Müəllif: Əzhar NƏBİ Bakı
İlham Bədəlbəyli şair, yazıçı, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin üzvü, Moskvadakı "Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədr müavinidir. O, 1945-ci ildə Sabirabad şəhərində incəsənət və ədəbiyyatla maraqlanan ziyalı ailəsində dünyaya gəlib. Gəncliyində bir çox ixtisasları sınayıb: zavodda ixtisassız fəhlə, çilingər, mühəndis-konstruktor, qəzet müxbiri. Bakı Politexnik İnstitutunda təhsil alıb, Tolyattidə "AvtoVAZ"ın tikintisində iştirak edib. Ali təhsilini Tula Pedaqoji İnstitutunda yekunlaşdırıb. Şeirlərə marağı onu A. M. Qorki adına Moskva Ədəbiyyat İnstitutuna gətirib. Gənc şairin ilk poetik toplusu oxucular və tənqidçilər tərəfindən xoş qarşılanıb, "Dənizdə adalar" məcmuəsinə görə, Azərbaycan yazıçılarından ədəbiyyat sahəsində N.Ostrovski adına mükafata layiq görülən ilk ədiblərdəndi. "Bədii ədəbiyyat" və "Raduqa" nəşriyyatlarında redaktor işlədiyi dövrlərdə Nizami Gəncəvinin, Səməd Vurğunun, Mirzə İbrahimovun, Mixaylo Stelmahın əsərlərinin toplusunu, Nazim Hikmət, Nəbi Xəzri, Şota Rustaveli, Tamaza Çiladze və digərlərinin ikicildlik və bircildlik əsərlərini hazırlayıb.
- Şeirlərə marağınız nə zaman başlandı?
- Məktəb illərindən. Bilirsiniz, az adam olar ki, gəncliyinin erkən çağlarında, eləcə də ilk məhəbbəti ilə qarşılaşanda şeirə maraq göstərməsin. Kimsə üçün bu, ərköyünlükdü, kimsə bu şəkildə öz daxili ovqatını ifadə edib, kiminsə üçün isə bu həyati tələbat olub. Mən də bir çoxları kimi, həyatımın bu mərhələsini keçmişəm. Bəlkə də bu, dünyaya münasibətimi ifadə etmək cəhdi olub və istəsəniz də özünüreallaşdırma cəhdi.
- Bir də yəqin, qızlar bəyənsin deyə...
- Bəli, tamamilə haqlısınız. Laqeyd qalmadığım qızın xoşuna gəlmək istəyirdim. Yadımdadır, 7-ci sinifdə məktəbin divar qəzetində ilk dəfə şeirim dərc olundu. Elə bilirdim, bütün məktəb mənə baxır, fəxrdən, lap az qala, partlayırdım. Tanrı məni seçibsə, bu barədə fikir söyləməməliyəm. Bunun üçün zaman və gələcək nəsillər var. Deyə bilərəm ki, yazmağa tez başlamışam, lakin ilk nəşrim ancaq 20 yaşında, ilk kitabım isə ondan sonra - 30 yaşıma yaxın çıxıb.
- Şeirlərinizi ancaq rus dilində yazırsınız?
- Rus dili mənə, Azərbaycan dilitək doğmadır. Mənə azərbaycanlıya rus dilində yazmaq heç də çətin deyil. Düşünürəm, bir çoxuna və rus kimi doğulanlara rus dili müəllimi ola bilərdim. Ədalət naminə deyim ki, gənclik illərində Azərbaycan dilində bir neçə şeir yazmışam.
- Azərbaycan və Rusiya sizin yaradıcılığınızda hansı yeri tutur?
- "Şeirlər yazılmır, şeirlər oxunur" prinsipinin tərəfdarıyam. Ona görə də heç vaxt qarşıma tapşırıq qoymamışam ki, "Azərbaycan" və "rus" şeirləri yazam. Azərbaycan Vətənimdir, burada doğulmuşam, dünyaya gözümü açmışam və ona məhəbbəti ana südümlə birgə almışam. Vətəni də, doğulduğun vaxt kimi seçmirlər. Rusiya mənim üçün ikinci vətən oldu. Pafosa görə bağışlayın, onun mədəniyyətindən, dilindən, incəsənətindən eləcə də ədəbiyyatından bəhrələnərək, yaşayır və yaradıram. Ona görə də şeirlərimdə həm Azərbaycan, həm də rus mədəniyyətinin təsirini görə bilərsiniz. Çünki hər iki mədəniyyət yaradıcılığımı öz sevgilərinin həyatverici qüvvəsi ilə dolğunlaşdırırlar.
- Yaradıcılıq - Yaradıcının öz aləminə dəvətidir. Sizin yaradıcılığınızın qapıları hara aparır?
- Öncədən deyim, heç kimi heç yerə dəvət etmirəm. Daha doğrusu, dostlarımı və tanışlarımı restorana, evimə ziyafətə, həyat yoldaşımı teatr və ya konsertə dəvət edə bilərəm. Bunlar başqa məsələdir. Yaradıcılığa gəldikdə isə burada hər şey tamamilə başqa cürdür. Yazanda, ancaq özüm üçün yazıram və yazdığımın necə qəbul olunacağı, dərc olunacağı, necə ictimai səs-soraq salacağı və qiymətləndiriləcəyi məni narahat etmir. Bir dəfə demişdim ki, mənim üçün yaradıcılıq aktı - Tanrı ilə özünəməxsus söhbətdir. Axı özüm də indiyədək bilmirəm ki, Tanrı ilə bu söhbətim, heç olmasa, bir dəfə olub, ya yox. Şeirlər yazılanda, ictimai həyatlarına qovuşanda artıq ancaq sənə məxsusluqlarını itirirlər. Onlar sərbəstlik əldə edir və öz müəllifindən asılı olmayan həyatlarını yaşayırlar. Onların yaratdıqları dünya da kiməsə maraqlıdırsa, buyurun, bu dünyaya qapı hamıya açıqdır. Giriş sərbəstdir.
- Poeziya nədən yaranır?
- Şairi əhatə edən hər şeydən - həyatdan. Şair onu əhatə edən mühitdən hansısa təzahürü tutur, onu ürəyinin prizmasından dəyişir, ürəyinin bir hissəsini ona qo-yur və bütün bunları kağıza tökür. Bunun üçün ancaq gərəkli sözləri ustalıqla düzmək lazımdır. Amma ehtimal nəzəriyyəsinə əsaslansaq, məlum olar ki, hətta balaca bir şeirdə belə, bu sözlərin düzülməsinin milyonlarla variantı var, lakin ancaq birini, müstəsna olanı seçmək lazımdır. Böyük poemalar, 4 cildlik "Müharibə və sülh" epopeyası barədə daha nə deyəsən?! Bu da yaradıcılığın - Tanrı ilə söhbət olmasına dair sübutdur.
- Siz tərcümə ilə çox məşğul olursunuz. Sizcə, şeir tərcüməsi - yeni şerin yaranmasıdır?
- Əminəm ki, şerin bədii, adekvat tərcüməsi, prinsipcə, mümkün deyil. Orijinala bu və ya digər dərəcədə yaxınlaşmadan danışmaq olar. Poeziya, ilk növbədə, lirik poeziya, əsasən, adekvat tərcümənin mümkünsüzlüyünə görə faciəvi sənətdir. Nəsrdə, epik janrda hər şey daha asandır. Süjet, fabula, münaqişə, qəhrəmanların xarakterləri, hərəkət var - bütün bunları digər dilin vasitələri ilə tamamilə təsvir etmək olar. Bəs, Puşkinin, Lermontovun, Tyutçevin, Blokun, Yeseninin daxili aləmlərinin incə çalarlarını, güclə duyulan nüanslarda, səslərdə, alliterasiyalarda, tərcümə olunmayan idiomlarda və ancaq rus oxucusuna aydın olan məcazlarda qurulan şeirləri necə çatdırmaq olar axı?! Ona görə də Dostoyevski, Tolstoy, Çexov - dünyamiqyaslı dahilərdir, istedadından onlardan geri qalmayan Puşkin isə milli, rusiyalı dahidir. Amma yenə də tərcümələr mədəniyyətlərin qarşılıqlı təsirinin güclü vasitəsi kimi, digər xalqların mədəniyyətlərini öyrənməyin güclü vasitəsi kimi lazımdır. Zəkalı, orijinala maksimum yaxın tərcüməni ancaq istedadlı şair edə bilər.
- İncəsənətin sosial həyatda rolunu necə görürsünüz? İncəsənət üçün incəsənət, yoxsa xalq üçün incəsənət?
- İncəsənət sosiumdan kənar mümkün deyil. İncəsənətin yaradıcıları varsa, onun istehlakçıları da olmalıdır. "Düzgün incəsənət"; "İncəsənət üçün incəsənət" - əslində, rəssamın azadlığı, onun təkcə səlahiyyət tərəflərindən deyil, həm də cəmiyyətdən müstəqil olduğunu nümayiş etdirmək cəhdidir. Bu, müvəffəqiyyətsiz cəhddir, çünki incəsənət mədəniyyətin ayrılmaz hissəsi kimi, ictimai şüurun formalarından biri ola bilməz; məsələn, ifadə vasitəsi söz olan şeirləri götürək. Söz isə dilsiz təsəvvür edilmir, əslində o, elə sözün təzahürüdür. Dil isə istənilən cəmiyyətin, əsas olmasa da, mühüm xüsusiyyətlərindən biridir: eposun, xalqın, millətin. Poeziyada dil yeni cizgilər əldə edir, tətbiq sahəsini genişləndirir, yeni assosiasiyalar doğurur. Bundan başqa, poeziya incəsənətin bir növü kimi, istər ayrı-ayrı şəxslərə, istərsə də bütövlükdə cəmiyyətə estetik təsir etmək qabiliyyətinə malikdir. O, insanda gözəllik hissi yaradır, mənəvi səmtlərin vektorunu müəyyənləşdirir. Etiraz ola bilər ki, poeziya öz mahiyyətinə görə kübardır, ancaq seçilmişlər anlayır. Bu heç də belə deyil. Mahnı nədən ibarətdir: musiqi və sözlərdən. Yəni o poeziya kimi. Mahnı incəsənətin kübar növünə çətin aid edilsin. Poeziya, şübhəsiz, dünyanın obrazlı dərk olunmasının güclü formalarından biridir.
- Şairə şöhrət lazımdırmı? O, yaradıcılıq üçün maneə deyil ki?
- Tanınmağı hamı istəyir. Lakin burada nüanslar ola bilər. Siz hakimiyyətdə olanlar tərəfindən nəvaziş görəcəksiniz, sizə çoxlu regaliya, ordenlər, adlar, vəzifələr verəcəklər. Əvəzində, Faustun hekayəsində olduğu kimi, qəlbinizi tələb edəcəklər, ancaq Mefistofel rolunda burada hakimiyyət çıxış edir. Hakimiyyət üçün qəlbinizi itirəndən sonra isə siz rəssam, yaradıcı olmursunuz. Mədhiyyələrinizin toplandığı qalın cildləri isə kitab mağazalarının rəflərində toz basacaq və ölən günün elə səhəri günü sizi unudacaqlar. Rəssam bu və ya digər dərəcədə hər zaman hakimiyyətə etiraz etməlidir, hərçənd buna görə bir çox xarici nemətlərdən məhrum ola bilər. Lakin xalqın etirafı, onun sevgisi zahiri, saxta firavanlığa dəyməzmi?! Xatırlayın, Nəsimi və Füzuli, Puşkin və Lermontov, Qaliç və Vısotski çarın qəzəbinə gəlmişdilər. Onları zəhərləyənlər unudulublar, şairlərin adları isə şöhrət qazanıb və qədirbilən nəsillərin sayəsində ədəbi yaddaşlarda qalır. Şöhrət sağikən də olur. Əsas, özünü bu şöhrətin təqibindən qorumaq, özünü itirməmək, istedadını əhəmiyyətsiz şeylərə sərf etməmək və yaratmaq, yaratmaq, yaratmaqdır. Ürəyə rahatlıq verməməkdir.
- Tutduğun əməldən heç vaxt peşman olmamağa necə yanaşırsınız? Nədənsə, peşmansınızmı?
- Çox şeydən. İlk növbədə itirilmiş zamandan. Bu qədər çox yaşamaq, bu qədər az etmək. Peşmanam ki, tez-tez tənbəlliyə, əyləncəyə, səfaya qapılmışam. İndi də bəzən özümə qalib gələ bilmirəm. Bəlkə, kiminsə sözlə, inamsızlıqla, hərəkətimlə xətrinə dəymişəm. Çox peşmanam və üzr istəyirəm. Bir sözlə, peşman olduğum şeylər var. Səhvlərimi düzəltmək üçün başqa həyat yaşamaq istərdimmi? Yox və yenə də yox. Bu, mənim həyatımdır və onu heç nəyə dəyişmərəm.
- "Tertium non datyr" ("Üçüncüsü verilməyib") şeirinizdə siz bu prinsipi Xeyir və Şər üzərində göstərirsiniz. O zaman dünya ağ-qara rənglərdə durur. Məgər dünyada başqa rənglər yoxdur?
- Adətən, şeirlərimi şərh etmirəm. Bəzən soruşurlar: bu və ya digər sətirdə nə demək istəmişəm; bu və ya digər bənddə məna nədən ibarətdir? Çox vaxt onları "Şeiri diqqətlə oxuyun, suallarınıza bütün cavablar oradadır" sözləri ilə yönləndirirəm. Amma indi cəhd edək, bəlkə nəsə alınar. Xeyir və Şər - iki əsas əlamət, iki təzaddır. Hər birimizdə hər ikisindən hissəcik var. Söhbət bizdə nəyin üstün olmasından, mənəvi səmtlərimizin necə olmasından gedə bilər. Mütləq Xeyir - Allahdır, ruhdur; mütləq Şər - allahsızlıq, iblis, şeytan, cismdir. Qələbə, ruhun seçimi insanı yüksəldir, onu mütləq həqiqətə yaxınlaşdırır, cismin qələbəsi onu nöqsanlara və günahlara salır. Lakin insan seçimində azaddır. Məncə, şeir bu barədədir, dünyanın hansı rəngdə olmasında deyil.
- Hesab edirsinizmi, Xeyir və Şər - vahid həqiqətin təzahürüdür?
- Qətiyyən. Xeyir sevgi, həqiqət, Allah kimi anlayışlarla ayrılmaz vəhdət təşkil edir. Onlarla və Şər arasında heç bir vəhdət ola bilməz. Çünki Şər - Xeyirin, Sevginin, Həqiqətin, Allahın olmamasıdır.
- Sizi reallıqla nə barışdırır və vicdan bir şeyi, reallıq isə başqasını dedikdə nə etmək lazımdır?
- Bu, özünlə həmfikir olmaq, özündə harmoniyanı axtarmaq cəhdləridir. Bu, bir. İkincisi, səni əhatə edən həqiqətlə düşmənçilik etməkdənsə, fikrimcə, ağıllı kompromislərlə bu dünya ilə razılaşmaq daha yaxşıdır. Lakin bütün hallarda vicdan prioritet qalır.
- Sizi nə təəccübləndirə bilər?
- Həyat hər təzahüründə rəngarəngdir. Hər an, hər dəqiqə, hər saat, hər gün. Hələ ki yaşayıram...
MƏSLƏHƏT GÖR: