Müəllif: Fuad HÜSEYNƏLİYEV Bakı
Neft bazarında, tədricən, lakin əsas odur ki, sabit şəkildə canlanma gedir. Neftin 1 barelinin qiyməti 40-45 dollar arasında möhkəmlənib və bəzən 50 dollaradək yüksəlir. Üstəlik, OPEC ölkələri ilə kartelə daxil olmayan neft hasil edən dövlətlər arasında danışıqların iflasa uğraması belə, bu müsbət trendi poza bilməyib. Söhbət aprelin ortalarında hasilat həcminin dondurulmasına dair Dohada aparılmış danışıqlardan gedir.
Hasilatın dondurulması ideyası, əsasən, Venesuela ilə Rusiya tərəfindən dəstəklənirdi. Fevralda isə buna Səudiyyə Ərəbistanı ilə Qətər də ilkin razılığını vermişdi. Doğrudur, əksər ekspertləri, ilk növbədə, sanksiyaların ləğvindən sonra neft hasilatı və ixracını artırmaqda olan İranın, həmçinin şist neftinə malik ABŞ-ın mövqeyi maraqlandırırdı. Yeri gəlmişkən, qiymətlərin kəskin şəkildə düşməsinin əsas səbəblərindən biri də amerikalıların hasilat həcminə nəzarət etməməsi idi.
Bu ölkələrin hər ikisi hasilatın dondurulması ideyasını dəstəkləsə də, qərara qoşulmağa tələsmədi. Nəticədə, danışıqların final mərhələsinədək dondurulmasına yalnız 18 hasilatçı ölkənin razılığı alınmışdı. Onlardan 11-i OPEC üzvü idi (İran və Liviya istisna olmaqla).
Razılaşdırılmalı olan qərarın detallarını həlledici görüşdən bir gün əvvəl, TASS-a müsahibəsində Azərbaycanın Energetika naziri Natiq Əliyev açıqlamışdı. Onun sözlərinə görə, razılaşmanın layihəsi hasilatın həcminin oktyabradək 2016-cı ilin yanvarındakı həddə saxlanılmasını nəzərdə tutur. "Bu, centlmen razılaşmasıdır: bütün ölkələr müəyyənləşdirilmiş hasilat normasına əməl etməyin ümumi maraqlara cavab verdiyini anlayır. Sənəddə nəzarət mexanizmi nəzərdə tutulmayıb. Hər bir ölkə razılaşmaya əməl olunmasına özü nəzarət etməlidir", - deyə Əliyev bildirmişdi. O, Azərbaycanın razılaşmaya qoşulmağa hazır olduğunu da bildirmişdi.
Nazir demişdi ki, razılaşmanın uğurla imzalanmasından sonra, neftin qiyməti, tədricən, artmağa başlamalı, 2016-cı ilin sonlarına 50 dollara çatmalıdır.
Və hər kəsin artıq razılaşdırılmış sənədin formal olaraq təsdiqini gözlədiyi bir vaxtda o, baş tutmadı.
Rusiyanın Energetika naziri Aleksandr Novak razılaşmanın pozulmasına görə günahı əlavə tələblər irəli sürən ərəb monarxiyalarının boynuna qoyub. "Biz qarşımıza ixracatçıların hamısının razılaşmaya qoşulması kimi bir vəzifə qoymamışıq. İstəyən qoşula bilər. Hər kəsin razılaşmaya qoşulmasını tələb etmək ədəbli və məqsədəuyğun deyil", - deyə Novak qeyd edib. Bununla o, Səudiyyə Ərəbistanının İranın da razılaşmaya qoşulması tələbinə eyham vurub.
"Financial Times" xəbər verir ki, Səudiyyə Ərəbistanı şahzadəsinin ikinci vəliəhdi, ölkənin müdafiə naziri Məhəmməd bed Salman krallığın neft naziri Əli əl-Naimiyə zəng vuraraq, ondan razılaşmanın pozulmasını qəti şəkildə tələb edib.
Ərəb monarxiyalarının mövqe-yini Dohada Qətərin energetika naziri Məhəmməd ibn Saleh əl-Sada açıqlayıb: "OPEC-in İran və digər nəhəng hasilatçıları, həmçinin kartelə daxil olmayan nəhəng hasilatçılar razılaşmaya qoşularsa, hasilatın dondurulması daha effektiv olar. Bu, bazarın balanslaşdırılmasını sürətləndirərdi".
Beləlikə, hasilatın dondurulması qərarı yayadək təxirə salınıb. Məsələyə əvvəlcə OPEC-in iyunda keçiriləcək sammitində baxılması, daha sonra digər hasilatçı ölkələrin ona cəlbi nəzərdə tutulur. Bununla yanaşı, əksər ekspertlər dondurma ilə bağlı razılaşmanın əldə olunması imkanına, o cümlədən bu prosesin bazara real təsirinə əvvəldən şübhə ilə yanaşırdı.
İlk növbədə, Səudiyyə Ərəbistanı ilə İran arasındakı geosiyasi qarşıdurma nəzərə alınmalıdır. Hazırda İslam Respublikası üçün əsas məqsəd özünün hasilat və ixrac həcmini bərpa etməkdir. İranın neft naziri Bijan Namdar Zəngənənin sözlərinə görə, Tehran heç bir halda hasilatın həcmini dondurmayacaq və o, bu bazardakı keçmiş mövqeyini bərpa etmək niyyətindədir.
İranın nüvə proqramı ilə bağlı razılaşmanın əldə edilməsindən, ona tətbiq olunmuş sanksiyaların bir hissəsinin ləğvindən sonra, ölkədə hasilat həcmi sutkada 2-2,3 milyon bareldən 3,2 milyon barelədək artırılıb. İndi iranlılar bu həcmi 4 milyon barelə çatdırmaq niyyətindədirlər. Üstəlik, İran bununla bazarda, əsasən, Səudiyyə Ərəbistanı neftini sıxışdırır - Tehran buna qiymətdə ciddi endirim etməklə nail olur (neftin növündən və satış bazarından asılı olaraq, 2-5 dollar). Bəlkə də Səudiyyə Ərəbistanının hasilatın dondurulmasına razılıq verməsinin əsas səbəbi, məhz İranda hasilat həcminin azaldılmasına nail olmaq idi. Tehranın bundan imtina etməsi səudiyyəlilər üçün dondurmanın əhəmiyyətini heçə endirib.
Digər, sırf iqtisadi baxımdan, hasilat həcminin dondurulması bazara onsuz da ciddi təsir göstərməyəcəkdi. Çünki hasilat həcminin 2016-cı ilin yanvarındakı səviyyədə dondurulması nəzərdə tutulurdu. Rusiya və Səudiyyə Ərəbistanında hasilat həcmi özünün pik həddinə məhz həmin ayda çatıb (müvafiq olaraq, sutkada 10,9 və 10,2 milyon barel). Demək, bununla bazarda tələblə-təklif arasında balansa nail olmaq alınmayacaqdı. Xatırladaq ki, hazırda bazarda tələb olunandan artıq neft sutkada 1,5-1,8 milyon barelə çatır.
İstənilən halda, dünya bazarı ləng də olsa, sürətlə balanslaşmaya doğru gedir və hasilatın dondurulması, sadəcə, bu prosesi bir qədər sürətləndirə bilərdi. Rusiyanın Energetika naziri hesab edir ki, "Əlavə səylər göstərilməsə, bazarda balans 2017-ci ilin ikinci yarısında bərpa olunacaq. Dondurulma ilə bağlı kollektiv qərar isə tələbin artması, təklifin isə sabit qalması hesabına bu prosesi 3-6 ay irəli çəkərdi, yəni, balansa 2017-ci ilin əvvəlində nail olunardı".
Lakin unutmaq olmaz ki, İran və ABŞ-ın razılaşmaya qoşulmaması halında azalan həcm onlar tərəfindən doldurulacaq. Bu halda, OPEC-in iyun sammitində də dondurulma ilə bağlı ciddi irəliləyiş gözləmək olmaz.
İstənilən halda, demək olar ki, bütün istehsalçılar və analitiklər tələblə-təklif arasında balansa 2017-ci ilin ortalarında nail olunacağını düşünür. Onların fikrincə, neftin qiymətində davamlı artım yalnız o dövrdən sonra mümkün olacaq. Rusiyanın "Lukoyl" Şirkətinin rəhbəri Vahid Ələkbərov hesab edir ki, neftin qiyməti artıq özünün ən aşağı həddinə çatıb (27-28 dollar) və gələn il o, 50 dollardan başlayacaq.
Analitiklər neftin gözlənilən bahalaşması tendensiyasını belə əsaslandırırlar: bir tərəfdən, neft bazarında hər zaman əhəmiyyətli rol oynayan spekulyativ amil öz sözünü deyib, digər yandan, təklifin azalması kimi fundamental faktor da var; məsələn, ABŞ və Kanadada hasilat həcminin davamlı azalması və Çində tələbatın artması.
Üstəlik, Doha danışıqlarının iflası ilə eyni vaxtda Küveytdə neftçilərin tətili başlayıb. Nəticədə, qısa müddətdə bazarda neft, təxminən, 1,5 milyon barel azalıb. Bununla da tətilin davam etdiyi 2 gündə bazarda müəyyən balans yaranıb. Bunun təsadüf olub-olmadığını söyləmək çətindir, lakin fakt odur ki, tətillə bağlı xəbərlər faktiki olaraq, Doha danışıqlarının iflasını sanki "tarazlayıb" və qiymətlər 43-45 dollar səviyyəsində qalıb. Sonrakı günlərdə isə tətilin dayandırılmasınadək bazar Doha iflasına öyrəşib və göstərib ki, dondurma lazımi effekti verməyəcəkdi.
Bu arada neft hasilatçıları şayiələr hesabına yaxşı qazanıblar. "Bloomberg" agentliyinin hesablamasına görə, Səudiyyə Ərəbistanı ilə Rusiyanın hasilatın dondurulması ilə bağlı müzakirələr apardığına dair məlumatlar yayıldıqdan sonra, qiymət 29% artıb. Nəticədə, nəhəng hasilatçı ölkələr əlavə 32 milyard dollar qazanıb. Bunun 3,7 milyardı Rusiyanın, 3,3 milyardı Səudiyyə Ərəbistanının, 3 milyardı ABŞ-ın, 1,5 milyard dolları isə Kanadanın payına düşüb.
Bununla yanaşı, qiymətlərin yenidən kəskin azalması təhlükəsi hələ də gündəmdədir. Burada yenə də ilk növbədə, Səudiyyə Ərəbistanı ilə İran arasındakı geosiyasi qarşıdurmadan danışmaq lazımdır. Onlar heç zaman bir-birinə dost ölkələr sayılmasalar da, ən azı, OPEC çərçivəsində razılığa gələ bilirdilər. Lakin hazırda iki ölkə arasındakı siyasi mübarizənin pik həddə çatması neft bazarına ciddi təsir göstərir. Artıq qeyd olunduğu kimi, İran bazardakı payını bərpa etməyə, ilk növbədə, Səudiyyə Ərəbistanını sıxışdırmağa çalışır. Lakin səudiyyəlilər mövqelərini asanlıqla əldən vermək niyyətində deyillər - son 2 il sübut edir ki, Krallıq bazardakı payını qoruyub-saxlamaq üçün qiymətdə istənilən endirimə getməyə hazırdır. "Saudi Aramco" Şirkəti rəhbərliyinin sutkalıq neft hasilatının həcmini 12 milyon barelə çatdırmaq niyyətini açıqlaması heç də bazarda balansın bərpasına xidmət etmir.
Neftin bahalaşması isə ABŞ-ın şist nefti hasilatçılarını bazara qaytara bilər. Beynəlxalq Enerji Agentliyinin (BEA) rəsmisi Nil Atkinson hesab edir ki, "tələblə-təklif arasında balansın yaradılmasının açarı" məhz ABŞ-ın əlindədir.
"IG" Şirkətinin analitiki Anqus Nikolsonun proqnozuna görə, WTI markalı neftin 1 barelinin 45 dollar olması bir çox şist nefti hasilatçısını bazara qaytara bilər və bu halda, neftin növbəti dəfə kəskin ucuzlaşağını istisna etmək olmaz.
İndiki şəraitdə OPEC-dən hasilat həcminin səviyyəsinin qorunub-saxlanmasına yönəlmiş süni addımlar gözləməyə dəyməz. Böyük ehtimalla, kartelin iyunda keçiriləcək sammiti də növbəti nəticəsiz toplantılardan biri olacaq. Lakin müəyyən oyun qaydalarına əməl olunarsa - nəzarətsiz hasilat artımının qarşısının alınması, hasilat həcmindəki artımın tələbin artımına uyğun olması sayəsində - bazarda balansa 2016-cı ilin sonlarında nail olmaq mümkündür.
Beləliklə, neft bazarında 2 ildə yaşananlar onun kənar müdaxilələr olmadan, özünütənzimləmə bacarığını nümayiş etdirib. Bu, faktiki olaraq, 1960-cı illərdən neft bazarında hökmranlıq edən OPEC-in qürubu deməkdir. İndi tələblə-təklif arasında balans bazarın əsas amilinə çevrilir. Bu balans əsasında formalaşan qiymət isə daha dayanıqlı, istər istehsalçı, istərsə də istehlakçı üçün daha sərfəli ola bilər. Ən azı, iqtisadi nəzəriyyə bunu deyir.
MƏSLƏHƏT GÖR: