24 Noyabr 2024

Bazar, 11:39

DEMPİNQƏ QARŞI

Yerli şirkətlər xarici istehsalçıların haqsız rəqabətindən qorunacaqlar

Müəllif:

15.03.2016

Qlobal iqtisadi böhran şəraitində Azərbaycanda ixracı əvəz edən istehsalatın qorunmasının vacibliyi daha da aktuallaşıb. Xüsusilə söhbət malların və xidmətlərin idxalı zamanı dempinq amilindən gedir. Daxili bazara təzyiqin qarşısını almaq məqsədilə Milli Məclis "Antidempinq, təzminat və mühafizə tədbirləri haqqında" effektiv qanun hazırlayıb. 

 

Məsələnin tarixçəsi

Hələ qədim zamanlarda antik şəhərlərin bazar və əmtəə istehsalatının formalaşdırılması dövründə də ticarət qarşıdurmaları faktları qeydə alınmışdı. Belə ki, Afinanın Meqara vilayətindən malların tədarükü ilə bağlı qadağaedici tədbirlər V əsrdə qanlı Peloponess silsilə müharibələrinə gətirib çıxarmışdı. Parçaların və ya ədviyyatların dempinqinə qarşı qadağaedici rüsumlar Venesiya, Genuya, Piza və digər orta əsr şəhərlərində tez-tez istifadə olunan praktika idi. XIX əsrdə sənaye əmtəə istehsalatının başlaması ilə geniş Britaniya imperiyasının ticarət şirkətləri, rəqiblərini bazardan sıxışdırmaq üçün qiymətlərin aşağı salınması praktikasından sistemli şəkildə istifadə etməyə başladılar.

Lakin ticarət müharibələrinin qızğın vaxtı XX əsrə təsadüf etdi, o zaman isə dempinq anlayışı (ingiliscədən dumping - azaltma) formalaşmışdı - yəni malların və xidmətlərin süni şəkildə düşmüş, bəzən maye dəyərindən də aşağı olan qiymətlərlə ixracı. Dempinqin məqsədi - xarici satış bazarlarını ələ keçirmək və öz istehsalatını maksimuma qədər genişləndirməkdir. 

Dempinqə öz ölkələrinin bazarlarında yüksək qiymətlərlə bu və ya digər malları satan və ya əksinə, onları daha ucuz qiymətə xarici bazarlarda reallaşdıran iri sənaye qrupları və ticarət oliqarxları əl atırlar. Bununla yanaşı, dempinq edən şirkətlərin zərərləri birbaşa və ya gizli şəkildə dövlət subsidiyalarının verilməsi və ya bu cür ekspansionist təcrübənin istifadəsindən xərclərini azaldan xüsusi vergi və gömrük imtiyazlarının tətbiq edilməsi vasitəsi ilə ödənilir.

Haqsız rəqabət üsullarına əsaslanmış dempinq yerli istehsalçılar üçün mühüm zərərlərə səbəb olur və bu gün də dünyanın bir çox dövlətləri antidempinq qanunları və xüsusi qoruyucu rüsumlar tətbiq edirlər. 

Bu cür qoruyucu tədbirlərin lehinə daxilində xüsusi Antidempinq praktikasına qarşı Komitə fəaliyyət göstərən Ümumdünya Ticarət Təşkilatı (ÜTT) çıxış edir. Son on illər ərzində ÜTT-in komitəsi yüzlərlə işlərə baxıb - əksəriyyəti poladtökmə və kimya sənayesi məhsullarının azaldılmış qiymətlərlə ixracı, kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması və s. bağlı. Lakin ÜTT-nin ticarət tərəfdaşlarının diskriminasiyasının qarşısını almaq səylərinə baxmayaraq, təcrübədə Afrika, Asiya, Cənubi Amerikanın iqtisadi cəhətdən zəif dövlətləri çox vaxt öz bazarlarını transmilli şirkətlərin qiymət təzyiqindən qorumaq iqtidarında deyillər.

 

ÜTT-nin lehinə, amma subsidiyalardan imtinanın əleyhinə

Yeri gəlmişkən, Azərbaycanın ÜTT-yə daxil olması üzrə danışıqlar prosesinin sürətləndirməməsində əsas səbəb - milli aqrar sektoru qoruyan gömrük baum-tariflərinin azaldılması və kənd təsərrüfatı istehsalçılarının indiki subsidiyalaşdırma səviyyəsindən imtina etməsi ilə bağlı digər üzv dövlətlərin tələbidir. Azərbaycan isə əksinə, ÜTT-yə inkişafda olan ölkə statusu ilə daxil olmaq və müvafiq olaraq, aqrar sektorun subsidiyalaşdırılmasına 10%-lik limit almaq istəyir, halbuki ÜTT ancaq 5%-lik limitə razılaşır. Bu gün Azərbaycanda aqrar sektorunun subsidiyalaşdırma səviyyəsi vergi güzəştləri də nəzərə almaqla, orta hesabla, 14-15% təşkil edir. Həm də bu səviyyənin azalması bir sıra obyektiv amillər nəzərə alınmaqla, çox çətin məsələ kimi görünür. Belə ki, dövlətin dəstəyi olmadan su anbarlarının tikintisi, meliorativ və irriqasiya sistemlərinin və torpaqların şoranlaşması və erroziyasından qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi mümkünsüz olacaq. Elə bu səbəbdən də, kənd təsərrüfatı texnikasının, gübrələrin, cins mal-qaranın güzəştli satışının və fermerlərə digər yardımların azaldılması ölkənin kənd təsərrüfatının bir çox istiqamətlərini ziyanlı edəcək. Bu vəziyyətdə Azərbaycanın aqrar istehsalatı rəqabətədavamlılığı minimuma enəcək və hətta xaricdən "ucuz" qida məhsullarının idxalı milli istehsalatı birdəfəlik məhv edəcək.

Qeyd edilməlidir ki, milli istehsalatın maksimal müdafiəsinə və ölkənin ÜTT-yə daxil olmamasına baxmayaraq, müxtəlif dövrlərdə Azərbaycan bazarı dempinq problemi ilə üzləşib. Belə ki, yeni əsrin əvvəlində dirçələn milli quşçuluq İrandan və Türkiyədən yumurtaların və Braziliya, ABŞ, eləcə də digər regionlardan quş ətinin dempinq tədarükündən yaranmış təzyiqinə tab gətirməmişdi. Müxtəlif dövrlərdə qiymət ekspansiyası cəhdləri qonşu ölkələrdən tərəvəz və meyvələrin tədarükü üzrə də müşahidə olunurdu, tikinti materiallarının bəzi ixracatçı şirkətləri də bir sıra mövqelərdə yerli istehsalçıları sıxışdırmağa cəhd etmək üçün azalma istiqamətində çalışırdılar.

Dövlətə malların və xidmətlərin tədarükü sahəsində də vəziyyət kifayət qədər çətin idi: dövlət sifarişləri barədə qanuna əsasən, dövlət orqanlarına üstünlüyü yerli istehsalçıların məhsullarına vermək tapşırılıb. Lakin son vaxta qədər bu qanunvericilik norması praktiki olaraq yerinə yetirilmirdi. Satınalma praktikasının təhlili göstərib ki, tenderlərin qaliblərinin 90%-i yerli şirkətlərin payına düşsə də, praktiki olaraq bütün bu tədarükçülər rəqabətədavamlı yerli istehsal analoqlarının olmasına baxmayaraq, üstünlüyü xarici mallara, materiallara və avadanlıqlara verirdilər. Belə disbalans daha çox tenderlərdə iştirak edən vasitəçi şirkətlərin ölkədə istehsal olunan məhsulların qiymət və keyfiyyət nöqteyi-nəzərdən rəqabətədavamlılığı barədə az məlumatlı olması ilə bağlı idi. Öz növbəsində yerli istehsalçılar da onlara müəyyən üstünlüklər verən tarif marjası kimi heç də həmişə bu cür vacib rəqabətli üstünlükdən istifadə etməyiblər.

 

Qanunvericilik həddində

Bu uyğunsuzluqların aradan qaldırılması və daxili bazarın qorunması üçün cari ildə bir sıra vacib addımlar atılıb. 2016-cı ilin yanvarında Milli Məclis "Dövlət satınalmalar haqqında" qanuna düzəlişlər qəbul edib və indi dövlət satınalmalarının həyata keçirilməsi zamanı yerli şirkətlərin məhsulu və xidmətləri tam üstünlük (onların keyfiyyətinin uyğunluğu nəzərə alınmaqla) qazanacaq, yerli istehsalçılar üçün güzəşt marjasının səviyyəsi isə alınan malın (işlərin, xidmətlərin) qiymətinin 15%-dən 20%-dək artırılıb. Başqa sözlə desək, dövlət sifarişçi yerli şirkətin məhsulunu seçməlidir, əgər onun qiyməti xarici rəqibinin təklifindən 20%-dən çox deyilsə. Ölkənin qida məhsulları ilə özünü təmin etməsinin səviyyəsini və yerli aqrar bazarın qorunması ilə bağlı yeni mexanizmlərin tətbiq edilməsi vacibliyi barədə ötən ilin sonlarından Kənd Təsərrüfatı Nazirliyində də maraqlanmağa başlayıblar. Xüsusilə, aqrar qurumda idxala kvotaların və mövsümi gömrük rüsumlarının tətbiqi, həmçinin ölkəyə idxal olunan aqrar məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsi imkanlarını nəzərdən keçirirlər.

Daxili bazarın qorunması üçün Milli Məclisdə daha dolğun və səmərəli antidempinq mexanizmin qəbuluna hazırlaşırlar. İqtisadi siyasəti, sənaye və sahibkarlıq üzrə parlament komitəsi tərəfindən hazırlanan "Antidempinq, təzminat və mühafizə tədbirləri haqqında" qanun layihəsi yerli istehsalçının müdafiəsinə, dempinq və subsidiyalaşmış idxal ilə yerli istehsalata dəyən zərər və ya təhlükədən qorunmasına yönəlib. Qanun layihəsində antidempinq və təzminat tədbirlərinin görülməsi və xüsusi rüsumların tətbiq edilməsi ilə bağlı qaydaları tənzimləyən maddələr də nəzərdə tutulub.

"Antidempinq tədbirlərinin qəbulunun əsas məqsədi - yerli sahibkarların iqtisadi maraqlarının qorunmasıdır. Bu cür qaydalar dünyanın bir çox ölkələrində fəaliyyət göstərir və milli antidempinq qanunvericiliyi layihəsinin hazırlanması prosesində deputatlar ÜTT-nin dörd əmrini əsas götürüblər", - deyə iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

Qeyd etmək lazımdır ki, qanun layihəsində nəzərdə tutulan mühafizə tədbirləri müvafiq dövlət orqanı tərəfindən bazarın ciddi tədqiqi və bu cür yoxlamanın başlanmasından 60 gündən sonra tətbiq oluna bilər. Qanun layihəsinə əsasən, dempinq və ya subsidiyalaşmış idxalın yerli istehsalata təsiri, idxalın həcmi, onun yerli məhsulun dəyərinə təsiri, idxal olunan və yerli məhsulun arasında qiymət fərqi, dempinq marjasının və digər bir sıra amillərin təhlili yolu ilə müəyyənləşəcək. 

Malların idxalı zamanı dempinqin təsdiq olunmuş faktları müəyyən edildiyi zaman antidempinq, təzminat və mühafizə tədbirləri görülə bilər. Xüsusi ilə, müəyyən məhsulun ölkəyə idxal edilməsinə xüsusi antidempinq gömrük rüsumunun tətbiqi nəzərdə tutulur, onun həcmi isə dempinq marjasına bərabər ola bilər. Bu cür müvəqqəti rüsumların dərəcəsi dempinq marjasından və subsidiyaların həcmindən yuxarı ola bilməz, onun tətbiq müddəti isə ixracatçıların müraciətlərinə əsasən dörd aydan doqquz aya qədər, müvəqqəti təzminat tədbirlərinin müddəti isə dörd aydan çox ola bilməz. Ümumilikdə, antidempinq və təzminat tədbirlərinin beş ildən çox tətbiqi mümkünsüzdür.

Bu və ya digər məhsulun idxalı zamanı yerli məhsulların qiymət pariteti pozulduğu halda, yerli istehsalçı müəyyən təzminat almağa ümid edə bilər.

İqtisadi siyasət üzrə parlament komitəsinin rəhbəri Ziyad Səmədzadənin sözlərinə görə, Azərbaycanın 140-dan çox ölkə ilə ticarət əlaqələri var, bir çoxlarında bu cür antidempinq qanunları tətbiq olunur, lakin bizim bəzi ticarət tərəfdaşlarımız bunu razılaşmalara rəğmən edirlər. "Yeni qanun yerli istehsalata dəstək göstərməli və daxili bazarı stimullaşdırmalıdır: 

bu son dərəcə vacibdir, çünki aqrar istehsalatın bir sıra istiqamətləri üzrə bəzi məhsullarımız xarici analoqları ilə rəqabət edə bilmirlər", - deyə Z.Səmədzadə vurğulayıb.

Bütün bunlar nəticədə yerli sənaye üçün həssas istiqamətlərdə daxili bazarı mühafizə etməkdən ötrü təsirli addımların qəbulunu zəruri edir və qeyd edilən qanunverici təşəbbüs bu istiqamətdə növbəti təsirli addım ola bilər.



MƏSLƏHƏT GÖR:

451