Müəllif: Elya ƏNVƏRLİ Bakı
Balet səhnədə gördüyümüz nağılvari gözəlliyi, bədən hərəkətlərinin musiqi və fikir ilə ahəngidir. Lakin gözəl ifa edilmiş rəqsin arxasında özünü baletə həsr edən insanın nəhəng zəhməti durur. Onlardan biri - Azərbaycanın Xalq Artisti, "Qızıl Dərviş" və "Zirvə" mükafatları laureatı, Prezident təqaüdçüsü Kamilla Hüseynova, nəinki Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeystri kimi çalışır, həm də Xoreoqrafiya Balet Akademiyasında işləyir və bədii rəhbərdir.
- Necə oldu ki, siz Azərbaycan baletinin priması, ölkənin Opera və Balet Teatrının aparıcı solistinə çevrildiniz?
- Özümü xatırlayandan həmişə rəqs etməyə ehtiyacım olub, bəlkə də ona görə ki, anam və nənəm də rəqs ediblər. Lakin onlar peşəkar baletə qədər yüksəlməyiblər. Valideynlərim isə kimyaçı olublar. Beş yaşında ikən Zabitlər evinin yanında yerləşən rəqs dərnəyinə verilmişəm. Baletə qarşı olan atam qərara alıb ki, qızının taleyini korlamayacaq və məktəbdə oxumağa icazə verir. Mən 9 yaşımda oraya daxil oluram. Bir də uzun müddət bədii gimnastika ilə məşğul olmuşam.
Məşhur pedaqoqlar - Leyla Vəkilova, bu vaxta qədər birgə çalışdığım Tamilla Şirəliyeva, Olqa Arifulina, Pulumb Aqaliudan dərslər almışam. Baleti fanat kimi sevmişəm və səhnəyə çıxmaq üçün səylə çalışmışam. Səhnə isə mənim üçün hər şeydir! Hər şeyi unudursan - ağrılarını, problemlərini və başqa bir ölçüyə, xəyal dünyasına daxil olursan. İlkim ən sevimli partiya "Romeo və Cülyetta" baletindən Cülyetta olub. Məktəbi yenicə bitirmişdim və Cülyetta məşhur qəhrəman olduğu üçün rol üzərində iş böyük məsuliyyət tələb edirdi.
- "Qızıl Dərviş" mükafatını hansı rolunuza görə almısınız?
- Vətənin sevgi və müdafiəsi mövzusuna həsr edilmiş Tamilla Şirəliyevanın quruluşunda Niyazinin simfonik muğamı əsasında "Rast" muğam-baletinə görə. Mən epik qəhrəman Tomrisin solo-partiyasını canlandırmışam. İlk dəfə muğam qismində musiqili improvizədən istifadə olunduğu üçün tamaşa maraqlı və koloritli alınmışdı.
- Sizin xüsusi maraqlı baletiniz...
- Polad Bülbüloğlunun "Eşq və Ölüm" yeni tamaşasında gənc Beycan rolu. Baletin dramatik süjeti böyük emosional zəhmət tələb edirdi. O, Dədə Qorqud xalq eposu əsasında yazılıb.
- Tamaşaçı sizi Leyli, Jizel, Cülyetta rollarından daha çox lirik qəhrəman kimi tanıyır. Hansı obrazlar sizə daha yaxındır: lirik, yoxsa dramatik?
- Amma mən Karmen, Tomris, Beycan, Laura və Zibeydənin dramatik partiyalarını da oynamışam - onlar mənim ruhuma yaxındırlar. "Karmen" tamaşasından sonra roldan gec çıxdım - bu obraz azadlıqsevərliyinə, ruhuna görə mənə o qədər əzizdir ki, adi həyatımda da özümü qəhrəmanım kimi aparırdım. Daha artıq sevdiyim qəhrəmanlarımdan indi də ayrılmıram. Onların kostyumları evimdə dolabda hələ də qalır. Françeska da Rimini, Şəhrizadın puantları və başörtüyü isə Dövlət Musiqi Alətləri Muzeyində saxlanılır. Demək lazımdır ki, Karmen, Jizel, Şəhrizadın partiyalarını ürəklə canlandırdığım ifalar 10 il əvvəl başqa cür idilər. Necə olduqlarını deyə bilmirəm, amma fərqli idilər... İndi də onları başqa cür ifa edərdim.
- Azərbaycan baletinin vəziyyətini bu gün necə qiymətləndirirsiniz?
- Müxtəlif repertuar, premyeraların sayı, anşlaqlar nəzərə alınmaqla, balet incəsənətinin səviyyəsi yük-səlməyə davam edir. Hər mövsüm 1-3 premyera ilə başlayır. Truppamız böyükdür və böyük tamaşaların öhdəsindən gəlirik. Müasir və milli baletlə bərabər, bütün dünyada ən yaxşı məktəblərin ifa etdikləri klassik tamaşaları da nümayiş etdiririk. Burada direktor Akif Məlikovun, teatrın aparıcı repetitorları və müəllimlərinin zəhməti var. Ən əsası isə, istedadlı gənclərimiz yetişir, səhnə təcrübəsini verəcək nəslin olması qürur yaradır.
- Siz "Zirvə" mükafatına layiq görülmüsünüz...
- Bu, Qara Qarayevin "Yeddi gözəl" baletinin yeni tamaşasının ən gözəl roluna görə verilib. İttifaqın dağılmasınadək Azərbaycan baleti son dərəcə populyar idi, lakin 1993-cü ildə hər şeyi sıfırdan başlamalı olduq. Və ancaq Heydər Əliyevin, teatr rəhbərliyi və artistlərin özlərinin dəstəyi, eləcə də Prezident İlham Əliyevin köməyi sayəsində bu gün teatrımızın layiqli siması var və Azərbaycan mədəniyyətini xaricdə təqdim edə bilir. Bizdə Milli Balet olduqca parlaq ifadə olunub və millitəmayüllü klassik bazanın olmasıda nadir haldır. Biz xaricdə hamını Milli Baletimizlə heyran qoyuruq. "Yeddi gözəl"in yeni quruluşu o qədər uğurlu olub ki, onu Moskvanın Böyük Teatrında da ifa etdik. Mən Böyük Teatrın aparıcı solisti Mixail Lobuxinlə rəqs etdim. Moskva rəhbərliyinin təkidi ilə məşq etmək üçün hamıdan tez gəldim.
Moskvada səhnədə böyük maillik var və biz bu cür mailli yerdə rəqs etməli olurduq, bu da asan deyil. Lakin maillik kütləvi səhnələrdə tamaşanın effektini gücləndirir. Bildiyim qədər, premyerada dəyərli yardımı görkəmli bəstəkarın varisləri - oğlu bəstəkar Fərəc Qarayev və qızı - İstanbul Konservatoriyasının professoru Züleyxa Bağırova (Qarayeva) edib. Onlar əvvəllər publikaya məlum olmayan səhnələrin baletə yenidən salınmasına kömək ediblər, bu da tamaşanı xeyli zənginləşdirib. Yeni librettonu Yana Temiz yazıb. Baleti rusiyalı baletmeyster Vasili Medvedev qoyub, dirijorluğu isə İstanbul Opera və Balet Teatrının dirijoru Elşad Bağırov icra edib. Moskva ilə təkcə bu xatirələrim bağlı deyil; biz "1001 gecə", "Don Kixot", "Leyli və Məcnun", "Eşq və Ölüm" baletləri ilə qastrollara çıxmışıq. Bir də teatrın rəhbərliyi belə bir hədiyyə təqdim etdi - Moskvaya staj keçməyə yolladı. Orada Tsiskaridze və Semenyakidən dərslər aldım.
- Artistin uğuru bəzən qısqanclıqla qarşılanır. Belə reaksiyaya necə yanaşırsınız?
- Əvvəllər kinli mühitdə yaşamaq mənə çətin idi, amma indi bilirəm: ailəm - mənim üçün etibarlı arxadır və diqqətimi belə reaksiyalara cəmləmirəm. Öz işimi yaxşı etmək üçün çalışaraq, irəli gedirəm. Bizim teatrımız böyük mehriban ailədir, bir-birimizi uşaqlıqdan tanıyırıq, bir yerdə oxumuşuq, bütün bayramları birgə qeyd edirik. Bir də ki həyat teatrda o qədər maraqlıdır ki, başqa ölkələrin opera və balet teatrlarının əcnəbi artistləri, onun tez-tez gələn qonaqları təkcə tamaşalar göstərmirlər, həm də ustad dərsləri keçirlər!
- Xaricdə Azərbaycanın bir ölkə kimi imici barədə nə deyə bilərsiniz?
- Əvvəllər qastrollar zamanı Azərbaycanın hansı ölkələrlə qonşuluqda olduğunu izah edirdiksə, indi bizi sərgilərdən, konsertlərdən, idman nailiyyətlərindən və Milli Baletdən tanıyırlar. Bu, ölkənin dövlət siyasəti səviyyəsində aparılan düz-gün təbliğatdır.
- Tamaşa tərəfdaşlarınız barədə nə deyə bilərsiniz?
- Tərəfdaşlar sarıdan bəxtim hər zaman gətirib, hər zaman hiss etdiyim möhkəm, etibarlı çiyinlər olub. Onlar, sadəcə, texniki olaraq yaxşı hazırlanmış artistlər deyildilər, həm də yaradıcı insanlar idilər. Bu isə artıq uğurun yarısı deməkdir. Bir çox ən yaxşı rəqqaslarla işləmişəm - Xalq Artisti Gülağası Mirzəyev, respublikanın əməkdar artistləri Yuri Lobaçov və İslam İslamovla, habelə Makar Ferştand, Anar Mikayılov, Anar Tahirovla.
- Hansı balet sizə daha yaxındır - klassik, avanqard, estrada?
- Avanqard baletdə özünüifadə daha asandır, çünki klassikada müxtəlif qanunlar və məhdudiyyətlər var. Düzü, mən hər şeyi sevirəm və rəqs etməyəndə çox darıxıram. Bununla belə, 37 yaşım var. Balerinanın dövrü qısa olur, balet gəncliyi sevir, indi yolu gənclərə vermək lazımdır. Vaxtı var idi, məni də gənclərin sırasından ön plana çıxarmışdılar.
- Bugünkü öhdəlikləriniz nədən ibarət idi?
- Müdiriyyətin razılığı ilə rolları paylaşıram, artistlərlə məşq edirəm, ayrı-ayrı fraqmentləri yaxşıca öyrənirəm, sonra tamaşanı tam yığıram, yeni artistlərin seçimində iştirak edirəm. Olduqca məsuliyyətli işdir.
- Rəqs etdiyiniz vaxtlarda həm sizin, həm də tərəfdaşınızın asan hərəkət etməsi üçün hansısa xüsusi qidalanma rejiminiz vardımı?
- Bəxtim gətirib, heç nədən tamarzı qalmırdım, heç bir pəhrizə riayət etmirdim. Ancaq tamaşa günlərində problem olmasın deyə, sağlam yağsız qida qəbul edirdim. Bütün artıq kalorilər səhnədə və məşqlərdə yanırdı. İndi də qızımla blinlər, kəsmikli qoğal, kəsmikli kətələri sevirik. Xoşbəxtlikdən, bu, bədən quruluşumu pozmur, kökəlmirəm. Sofiyanın 9 yaşı var. O, musiqi, üzgüçülük, at idmanı növü və karate ilə məşğul olur. Qoy, həyatdan zövq alsın - mənim kimi baletə fanatik sevgi bəsləmir və bu da çox yaxşıdır. Bir də Qala qəsəbəsində ekoloji düşərgəyə gedir, orada uşaqlar bitkilər əkirlər və təbiəti gəzirlər. Bir sözlə, maraqlı həyat yaşayır. Tək deyiləm, xoşbəxtliyi mənim üçün birinci yerdə olan övladımın həyatına görə məsuliyyət daşıyıram. İmkan olduqca, ona başqa ölkələri göstərməyə çalışıram.
- Qızınızın gələcəyini necə görürsünüz?
- Çalışıram, maraq dairəsi geniş olsun, amma seçim özünündür.
- Balerinanın boş vaxtı olur?
- Bəli, olur və həmin vaxtlarda tarixi və fantastik romanlar oxumağı sevirəm, xüsusən mistik elementləri olan. Belə bir filmdə çəkilmək arzum var. Toxumağı sevirəm, əsas qızım üçün toxuyuram. Mənim əl işlərimi hamıya göstərir və fəxr edir mənimlə. Ancaq bir ifadəni eşidəndə - "Ana, səni sevirəm" - bütün problemlərim, kədərim, stressim keçir. Bu, nəyə desən dəyər! Bütün qadınlara bu dünyaya nə üçün gəldiyimizi bizə anladan, həyatımızın mənasına çevrilən övlada sahib olmağı arzu edirəm.
- Yazda yaradıcı insanlarda hər zaman emosional yüksəliş olur...
- Bəli, çünki yaz, ilk növbədə, istilik gətirir. Bu, hər şeyin yenilənməsidir, çiçəklərin ətrinin, bəzən gözlənilməyən, açılan tumurcuqların qoxusudur. Bu daha bir yüksəkliyi geridə qoymaq istəyi və arzusudur. Lakin onun necə olacağını zaman göstərəcək. Qəti şəkildə bilirəm ki, bu, ancaq irəliyə, ancaq yuxarıya doğru hərəkət olacaq. Böyük klassik əsərlər qoymaq istərdim...
MƏSLƏHƏT GÖR: