Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Bir neçə il əvvəl söyləsəydilər ki "Formula-1" yarışı nə vaxtsa Bakıda keçiriləcək. Sözsüz heç kim inanmazdı. Amma yuxular gec də olsa reallaşır. İyunun 17-18-i paytaxtımız Bakıda "Formula 1" Avropa Qran-Prisi təşkil olunacaq. Avtoidmanın kraliçası sayılan "Formula 1" həm əhatə dairəsi, həm də miqyasına görə tam fərqli idmandır. Hər ölkənin keçirə biləcəyi yarış deyil. Bu mənada, Azərbaycan həm məsuliyyətli, həm də şərəfli layihəni həyata keçirməyə yaxındır.
"Formula 1"ə bir neçə gün qaldığı dönəmdə "R+" Gənclər və İdman Naziri, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) sədri Azad Rəhimovun eksklüziv müsahibəsini təqdim edir.
- "Formula 1"in Bakıda keçirilməsi ideyası necə yarandı? Söhbətə lap əvvəldən başlamaq istərdik...
- Son illər ərzində Azərbaycan mötəbər yarışlara ev sahibliyi edib. "Avroviziya" və Avropa Oyunlarından sonra artıq növbə "Formula 1"in keçirilməsinə gəlib çatıb. Hər bir yarışın öz auditoriyası var, elə həmçinin Qran Pri yarışlarının da. Bütün bu irimiqyaslı idman tədbirlərinin keçirilməsi bir məqsədə xidmət edir. O da Azərbaycanı dünya ictimaiyyətinə daha geniş şəkildə tanıtmaqdır. "Formula 1"in çox böyük izləyici kütləsi var və bu yarışın keçirilməsi ideyası da məhz bu məqsədə daha tez nail olmaq fikri əsasında yarandı. İnanıram ki, Avropa Qran Prisinin Azərbaycanın dünyada tanıdılmasında əvəzsiz rolu olacaq.
- Ümumiyyətlə, "Formula 1" yarışlarına münasibət necədir? Əvvəllər bizim üçün bu yarış bir qədər özgə idi...
- "Formula 1" yarışının çox böyük azarkeş kütləsi var. Bu azarkeşlər Qran Pri yarışlarının keçirildiyi ölkələrə səfər edərək yarışları yerində canlı izləyirlər. Hesab edirəm ki, Avropa Qran Prisi bizdə də oxşar azarkeş kütləsinin yaranmasına xidmət edəcək. "Formula 1" özün-də yarış, sürət, həyəcan, mübarizə kimi bir sıra xüsusiyyətləri daşıyır və bunlar gənclərimiz üçün də xarakterikdir. Bu baxımdan inanıram ki, Avropa Qran Prisinə ölkədə böyük maraq olacaq və biz hər il bu yarışı səbirsizliklə gözləyəcəyik.
- "Formula 1" sürətdir. Azərbaycanda sürəti sevirlər, siz bu fikirlə razısınız?
- Bu fikirlə tamamilə razıyam. Təbiətcə dinamik, hərəkətli və sürəti sevən xalqıq. Bununla yanaşı gördüyümüz hər işi sevərək, can qoyaraq edirik. Eyni zamanda yarışmağı sevirik və həm də mübarizə etməyi yaxşı bacarırıq. Bunu indiyədək mötəbər yarışlarda iştirak etmiş idmançılarımız qazandıqları böyük uğurlarla nümayiş etdirib. Bütün bu xüsusiyyətlər "Formula 1" yarışı üçün də xarakterikdir. Bu baxımdan, demək olar ki, xalqımız bu idman növünü maraqla qarşılayacaq və "Formula 1"in daimi azarkeşlərinə çevriləcək.
- Sizcə, "Formula 1" yarışı Azərbaycana nə verəcək?
- "Formula 1" yarışının keçirilməsinin Azərbaycana bir sıra faydası olacaq. İlk növbədə, 500 milyondan çox insana Bakını və ölkəmizin gözəlliklərini tanıtmaq fürsəti yaranacaq. Həm keçirilən yarışa görə, həm də bu yarış vasitəsilə ölkəyə çox sayda turistin gələcəyi gözlənilir. Bu da öz növbəsində, ölkədə turizm sektorunun sürətlə inkişafına təkan verəcək və bu sahə ilə əlaqədə olan digər sahələrdə də canlanmaya səbəb olacaq. Digər tərəfdən, qlobal səviyyədə idman yarışlarını keçirmək üzrə ixtisaslaşmış çox sayda yerli kadr yetişəcək. Minlərlə könüllü və marşal iş karyerası ilə əlaqədar arzularını bu yarış vasitəsilə reallaşdıracaq. Nəticədə, həm dünyada Azərbaycan daha çox insan tərəfindən güclü dövlət kimi tanınacaq, həm də xalqımız, xüsüsən də gənclərimiz bu və ya digər şəkildə yarışın verdiyi iqtisadi və karyera imkanlardan faydalana biləcəklər.
- "Formula 1" yarışına hazırlıq işləri yekunlaşmaq üzrədir. Demək olar ki, artıq Bakı mötəbər yarışa artıq hazırdır?
- 2016-cı il "Formula 1" Avropa Qran Prisinə hazırlıqla bağlı görülən işlər sonuncu mərhələdədir. Artıq Bakı Şəhər Halqasının asfalt örtüyü tamamilə çəkilib. Hazırda trek ətrafında tribunalar quraşdırılır və trek təhlükəsizlik baryerləri ilə əhatə olunur. Hökumət Evinin qarşısında yerləşən Paddok ərazisində artıq binaların tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir. Ümumiyyətlə, iyunun əvvəlinə trek yarışa tam hazır vəziyyətə gətiriləcək.
Mayın əvvəlində Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq "Formula 1" yarışından əvvəl trekdə görülən hazırlıq işlərini yoxlamaq üçün Bakıya səfər etmişdir. "F1" cari təqvimindəki ən yeni treki ətraflı şəkildə incələyən Çarli Vaytinq trekin hazırlığından olduqca razı qaldığını və Avropa Qran Prisi öncəsində trekin və onun ətrafında quraşdırılmış bütün obyektlərin yüksək keyfiyyətinə əmin olduğunu bildirib.
- Şəhərin mərkəzi yollarında vəziyyət necə olacaq? "Formula" günlərində yollar 24 saat bağlı olacaq?
- Tamaşaçılar üçün obyektlərin ətrafında təhlükəsiz hərəkət edə biləcəkləri bir sahə yaratmaq, yarış obyektinin ətrafında yaşayan sakinləri qorumaq, bu ərazidə fəaliyyətin və Bakıdakı yollarda hərəkətin davam etməsini təmin etmək məqsədilə Nəqliyyatın İdarə Olunması Planı hazırlanıb.
Plana əsasən Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 14-ü gecə saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Bu yerlərdə nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət iyunun 21-i səhər saat 06:00-da aradan qaldırılacaq.
Yarış ərəfəsində Bakı Şəhər Halqasının əhatə etdiyi qapalı ərazilərə gecə saatlarında, saat 24:00-dan səhər saat 06:00-dək yalnız əvvəlcədən müəyyənləşdirilmiş müvafiq yerlərdə nəqliyyatın giriş-çıxışına icazə veriləcək. Nəqliyyat vasitələrinin sürücüləri bunun üçün həmin ərazilərə aid olduğunu göstərən nişanları müvafiq orqanlar tərəfindən mütləq əldə etməlidirlər.
Qeyd etməliyəm ki, şəhər sakinləri yarış ərəfəsində trek ətrafında maneəsiz şəkildə hərəkət edə biləcəklər. Həmçinin trekin əhatə etdiyi qapalı zonalara əvvəlcədən təyin olunmuş yeraltı və yerüstü keçidlər vasitəsilə daxil ola biləcəklər.
- Demək olar ki, növbəti illərdə "Formula 1" yarışmasını təşkil etməyə daha az xərclər lazım olacaq?
- Bakı Şəhər Halqası müvəqqəti yarış obyektidir. Belə ki, hər il trek ətrafında yerləşən obyektlər yarış üçün qurulacaq, yarış başa çatdıqdan sonra sökülərək əvvəlcədən təyin olunmuş saxlama anbarlarına aparılacaq. Növbəti illərdə də proses oxşar şəkildə davam edəcək. "Formula 1" yarışının keçirilməsi üçün müəyyən FIA standartları var. Yarış obyekti bu standartlara müvafiq olaraq inşa olunmalıdır. Ona görə də Bakı Şəhər Halqasının keçəcəyi küçələrin asfalt qatı tamamilə dəyişdirildi. Digər tərəfdən, trek ətrafında inşa olunacaq Pit Binası və tribunalar üçün konstruksiyalar alındı. Bir sözlə, Bakı Şəhər Halqası gərəkli avadanlıqlarla tam təmin olundu. Bu, özlüyündə böyük xərc tələb edir. Lakin biz növbəti illərdə bu xərclərin əksəriyyətindən uzaq olacağıq, çünki artıq həmin texnologiyalar və avadanlıqlar bizdə mövcuddur.
- Bakıdakı "Formula 1", eyni zamanda, neçə ölkədə canlı yayımlanacaq?
- Qran Pri yarışlarını yalnız "Formula 1" rəhbərliyinin yayım hüququ verdiyi televiziyalar nümayiş etdirə bilər. Ümumilikdə, Avropa Qran Prisinin 187 ölkədə yayımlanacağı gözlənilir. İl ərzində bütün Qran Pri yarışlarını 500 milyondan çox tamaşaçı televiziya vasitəsilə izləyir.
- Təxmini hesablamalara görə, yarış zamanı ölkəmizə nə qədər turistin gəlişi gözlənilir?
- Bilet satışları davam edir. Xaricdən böyük rəğbət var. İndiyədək satılan biletlərin 65 %-dən çoxu xarici bazarın payına düşür və artıq 32 ölkədən çox sayda "Formula 1" azarkeşi yarışı Bakıda izləmək üçün Avropa Qran Prisinə bilet alıb. Son günlər ərzində yerli azarkeşlər yarışa böyük maraq göstərirlər. Qeyd edim ki, yarışı tribunalarda 20 minə yaxın tamaşaçı izləyəcək. Ayaqüstü yerlər üçün 10 min bilet satışa çıxarılıb. Nəticədə 30 minə yaxın tamaşaçı yarışı Bakıda canlı izləyə biləcək. Hesablamalarımıza görə, Avropa Qran Prisi ərəfəsində Bakıya 10 minə yaxın turistin gələcəyi gözlənilir.
- Gələcəkdə mötəbər yarışda Azərbaycan pilotunu görmək realdırmı?
- Hazırda "Formula 3" yarışlarında Azərbaycanı gənc pilot Gülhüseyn Abdullayev təmsil edir. O, indiyədək bir sıra yarışda qalib pilləsinə yüksəlib. Gülhüseyn həm də Avropa Qran Prisinin rəsmi elçisidir. İnanırıq ki, gənc istedadlı pilotumuz gələcəkdə daha böyük uğurlara imza atacaq. Burada fürsətdən istifadə edərək, Gülhüseynə gələcək yarışlarda böyük uğurlar arzulayıram.
İnanırıq ki, ilk "Formula 1" Avropa Qran Prisinin Azərbaycanda keçirilməsi gənclər arasında bu idman növünə böyük maraq oyadacaq.
- "Formula 1" yarışı zamanı bəzi VİP qonaqlar dəvət olunur. Tanınmış idmançı, ulduzlar. Bakıdakı turnirdə tanınmış simalar olacaq?
- "Formula 1" yarışlarının çox böyük tamaşaçı kütləsi var. Azarkeşlər arasında dünyanın aparıcı şirkət rəhbərləri ilə yanaşı dünya kino və musiqi ulduzlarına da rast gəlmək mümkündür. Bir sözlə hər bir sahədən bu yarışlara maraq böyükdür. Azərbaycanda keçirilən Avropa Qran Prisində də bu qəbildən məşhur simaları görəcəyik. Belə ki, Paddok Klub sırf tanınmış və nüfuzlu azarkeşlərin bir araya gəldiyi Formula 1 klubudur. Bakıda 2 mindən çox şəxsin bu klub çərçivəsində yarışları izləyəcəyi gözlənilir. Onlar arasında dünyanın məşhur simalarına rast gələ biləcəksiniz.
- Maraqlıdır, hansı komandaya azarkeşlik edəcəksiniz? "Formula-1"də favoritiniz kimdi?
– Builki "Formula 1" mövsü-mündə 11 komanda mübarizə aparacaq. Yarışda hər komandadan iki pilot iştirak edir. Başqa sözlə, 22 pilot yarışın qalibi olmaq üçün gərgin mübarizə aparacaq. Bu yarışlarda komandadan daha çox pilota azarkeşlik edilir. Mənim favoritim "Formula 1" üzrə ikiqat dünya çempionu və həm də Avropa Qran Prisinin ulduz elçisi olan Fernando Alonsodur. Ümid edirəm ki, Alonso Bakıda keçiriləcək yarış daxil olmaqla gələcək bütün Qran Pri yarışlarında böyük uğur nümayiş etdirərək layiqli yerə bir daha yüksələcək.
- Bakıdakı "Formula" digər yarışlardan necə fərqlənəcək?
- Bakıda keçiriləcək "Formula 1" yarışı digər Qran Pri yarışlarından bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, Avropa Qran Prisi şəhər trekində baş tutacaq və burada sürətin digər şəhər trekləri ilə müqayisədə ən yüksək həddə olacacağı gözlənilir. Başqa sözlə, Bakı Şəhər Halqasının dənizkənarı bulvar boyu uzanan sürətlənmə xəttində maksimal sürətin 340 km/ saatdan çox olacağı proqnozlaşdırılır. Eyni zamanda Bakı Şəhər Halqası şəhərin tarixi və müasir binaların olduğu yerlərdən keçir.
Həmçinin, 2016 "Formula 1" Avropa Qran Prisinin "vizit kartı" hesab olunan İçəri Şəhər divarlarının ətrafından keçən ensiz yoxuş hissəsi yarışa möhtəşəm ab-hava qatacaq.
Bundan savayı, Bakı Şəhər Halqası şəhər trekləri arasında ən sürətlisi olmaqla yanaşı həm də uzunluğuna görə ən böyük şəhər trekidir.
Bakıda keçirilən digər idman yarışları ilə müqayisədə "Formula 1"in çox böyük azarkeş kütləsi var. Avropa Qran Prisi ilə yanaşı Bakı şəhərinin gözəl mənzərəsi yayım hüquqlu televiziyalar vasitəsilə 187 ölkədə 500 milyondan çox izləyiciyə nümayiş olunacaq.
MƏSLƏHƏT GÖR: