23 Noyabr 2024

Şənbə, 19:58

UŞAQ DİLƏYİ İLƏ

Azərbaycanda yaxın zamanlarda hamını razı salacaq "Reproduktiv sağlamlıq haqqında" qanun qəbul ediləcək

Müəllif:

01.05.2016

Artıq neçə ildir, Milli Məclisdə "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi müzakirə edilir. Onun son dərəcə birmənalı olmayan, bəzən isə cəmiyyətdə tam ziddiyyətli fikirlər doğuran əsas maddələri süni mayalanma və surroqat analıqdır. Bu qanun layihəsinin artıq bir neçə dəfə müzakirəyə çıxarılmasına baxmayaraq, mövqelərin ayrılması eyni məx-rəcə gəlməyə və qismən mövcud olan təcrübələr üçün qanunvericilik bazasını müəyyənləşdirməyə mane olur. Layihə əleyhdarları öz mövqelərini milli dəyərlərin qorunması və mentalitetə riayət etməklə əsaslandıran məmurlar, həmçinin din xadimləridirlər. 

 

Hamı övladlığa götürmək yoluna əl atmır

Bütövlükdə, dünyada reproduktiv sağlamlıq barədə qanun dünyanın 140 ölkəsində qəbul edilib. Lakin bu, əsasən, Qərb və Avropa ölkələridir. Türkiyə və İran da daxil olmaqla, müsəlman ölkələrində bu qanun, ümumiyyətlə, irəli sürülməyib. Çünki hesab edilir ki, o, İslam mədəniyyətinə ziddir. Amma bütün bunların fonunda həmin ölkələrdə, əsasən də Türkiyədə, ailə planlanması mərkəzlərində dövlət hesabına kontratsepsiya vasitələri paylanılır, maarifləndirmə işləri aparılır. Bizim ölkəmizdə "mentalitet" məsələsinə görə, hələ də tabulaşmış hesab edilir; belə ki, "milli dəyərlərə uyğun deyil". Bununla belə, Azərbaycanda abort və sonsuzluğun statistikası qorxuludur. Ölkədə sonsuzluğun səviyyəsi 13%-dir.Təhlükəli hədd artıq 15%-də hesab edilir. 

2014-cü ilin statistikasına görə, Azərbaycanda 27 mindən artıq abort qeydə alınıb, bununla yanaşı, onların arasında böyük faiz - 1000-dən çox, 15-19 yaşarası gənc qızlarda təşkil edib. Qanunvericilik bazasına əsaslanmış şəkildə düzgün maarifləndirmə siyasətinin həyata keçirilməsi və aparılması sayəsində bu cür faktların qarşısını almaq olardı. 

E.A. (şərti ad) bir neçə il müddətində müvəffəqiyyətsiz hamilə qalmağa çalışıb. Uzunmüddətli və bahalı müalicədən sonra həkimlər bildiriblər ki, yeganə yol ekstrakorporal mayalanmadır (EKM). "Müalicə prosesində çoxsaylı xoşagəlməz və ağırılı prosedurlar keçməli olmuşam", - qəhrəmanımız deyir. - "Həm də EKM çətin və bahalı prosedurdur. Həmin vaxt bizə onun qiymətinin 2 mindən 6 minədək olduğunu demişdilər. EKM-in ilk cəhddən heç də uğurlu olmadığını nəzərə alsaq, deməli, ana olmaq imkanına, təxminən, 10-15 min manat xərcləmək lazım idi". 

Qəhrəmanımız övladlığa uşaq götürməyə üstünlük verərək, bu addımı atmayıb. Lakin məlumdur ki, bizdə övladlıq proseduru son dərəcə çətindir. "Övladlıq haqqında qanuna iradım yoxdur", - E.A. deyir. - "Bəli, prosedur uzun çəkir, çoxlu sənəd toplamaq lazımdır, lakin o, ədalətlidir; məsələn, ailənin vəziyyəti, maliyyə rifahı, hər iki potensial valideynin sağlamlığı nəzərə alınır. Aydındır ki, genetik valideynlərin də hər hansı xəstəliyi ola bilər. Lakin insanın həyatı və ya normal fəaliyyəti üçün potensial təhlükə daşıyan xəstəlik varsa, o zaman belə insanlara övladlığa uşaq vermək, yumşaq desək, ehtiyatsızlıqdır". İcra hakimiyyətinin nümayəndələri də müsbət rəylər aldılar, onların sərəncamına övladlıq üçün sənədlərin ilkin toplusu daxildir: "Bütün zəruri addımlar vaxtında atıldı, sənədlər düzgün hazırlandı və vaxtında təhvil verildi". 

Problemlər növbəti instansiya mərhələsində (Səhiyyə Nazirliyində) başladı. "Burada 1 il davam edən bürokratiya ilə rastlaşmalı olduq. Ancaq bundan sonra bizi qeydiyyata aldılar. Şikayətlər yazmaq, kandardan çıxmalı olduq. Bəxtimiz gətirdi, qeydiyyata alındıqdan cəmi 1 il sonra, qızı övladlığa götürə bildik, lakin növbədə 4-5 il gözləyən insanlar var", - qəhrəman bölüşür. 

Burada ən maraqlısı təqdim olunan məlumatın düz olmamasıdır. "Biz Uşaq evinə müraciət etdik", - qadın deyir. - "Bizə dedilər ki, onların, təxminən, 200 uşağı var. Lakin səhiyyə müəssisəsinin məlumatına görə, onların cəmi 4-5 uşağı var. Bu, şəffaflıqla bağlı bir çox suallar doğurur". 

Aydındır ki, özü sərbəst şəkildə uşaq dünyaya gətirə bilməyən heç də hər ailə belə seçim edə bilər. Qadın üçün analıq duyğusu təbiidirsə, kişi üçün özgə uşağı tərbiyə etmək ciddi sınaq ola bilər. Bu, süni mayalanma məsələsində özgə donordan istifadənin vacibliyinə də aiddir. Əslində, qanunun əleyhdarlarının arqumentlərindən biri də budur. Lakin Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev "R+"la söhbətində bildirib ki, süni mayalanmaya ehtiyacı olan böyük əksəriyyətin (99%) donora ehtiyacı yoxdur. Qalan 1% isə cəmiyyətə xüsusi təsir göstərməyəcək. 

      

Surroqat analıq

Yeri gəlmişkən, Azərbaycanda bir vaxtlar sperma bankı mövcud olub. Onun mövcudluğu qanunvericilik bazası ilə əsaslandırılmayıb, amma fəaliyyəti də qanunsuz hesab edilməyib. Buna baxmayaraq, möv-cud olduğu bütün bu illər ərzində az sayda insan, bəlkə də, yanlış fikrə üstün gələ bilməyərək, bundan istifadə etməyib. Hər şeyə əsasən, qanun layihəsi əleyhdarlarının xəbərdar etdikləri kimi, surroqat analıq cəmiyyətə təhlükə ola bilməz. Respondentimizin dediyi kimi, uşaq dünyaya gətirmək üsulu kimi özü heç vaxt surroqat analığı seçməzdi: "Başa düşürəm, bu bizim öz hüceyrələrimizdir. Amma analıq, axı, təkcə hüceyrələrlə bitmir. Bu qadın dölü 9 ay daşıyacaq. Onda analıq hissinin oyanmayacağı və uşağı verməkdən imtina etməyəcəyinə dair zəmanət haradadır?". Qəhrəmanımızın sözlərinə görə, istənilən halda bu, ailənin, ananın seçimidir. Lakin uşağın harada olduğunu öyrənə biləcək qadının, fakt olaraq, bioloji qadının olduğunu bilərək, uşağı böyüdə bilməzdi. Bu səbəbdən, əksəriyyət məmurların məsləhət bildikləri kimi, qohumlarından böyütmək üçün uşaq götürməyi mümkün hesab etmirlər: "Bu uşağın qohumumun olduğunu həmişə biləcəyim az deyilmiş kimi, hələ onunla mütəmadi və ya dövri olaraq ünsiyyətdə də olacağam. Bu zaman rahatsızlıq qaçılmazdır".  

Bu və ya digər şəkildə surroqat analığın etik tərəfi indiyə kimi bir neçə ölkədə, hətta məhkəmədə müzakirə predmetidir. Ona görə də bu cür faktın mövcudluğu zamanı, habelə uşağın böyüdülməsi üçün qohuma verilməsi bütün tərəflərin təhlükəsizliyini təmin etmək məqsədilə dövlət tənizmlənməsi mütləqdir. Musa Quliyevin sözlərinə görə, surroqat analığın əsas problemi tibbi deyil, hüquqi tərəflə bağlıdır. Surroqat ananın statusu, uşağın bətnində daşınması nəticəsində sağlamlığında problemin yaranma imkanları və s. məsələlər ola bilər. 

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova surroqat analığa qarşıdır: "Bu, cinayətə qədər olduqca qərəzli faktlara gətirib çıxara bilər. İnsan alverinin yeni mərhələsinə gətirəcək sui-istifadə halları başlaya bilər". 

 

Qeyri-müəyyənliyin səbəbləri

Əlbəttə, reproduktiv sağlamlıq haqqında qanun əhalinin bütün təbəqələrinin süni mayalanmaya imkanlarının olması məsələsindən yan keçə bilməz. Həmçinin dövlət hesabına aztəminatlı ailələrə reproduktiv dəstəyin göstərilməsi məsələsi də müzakirə edilib. 

Musa Quliyev: "Bu, çox ciddi məsələdir, amma düşünürəm, öz həllini tapacaq. Xüsusən, buna tibbi sığortanın tətbiqi kömək edə bilər". Bütövlükdə, deputatın sözlərinə görə, qanun layihəsinin tətbiqinin lən-giməsinin əsas səbəbi, əksər məmurların onun mahiyyətini tam dərk etməməsi nəticəsində yanlış fikrin yaranmasıdır: " Süni mayalanma ən müasir tibbi texnologiyaların tətbiqinin nəticəsidir. Lakin bəziləri hesab edirlər ki, uşağın bu yolla dünyaya gəlməsi İslama ziddir. Bununla bağlı deyə bilərəm ki, qatı müsəlman ölkəsi olan İranda bu, çoxdan tətbiq edilib və belə tibbi prosedurlar müvəffəqiyyətlə keçirilir. Adətən, insanlar dinin qəbul etmədiyi bir çox qadağalara gedirlər - siqaret çəkirlər, alkoqoldan istifadə edirlər və s. Bu cür neqativ məsələlərə loyal yanaşarkən, reproduktiv sağlamlıq və ailə planlanması məsələsində də nə üçün kor-koranə şəkildə dini aspektə əsaslanmalıyıq? Bununla yanaşı, EKM bir çox ailələrə həsrətlə gözlədikləri övlada sahib olmaq ümidi verə bilər". 

Deputatın dediyi kimi, istənilən halda qanun övlad sahibi olmaq istəyən, lakin onu dünyaya gətirə bilməyənlər üçün nəzərdə tutulub. Bu, məcburi deyil, heç kim heç kimi ondan istifadə etməyə məcbur etmir. Onun əsas məqsədi - sonsuzluğu azaltmaq və bu yolla ailənin dağılmasına mane olmaqdır. 

Din xadimlərinin mövqelərinə gəldikdə isə bu məsələdə çox vaxt bütün bəndlər üzrə birmənalı olaraq mənfi olur. İlahiyyatçı, fəlsəfə elmləri doktoru Hacı Aqil Şirin vəziyyəti bizə belə şərh edir: "İslamda uşaq sahibi olmaq ancaq ailə çərçivəsində mümkündür. Daha doğrusu, kişi onun zövcəsi olmayan qadından uşağa sahib ola bilməz. Ona görə surroqat analığa münasibət surroqat atalığa olanla eynidir, yəni kənar donor-kişidən istifadə edilən hallarda bütün din xadimlərinin mövqeyi birmənalıdır. Süni mayalanmaya gəldikdə isə deyə bilərəm ki, o, yenə də hər iki valideynin hüceyrələrindən istifadə edilməsi şərtlərinə riayət etdikdə yolveriləndir. Bu halda, mayalanma adi yolla mümkün deyil, o, tibbi, laboratoriya şərtlərində həyata keçirilir. Burada qeyri-təbii və dinəzidd heç nə yoxdur". İlahiyyatçı qeyd edir ki, biz dinin ayrı olduğu dünyəvi dövlətdə yaşayırıq. Ona görə sərt İslam göstərişləri qadağa üçün labüd şərt deyil, lakin bu məsələdə dinin mövqeyi müəyyənləşdirilib. 

 

Tibbi aspekt

Həkim-ginekoloq Nərminə Əsgərova vəziyyəti aydınlaşdırır: "Sonsuzluğun nə olduğunu müəyyənləşdirək. Bu cütlüyün hər hansı bir qorunma vasitəsindən istifadə etmədən 1 il ərzində mütəmadi cinsi həyat yaşamaqla uşağa sahib ola bilməməsidir. İlkin sonsuzluq - bu zaman cinsi həyatı olan qadın bir dəfə də hamilə qalmır (uşaqlıq xaricində olan, donmuş, abortla nəticələnən və s. daxil olmaqla) və ikincili - artıq olmuş hamiləlik (dəfələrlə doğuş, abortlar və s. olub, lakin indi qadın hamilə qala bilmir) olmaqla iki yerə bölünür. 

Statistikaya görə, dünyada, təxminən, 5% sonsuz cütlük var. Bu rəqəm şərtidir. Ölkə və regiondan asılı olaraq 2-6% həddində dəyişir; məsələn, Afrika və Cənubi Amerika ölkələrində bu göstəricilər son dərəcə aşağıdır". Həkim etiraf edir ki, təcrübəsində sonsuzluq diaqnozu ilə tez-tez rastlaşır. "İndi dünyada sonsuzluğun səbəbləri bərabərdir: 50% qadınlarda, 50% kişilərdə. Öz təcrübəmi nəzərə alaraq deyə bilərəm ki, bizdə bu bölgü 30%-in 70%-ə və ya 40%-in 60%-ə nisbətində qadınlara sarı artımdan ibarətdir". Qadın sonsuzluğunun səbəblərinin bütöv bir spektri mövcuddur.

"Öz təcrübəmdə pasiyentlərə bir neçə dəfə EKM etməyi tövsiyə etmişəm", - Nərminə xanım deyir. - "Hərçənd ilk prosedurun səmərəliliyi, təxminən, 30-40% təşkil edir, bununla belə, prosedurun böyük hissəsi müvəffəqiyyətlə keçib". EKM-in əks-göstəriciləri, həkimin sözlərinə görə, təbii hamiləlikdə olduğu kimidir - hamiləliyin normal keçməsinə mane olan ağır xroniki xəstəliklər, kəskin xəstəliklər.  

EKM-in qadağanedilmə imkanı ilə bağlı Nərminə xanım bu fikirdədir: "Başa düşə bilmirəm, süni mayalanmanı qadağan etmək kimə lazım ola bilər. Minlərlə ailə övlad sahibi ola bilmir, süni mayalanma isə onlara belə bir fürsət verir".

Digər həkim-ginekoloq deyir: "Pasiyentlərimin böyük hissəsi sidik-tənasül sisteminin iltihab xəstəliklərindən əziyyət çəkir. Sonsuzluq qadınlarda çox vaxt 30 yaşdan sonra rast gəlinir. Kişilərdə də sonsuzluq halları az deyil. EKM ilə bağlı hormonal sistemi artıq normal hamiləliyə imkan verməyən sonrakı reproduktiv yaşda olan qadınlar, əsasən, müraciət edirlər. Çox vaxt 38 yaşdan sonra olan qadınlardır bunlar". Həkim hesab edir ki, bu, qadınların gec ərə getmələri ilə bağlıdır. Gec yaşda doğuş sağlamlıq üçün riskli olduğundan, həkim düşünür ki, EKM-in qadağan edilməsi cəmiyyətdə hansısa böhranlı vəziyyətə gətirib çıxarma-yacaq: "Bir tərəfdən, bu, pis olmaya da bilər. Çünki təbiət bizi pis genetik fondu olan xəstə uşaqların doğulmasından qoruyur. Adətən, istər ata, istərsə də ana tərəfdən irsi xəstəliklər olan cütlüklərin uşağı əmələ gəlmir". Bununla yanaşı, həkim qeyd edir ki, EKM burada edilməsə, imkanı olanlar bu məqsədlə xaricə gedəcəklər. 

Surroqat analıqla bağlı vəziyyətə gəldikdə isə ginekoloq onun lehinədir: "Bizdə də belə bir imkanın olması pis olmazdı. Belə ki, elə qadınlar var, səhhətlərinə görə fiziki olaraq gəzdirə və sağlam uşaq dünyaya gətirə bilmirlər. Belə qadınlar ya boşanır, ya surroqat ana tapır və ya İranda donor toxum hüceyrəsi tapırlar. Lakin hamının buna imkanı çatmır. Bir çoxları, sadəcə, ailələrini itirirlər". 

Bakının klinikalarından birinin verdiyi məlumata əsasən, hər ay, ən azı, 90-100 insan süni mayalanma prosedurunu keçir. Prosedurun qiyməti 1 700 manatdan 2 500 manatdək dəyişir. Əlavə analizlər və prosedurlara, təqribən, daha 1 300 manat lazım olur. Hətta birinci prosedurun uğursuz ola biləcəyinə baxmayaraq, sonrakılar isə əlavə maliyyə vəsaitləri tələb edir. Proseduru istəyənlərin sayı azalmır. Bu prosedurun keçirilməsi üçün yüksəkixtisaslı peşəkarlar tələb olunur. Qeyd edək ki, hələ ötən il Azərbaycan Tibb Universitetinin tədris tibb klinikasında süni mayalanma əməliyyatının keçiriləcəyi şöbənin yaradılması planlaşdırılırdı. 

Xatırladaq ki, hazırkı mərhələdə Azərbaycanda "Reproduktiv sağlamlıq haqqında" yeni qanun layihəsi üzərində iş yekunlaşır. Üç dövlət strukturu və Qafqaz Müsəlmanlar İdarəsindən bu layihə ilə bağlı rəylər alınıb - bu qanun layihəsi üzərində iş artıq yekunlaşıb, narazılıq yaradan maddələr razılaşdırılıb. Yaxın vaxt-larda qanun layihəsi Səhiyyə Komitəsinə müzakirə üçün, daha sonra isə parlamentin plenar iclasına nəzərdən keçirilmək üçün təqdim ediləcək.


MƏSLƏHƏT GÖR:

447