqda ətraflı məlumat verilir. Bundan başqa, saytda hadisə yerindən foto və videomateriallar, şahid ifadələri, sənədli filmlər, məqalələr, 1992-ci ildə Xocalı hadisələrilə bağlı beynəlxalq mətbuatda dərc olunmuş materiallar, xarici müəlliflərin araşdırmaları, tarixi xronika və digər faydalı məlumatlar var.
Bu işlərin nəticəsi kimi, son illərdə Xocalı qətliamını soyqırımı aktı kimi tanıyan dövlətlərin, beynəlxalq qurumların sayı getdikcə artır.
Xocalı soyqırımının rəsmən tanınması prosesi 2010-cu il fevralın 25-dən başlayıb. Həmin gün ABŞ-ın Massaçuçets ştatının Nümayəndələr Palatası Xocalı şəhərində törədilmiş qətliamın soyqırımı kimi tanınmasını nəzərdə tutan qətnamə qəbul edib. Sonradan Xocalı soyqırımını tanımış ABŞ ştatlarının sayı 21-ə çatıb. Qısa zamanda soyqırımı 10 ölkə və bir sıra nüfuzlu beynəlxalq qurumlar tərəfindən də tanınıb.
Bu il Xocalı şəhərinin dinc əhalisinə qarşı erməni silahlı birləşmələrinin Sovet ordusunun Xankəndidə yerləşdirilmiş 366-cı motoatıcı alayının köməyilə törətdiyi soyqırımının 24-cü ildönümüdür. Bu qətliamda Ermənistanın hazırkı prezidenti Serj Sarqsyanın, ermənilərin əsas ideoloqu Zori Balayanın şəxsən iştirak etdiklərinə dair etiraflarını, faciəni öz gözlərilə görmüş xarici jurnalistlərin və rusiyalı hərbçilərin fikirlərini bir daha yada salmağa ehtiyac varmı?
Ermənistan tərəfindən törədilmiş və dünya ictimaiyyətini silkələmiş Xocalı qətliamı indiyədək insanlıq əleyhinə törədilmiiş ən qəddar cinayətlərdən biri kimi qəbul olunur. Və dünyada Xocalı hadisələrindən nə qədər çox adam xəbər tutarsa, bəşəriyyətin gələcəkdə bu cür faciələrdən qaçmaq şansı o qədər artar.
MƏSLƏHƏT GÖR: