24 Dekabr 2024

Çərşənbə axşamı, 08:51

RONALDONUN BAŞ KUBOKU

Portuqaliya millisi tarixində ilk dəfə Avropa çempionu oldu

Müəllif:

15.07.2016

Fransada təşkil edilən Avropa Çempionatı tarixin yaddaşına qovuşdu. Açılış matçı kimi, iyulun 10-da baş tutan final görüşü də Parisdə, “Stad de Frans”da düzənləndi. Bir ay davam edən və bütün dünyanın diqqətində olan qitə birinciliyi bir sıra sürprizlərlə yadda qaldı. İlk dəfə olaraq, Avropa Çempionatında 16 deyil, 24 komanda mübarizə aparırdı. “Avro-2016”da qitə birincilikləri tarixində ilk dəfə 18 final mərhələsi oynanıldı. 24 komandanın iştirak etdiyi Avropa Çempionatında qrupda üçüncü yeri tutan ən yaxşı 4 komanda pley-off-a adladı. Bu sistem qrupdakı son oyunları da maraqlı etdi. Əvvəlki yarışlardan fərqli olaraq, “Avro-2016”da oyunların sayının çoxluğu UEFA-ya əlavə olaraq, 56 milyon avro qazanc gətirdi. Hakimlərin işində də yenilik az olmadı. İlk dəfə olaraq, ədalət təmsilçilərinə son ümid foluna görə sarı vərəqə göstərilməsinə icazə verildi. “Avro-2016”da zədələnən futbolçulara meydanı tərk etmədən tibbi yardım göstərildi. Bu mənada, artıq indidən UEFA-nın sabiq prezidenti Mişel Platininin 24 komandalı sistemi müsbət dəyərləndirilib. FİFA rəhbəri Cani İnfantino yeni reqlamentin özünü doğrultduğunu bildirməklə yanaşı, gələcəkdə dünya çempionatlarında iştirakçı komandaların sayını 40-a çatdırmaq niyyətini açıqlayıb. Sözsüz ki, “Avro-2016”da əsas diqqət iştirakçı komandalarda olub. Gəlin, Portuqaliyanın çempion olduğu qitə birinciliyinə yenidən nəzər salaq.

 

Ansi Aqolli və Albaniya 

İlk dəfə Avropa Çempionatında iştirak edən Albaniya “A” qrupunda kifayət qədər yaxşı oyun sərgilədi. "Qarabağ"ın futbolçusu Ansi Aqollinin şərəfini qoruduğu milli qrupda üçüncü yeri tutmaqla, pley-off-a çıxmaq şansını son anda itirdi. Bu mənada, Albaniya tarixində ilk dəfə iştirak etdiyi "Avro-2016"da özünəməxsus yer tutdu. Qrupda üçüncü yer tutmaq albanlar tərəfindən uğur kimi qiymətləndirildi. Nəticədə, yığmanın bütün üzvləri Albaniya Prezidenti tərəfindən mükafatlandırıldı. Futbolçuların adları Tiranada inşa edilən yeni stadionun qarşısında xüsusi lövhədə yazıldı.

 

"Avro-2016"nın uğursuzları 

Rusiya, Ukrayna, Türkiyə kimi komandaların qrupdan çıxmaması bu ölkələrin futbolu üçün uğursuzluq kimi yadda qaldı. Leonid Slutskinın rəhbərlik etdiyi Rusiya 3 oyundan 1 xal toplamaqla biabır oldu. Təsadüfi deyil ki, Vətənə qayıdan yığmanın baş məşqçisi istefa qərarını açıqladı. Turniri xalsız tərk edən Ukrayna yığması Fransaya turist kimi gəldiyini nümayiş etdirdi. Bütün oyunlarda uduzan və səviyyələrindən aşağı çıxış edən Ukrayna millisindən Kiyevə qayıdan kimi hesabat tələb olundu. Azərbaycanda çoxlu sayda azarkeşi olan Türkiyə də fiaskoya uğradı. Fatih Terimin "biz bitdi demədən bitməz" fikri yığmanın oyunu ilə tərs mütənasib oldu. Yalnız 1 görüşdə qələbə qazanan ay-ulduzlular mübarizəni qrupda dayandırdı. Arda Turanın liderlik keyfiyyətlərinin olmaması növbəti dəfə özünü doğrultdu.

 

İngiltərə fiaskosu 

Roy Hocsonun rəhbərlik etdiyi İngiltərə yığması pley-off-da İslandiyaya uduzmaqla sensasiyaya səbəb oldu. Səviyyələrindən aşağı çıxış edən ingilislər Fransada gələcəyə nikbin baxmağa imkan verən oyun göstərmədi. Yarışla erkən vidalaşan İngiltərədə ciddi islahatlara ehtiyac olduğu öz təsdiqini tapdı. Məhz buna görə də Roy Hocsonun istefası qəbul edildi, futbolçuların əksəriyyətinin oyunu qənaətbəxş hesab edilmədi.

 

Del Boske də getdi... 

Avropa Çempionatının son qalibi İspaniya mübarizəni 14 finalda İtaliyaya uduzmaqla dayandırdı. Rəqibə qarşı layiqli oyun sərgiləyən Antonio Kontenin komandası ispanları vaxtından əvvəl evə göndərdi. İspaniyanın məğlubiyyəti həm də baş məşqçi Visente del Boske üçün həyəcan təbili çaldı. "Avro-2016"dan sonra işsiz qalan Del Boske heyəti düzgün qurmamaqla məğlubiyyətin əsas səbəbkarı oldu. Təcrübəli futbolçuları milliyə dəvət etməyən Del Boske, yəqin ki, ümumiyyətlə, məşqçilik karyerasına son qoyacaq.

 

Xorvatiya və İtaliya "bəxtsizliyi" 

Avropa Çempionatının favoritlərindən biri Xorvatiya 18 finalda gələcək çempion Portuqaliyaya uduzdu. 90 dəqiqə rəqibdən üstün oyun nümayiş etdirən xorvatlar qol vura bilmədi. Nəticədə, hesab açılmadığından, komandalar əlavə yarım saat da mübarizə aparmalı oldu. Burada 1 qol vuran Portuqaliya cütün taleyini həll etdi. Eyni sözləri güclü İtaliya yığması barədə söyləmək olar.

14 finalda İtaliya ilə Almaniyanın görüşü dramatik alındı. İspaniyanı yarışdan kənarlaşdıran Kontenin komandası penaltilər seriyasında Almaniyaya məğlub oldu.

Bu penalti seriyası hər iki tərəfin səhvləri ilə yadda qaldı, amma sonda almanların bəxti gətirdi. "Avro-2016"dan sonra Konte yığmadan ayrılaraq, "Çelsi" ilə müqavilə imzaladı.

 

Macarıstan və Uels sürprizi 

Pley-off-a qrup lideri kimi çıxan Macarıstan 18 finalda Belçika tərəfindən darmadağın olundu. Bununla belə, 4 oyunda göstərdikləri əzmkarlıq tarixə yazıldı. İlk dəfə Avropa Çempionatında iştirak edən macarlar sürpriz etməyi bacardı. Turnirin ən döyüşkən və gənc heyətinə malik Belçika 14 finalda Uelsə uduzdu. Müdafiədə yol verilən səhvlər Qaret Beylin komandasına 3:1 hesablı qələbə qazanmağa kömək etdi. Belçika favoritlər sırasında olsa da, ümidləri doğrultmadı. 14 finala qədər irəliləmək onlar üçün uğur hesab edilsə də, bu komanda finalçılardan biri ola bilərdi.

Uels "Avro-2016"nın sürpriz komandalarından biri oldu. Qaret Beylin lideri olduğu milli yarımfinalda Portuqaliyaya uduzsa da yarışı alqışlarla tərk etdi.

 

İslandiya fenomeni 

332 min əhalisi olan İslandiya yığması qitənin kəşfi oldu. İlk dəfə Avropa Çempionatına qatılan islandlar pley-off-a qrup lideri kimi vəsiqə qazandı. 18 finalda İngiltərəni məğlub edən İslandiya növbəti mərhələdə Fransaya uduzdu. Ümumilikdə, turnirin ən yaxşı komandalarından biri kimi yadda qalan İslandiya millisi FİFA reytinqində birdən-birə 65 pillə irəlilədi. Göstərdikləri oyun, meydanı görmə qabiliyyəti, sürətli hücumlarla qitənin ən yaxşı komandalarından biri kimi tarixə düşdü.

 

Fransa faktoru 

Təşkilatçı ölkə finala qədər irəliləməyi bacardı. Didye Deşamın komandası, sözün əsl mənasında, finalda oynamağa layiq olduğunu Almaniyanı məğlub etməklə nümayiş etdirdi. Hakimlərin rəğbət bəslədiyi Fransa oyunu ilə azarkeşləri sevindirdi. Sözsüz ki, finalçı olmaq bu komanda üçün uğurlu nəticə hesab edilmir. Çempionluq hədəfini reallaşdıra bilməyən Fransa gümüş medalla kifayətləndi. Oyun baxımından, Deşamın komandanı bütövlüklə dəyişdiyini etiraf etmək lazımdır. Taktiki baxımdan heç kimdən geri qalmayan Fransa 2 il sonra keçiriləcək mundialda favoritlərdən olacaq.

 

Portuqaliya çempion! 

Kriştiano Ronaldo və Portuqaliya millisi arzusuna çatdı. Qrupdakı 3 görüşdə və 18, 14 final matçlarının əsas vaxtlarında qələbə qazana bilməyən portuqallar sonda çempion oldu. Ronaldonun söylədiyi kimi, milli statistika və təhlillər üçün deyil, qələbəyə oynayırdı. Final uzun müddət müzakirə olunacaq məqamlarla yadda qaldı. Aşkar kobudluqla zədələnən Ronaldo 24-cü dəqiqədə meydanı tərk etsə də, komandasının motivatoruna çevrildi. Texniki zonada özünü məşqçi kimi aparan Ronaldo komandasını irəli səsləməklə Avropanın diqqətini özünə cəlb etdi. Əlavə olunan dəqiqələrdə sonradan matçın qəhrəmanı olacaq Ederə "Sən qol vuracaqsan" söyləyən Ronaldonun qələbədə böyük pay sahibi var. Kriştiano əsl kapitan olduğunu növbəti dəfə sübut etdi. "Real"ın hücumçusu qitə çempionatlarında vurduğu qolların sayını 9-a çatdırmaqla əfsanəvi Mişel Platininin rekorduna şərik oldu.

 

Ən yaxşı oyunçu və rəmzi yığma 

"AÇ-2016"nın ən yaxşısı adına Fransa millisinin futbolçusu Antuan Qrizmann layiq görülüb.

7 oyunda vurduğu 6 qolla ən yaxşı bombardir kimi o, həmçinin “Qızıl buts”da alıb. 

"AÇ-2016"nın rəmzi yığması açıqlanıb. Qitə çempionu Portuqaliya daha çox – 4 oyunçu ilə "11-lik"də təmsil olunub. Yığmaya Almaniya 3, Fransa və Uels hərəyə 2 futbolçu verib.

Rəmzı yığmanın qapıçısı Rui Patrisio (Portuqaliya) secilib, müdafiəçilər - Cerom Boatenq, Coşua Kimmix (hər ikisi Almaniya), Pepe, Rafael Qerrero (hər ikisi Portuqaliya).

Yarımmüdafiəçilər - Toni Kroos (Almaniya), Co Allen, Aaron Remsi (hər ikisi Uels), Antuan Qrizmann, Dmitri Payet (hər ikisi Fransa). Yığmanın hücumçusu isə əlbəttə, Kriştianu Ronaldo (Portuqaliya) seçilib.  

Beləliklə, futbol bayramı başa çatdı. Növbəti Avropa Çempionatı 4 il sonra keçiriləcək. Bu dəfə futbol bayramı həm də Azərbaycan paytaxtı Bakıda baş tutacaq. Qrup mərhələsinin 3, 14 final mərhələsinin 1 oyunu paytaxtımızda təşkil olunacaq.



MƏSLƏHƏT GÖR:

472