Müəllif: Nadir XOSROVOĞLU Bakı
Atçılıq üzrə Azərbaycan milli komandasının üzvü Camal Rəhimov uğurları ilə bizləri sevindirməkdə davam edir. İspaniyada keçirilən "Oliva Nove" turnirində iştirak edən çaparımız bütün rəqiblərini qabaqlayaraq, birinci olub. Vaxt nəzərə alınmaqla keçirilən yarışlarda Rəhimov "Excenel V" ləqəbli atla marşrutu 72.62 saniyəyə qət edərək, 1-ci yerə çıxıb. Turnirdə 2-ci yeri "Summersalut" ləqəbli atla almaniyalı Ralf Range, 3-cü yeri isə "Surf du Moulin" ləqəbli atla fransalı Rafael Goers tutub. Yarışın yekunlarına əsasən, 50 lisenziya xalı qazanan Camal Rəhimov Rio de Janeyroda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanmaq uğrunda gedən mübarizəyə uğurlu start verib.
Camal Rəhimovun İspaniyadakı yarışda "Excenel V" ləqəbli atla çıxış etməsi təsadüfi deyil. Belə ki, idmançımızın əsas atı "Warrior" zədələnib. Bu isə onun bu atla qazandığı lisenziya xallarının artıq heç bir önəm kəsb etmədiyi deməkdir. Azərbaycan Atıçılıq Federasiyasından verilən məlumata görə, hazırda Rəhimov "Excenel V" ləqəbli atla çıxış etdiyi yarışlarda qısa müddətdə lazımi lisenziya xalını toplamaq inandırıcı görünmür. Bu səbəbdən, Camalın "Rio-2016"da Azərbaycanı təmsil etməsi baş tutmayacaq.
"R+"a müsahibə verən Camal Rəhimov ilk olaraq sonuncu yarışı barədə danışdı: "Maraqlı mübarizə oldu. Qələbə qazanmaqda səhv etməməyimin böyük rolunu qeyd etməliyəm. Sürətli hərəkət etməklə bütün rəqiblərimdən yaxşı nəticə göstərdim. Turnirdə rəqabət yüksək olduğunu qeyd etməliyəm. Çünki qalib idmançı 50 lisezniya xalı qazanırdı. Çox sevinirəm ki, bu xallar mənə qismət oldu. Gümüş və bürünc medalların sahibi alman və fransız çaparlarının təcrübəli olduğunu unutmamalıyıq. Bundan əvvəl onlar bir neçə beynəlxalq yarışda qalib adını qazanıb".
Çapar hazırda əsas atının zədələndiyini bildirməklə yanaşı, Rio uğrunda mübarizəni davam etdirdiyini də söylədi: "Dövlət başçısı İlham Əliyev və federasiyamızın qayğısına layiqincə cavab verməliyəm. İdmançı kimi bilirəm ki, Olimpiadada uğur qazanmaq heç nə ilə müqayisə oluna bilməz. Bu gün mənim üçün hər cür şərait var. Lakin mən bunun qarşılığını nəticə ilə verməliyəm. Yenidən Yay Olimpiya Oyunlarında iştirak etməyi çox arzulayırdım. Sadəcə, son anda əsas atımın zədələnməsi planları pozdu. Son illər "Warrior" ləqəbli atla lisenziya xalları qazanmışdım. Rioya getmək şanslarım çox yüksək idi. Üstəlik, bu atla uzun illər məşq etmişəm. Bir-birimizə öyrəşmişik. Amma onun zədələnməsi məni pis vəziyyətdə qoydu. İndi "Warrior" müalicə olunur və yaxın zamanlarda yarışda iştirakı mümkün deyil. Bu isə o deməkdir ki, Rioda onunla birgə çıxış etməyəcəm. Olimpiadaya getmək üçün başqa atla lisenziya xarakterli turnirlərə qatılmalıyam. Bir neçə ay ərzində normativi yerinə yetirmək real görünməsə də, mübarizəni davam etdirirəm. Lakin Rioda iştirakım böyük ölçüdə baş tutmayacaq".
Rəhimov hazırda bir neçə atla məşq etdiyini dedi. Amma əsas atın zədələnməsi Braziliyaya yollanmaq şanslarını azaldıb: "Bir neçə atım var. "Warrior" mənim əsas atımdır. Biz bir-birimizi gözəl başa düşürük. Əsas mötəbər yarışlarda da məhz onunla yarışıram. Digər at yaşca bir qədər kiçikdir. Ona görə onunla gələcək turnirlərə hazırlaşırıq. Bildiyiniz kimi, bu idman növü üçün xüsusi atlar lazım olur. Həmin atlar uzun müddət çaparla hazırlıq keçməlidir. Tam hazır olandan sonra çapara öyrəşmək də çox vacibdir. Böyük xərclər tələb olunur. Adətən, çaparlar 2-3 atla işləyirlər. Əsas at xüsusi önəmli turnirlərdə mübarizə aparır. "Warrior"la çoxlu sayda turnirlərdə qələbə qazanmışıq. Uzun müddətdir ki, Rio barədə düşünürdük. Görünür, qismət deyil".
Qeyd edək ki, Yay Olimpiya Oyunlarına lisenziya xalları iki il ərzində oynanılır. Çapar yarışda yer tutmaqla, xalını artırır və yekunda planetin ən böyük turnirinə vəsiqə qazanır. İndiki halda Rəhimovun lisenziya qazanacağı real görünürdü. Amma həmin xalları əldə etdiyi yarışlarda "Warrior"la çıxış etməsi planları pozub. At zədələndiyi üçün onunla birgə Rioda çıxış etmək alınmayacaq. Digər atla qısa zamanda lazımi xalları toplayaraq, reytinqdə irəliləmək mümkünsüz görünür.
MƏSLƏHƏT GÖR: