24 Dekabr 2024

Çərşənbə axşamı, 17:00

AVROKUBOKLAR: BAŞLANĞIC

Azərbaycan klubları Çempionlar Liqası və Avropa Liqasında otən illərdəki uğurlarını təkrarlaya biləcəklərmi?

Müəllif:

01.07.2016

Azərbaycanda futbol mövsümü başa çatandan sonra ənənəvi olaraq diqqət Avropa meydanlarına yönəlir. Artıq Çempionlar Liqası və Avropa Liqasında klublarımızın rəqibləri məlumdur. Ötən il olduğu kimi, bu dəfə də püşkdə bəxtimiz gətirib. İlk görüşlərdə təmsilçilərimizə nisbətən münasib rəqiblər qismət olub.

Azərbaycan çempionu "Qarabağ"ın Lüksemburq təmsilçisi "Düdelanj"la qarşılaşması tarixə ilk kimi düşəcək. Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq görüşlər iki ölkə təmsilçiləri arasında ilk duel olacaq. 1994-cü ildə qitə miqyaslı turnirlərdə debüt edən Azərbaycan komandaları indiyədək 43 ölkədən olan rəqiblə qarşılaşıb.

Maraqlıdır ki, Ağdam təmsilçisi rəqibindən 4 dəfədən çox dəyərlidi. Bu qənaətə komandaların və futbolçuların məşhur transfermarkt.de saytında göstərilən qiymətlərinə əsasən gəlmək olur. Alman həmkarlarımızın dəyərləndirməsinə görə, "Qarabağ" klubunun ümumi dəyəri 11,780 mln. avrodur. "Köhlən atlar"la müqayisədə cırtdan ölkə nümayəndəsi "Düdelanj"ın ümumi qiyməti 2,7 mln. avroya bərabərdi. 

Maraqlıdır ki, "Qarabağ"ın 3 futbolçusunun dəyərinin cəmi də “Düdelanj"ın ümumi dəyərindən artıqdır. Belə ki, 1,2 mln. avroluq Riçard Almeyda və hərəsi 1 mln. avroya qiymətləndirilən Reynaldo ilə Migel Maderanın qiymətini toplasaq, 3,2 mln. avroya bərabər olar. Bu isə "Düdelanj"ın dəyərindən nə az, nə çox, düz 500 min avro artıq deməkdi.

"Düdelanj"ın ən qiymətli futbolçularının dəyəri isə 200 min avroya bərabərdi. İki oyunçu bu qiyməti daşıyır ki, bunlar Sanel İbrahimoviç və Rodriqe Dikabadı. Qeyd edək ki, "Qarabağ" və "Düdelanj" arasında ilk oyun 12-13 iyulda Bakıda, cavab matçı isə 1 həftə sonra səfərdə keçiriləcək. 

2012-ci ilin yayında Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Avstriyanın "Zalsburq" klubunu yarışdan kənarlaşdıran cırtdan ölkənin təmsilçiləri sonradan "Maribor"a uduzmaqla mübarizəni dayandırdı. Son 3 mövsüm avrokuboklardan mərhələ adlamayan "Düdelanj"ın "Qarabağ"ı keçmək şansı çox az qiymətləndirilir.

Ölkə kubokunun finalçısı "Neftçi" Avropa Liqasının I təsnifat mərhələsində Maltanın "Baltsan" klubuna rəqib olub. Baltsan şəhərini təmsil edən komanda 1937-ci ildə yaradılsa da, hansısa ciddi uğuru yoxdu. Onlar indiyədək yalnız I divizionda 1-ci (2011) və 2-ci (2003) yeri tutublar.

Son mövsümdə 4-cü yerdə qərarlaşmaqla, ən yaxşı nəticəsini müəyyənləşdirən komanda avrokubokda ötən il debüt edib. Lakin Bosniya və Herseqovinanın "Jelezniçar" klubuna hər iki oyunda uduzub. 

Onlar oyunlarını 17 min tamaşaçı tutumuna malik "Ta Kali" stadionunda keçirirlər. Heyətində Braziliya, Kolumbiya, Çernoqoriya, İtaliya və Moldovadan legionerlər çıxış edir.

Malta təmsilçiləri Azərbaycan klubları üçün münasib rəqibdi. Avropa Liqasının I təsnifat mərhələsində üz-üzə gələcək "Neftçi" ilə "Baltsan"a qədər iki ölkə təmsilçilərinin bütün duellərində klublarımız mərhələ adlayıb. "Xəzər Lənkəran" 3 il əvvəl "Slima" ilə qarşılaşmalardan sonra mərhələ adlayıb. "Qarabağ" isə 2 il öncə Çempionlar Liqasında debütünü maltalılara şou göstərməklə qeyd edib. Əyalət klubu "Valletta"ya evdə 4 cavabsız qol vurmaqla avrokuboklardakı ən böyükhesablı qələbəsini təkrarlayıb. 

"Qəbələ" Avropa Liqasının I təsnifat mərhələsində "Samtredia" ilə üz-üzə gələcək. Bu, "qırmızı-qaralar"ın avrokubokda qarşılaşacaqları ikinci Gürcüstan komandası olacaq. Belə ki, "Qəbələ" ötən mövsüm AL-in I təsnifat mərhələsində Tbilisi "Dinamo"su ilə üz-üzə gəlmiş, səfərdə 1:2 hesabı ilə uduzmasına baxmayaraq, öz meydanında 2:0 hesablı qələbə qazanaraq, növbəti mərhələyə adlamışdı.

"Qəbələ"nin budəfəki rəqibi - Samtredia şəhərinin eyniadlı təmsilçisinin əsası 1936-cı ildə qoyulub. 80 yaşlı rəqib ev oyunlarını Erosi Mandjqaladzenin adını daşıyan 15 minlik stadionda keçirir. "Samtredia" əvvəllər fərqli adlarda çıxış edib. Belə ki, komanda müxtəlif vaxtlarda "Lokomotiv", "Sanavardo", "Djuba" və "İberiya" adlarını daşıyıb. Fəaliyyətə "Lokomotiv" adı ilə başlayan indiki "Samtredia" SSRİ-nin ikinci liqasında mübarizəyə start verib.

Bu klub Gürcüstan yığmasının sabiq oyunçusu Kaxa Kaladzeni yetirməklə də ad çıxarıb. 2015/2016 mövsümündə "Samtredia" tarixində ikinci dəfə Gürcüstan çempionatının gümüş medallarına sahib çıxıb və avrokubokda iştirak hüququ əldə edib. Komandanın baş məşqçisi yerli mütəxəssis Gia Tsetsadzedi. "Samtredia"nın heyətini bütünlüklə gürcü futbolçular təşkil edir.

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Kəpəz" ilk turda Moldova təmsilçisi "Daçiya" ilə qarşılaşacaq. Kişinyov klubunun cəmi 17 yaşı var. 1999-cu ildə yaradılan "Daçiya" debüt mövsümündə (2000/01) A divizionunda 4-cü yeri tutub. Növbəti mövsümdə A divizionunun qalibi olan komanda yüksək liqaya vəsiqə qazanıb. Elitadakı debüt mövsümündə 4-cü yeri tutaraq, "İntertoto" kubokuna vəsiqə əldə edən "sarı canavarlar" orda iki mərhələ adlayıb və yalnız Almaniya "Şalke"sinə məğlub olublar.

"Daçiya" avrokuboklar tarixində ikinci dəfə ölkəmizə səfər edəcək. 2003-cü ildə "İntertoto" kubokunda 2 mərhələ keçən "sarı-göylər" 2007-ci ildə həmin turnirin I mərhələsində "Bakı"ya rəqib olub. Hər iki matçda 1:1 hesabı qeydə alındığından, penaltilər seriyasına müraciət edilib. Penaltiləri daha dəqiq yerinə yetirən "Daçiya" "Bakı"dan sonra daha bir rəqibi üstələyib və III mərhələdə "Hamburq"a "ilişib".

Rusiyalı Adlan Şişkanovun sahibi olduğu "Daçiya"nın prezidenti yerli Zinaida Jioredi. Komandanın baş məşqçisi isə Ukrayna əsilli Oleq Bejenardı. 45 yaşlı mütəxəssis ötən ildən "Daçiya"nın "sükanı" arxasındadı. Komanda ev oyunlarını 10 min 500 tamaşaçı tutumuna malik "Zimbru" stadionunda keçirir.

O ki qaldı heyətinə, "Daçiya"nın 12 əcnəbi futbolçusu var. Onlar arasında ukraynalılar çoxluq təşkil edirlər. Belə ki, əcnəbilərdən 7-si məhz ukraynalıdır. Bundan əlavə, Bejenarın ixtiyarında Makedoniya, Rusiya, Çexiya və Toqodan da futbolçular var.

"Daçiya"nın heyətində 7 milli üzvü var. Belə ki, Artyom Qaydukeviç, Simeon Bulqaru, Vyaçeslav Posmaç, Yejeniu Koçuk və Vitali Bordian Moldova, Sapol Mani ilə Abdul Mamah isə Toqo yığmalarına dəvət alırlar. Denis Kozanov Ukrayna yığmasının sabiq üzvüdü. Bundan başqa, Jiri Jeslinek Çexiyanın, Maksim Feşçuk isə Ukraynanın U-21 millisində çıxış edib.

Göründüyü kimi, rəqiblər klublarımıza münasibdir. Təmsilçilərimiz ilk mərhələni adlamaq gücündədir. 

Qeyd edək ki, Avroliqadakı təmsilçilərimiz mərhələ adlayacağı təqdirdə "Qəbələ" "Aktobe"(Qazaxıstan) - MTK (Macarıstan) cütünün qalibinə rəqib olacaq. "Kəpəz" ikinci mərhələdə "Admira Vakker" (Avstriya)- "Spartak" (Slovakiya) duelinin güclüsüylə qarşılaşacaq. "Neftçi" isə Malta təmsilçisindən güclü olacağı halda növbəti mərhələdə "Şkendiya" (Makedoniya)-"Krakoviya" (Polşa) cütünün qalibiylə mübarizə aparacaq.



MƏSLƏHƏT GÖR:

467