23 Noyabr 2024

Şənbə, 20:52

"AĞILLI ƏŞYALAR"ın ƏSİRLİYİNDƏ

"Qacetomaniya" bizi adi insan ünsiyyətindən məhrum edir

Müəllif:

15.04.2016

Qacetləri yaradana 

Bir söz gəlir ürəyimdən:

"Gör, necə də alçaqsan sən..."

 

Siz, yəqin ki, zamanlara səyahət edən sovet pionerlərinin macəralarından bəhs edən "Sehrli xalat" adlı möhtəşəm Azərbaycan filminə baxmısınız. Bir çox halda, bu filmin yaradıcılarını uzaqgörən də adlandırmaq olar. Orada bir səhnə var - gələcəyin şagirdləri onlara keçmişdən qonaq düşən kinonun baş qəhrəmanları - Rəşid və Zərifədən çəkdikləri şəkilləri göstərməyi xahiş edirlər. Buna cavab olaraq Rəşid deyir: "Necə yəni göstər?! Əvvəlcə gərək "neqativ" çıxaram, sonra şəklinizi çap edəm!". 

XXI əsrdən olan uşaqlar hamılıqla buna gülüb, ona "Nuh əyyamından qalmış" aparatı muzeyə bağışlamağı məsləhət görürlər. Özləri isə çəkib, dərhal göstərirlər... adi videonu! Bu gün adi olan videonu. Özü də ilk həvəskar kinokameralara bənzəyən vahiməli səs-küy salan aparata çəkirlər. Kamera həmin gələcəyin "televideofon" ilə birləşmiş halda bu gün hər kəsin cibində varsa, biz o zaman təsvir olunan gələcəyi ötməmişikmi?

Bax, budur XXI əsr, bütün gözəllikləri ilə! Keçmişlə müqayisədə həyat ritmi, hətta planetin ən uzaq künclərində belə sürətlənib. Təkcə ətraf deyil, biz özümüz də dəyişmişik. Və zamanlar arasında əsas fərqlərdən biridə ondan ibarətdir ki, ötən əsrdə küçələrdə, nəqliyyatda və bulvar skamyalarında insanların əlində kitablar, jurnallar və qəzetlər görmək mümkün idisə, indi onları elektron vasitələr, ya da el arasında adlandırılan "qacet"lərlə (xarici sözlərin öz analoqlarımıza malik olduğumuz halda, necə də böyük həvəslə qurma əcaib ifadələrlə dilimizi zibilləməyimiz isə ayrıca mövzunun söhbətidir) əvəzləmişik.

Sizdə olubmu ki, tutalım, telefonu evdə unutmusunuz? Və bunu o qədər uzaqda olarkən xatırlamısınız ki, evə qayıtmaq barədə söz belə gedə bilməz! Özünüzü necə hiss etmisiniz? Yəqin ki, valideynlərini izdihamın içində itirən kiçik uşaq özünü daha rahat hiss edər. Bu vəziyyəti xarakterizə edən ilk hiss "təşviş"dir. Səbəbi də var! Axı sizə adı nə idi... o, zəng etməli idi... Və siz də filankəs ilə dərhal əlaqə saxlamalı idiniz... Bütün gün necə də hədər keçir. Qulaq dincliyi də rahatlıq vermir. Fikirlərinizdə də yalnız 30 buraxılmış və 50 yığılmamış zənglərdir. Valideynlərimiz isə ancaq ev telefonlarından istifadə edirdilər, "mobil telefon" rolunda isə zəngi 2 qəpiyə olan avtomatlar idi. Əsasən də görüşlərə gecikməməyə çalışırdıq, çünki gecikəcəyimiz barədə xəbər vermək üçün vasitə yox idi (bu, sizin üçün Qərb deyil ki, avtomatlara zəng gəlsin!). Bu gün isə biz "silahlanmışıq" və hazırıq ki, bizimlə istənilən vaxt istənilən zaman əlaqə saxlamaq mümkündür. Bunun nə dərəcədə yaxşı olması barədə mübahisə etməyin mənası yoxdur, çünki geriyə yol yoxdur. Beləliklə, ümumiyyətlə müasir dünyanı və xüsusilə şəhərimizi onlarsız hətta təsəvvür edmək mümkün olmayan "kiçik qardaşlar"ımızdan danışaq.

Smartfonlar. Çox güman ki, avtobusda və ya metronun qatarında çoxları sərnişinlərin ən məşğul hissəsinə - oyunçulara fikir verir. Onları nəzərdən qaçırmaq çətindir. Həm də onların sıralarına istisnasız, yaşından və cinsindən asılı olmayaraq, əhalinin bütün təbəqələri daxildir. Smartfon (smart ingilis dilində "ağıllı" deməkdir, bunu da onun hər sahibi barədə demək mümkün deyil) üzərində donqarlaşaraq, "çox çətin" iş görürlər - düşən kürələr, kvadratlar, romblarla mübarizə aparırlar. Və ya virtual avtomobili sərt döngələrdən keçirirlər. Demək istəyirsən ki, kaş, bu enerjiniz daha faydalı işlərə yönələydi! Yaxşı, bunu belini bükərək, gözlərini saatlarla balaca ekrana zilləmək vərdişinin nə ilə nəticələnəcəyini düşünməyən sağlam gənclər qalsın bir yana, çox vaxt artıq boyun osteoxondrozu və ya zəifləmiş görmə qabiliyyətinə malik böyüklər də edirlər axı! Bəzən sanki, "tıklayan”ın əlindən bu qurğunu götürsən, o, öləcək. Lap elə indi - bax, buradaca. Digərləri isə təəssüflə öz fövqəlməşğuliyyətlərindən ayrılaraq, sənin ətrafında sıx dairə yaradıb smartfonları ilə ölənədək döyəcəklər. Sonra yenidən oynamağa başlayacaqlar.

Fikir vermisiniz, smartfonların digər istifadəçiləri ikiəllə SMS-i necə sürətlə yazırlar? Keçmişin ən yaxşı makinaçıları onlarla müqayisədə, sadəcə, ləng tısbağalardır! Bu yazışmaların keyfiyyəti və düzgün yazılışı barədə gəlin, "gur səs"lə susaq. Lakin nəqliyyatın basabasında ismarışlar yazmağın həyati əhəmiyyəti bir az şübhə yaradır. Lakin bəzən, epistolyar janr həvəskarının üzündən belə qənaətə gəlmək olar ki, bu yazışmada, ən azı, bütün xalqın taleyi həll olunur. Bəzən də elə olur ki, yanında digər SMS-yazışmaların pərəstişkarı dayanır və heç bir utanc hissi keçirmədən həvəslə yazılanları oxuyur. Yadımdadır, "SMS"çilərdən biri utandırmaq məqsədi ilə telefonda yazdıqlarını oxuyan qonşusundan soruşdu: "Hə, necə yazdım?". O isə "iş başında" tutulduğundan heç utanmayıb sakitcə cavab verdi: "Bomba. Göndər".

Faiz dərəcəsi ilə mobil telefonlardan istifadə məqsədlərini müqayisə etsək, o zaman üstünlük telefonun heç də onun bilavasitə funksiyalarına verilməyəcək, halbuki o, bu təyinatla istehsal olunmuşdur. Vaxt keçdikcə, yeni müxtəlif funksiyalar əlavə olunurdu. Telefonların müasir modelləri barədə nə demək olar? Onu demək olar ki, istehsalçılar indi prioritet kimi smartfonların dəbdəbəli modellərini götürüblər və kiməsə zəng edəcək təkfunksiyalı sadə telefonlar artıq praktiki olaraq buraxılmır. Biz çox vaxt şikayət edirik ki, smartfon enerji "saxlamır". Onunla bütün günü internetdə oturanda, oynayanda və ya musiqi dinləyəndə, yazıq necə "saxlasın" ki?! Amma bir vaxtlar, sadə "Nokia"lar vardı və enerjini həftələrlə saxlaya bilirdi! Ancaq bu, artıq "dünənki" gündür və indi onu heç kim bəyənmir. Bəyənmiriksə, şikayət də etməyək! O zaman "dostunuzu" hər saat "yedizdirməyi" unutmayın və ya ona yarımtonluq akkumulyator qoşun.

Planşet-kompüterləri. Əsrimizin sürətimi səbəbdir buna, yaxud nə; ancaq dilimizdə qısaldılmış mənasız sözlər peyda olmağa başlayıb: "komment", "univer" və s.  

"Planşet-kompüteri" söz birləşməsindən isə təəssüf ki, "kompüter" sözü dilimizdən düşüb, sadəcə, onun daşınma üsulu, yəni "planşet" sözü qalıb. 

Ümumiyyətlə, planşet, əsasən, xəritələrin daşınması üçün xüsusi yastı, dəridən hazırlanmış və şəffaf pəncərəyə malik çantadır. Əsasən, orduda istifadə olunurdu. Lakin bu, artıq çətin ki, kimisə maraqlandıran detallardır.

Beləliklə, "planşetliklər" (heç olmasa, bu cür adlandıraq). Kifayət qədər faydalı ixtiradır və stasionar kompüter və noutbukları "öldürməsə də", onlara ciddi rəqabət yaradıb. Xüsusilə, ciddi proqramlar işlətməyən və kompüteri ancaq internetə çıxış və dost-tanışları ilə sosial şəbəkələrdə ünsiyyət üçün istifadə edənlərin arasında geniş yayılıb. Statistika göstərir ki, belələrinin sayı üstünlük təşkil edir. Düzdür, yuxarıda qeyd olunan smartfonla müqayisədə, böyük ölçüləri nəzərə alaraq, planşet kompüterlərini küçədə və nəqliyyatda insanların əlində daha nadir hallarda görmək olar. Oyunlar üçün böyük ekrana üstünlük verən estet tapılsa da, o bilməlidir ki, bu halda onun bilavasitə vəzifəsi ətrafdakıları əyləndirməkdir. Bu da əsasən, baş verir - bu cür "şarları düzən" və ya "lotu avtomobil sürücüsü"nün üzərində dayananlar və ya yanında oturanlar maraqla yarışların gedişatını izləyirlər.

Elektron kitablar. Bax, bu, əla şeydir! SSRİ-nin fəxrlə adlanan "Ən çox kitab oxuyan ölkə"nin (zaman göstərdi ki, əbəs yerə belə adlandırmırdılar) vətəndaşlığından çıxdıqdan sonra, biz qiraətin predmeti olan kitabı də itirdik. Ona görə, elektron kitabxanaların yaradıcılarına sevdiyimiz və yeni kitabları yükləməyə, oxumağa imkan verən həqiqətən də böyük zəhmətlərinə görə təşəkkür etməliyik. Burada da köməyə hər növ "oxumaq üçün vasitə" çatmalı idi. Necə də əladır - elektron "qiraətçi"yə kitabı yüklədin və oxudun. Bundan asan nə ola bilər ki? Lakin nədənsə, onu "qacetomanlar"ın əlində görmürük.

Lakin Zati-Aliləri İnternet olmasa, o zaman cihaz metal və plasmas yığınına çevriləcək. Təsəvvürümüzə belə gətirə bilmərik ki, insanlar iyirmi il əvvəl o olmadan necə yaşayırdılar. "Google", "Yandeks" olmadan insanlar məlumatı necə alırdılar? Heç "Mail.ru" da olmayıb. Düzdür, evlərdə kitablar var idi və kitabxanalar hələ işləyirdi, amma bunu müqayisə etmək mümkündürmü?! Maraqlanan insan nələrdən keçirdi - dur, geyin, lazım olan kitab üçün get, oxu onu (dəhşət!) və axtardığını tap. Bəs indi? Yerindən durmadan, istənilən əlaltında olan elektron vasitə ilə (özünə klaviaturada söz yığmaq üçün əziyyət verməyə heç ehtiyac da yoxdur, sadəcə, "Google"dan soruş) və emal olunmuş şəkildə istədiyini al. Nə qədər istəyirsənsə, götür. Əlbəttə ki, bunlar əvvəllər də əlinə  kitab almayan insanlara aiddir.

"Ulduzlar" barədə dedi-qodulardan həzz almaq və ya "Facebook"da tanımadığı insanlarla sərsəm məsələlərə görə savaşmaq əvəzinə, hər hansısa bir muzeyin, məsələn, Luvrun və ya Ermitajın saytına daxil olmaq və canlı heç vaxt görə bilməyəcəyin sənət əsərlərinə tamaşa etmək kiminsə ağlına gəlməsi əla olardı. Və ya "PinkFloyd"un konsertinə baxmaq... Zövqünə görə.

Sosial şəbəkələr, "Facebook" başda olmaqla, ayrı həyatdır. Əvvəllər hər kəsə öz yeməyinin şəkillərini nümayiş etdirmədən rahatlıqla yeyən və tanımadığı "dostlar"dan gündəlik "layk" payını almadan yatan əcdadlarımız, görəsən, necə insan idilər?! Həmin "dost"ların çoxu ürəyində belə şəkillərinin müəllifinə nümayiş etdilən yeməklərin boğazında qalmasını arzu edir. Atalarımız xörəklərin şəkillərinə tamaşa etmək yox, yeməyi bölüşmək üçün əsl dostlarını dəvət etməklə absurd həddə çatırdılar. Vəhşilik. Lakin biz fikrimizdən yayındıq.

Sözsüz ki, elektronika müasir həyatda lazımdır. Amma elektron vasitə və avadanlıq insanın köməkçiləri olmalıdır, həyati və bir çox məsələlərin həllini asanlaşdırmalıdır. Onlar insanı həyatdan qopararaq və geriyə yol olmadan hansısa başqa və heç də maraqlı olmayan reallığa aparan "qara dəlik" olmamalıdır. Telefon isə - bizim mobil dostumuz, elə telefon olaraq da qalsın. Qocaman Bellin insanlara bəxş etdiyi həmin telefon. Fərqi yoxdur - şnurlu, ya şnursuz; o, bizə Səs gətirməlidir. Dostun, uşağın, sevgilimizin Səsini...


MƏSLƏHƏT GÖR:

508