Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Bakıda təşkil olunacaq 42-ci Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış "Crystal Hall"da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.
FİDE prezidenti vəzifəsini icra edən, təşkilatın vitse-prezidenti Georgios Makropulosun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər edib. FİDE rəsmiləri Gənclər və İdman naziri Azad Rəhimov, eləcə də Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin (BŞOƏK) rəhbərliyi ilə görüşərək, mötəbər yarışın hazırlıq işləri ilə tanış olub. Beynəlxalq Şahmat Federasiyasının nümayəndə heyəti, eyni zamanda, olimpiadanın keçiriləcəyi "Crystal Hall"da təşkilati işlərlə maraqlanıb.
Möhtəşəm arenada oyun zalı, mətbuat və tibb otağı, VİP-sektor, tamaşaçılar üçün nəzərdə tutulan yerlərə baxış keçirilib. FİDE rəsmilərinə "Crystal Hall"da mətbuat işçilərinin rahat çalışmaları üçün xüsusi geniş mərkəzin fəaliyyət göstərəcəyi barədə məlumat verilib. Olimpiada vaxtı tamaşaçılar da oyun zalına rahat şəkildə daxil olacaqlar. Oyun zalında yerləşdiriləcək monitorlar partiyaları bütün istiqamətlərdən rahat izləməyə imkan verəcək.
Arenadakı vəziyyətlə tanış olan FİDE prezidenti vəzifəsini icra edən Georgios Makropulos görülən işlərdən razılığını bildirib. FİDE rəhbəri oyun zalında şahmatçılar üçün geniş yerin ayrıldığını xüsusi vurğulayıb. Hazırlıq işlərinin həl-ledici mərhələyə yaxınlaşdığını söyləyən Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov mötəbər yarışın yüksək səviyyədə keçirilməsi üçün lazımi işlərin görülə-cəyini deyib.
FİDE vitse-prezidenti Georgios Makropulos Bakıya səfərin yekunları ilə bağlı "R+"a açıqlama verib. Qonaq, ilk növbədə, 42-ci Ümumdünya Şahmat Olimpiadasının təşkilatçılığından danışıb: "Şahmat Olimpiadası bizim üçün təqvimdə ən önəmli idman tədbirlərindən biridir. Təsəvvür edin ki, 175 ölkədən 3000-ə yaxın şahmatçı, məşqçi, qonaq və digər şəxslər Bakıya səfər edəcəklər. Bütün bu insanları qarşılamaq, yerləşdirmək asan məsələ deyil. Buna görə də adətən, FİDE nümayəndələri olimpiadanı keçirən şəhərə səfər edərək, təşkilati işlərlə yerində tanış olmağa üstünlük verirlər. Sözsüz ki, Bakıya ilk səfərimiz deyil. Azərbaycan paytaxtı şahmat şəhəri kimi tanınır. Burada şahmatı özünəməxsus şəkildə sevir və oynayırlar. Bununla belə, mötəbər yarışa hazırlıq işlərində Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinə müəyyən işlərdə kömək etmək vacibdir".
Beynəlxalq Şahmat Federasiyasının prezidenti vəzifəsini icra edən Makropulos gördüklərindən razı qaldığını bildirib. Onun sözlərinə görə, Azərbaycan paytaxtı yaddaşlarda qalacaq yarış keçirəcək: "Mötəbər yarışda, adətən, məkan çox vacibdir. Bakı olimpiadanı "Crystal Hall"da keçirəcək. Bu məkanda "Avroviziya" mahnı müsabiqəsi və eləcə də ilk Avropa Oyunlarının yarışları təşkil olunub. Bakıya səfərimiz zamanı yarış məkanı bizi valeh etdi. Çox möhtəşəmdir. Bu arenada Şahmat Olimpiadasını keçirmək çox yaxşı olacaq.
Səfərin yekunlarına gəldikdə, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin işini yüksək qiymətləndirirəm. Hazırlıq plan üzrə davam edir. Kütləvi yarış olduğu üçün, eyni zamanda, 300-dən çox komanda yarışacaq. Ona görə geniş məkan vacibdir. "Crystal Hall"da dediyimiz böyük məkan var. Nəqliyyat və viza məsələləri ilə bağlı danışdıq. Fikrimcə, təşkilatçılar işlərinə ciddi yanaşıblar. Çünki bu məsələdə problem olmayacağını düşünürəm. Biz, eyni zamanda, arenada təhlükəsizlik, media mərkəzi və tamaşaçılar üçün ayrılan yerlərlə tanış olduq. Hazırlıq, demək olar ki, həlledici mərhələyə qədəm qoyur.
Şahmat Olimpiadası hər bir iştirakçıya görə, önəmli hadisə olmaqla yanaşı, uşaqlar və gənclər üçün də yaddaqalan olacaq. Bakı, ilk növbədə, adını bu mötəbər yarışı keçirən şəhərlər sırasına daxil edəcək. Digər tərəfdən, 175 ölkənin iştirak etdiyi turnir ən güclü şahmatçıların mübarizə məkanına çevriləcək. Bu yarışdan sonra ölkədə şahmata maraq daha da artacaq".
Georgios Makropulos Azərbaycan paytaxtının şahmat yarışlarını keçirmək üçün böyük təcrübəyə sahib olduğunu bildirdi. FİDE rəsmisi buna görə də Azərbaycanın mötəbər yarışı ən yüksək səviyyədə keçirəcəyinə inandıqlarını dedi: "Bakı indiyə qədər şahmat üzrə Qran-pri, Dünya Kuboku kimi bir sıra mötəbər yarışlara ev sahibliyi edib. Dünya Kuboku, demək olar ki, Olimpiadadan sonra əhəmiyyətliliyinə görə ikinci şahmat turniridir. Ötən il Bakı Dünya Kubokuna ev sahibliyi etdi. Bütün iştirakçılar turnirin təşkilatçılığından razı qaldılar. Olimpiada zamanı da belə olacağını gözləyirik. Bakıda olduğumuz zaman iştirakçı və qonaqların məskunlaşacağı otellərlə əməkdaşlıq müqaviləsi imzalandı. Qonaqlar və iştirakçılar ən yaxşı və münasib otellərdə yaşayacaqlar. Fikrimcə, Azərbaycan şahmat tarixində ən yaxşı Olimpiadanı təşkil edəcək".
Bundan sonra, FİDE rəsmiləri 42-ci Bakı Şahmat Olimpiadasının hazırlıq işləri ilə tanış olmaq üçün hər ay Bakıya səfər edəcəklər. Bu barədə də G. Makropulos məlumat verib: "İndiyə qədər görülən işləri yüksək qiymətləndiririk. Həlledici mərhələyə başladığımızdan, hər ay nümayəndələrimiz Azərbaycana gələcəklər. Lazım olan sahədə mütəxəssislərimiz Əməliyyat Komitəsinə kömək edəcək. Bildiyiniz kimi, Olimpiada vaxtı FİDE-nin növbəti konqresi də keçiriləcək. Hər iki tədbirə hazırlıq işlərinin gedişindən razıyıq. Növbəti aylarda iştirakçıların qeydiyyatı aparılacaq".
Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov isə təşkilati işlərlə bağlı danışıb. "R+"a açıqlamasında BŞOƏK-nin direktoru hazırda açılış və bağlanış mərasimlərinə dair ssenarilərin yazıldığını da söyləyib: "FİDE rəsmiləri ilə bir sıra vacib məsələlər barədə müzakirə apardıq. Bir sıra işlər artıq görülüb. Hazırda iştirakçıların qeydiyyatının başlanmasına hazırlıq gedir. Olimpiadanın təntənəli açılış və bağlanış mərasimləri üçün ssenarilər yazılır. Bu işlərdə yerli mütəxəssislərin bilik və bacarığından istifadə olunacaq. Açılış mərasimində milli mədəniyyətimizin təbliğinə çalışacayıq. Açılış mərasimi üçün iki arena təklif olunub. Son qərar yaxın günlərdə veriləcək".
MƏSLƏHƏT GÖR: