Müəllif: Almaz MAHMUD Bakı
"Cənub Qaz Dəhlizi" (CQD) indiki mərhələdə Avropaya yeni mənbədən növbəti marşrutla qaz nəql etmək iqtidarında olan yeganə layihədir.
Təşəbbüskarı Azərbaycan olan layihə gələcəkdə Avropaya başqa mənbələrdən - Türkmənistan, İraq, İran, hətta İsraildən də qaz nəql edə bilər.
CQD-nin əsas hissələrindən olan Trans-Anadolu Qaz Kəməri (TANAP) tikintisinin gedişi ilə bağlı "R+"un suallarını TANAP “Dogal Gaz Iletisim A.S.” Şirkətinin baş direktoru Saltun DÜZYOL cavablandırıb.
- Bu günlərdə Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı oldu. Və siz də TANAP-ın baş direktoru kimi bu tədbirdə iştirak etdiniz. Ümumilikdə, nəticələri necə qiymətləndirirsiniz?
- 2016-cı il fevralın 29-da Bakıda keçirilmiş iclasın yekununda Birgə Bəyannamə imzalandı. Sənəddə CQD layihəsində maraqlı olan bütün tərəflər təbii qaz tədarükçüləri, tranzitçilərı və alıcılar da daxil olmaqla, iştirakçı ölkələr arasında strateji əməkdaşlığın inkişafını davam etdirmək əzmində olduqlarını təsdiqləyiblər. Bə-yannamədə qaz kəməri marşrutu bo-yunca yerləşən ölkələrə enerji tədarükünün etibarlılığının təmini məsələsi də əksini tapıb. Sənəddə Avropa İttifaqının qalan bazarlarının da təbii qazla təmini məqsədilə CQD-nin tranzit imkanlarından maksimum istifadəsi haqqında qərar qəbul olunub. Hesab edirəm, bu iclas Aİ-nin CQD-yə tam dəstəyinin bir daha nümayiş olunması baxımından əhəmiyyətlidi.
- CQD-nin əsas hissəsi TANAP boru xəttidir. Onun tikintisi necə gedir? Layihənin neçə faizi hazırdır? Türkiyə TANAP vasitəsilə qazı nə zaman əldə edə biləcək?
- 2016-cı il martın sonuna boru xəttinin mühəndis-texniki layihələndirilməsi tam başa çatdırılıb. Boru xətti boyunca tikilməsi planlaşdırılan kompressor və ölçü stansiyaları ilə bağlı analoji işlər 77% başa çatdırılıb. Boru kəmərinin 48 dyümlük diametrə, 459 kilometr uzunluğa malik 4-cü hissəsinin tikintisinə dair müqavilə 2016-cı ilin yanvarında imzalanıb. Bu hissə Eskişehrlə (Türkiyə) Türkiyə-Yunanıstan sərhədini birləşdirməlidir. İki kompressor və 4 ölçü stansiyasının inşası haqqında razılaşma isə bu ilin yanvarında imzalanıb. Nəhayət, fevralda boru kəmərinin 36 dyümlük diametrə, 19 kilometr uzunluğa malik 2 sualtı qolunun tikintisində maraqlı olan tərəflər təkliflərini tenderə təqdim ediblər. Söhbət Dardaneldən keçəcək qanadlardan gedir. Apreldə isə müqavilənin texniki-iqtisadi əsaslandırılması üzrə müvafiq sənədlərin imzalanması planlaşdırılır.
Bu tikinti çərçivəsində martın sonunda 638 kilometrlik boru xətti trasının inşası işləri başa çatdırılıb (ümumi uzunluğun 48%-i); 521 kilometrlik boru (39%) artıq düzülüb, 394 kilometrlik (30%) boru qaynaq olunub. Bundan başqa, tikinti işlərində istifadə üçün 1 020 kilometr uzunluğunda 56 və 48 dyümlük boru hazırlanıb. Bunun 823 kilometri artıq tikinti meydançalarına gətirilib. Boru xəttinin altındakı torpaq sahələri tam həcmdə inşaat podratçılarına verilib. Tikinti işlərinin aparıldığı ümumi torpaq sahəsinin 32%-i onun mülkiyyətçilərindən qarşılıqlı razılaşma əsasında alınıb.
- Neftin ucuzlaşması metal, borular, avadanlıq, mal və materialların qiymətlərinə də təsir göstərib. Bütün bunlar əvvəllər, təxminən, 10 milyard dollar qiymətləndirilən TANAP-ın layihə dəyərinə təsir edibmi?
- TANAP sırf tranzit layihəsidir. TANAP "Dogal Gaz Iletisim A.S." Şirkətinin AGSC və "Botas" ilə 15 illik müqavilə əsasında göstərəcyi xidmətdən əldə etməyi planlaşdırdığı illik gəlir əvvəlcədən təmin olunub. Neftin ucuzlaşması və nəticədə, dəyəri neftin qiymət indeksi əsasında təyin olunan qazın qiymətinin də kəskin şəkildə aşağı düşməsi, əsasən, təbii qaz istehsalçıları üçün əhəmiyyətlidir. Odur ki, bu hadisə TANAP-a bilavasitə təsir göstərmir. Çünki onun yeganə gəlir mənbəyi sabit nəql tarifi əsasında həyata keçirilən daşımalardır. Bununla yanaşı, neftin ucuzlaşması ilə neft-qaz bazarı məhdudlaşıb. Bu, mal və xidmət tədarükçüləri arasında rəqabəti kəskinləşdirib, xammalın qiymətinə öz təsirini göstərib. Nəticədə, TANAP layihəsinin reallaşdırılması xərclərinin əvvəl nəzərdə tutulduğundan, daha aşağı həddə salınması üçün əlverişli şərait yaranıb. Bu isə layihənin daxili mənfəət normasını (IRR) artırıb.
Layihənin maliyyələşdirilməsinə gəlincə, onun Dünya Bankı və Avropa İnvestisiya Bankı tərəfindən kompleks qiymətləndirilməsi davam edir. Bizim layihəmiz CQD-nin əsas bəndlərindən biridir və Aİ enerji resurslarının tədarükünün təhlükəsizliyi, şaxələndirilməsi baxımından, bu layihəyə strateji əhəmiyyət verir. Odur ki, beynəlxalq maliyyə qurumlarının qiymətləndirməsində TANAP-a bir qədər fərqli nöqteyi-nəzərdən yanaşılır.
Digər yandan, Avropa Komissiyası TANAP-a bəzi layihələrin reallaşdırılması üçün əvəzsiz yardım şəklində maliyyə dəstəyini davam etdirir. Bunlarla yanaşı, qiymətləndirilməsi hələ başa çatdırılmamış layihələr var.
- Hazırkı inşaat templərini nəzərə alsaq, TANAP vasitəsilə qaz Türkiyəyə nə vaxt çatacaq?
- TANAP çərçivəsində "Botas" Şirkətinin ilk qazı 2018-ci il iyunun sonunda əldə etməsi planlaşdırılır. Trans-Adriatik boru xəttinin inşası üzrə tikinti işlərinin qrafikinə uyğun olaraq, ilk qazın 2020-ci ilin əvvəlində nəqli nəzərdə tutulub. Hələlik, bütün işlər qrafik üzrə gedir və boru xəttimiz təbii qazın Avropaya nəqli üçün artıq 2019-cu ilin ortalarına hazır olacaq.
- Rusiya ilə Türkiyə arasında yaşanan gərginliyin enerji sahəsində əməkdaşlığı məhdudlaşdıra biləcəyi istisna deyil. Bu şəraitdə, TANAP Türkiyənin enerji təhlükəsizliyinə necə təsir göstərə bilər?
- Hazırda Rusiya Türkiyə və Aİ-yə əsas təbii qaz tədarükçüsüdür. Şübhəsiz, Rusiya TANAP-ın istismara verilməsindən sonra da təbii qaz tədarükü sahəsində lider mövqeyini qoruyub-saxlayacaq. Bizim boru xətti vasitəsilə Türkiyəyə, oradan isə Avropaya nəql olunacaq Azərbaycan qazı bu bazarlara tədarükü şaxələndirəcək və bazarda əlavə qaz həcminin yaranmasına səbəb olacaq. Bundan başqa, Rusiyadan və ya başqa mənbələrdən təbii qaz tədarükü dayandırılarsa və ya nəql həcmi azalarsa, TANAP-ın imkanları yalnız fayda gətirəcək, enerji tədarükü təhlükəsizliyinin təminini daha da gücləndirəcək.
- Türkiyənin Baş naziri Əhməd Davudoğlunun İrana son səfəri zamanı İran qazının TANAP-la nəqli ilə bağlı danışıqlar aparacağı deyilirdi. İran tərəfi layihəyə maraq göstərirmi? Bu istiqamətdə hansısa ilkin danışıqlar aparılırmı?
- İstehsal-satış zəncirinin yaradılması üçün müvafiq maddi-texniki bazanın yaradılması vacibdir: xammalın kəşfiyyat və hasilatı, emalı və nəqli sahəsində investisiyalaşdırma işinin birgə planlaşdırılması; bu gün ciddi kapital tələb edən investisiya layihələrinin reallaşdırılması üçün lazımi texnologiyalara və kapitala malik şirkətlərin səylərinin birləşdirilməsi; satıcılarla-alıcılar arasında (istər ölkələr, istərsə də ayrı-ayrı şirkətlər) uzunmüd-dətli alqı-satqı müqavilələrinin bağ-lanması; maraqlı tərəflərlə təbii qaz istehsalı, satışı və nəqli ilə bağlı razılaşmaların bağlanması (boru xətlərinin ötürücülük qabiliyyətinə zəmanət alınması); razılaşmaların legitimliyinin təmini məqsədilə ölkələrlə istehsalçı/satıcı şirkətlər, həmçinin nəql şirkətləri arasında hökumətlərarası sazişlərin imzalanması və ratifikasiyası.
İran qazı, hələ ki, "sanksiyalı qaz"dır, yəni, ona beynəlxalq sanksiyalar tətbiq olunub. Odur ki, bu qazın Türkiyəyə, oradan isə Avropaya TANAP vasitəsilə nəqli üçün, ilk növbədə, bu beynəlxalq sanksiyalar aradan qaldırılmalıdır. Hazırda TANAP, hüquqi olaraq, Türkiyə-Gürcüstan sərhədində yeganə çıxış nöqtəsi olan tranzit boru xəttidir. Onun çoxçıxışlı olması, İran qazının müvafiq nəql infrastrukturunun yaradılması üçün qazı qəbul edən ölkə kimi, Türkiyə ilə mövcud razılaşmaya dəyişiklik edilməli, bütün maraqlı tərəflərlə bu istiqamətdə lazımi addımların atılmasına dair razılıq əldə olunmalıdır.
- Öz qazını Avropaya TANAP vasitəsilə nəql etməkdə maraqlı olan ölkələr hansılardır?
- Hələlik, biz bununla bağlı hər hansı təklif və ya sorğu almamışıq. Gələcəkdə, bunun üçün şərtlərin yaranacağı vaxt, boru xətti ilə Türkmənistan, İran, Şərqi Aralıq dənizi və Şimali İraq qazının da nəqli haqqında düşünmək mümkün olacaq.
MƏSLƏHƏT GÖR: