4 Dekabr 2024

Çərşənbə, 23:21

RASİONAL SUAYIRICI

Azərbaycanda, sudan qənaətlə istifadə olunması üçün, içməli və texniki tələbatlara lazım olan su bir-birindən ayrılmalıdır

Müəllif:

15.06.2016

Yay gəlib və onunla bərabər, su təminatı məsələsi yenidən aktuallıq qazanıb. Artıq Bakının, hətta mərkəzdən kənarda yerləşən rayonlarında belə, su təchizatında problemlər xeyli azalsa da, bu, içməli su çatışmazlığı kimi qlobal problemi həll etmir. Dünyada suyun həcmi azalmasa da, ona tələbat ildən-ilə artır. Statistikaya görə, Yer kürəsindəki bütün suyun yalnız 2,5%-i şirin, içməyə yararlı sudur.

Bu gün dünyada hər altıncı adam içməli su çatışmazlığı hiss edir. Beynəlxalq təşkilatların məlumatına görə, dünyada hər 8 saniyədə 1 uşaq su problemi üzündən dünyasını dəyişir. İnkişaf etməkdə olan ölkələrdə ölüm hallarının 80%-i içməli suyun keyfiyyəti ilə bağlıdır. ÜST-nin məlumatına görə, dünya əhalisinin 80%-i keyfiyyətsiz, 40%-i isə çirkli sudan istifadə edir. Beləliklə, içməli su çatışmazlığı kifayət qədər ciddi problemdir.

 

Su kasadlığı

"Azərsu" ASC-nin saytında yer almış rəsmi məlumata görə, Azərbaycan ərazisində də içməli suyun həcmi kifayət qədər məhduddur və o, qeyri-bərabər bölünüb. Hazırda yerüstü su resurslarının həcmi 27 kub//kilometr təşkil edirsə, quraqlıq illərində bu rəqəm 20-21 kub/kilometrədək azalır. Bunun 19-20 kub//kilometri sərhəd suları, yerdə qalan 9-10 kub//kilometri isə daxili çayların sularıdır. İçməli su ehtiyatına görə, Azərbaycan Cənubi Qafqazın ən "yoxsul" ölkələrindən biridir.

Azərbaycanda su problemi ilə bağlı dəqiq statistika olmasa da, 4500-dən artıq inzibati yaşayış ərazisinin bu sahədə problem yaşadığı məlumdur. Bu, əsasən, əlbəttə ki, Bakı və Abşeron yarımadasına aiddir. Burada əhalinin sayının sürətlə artması müvafiq olaraq, suya tələbatı da artırır və nəticədə, Şollar boru xətti bu tələbatı tam ödəyə bilmir. Məhz bu səbəbdən, 2010-cu ildə daha bir su kəməri - Oğuz-Qəbələ-Bakı xətti istismara verilib.

Kür çayı Zaqafqaziya ölkələrinin ərazisindən keçdiyindən, onun suyu həddindən artıq çirklidir; məsələn, Gürcüstan ərazisində Kürün suyundan yalnız texniki məqsədlərlə istifadə olunur və o, əhalinin istifadəsinə yaramır.

Azərbaycanda isə qonşu respublikalardan fərqli olaraq, ayrı, təcrid vəziyyətində olan mənbələr yoxdur. Odur ki, bir sıra hallarda texniki su əvəzinə, içməli sudan  istifadə edilir. Ölkədə içməli sudan kənd təsərrüfatı sahəsində tələbatın ödənilməsi, ən pisi isə, avtomobilyuma üçün istifa olunur. Beləliklə, məhdud su resurslarından rasional istifadə üçün ən vacib şərtlərdən biri onların istifadəsinə düzgün nəzarətdir. 

 

Bizim üçün susuzluq təhlükəsi varmı? 

"Azərsu" ASC sudan istifadənin uçotunun aparılması istiqamətində kompleks tədbirlər görür. Bu zaman su və kanalizasiyalardan qanunsuz istifadə faktları üzə çıxır. Bu, əsasən, istehlak obyektlərinə, avtomobilyuma məntəqələrinə, restoranlara aiddir. Artıq neçə ildir, su və kanalizasiyalardan qanunsuz istifadə hallarının aşkar edildiyi zaman, günahkar şəxslərə ciddi sanksiyalar və cərimələr tətbiq olunur. Qanunsuz istifadə dedikdə, su təminatı və kanalizasiya borularına sanksiyasız, özbaşına qoşulma nəzərdə tutulur.

Lakin su resruslarından istifadəyə vaxtında və sərt nəzarət belə, suyun hər kəsə çatacağına zəmanət vermir. Belə olan təqdirdə, günlərin birində ölkənin bütün yerüstü və yeraltı su resursları tükənməyəcəkmi?

Geoloq Vaqif Behbudov deyir ki, bu gün bütün dünyada içməli su çatışmazlığı yaşanır. Bundan, xüsusilə, Afrika ölkələri əziyyət çəkir. Aral dənizinin quruması isə gələcəkdə ekoloji fəlakətə yol aça bilər. Bununla yanaşı, geoloq Azərbaycan üçün belə problemin olmadığını düşünür: "Ölkəmiz yalnız Xəzər dənizi ilə yox, həm də Böyük və Kiçik Qafqaz dağları ilə (müvafiq olaraq, bu dağ massivləri ilə əlaqəli çaylarla) qonşudur. Bundan başqa, Xəzər dənizinin duzluluğu Dünya okeanının duzluluğundan 3 dəfə azdır". Geoloqun fikrincə, bütün bu amillər nəzərə alınarsa, Azərbaycanı su çatışmazlığı problemi gözləmir, sadəcə, su istehlakı qaydalarına dəyişikliklər edilməlidir. Son dövrlərədək əsas su mənbəyi axar çaylar sayılırdı. Lakin bu gün onlar kifayət etmir və bu təsəvvür artıq köhnəlmiş hesab olunur.

Geoloqun sözlərinə görə, Azərbaycanda kifayət qədər yeraltı çaylar olsa da, onlar tam istismar edilmir. "Bu mənbələrdən intensiv istifadə olunmalıdır. Bugünkü texniki inkişaf səviyyəsi buna imkan verir. Yeraltı mənbələrin - kəhrizlərin qazılması da pis olmazdı", - deyə mütəxəssis bildirir.

Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynalov isə hesab edir ki, Azərbaycanda su resursları suya olan tələbatın tam ödənilməsi üçün kifayətdir: "Bizdə 8800 kiçik çay var; əlbəttə ki, Cənub yarımkürəsində gedən qlobal istiləşmə fonunda su çatışmazlığı hiss oluna bilər, lakin Şimal yarımkürəsi üçün belə təhlükə yoxdur. Baxın, indi soyuqlaşma tendensiyası gedir, soyuq regionlara qar, yağış yağır, şaxtalı qışlar nəticəsində bizdə su nəinki kifayət qədər, hətta həddindən artıq olacaq". Ekoloqun sözlərinə görə, Azərbaycanda su probleminin olmaması üçün əlavə resursların axtarılmasına ehtiyac yoxdur, sadəcə, mövcud sudan istifadəyə qənaətlə yanaşılmalıdır. "Bizdə içməli və texniki su ayırımı yoxdur", - deyə ekoloq bildirir. - "Halbuki, müəssisələrdə, suvarmada, avtomobillərin yuyulması məntəqələrində, hətta məişətdə texniki sudan istifadə edilməlidir. Paltarların bu su ilə yuyulması, bu su ilə çimmək mümkündür. Amma bizdə bütün bunlar üçün içməli sudan istifadə olunur".

Bir neçə il əvvəl KİV-də Xəzər suyunun şirinləşdirilməsi layihəsi ilə bağlı məqalələr yer alırdı. "Mən bunun əleyhinə idim", - deyə Telman Zeynalov bildirir. - "Şirinləşdirici qurğular atom reaktorunda işləyir. Onların ekologi-yaya zərəri bir yana, su da radiasiyalı olur. Belə sudan suvarmada istifadə oluna biləcəyi şübhəlidir. O, təmizlənməlidir. Xüsusi təmizləyici qurğuların quraşdırılması isə külli miqdarda əlavə xərc və əziyyət deməkdir".

 

Su tükənir

Beynəlxalq Hidroloji Proqramlar Assosiasiyasının sədri Rafiq Verdiyev isə fərqli fikirdədir. Onun sözlərinə görə, su ilə bağlı problemlər hər zaman olub və bu, yayda, suvarma dövründə xüsusi aktuallıq qazanır. Mərkəzləşdirilmiş qaydada gələn sudan istər kənd təsərrüfatında, istərsə də şəhər şəraitində, yaşıllıqların, sahələrin suvarılmasında istfifadə edilir.

Qlobal istiləşmə bir sıra rayonlarda su resurslarının tükənməsinə yol aça bilər. Ekspert deyir ki, yaxın 30-40 ildə su resursları həcminin 15-20% azalacağı gözlənilir. Verdiyevin fikrincə, bundan qaçmaq üçün su resurslarından rasional istifadə olunmalıdır.

İqtisadçı Vüqar Bayramov isə Azərbaycanda sakinlərin ildə, orta hesabla, 400 litr su işlətdiklərini deyir. Bu, məsələn, Avropadakı göstərici ilə müqayisədə xeyli çoxdur (yeri gəlmişkən, Avropada suyun qiyməti xeyli yüksəkdir və bu, insanları onu qənaətlə yanaşmağa vadar edir). Bizdə isə sudan istifadədə aşkar problemlər var; məsələn, Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynova hesab edir ki, Azərbaycanda sudan qeyri-rasional istfiadə edilir. Şəhərdəki fəvvarələr isti vaxtlarda sərinlik gətirsə də, rütubət yaradır. Maşınlardan əlavə, xalçaların da yuyulduğu avtomobilyuma məntəqələrində həddindən artıq su istifadə edilir. Bundan başqa, əksər vətəndaşların sudan istifadədən sonra, kranı bağlamamaq kimi "sevimli" vərdişini də unutmaq olmaz; xüsusilə yay dövründə xalça və palazların elliklə yuyulması, bu zaman şlanqdan axan suyu geninə-boluna israf etmək də su resurslarına qənaətə imkan vermir. Ümumilikdə, şəhər şəraitində sudan daha çox istifadə olunur, nəinki kəndlərdə.

Bütün sadalananların ümumiləşdirərək demək olar ki, suya, su resurslarına qənaətlə yanaşmaq gizli mənbələrdən su çıxarılması üçün bahalı layihələrin həyata keçirilməsindən daha ucuz başa gəlir. Üstəlik, belə layihələrə xüsusi ehtiyacın olmadığı şəraitdə...



MƏSLƏHƏT GÖR:

454