24 Dekabr 2024

Çərşənbə axşamı, 03:21

SƏHNƏDƏN-PAQONLARA

Cahangir QURBANOV: "Arzular bitmir, sadəcə, zaman ötdükcə dəyişir və davam edir"

Müəllif:

15.06.2016

Azərbaycanın Əməkdar artisti Cahangir Qurbanov təkcə Opera və Balet Teatrının aparıcı solisti yox, eyni zamanda, solist və dirijor kimi çıxış etdiyi DİN-in (Daxili İşlər Nazirliyi) musiqi və rəqs ansamblının da rəhbəridir. Teatrda çalışdığı dörd il müddətində o, Azərbaycan və xarici klassikanın, demək olar ki, bütün repertuarını mənimsəyib. Məşğul olmasına baxmayaraq, o, "R+"a özü, işi və ailəsi barədə danışmağa vaxt tapdı.

- Nə vaxt hiss etdiniz ki, opera sizin sahənizdir? 

- Ailəmizin səkkizincisi , ən kiçik övladıyam. Atam hərbçi, anam isə kimyaçı idi. Əslən Naxçıvandan olmasına baxmayaraq, ailəm doğulduğum Sumqayıtda yaşayırdı. Ancaq bir qardaşım Yaşar musiqiçi oldu. Onun da mənim kimi bariton səsi var və Naxçıvan Muxtar Respublikasının əməkdar artistidir. Hazırda Naxçıvan Dövlət Universitetinin filarmoniyasında çalışır. O, Naxçıvan Dövlət Universitetinin hərbi fiziki təlim fakültəsini bitirib. Tələbə ikən, 3 yaşından dostluq etdiyim dostumla dərsdən qaçmağı düşünürdük. Bunun üçün də əla fürsət yarandı - xor üçün kişi səsinin axtarışında olan musiqi kafedrasının müəlliməsi Tahirə xanım bizim səsimizi yoxlamaq istədi. Mən və dostum da daxil olmaqla, bir çoxları məmnuniyyətlə razılaşdılar. Nəticədə, ancaq məni saxladılar və dedilər ki, sən mütləq solist olacaqsan. Bu ifadə bütün həyatımı dəyişdirdi. Tahirə xanım mənə üç il dərs dedi.

- Nə üçün konservatoriyaya daxil olmaq qərarına gəldiniz?

- Sonradan, "Yeni ulduz" estrada müsabiqəsində məni münsiflər heyətinin üzvü Ruhəngiz Qasımova bəyəndi. O da məni bəstəkar və şair Eldar Həsənovla tanış etdi. O, yaradıcılığımda böyük rol oynayıb. Onunla birgə şansonlardan ibarət dörd albom yazdıq. Məhz, o mənə konservatoriyada təhsil almağı tövsiyə etdi.

- Siz estrada müğənnisi kimi başladınız. Bunu tez bir zamanda özünü tanıtdırmaq və məşhur olmaq üçün etdiniz?

- Bu barədə heç vaxt fikirləşmirdim. Ulduz olmaq mənim məqsədim deyildi, çünki ulduzlar tez parıldayır və tez də sönürlər. Yüksəksəviyyəli artist olmaq - mənim məqsədimdir. Bunun üçün də çalışıram. Konservatoriyada müəllim sarıdan bəxtim gətirib. Mənə respublikanın əməkdar artist, professor Hüseyn Əliyev dərs deyib. O, bütün zamanların pedaqoqudur. O, bir çox vokalçılar nəsli yetişdirib. İndiyə qədər birgündənbir onun yanına oxumağa gedirəm. Hələ 83 yaşında o, konservatoriyada işini davam etdirir. Məhz o, ən sevimli müəllimimdir və məni teatra gətirib.

- Deməli, sizin kimi artist də hər gün musiqi ilə məşğul olmalıdır?

- Konkret resept yoxdur. Mən, məsələn, hər gün oxuma məşqi üçün 20 dəqiqə və konsertmeysterlə oxumağa isə 2 saat sərf edirəm.

- Maraqlıdır, kumiriniz kimdir?

- Yerli musiqiçilərdən, əlbəttə ki, dahi Müslüm Maqomayev, avropalılardan isə Leo Nuççinidir. Bu, məşhur italyan opera müğənnisidir (bariton).

- Dinləyiciyə nəyi çatdırmaq vacibdir?

- Oxuduğunun mənasını. Bunun üçün mətnin mahiyyətini anlayıram, xarici dildən tərcüməsini araşdırıram. Ancaq bundan sonra özümü səhnədə sərbəst hiss edirəm. Təbii ki, düzgün nəfəs almaq, üzərində işləmək, belkanto oxunuş tərzi üzərində çalışmaq vacibdir.

- Səhnədə ən yaddaqalan günləriniz?

- 2002-ci ildə "İpək Yolu" beynəlxalq festivalında Qran-pri mükafatını qazandım. Həmçinin, 2009-cu ildə birinci yer tutduğum "Yeni Ulduz" televiziya estrada müsabiqəsində iştirakım da yaddaqalandı. Həmçinin Berlində Azərbaycan Evinin açılışının beşilliyi qeyd olunan böyük konsert, habelə Almatıda Abay adına gözəl teatrda Müslüm Maqomayevin xatirə gecəsi.

- Estrada klassik musiqinin ifasına mane olmur? Deyilənə görə, bəzi müəllimlər öz yetirmələrinə bu cür dəyişiklikləri qadağan edirlər?

- Müəllimim estrada janrında ifaya müsbət yanaşır və bu, heç də mane olmur. Sadəcə, ifa tərzini dəyişdirirəm.

- Hansı opera tamaşalarında çıxış edirsiniz?

- "Koroğlu", "Leyli və Məcnun", "Şah İsmayil", "Sevil", habelə "Toska", "Sevgi içkisi", "Plaş" və digərlərində. Teatrımızda qoyulan, demək olar ki, bütün tamaşalarda. Mənim sonuncu rolum - Üzeyir Hacıbəyovun "Koroğlu" operasında Həsən xanın partiyasıdır. Əgər diqqət etmisinizsə, operalarda, adətən, baş rolu tenor səs ifa edir. Onu mütləq daha aşağıtonlu kişi səsi - bariton qalınlaşdırır. Bir qayda olaraq bu, ata, müdir və ya ərin roludur. Mən heç vaxt gördüyü işdən razı qalmayan və daim təkmilləşməyə meyilli olan yaradıcı insanlardanam. Ona görə də təhsilimi magistraturada davam etdirmək qərarına gəldim. 

- Ailəniz böyükdür?

- 12 yaşında qızım var. O da oxuyur, lakin həkim olmağı arzulayır. Ona layiqli təhsil vermək istəyirəm.

- Hansısa nüfuzlu teatrda ifa etmək kimi cəlbedici təklif alsaydınız, Azərbaycanı tərk edə bilərdiniz?

- Heç vaxt, mən vətənpərvərəm. Burada dünyaya gəlmişəm, oxumuşam, hansısa zirvələrə çatmışam. Vətənsiz çox darıxardım. Xalqımıza parlaq istedadlı artistlər lazımdır və xoşbəxtlikdən, onlar bizdə var; məsələn, Opera və Balet Teatrımız.

- Mahnı və rəqs ansamblında nə qədər məşğul olursunuz?

- Hər gün məşqlərimiz olur və ayda iki dəfə müxtəlif hərbi hissələrdə konsertlər veririk.

- Necə dincəlməyi xoşlayırsınız və hobbiniz nədir?

- İstirahətim, adətən, evdə musiqili və ya dramatik tamaşa ilə qaranlıqda və sakitlikdə həzz almaqla keçir. Hobbim isə dostlarımla balıq tutmaq və ya ov etməkdir.

- Arzunuz nədir?

- Arzular bitmir, vaxt keçdikcə isə dəyişir və davam edir. Əgər əvvəllər Bakı Opera və Balet Teatrında çıxış etməyi arzulayırdımsa, indi bacarığımı Avropanın məşhur səhnələrində sınamaq istəyərdim.



MƏSLƏHƏT GÖR:

467