Müəllif: Sabirə MUSTAFAYEVA, Vəfa ZEYNALOVA Bakı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əvəzinə, Dövlət İmtahan Mərkəzinin (DIM) yaradılması ictimaiyyətdə böyük səs-küyə səbəb olub. Xüsusilə bu il orta məktəbi bitirəcək, ali məktəbə qəbul olunmağı planlaşdıran uşaqların valideynləri təşviş keçiriblər. Lakin Prezidentin yeni strukturun yaradılmasına dair sərəncamından bir gün sonra, artıq ləğv olunmuş TQDK-nin sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirərək, yaranmış suallara aydınlıq gətirib. Yaranmış sualların ən önəmlisi isə yəqin ki, Məleykə xanımın yeni yaradılmış DİM-ə rəhbərlik edib-etməyəcəyi ilə bağlı idi. Cavab özünü çox gözlətməyib. Daha bir gün sonra Məleykə Abbaszadə Prezidentin müvafiq Sərəncamı ilə DİM-in Direktorlar Şurasının sədri təyin olunub. Ali məktəblərə keçiriləcək qəbul imtahanlarına gəlincə, M. Abbaszadə dəyişikliklərin imtahana hazırlaşan abituriyentlərə heç bir təsir göstərməyəcəyini söyləyib. Bu, sadəcə, idarəetmə sistemində aparılan islahatdır.
Ali məktəblərə sənəd qəbulu davam edir və imtahanların keçirilməsi, həmçinin abituriyentlərin imtahanlara hazırlığı ilə bağlı heç bir dəyişiklik nəzərdə tutulmayıb.
"İmtahanların keçirilməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulduqda, bu barədə abituriyentlərə 1 il əvvəldən məlumat verilir. Bu ilin qəbul qaydaları artıq elan olunub və onlar dəyişdirilə bilməz", - deyə Abbaszadə qeyd edib.
Qeyd edək ki, DİM tələbə qəbulu komissiyasının funksiyalarını həyata keçirəcək. TQDK dövlət qulluğuna qəbul zamanı da bilik səviyyəsini dəyərləndirsə də, onun əsas işi abituriyentlərin biliyinin qiymətləndirilməsi idi. Odur ki, strukturun fəaliyyətində məhz bu məqam xüsusi diqqət cəlb edir. M. Abbaszadə isə əmindir ki, DİM-in yaradılması ilə əlaqədar idarəetmədə baş verəcək dəyişikliklər prosesin daha da şəffaf olmasına xidmət edəcək.
Dəyişikliklər zamanıdır
Təhsil sahəsində ekspertlər TQDK-nın ləğvini müsbət qiymətləndirir; məsələn, "İstək" İiseylər Şəbəkəsinin icraçı-direktoru Anar Məmmədov "R+"a açıqlamasında bildirib ki, TQDK yarandığı gündən bəri bütün abituriyentlərə bərabər şəraitin yaradılması işində böyük inqilaba imza atıb. O hesab edir ki, qurum tam obyektivliyin təmininə də nail olub. Məhz bunun nəticəsində ən yoxsul ailədən olan uşaq belə, lazımi balı toplamaqla, istənilən ali məktəbə qəbul olunub. Lakin indi dəyişikliklərin - növbəti aktiv addımın vaxtı çatıb.
"Problem ondadır ki, ən müxtəlif ixtisaslar üzrə sənəd vermiş əksər abituriyentlər eyni fənlərdən imtahan verirlər. Beləliklə, o qədər də yaxşı sayılmayacaq tendensiya yaranır: gələcək müəllim də, həkim də, mühəndis də çox zaman eyni sualları cavablandırır. Bir şeyə diqqət yetirin ki, bu cür sistem heç də həmişə əsaslı deyil. Hər hansı ixtisas üzrə təhsil almış çox sayda tələbə ixtisası üzrə işləmir. Nəzərə alsaq ki, yeni imtahan mərkəzi TQDK-nın bazasında yaradılır, obyektivliyə riayət olunacağına ümid edə bilərik", - deyə ekspert qeyd edib.
Bundan başqa, şagirdin qiymətləndirilməsi üçün meyarlar hərtərəfli ölçülüb-biçilməlidir. Məmmədov bu baxımdan da atılmış son addımı doğru sayır: "Düşünürəm ki, radikal dəyişikliklər olmayacaq. Proses tədricən gedəcək. Şagirdlər və valideynlər arasında əsl maarifləndirmə işi aparılmalı, bülletenlər buraxılmalı, müxtəlif istiqamətlərdə iş görülməlidir. Bu işlər məktəb direktorlarının iştirakı ilə aparılmalıdır. Çünki onlara bu addımın vacibliyi izah olunmalıdır".
Bununla yanaşı, ekspert Azərbaycanda həyata keçirilmiş bir eksperimenti misal göstərib. "25 şagirdə riyaziyyatdan suallar təqdim olunub. 45 dəqiqə ərzində onlardan yalnız 5-i tapşırıqların hamısını yerinə yetirə bilib. Verilən vaxt artırıldıqda, məsələləri düzgün edən şagirdlərin sayı da çoxalıb. Beləliklə, vaxt meyarı prosesə mənfi təsir göstərir və şagirdlərin real bacarıqlarının üzə çıxarılmasına mane olur. Bir çox ixtisaslar var ki, orada vaxt meyarı vacib deyil", - deyə o, bildirib.
Məmmədov ona da əmindir ki, test imtahanlarında sualların sayı həddindən artıq çoxdur. Onun fikrincə, bu, hətta bilikli şagirdlərin belə, stress və ya digər səbəbdən onların öhdəsindən gəlməsinə imkan vermir: "9-cu sinifdən başlayaraq, 11-ci sinfədək uşağın, ailəsinin bütün vaxtı, gücü test imtahanlarına hazırlığa gedir. Bununla biz, uşaqda cəsarət deyil, ehtiyatlılıq, sxematiklik yaradırıq. Xaricdə bu yaşda şagirdlər dərs oxumaqla yanaşı, idmanla da məşğul olur, ictimai həyatda iştirak edirlərsə, bizdə onlar 9-cu sinifdən yalnız müəllim yanına gedir, cəsarətli və sərbəst düşünə bilmirlər".
Ekspertin fikrincə, ölkədə təhsil sistemi elə qurulmalıdır ki, şagirdlərin lazımi qədər asudə vaxtları olsun - bu halda yeniyetmələr stresli vəziyyətə daha az-az düşəcək və onların arasında nə qədər qəribə səslənsə də, intihara əl atanların sayı azalacaq.
Rəqəmlər nədən xəbər verir?
Bununla yanaşı, TQDK-nın bu ilin martında Azərbaycanda keçirilmiş buraxılış imtahanlarına əsasən açıqladığı rəqəmlər, ümumilikdə, təhsil sistemində ciddi islahatlara ehtiyacın olduğunu göstərib. Sən demə, ölkədə 9 və 11-ci sinif şagirdləri arasında nəinki minimum tədris planını mənimsəyə bilməyənlər, hətta yazmağı və oxumağı bacarmayanlar da var.
"11-ci sinif şagirdləri arasında belə uşaqların sayı 24, 9-cu sinif şagirdləri arasında 76 nəfərdir. Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb. Nəzərə alsaq ki, əksər imtahan götürənlər protokollarında belə halları qeyd etmir, düşünmək olar ki, əslində, belə faktlar daha çox, vəziyyət daha acınacaqlıdır. Qəribədir ki, bu şagirdlər 9-cu, 11-ci sinfədək gəlib çıxa biliblər", - deyə TQDK-dan bildiriblər.
Qəbul imtahanlarının nəticələrinə gəlincə, ötən il 51 818 abituriyentdən 5790-nı əlaçı olub. Onların 20-si qəbul imtahanında 0-100 bal (0,35%), 151-i 100-200 bal (2,61%), 558-i 200-300 bal (9,64%), 2255-i 300-500 bal (38,95%), 2806-sı 500-700 bal (48,46%) toplayıb.
"Son qəbul imtahanlarında əlaçılar özlərini qismən doğruldublar. Təbii ki, mən onların hamısının 500-dən artıq bal toplamasını istərdim. Əlaçı məzunların göstəricilərinin təhlili orta məktəblərdə daxili qiymətləndirmənin nə qədər düzgün aparıldığını göstərir. Biz bu istiqamətdə təhlillərə 10-15 il əvvəl başlamışıq. O zaman şoka düşmüşdük. Çünki 0-100 bal toplamış uşaqların 7%-i, 0-200 bal toplayanların isə 22%-i əlaçı idi! Bütün bunlar göstərirdi ki, məktəblərdə daxili qiymətləndirmə düz aparılmır və qiymətlər şişirdilir. 2015-ci ildə isə artıq yalnız 20 uşaq 0-100 bal toplamışdı. Onların, təxminən, yarısı 500 baldan çox yığmışdı. Demək, artıq məktəblərdə əlaçıların qiymətləndirilməsinə daha ciddi yanaşılmağa başlanıb", - deyə Məleykə Abbaszadə bildirib.
Məktəbdəki qiymətləndirmə ilə hər bir fənn üzrə toplanmış balın korrelyasiyası da təhlil olunub. Məlum olub ki, nisbətən obyektiv qiymət daha çox ana dili, riyaziyyat və xarici dildən verilir. Bunun səbəbi, yəqin ki, həmin fənlərin buraxılış imtahanlarında yer almasıdır. "Müəllimlər "beş"i daha məsuliyyətlə yazmağa başlasalar da, "dörd" qiymətini verən zaman tam obyektiv olmurlar. Orta attestat balı 4,5-5 bal olan abituriyentlər isə qəbul imtahanında 0-100 bal yığmamalıdır", - deyə Abbaszadə qeyd edib.
Beləliklə, düşünmək olar ki, son struktur dəyişikliyi ali məktəblərə qəbul imtahanları ilə bağlı növbəti, daha qlobal istahatlara yol açacaq. Bunu dəfələrlə Məleykə Abbaszadənin özü də dilə gətirib. O, gələcəkdə ali məktəblərə qəbulun orta məktəbdəki buraxılış imtahanlarının nəticələri əsasında həyata keçiriləcəyini istisna etməyib; məsələn, Rusiyada belədir. "Ola bilsin ki, gələcəkdə qəbul imtahanları yalnız yükək müsabiqənin olduğu ixtisaslar üzrə keçirilsin. Bunu çoxları istəyir - buraxılış imtahanı yalnız dövlət sifarişi olan yerlərə və müsabiqənin yüksək olduğu ixtisaslara keçiriləcək. Müsabiqənin yüksək olmadığı ixtisaslara qəbul isə buraxılış imtahanının nəticələrinə əsasən həyata keçiriləcək", - deyə Abbaszadə bildirib.
Onun sözlərinə görə, buraxılış imtahanlarının nəticələrinin nəzərə alınması üçün onun, ən azı, 5 fənn üzrə keçirilməsi vacibdir.
"Fənlərin sayı tədricən artırılmalıdır. Ola bilsin ki, sonradan buraxılış imtahanlarının sayı 4-ə qaldırılsın. Bu halda bəzi ixtisaslara həmin 4 fənn üzrə buraxılış imtahanının nəticələri əsasında qəbul mümkün olacaq. Lakin hələlik onların hansı ixtisaslar olacağını söyləmək çətindir. Bu, kənd təsərrüfatı ola bilər - biz bu ixtisasa daha çox tələbə cəlb etmək istəyirik", - deyə komissiya sədri bildirib.
Hər halda, ümid edək ki, Azərbaycanda imtahan prosesində başlanan islahatlar zamanı test sistemi ləğv olunmayacaq, indiyədək deyildiyi kimi, o, daha da təkmilləşdiriləcək. Axı, test sistemi həqiqətən bir çox fərasətli məzuna ali məktəbə qəbul olunmaq imkanı verib və bizə sovet seçim sistemindən miras qalmış bir sıra xoşagəlməz halları aradan qaldırıb.
MƏSLƏHƏT GÖR: