24 Dekabr 2024

Çərşənbə axşamı, 16:55

"TOUR DE FRANCE" SƏVİYYƏSİNDƏ

"Synergy Baku" komandası ardıcıl ikinci dəfə "Tour d'Azerbaijan" veloyürüşünü qazanıb

Müəllif:

15.05.2016

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d'Azerbaijan-2016" veloyürüşü növbəti dəfə idmançılarımızın uğurlu çıxışı ilə yadda qalıb. Ötən il olduğu kimi, bu ildə də yarışın qalibi Azərbaycan idmançıları olub. 

İlk yarış günü iştirakçılar Dövlət Bayrağı Meydanından start götürməklə, Sumqayıt şəhərinədək 154 km məsafə qət ediblər. Məsafəni hamıdan tez başa vuran Almaniyanın "Bora-Argon 18" peşəkar kontinental komandasının üzvü Fil Bauhauz mərhələ qalibi olub. ABŞ-ın "İlluminate" komandasının üzvü Skott Sanderlend və Birləşmiş Ərəb Əmirliklərinin "Nəsr Dubay" klubunun nümayəndəsi Luka Vakerman, müvafiq olaraq, 2-ci və 3-cü yerləri tutub. Azərbaycanın "Synergy Baku" komandasının üzvləri Yannis Tamuridis, Maksim Averin, Matey Müqerli, Matiya Kvasina, Kiril Pozdnyakov və Elçin Əsədov da mərhələni ilk pelotonda başa vurublar. 

Azərbaycan yığmasının üzvü, ölkəmizi "Rio-2016" Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averin veloyürüşün 2-ci mərhələsinin qalibi olub. Təmsilçimiz paytaxt Bakıdan İsmayıllıyadək olan 186,5 km məsafəni hamıdan tez qət edib.

2-ci yerə Avstriyanın "Felbermayr" klubunun üzvü, ötən mövsümü "Synergy Baku"nun heyətində keçirən Markus Eybeger layiq görülüb. İlk 3-lüyü Isveçrənin "Roth" pro-kontinental komandasının üzvü Alberto Çeçin tamamlayıb.

"Synergy Baku"nun digər üzvlərinə gəlincə, Matey Müqerli 9-cu, Matiya Kvasina 13-cü, Kiril Pozdnyakov isə 16-cı olub. Bu nəticə "Synergy Baku"ya komanda hesabında 1-ci yerə yüksəlməyə imkan verib. 

Veloyürüşün 3-cü mərhələsi də Azərbaycanın "Synergy Baku" kontinental komandası üçün uğurlu alınıb - 2-ci mərhələdə olduğu kimi, yenidən komandamızın üzvü finiş xəttini hamıdan öndə keçib. Bu dəfə Matey Müqerli azarkeşlərə sevincdolu anlar yaşadıb.

Müqerli finişi onunla eyni vaxtda keçən 13 nəfərlik qrupda hamını qabaqlayıb. 2-ci yerə əvvəlki mərhələdə olduğu kimi, yenidən Avstryianın "Felbermayr" klubunun üzvü Markus Eybeger layiq görülüb. İlk 3-lüyü Birləşmiş Ərəb Əmirliklərinin "NASR-Dubai" komandasının üzvü Luka Vakerman tamamlayıb.

"Tour d'Azerbaijan-2016" veloyürüşündə 4-cü yarış günündə iştirakçılar Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından start götürüblər və 115,3 km məsafə qət etdikdən sonra, Pirquluda yerləşən Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçiblər.

"NASR Dubai" komandasının italiyalı üzvü Luka Vakerman finişi onunla eyni vaxtda keçən üçnəfərlik kiçik qrupda hamını qabaqlayıb. 2-ci yerə Qazaxıstanın "Astana City" klubunun üzvü Nikita Stalnov layiq görülüb. İlk 3-lüyü isə Portuqaliyanın "Tavira" komandasının italiyalı velosipedçisi Rinaldo Noçentini tamamlayıb.

"Synergy Baku"nun üzvlərinə gəlincə, Matiya Kvasina 8-ci, Maksim Averin 19-cu, Kiril Pozdnyakov 22-ci, Matey Müqerli isə 26-cı olub. 4 mərhələdən sonra ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavirəngli "Synergy Group" köynəyini Avstriyanın "Felbermayr " klubunun üzvü, 2-ci və 3-cü mərhələlərdə finişi 2-ci keçən, bu dəfə isə 4-cü nəticə göstərən Markus Eybeger ələ keçirib. Bu siyahıda "Synergy Baku" üzvlərindən Matiya Kvasina 8-ci, Maksim Averin 13-cü, Kiril Pozdnyakov 15-ci, Matey Müqerli isə 20-cidir.

Start və finiş nöqtəsi "Azadlıq Meydanı"nda olan, paytaxt küçələri ilə keçirilən və 158 km-dən ibarət sonuncu, 5-ci mərhələöncəsi Avstriyanın "Felbermayr " klubuna 1 dəqiqə 21 saniyə uduzan "Synergy Baku"nun əla komanda işi yekunda öz nəticəsini verib. Velosipedçilərimiz nəinki geriliyi aradan qaldırıblar, hətta yekunda "Felbermayr"i 7 dəqiqə 14 saniyə qabaqlamağı da bacarıblar.

Fərdi nəticələrə gəlincə, Almaniyanın "Bora-Argon 18" klubunun üzvü Mikael Şvarzman finişi birinci keçib. İsveçrənin "Roth" komandasının nümayəndəsi Alberto Çeççin 2-ci, Avstriyanın "Felbermayr" klubunun velosipedçisi Daniel Şorn isə 3-cü yeri tutub.

"Synergy Baku"nun üzvlərinə gəlincə, mərhələ qalibi ilə eyni vaxt göstəricisinə malik Maksim Averin finişi 4-cü, Matey Müqerli 8-ci, Yannis Tamuridis isə 9-cu keçib. 5 mərhələnin yekununa əsasən, ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavirəngli "Synergy Group" köynəyini Avstriyanın "Felbermayr" klubunun üzvü Markus Eybeger qazanıb. Bu siyahıda "Synergy Baku" üzvlərindən Matiya Kvasina 8-ci, Maksim Averin 13-cü, Kiril Pozdnyakov 14-cü, Matey Müqerli isə 17-ci yeri tutublar.

Ən yaxşı sprinter kimi yaşılrəngli "SOCAR köynəyinə "Felbermayr" klubunun üzvü Daniel Şorn yiyələnib. Rusiyanın "Gazprom-Rusvelo" komandasının velosipedçisi İldar Arslanov ən yaxşı gənc velosipedçi kimi bənövşəyirəngli "Ataholding" köynəyinə sahib çıxıb. Yaponiyanın "Bridgestone" klubunun üzvü Tomas Lebas ən yaxşı dağ velosipedçisi kimi qırmızırəngli "AZAL" köynəyini qazanıb. Ən yaxşı azərbaycanlı velosipedçi üçün nəzərdə tutulan AzVİF köynəyini isə yığma komandamızın üzvü, Azərbaycanı "Rio-2016" Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averin qazanıb.

Qaliblərə mükafatları veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov təqdim ediblər.

"Tour d`Azerbaijan-2016"nın texniki direktoru kimi görülən işlərdən razı qalan Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer təşkilatçılığı yüksək qiymətləndirib: "İdmançılar üçün yaradılan şəraitdən tam razı-yam. Bəli, ötən il müqayisə apararkən "Tour d`Azerbaidjan"da idmançılar üçün yaradılan şəraitin "Tour de France"dan üstün olduğunu qeyd etmişdim. Yenə də fikrimdə qalıram. Şərait çox yüksək səviyyədə idi. Bakı və Qəbələdə idmançılar çox gözəl otellərdə məskunlaşmışdılar. Hətta bizdən asılı olmayan hava şəraiti də əla idi. Çox qısa bir vaxtda yağış yağdı, bu isə bizə heç bir problem yaratmadı. İlk gündən gərgin mübarizəyə şahidlik etdik".

"Tour d'Azerbaijan-2016" veloturunun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov "R+"a açıqlamasında nəticədən məmnun olduğunu bildirib: "Bu, Azərbaycanın qələbəsidir. Yarış gərgin mübarizə şəraitində keçdi. Dünyanın bir çox ölkələrindən olan komandalar turnirdə mübarizə aparırdı. Azərbaycan artıq böyük tədbirlərə ev sahibliyi etməyə öyrəşib. Cənab Prezidentimiz İlham Əliyevin dəstəyini qeyd etmək istərdim. Dövlət başçımız daim idmana böyük qayğı göstərir. Təsadüfi deyil ki, velosiped yarışları dünyanın çox az sayda ölkəsində keçirilir. Azərbaycan bu baxımdan hər hansı problem yaşamır. Yerində ortaya çıxan kiçik problemləri də dərhal həll edirdik. Nəticəyə gəlincə, idmançılarımızdan razı qaldım. Ən əsası qələbə bizim oldu".

Qeyd edək ki, "Synergy Baku" "Tour d'Azerbaijan-2016" veloyürüşündə Elçin Əsədov, Maksim Averin, Matey Müqerli, Matiya Kvasina, Yannis Tamuridis və Kiril Pozdnyakovdan ibarət heyətlə mübarizə aparıb.



MƏSLƏHƏT GÖR:

443