24 Noyabr 2024

Bazar, 13:03

ANANIN və DƏNİZİN SƏSİ İLƏ

Bəstəkar Cahangir Cahangirovun əsərləri ömrünün əbədiyyət ünvanı oldu

Müəllif:

15.07.2016

Onun doğum gününü - 1921-ci ilin 20 iyununu valideynləri əsl bayram kimi qeyd edirdilər. Çünki Cahangir adını verdikləri ilkləri yeddiillik övlad həsrətlərinə son qoymuşdu. Ondan sonra iki qızları, bir oğulları da dünyaya gəldi. Ata-anası üçün böyük övladların yeri yenə başqa oldu. Onu daha çox əzizləyir, ərköyün böyüdürdülər. Amma eyni zamanda təhsilinə də ciddi yanaşırdılar.

 

Çətin uşaqlıq illəri

Atası Şirgəşt özü də savadlıydı. Rostovda hərbi məktəbi bitirib Bakıya döndükdən sonra, müxtəlif vəzifələrdə çalışırdı. O, qədd-qamətli, yaraşıqlı kişiydi. Cahangir Cahangirov xarici görünüşü ilə atasına bənzəyirdi. Təkcə ondan fərqli olaraq, ucaboy deyildi. Anası Səidxanım da gözəgəlimli qadınıydı. Çox dindarıydı. Seyid nəslindən idi. Bacıları mollaydılar. Səidxanım da gözəl avazla Quran oxuyurdı. Ancaq musiqiyə həvəsi də böyükdü, yaxşı qarmon çalırdı.   Səidxanım gənc yaşında dörd uşağını gözüyaşlı qoyub dünyadan köçdü.

Qardaşı və bacıları bu ayrılıq acısını dərk edəcək qədər böyüməmişdilər. Kiçik bacısının hələ iki yaşı da yox idi. Ona görə sanki dərdin daha ağırı Cahangirə qalmışdı. Müsəlman olması düşüncəsiylə heç vaxt şəkil çəkdirməmiş sevimli anasını o gündən yalnız xəyallarında yaşatmağa başladı.

Balaca uşaqlarını təkbaşına böyütmək Şirgəşt üçün çətin oldu. Gülsurət adlı dul qadınla evləndi. Övlad sevgisinə həsrət qadın uşaqları bağrına basdı. Gülsurətdən ögeylik görməyən uşaqlar ona isinişməyə başladılar. Ancaq yenə taleyin ağır zərbəsiylə qarşılaşdılar. 1937-ci il idi. Sovet hökumətinin represiya bəlası bütün ölkəni cənginə almışdı. O vaxt Balaxanı sovxozunun direktoru işləyən Şirgəşt də bu siyasətin qurbanlarından oldu. "İşdə yol verdiyi səhlənkarlığa görə" həbs edildi. Böyük Vətən müharibəsi başlayanda isə həbsxanadan cəza batalyonuna göndərildi. O vaxtdan ondan xəbər ala bilmədilər.

Gülsurət onları kimsəsiz qoymadı. Ata-anasız uşaqlara əvvəlkindən çox qayğı göstərdi. Amma çörəkpulu qazanıb ailəni  dolandırmaq lazımıydı. Bu yükü artıq evin kişisi sayılan on beş yaşlı Cahangir Cahangirov boynuna götürməli oldu. İşləməyə başladı. Çox zəhmətlərə qatlaşdı. Ancaq dolanışıq dərdi, iş-güc onu nə dərsdən, nə də teatra, musiqiyə sevgisindən döndərə bildi. Balaxanıda yeddiillik məktəbi başa vurdu. Bakıya gəlib Teatr Texnikumuna daxil oldu. Tələbə ikən həm də bəstəkar Üzeyir Hacıbəylinin xorunda  çalışırdı...

 

Ana  dünyası

Musiqi onun həm də analı dünyasıydı. Anasının qarmonda ifa etdiyi həzin musiqilərin sədası ayrılıq, həsrət yanğısına qarışıb ömürlük yaddaşına köçmüşdü. Onlara bənzəyən əsərlər yazmaq istəyirdi. İlk bəstələri bu ovqatdan yarandı. Bu xəbəri Üzeyir bəyə çatdırdılar. Bir gün böyük bəstəkar onun musiqilərini dinlədi. "Sən get Azərbaycan Musiqi Məktəbinə", - deməsiylə gələcəyin bəstəkarının istedadını qiymətləndirdi. Cahangir Cahangirov Üzeyir bəyin məsləhətiylə Teatr Texnikumunu yarımçıq qoyub, Musiqi Məktəbinin nəzəriyyə fakültəsinə daxil oldu.

Üzeyir Hacıbəyli yaradıcılığına vurğunluğundan idi ki, ilk bəstələri onun əsərlərinə bənzəyirdi. Tezliklə sənətdə yolunu müəyyənləşdirdi Cahangir Cahangirov. 1940-cı ildə konservatoriyanın Azərbaycan xalq musiqisi şöbəsinə qəbul olundu. Üzeyir bəydən xalq musiqisinin əsaslarını öyrəndi.

 

Ailə həyatı

1942-ci ildə "Sazçı qızlar" ansamblına rəhbərlik edəndə Tahirə ilə tanış oldu. Onyeddiyaşlı, gözəl qızın can alan ala gözləri gənc bəstəkarı heyran  etdi.

Onların ailə qurmasında Üzeyir bəyin böyük rolu oldu. Ağsaqqallardan xeyir-dua alan gənclərin toy etmək arzularını isə müharibə gözlərində qoydu. Heç kiçik məclis də qurmadılar.

Cahangir Cahangirovun şəhərin mərkəzindəki birotaqlı kommunal evində yaşayırdılar. Yarısını bəstəkarın royalı tutan o kiçik, darısqal, şəraitsiz mənzildə ömürlərinin ən gözəl illəri keçdi.

Evlənəndən sonra Cahangir Cahangirov həyat yoldaşını işləməyə qoymadı. Filarmoniyanın o vaxtkı direktoru Sabit Rəhman gözəl səsli müğənninin işdən çıxmasını istəmirdi. Tahirənin sənədlərini almağa gedən Cahangir Cahangirovu nə qədər dilə tutsa da,  fikrindən daşındıra bilmədi.

1945-ci ildə, hələ tələbə ikən Mircəfər Bağırov onu bir qrup ədəbiyyat, incəsənət adamıyla birlikdə İrana göndərdi. Cahangir Cahangirov körpə qızı Səidəyə Tahirəni burada qoydu. İranda altı-yeddi ay qalıb-işlədi. Demokratik Respublikanın Himnini yazdı. Pişəvəri həmin himni təsdiq etdi. Geri qayıdandan sonra konservatoriyanı bitirdi və Radio Komitəsinin xorunda çalışdı.

İrandan gələndən sonra şair Əli Tudənin sözlərinə "Arazın o tayında" adlı əsər yazdı. 27 yaşında ona dövrünün ən şöhrətli mükafatlarından olan Stalin mükafatı verildi.

Böyük qızı Səidəylə oğlu Pərviz o balaca, kommunal evində dünyaya göz açdılar. Sonra Cahangir Cahangirova Bakıxanov küçəsindəki "Artistlər evi" adı ilə məşhur olan binada ikiotaqlı mənzil verildi. Kiçik qızı Aida həmin evdə dünyaya gəldi.

 

Niyazi ilə münasibətlər

Cahangir Cahangirovun dostları çoxuydu. O, heç kimlə düşmənçilik etmir, sənət aləmində baş verən söz-söhbətlərə əhəmiyyət vermirdi. Bəstəkarlar İttifaqında vəzifə kürsüsü üstündə qırğınlara da qarışmırdı. Nə iclas xoşlayardı, nə Bədii Şura. Heç kimə baş əymirdi. Bir də ki, onsuz da onun bir sözünü iki etməyən dostu Tofiq Quliyev Bəstəkarlar İttifaqının sədriydi. Cahangir Cahangirov onun, Fikrət Əmirovun, Qara Qarayevin xətrini cox istəyirdi.   Ən yaxın dostlarından biri də Çingiz Hacıbəyov idi.

...1959-cu iliydi. Moskvada keçiriləcək Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyünə hazırlaşırdılar. Dekadada balerina Qəmər Almaszadə Cahangir Cahangirovun "Məhsul" əsəri əsasında quruluş verdiyi rəqsi ifa etməliydi. Dirijor isə Çingiz Hacıbəyov idi. Məşq vaxtı Niyazi də zaldaydı. Cahangir Cahangirovla araları soyuq idi. Bir müddət əvvəl Niyazinin dirijorluğuyla Üzeyir Hacıbəylinin əsərlərindən biri səsləndirilmişdi. İfa başa çatandan sonra müzakirə oldu. Cahangir Cahangirov dedi: "Üzeyir Hacıbəylinin əsərləri o qədər kamildir ki, onları dəyişmək düz olmaz". Onun iradları Niyazinin xoşuna gəlmədi. Cahangir Cahangirovdan incidi. Elə o gündən də küsülü idilər. Ancaq "Məhsul” əsəri Niyazinin o qədər xoşuna gəldi ki, yaxınlaşıb Cahangir Cahangirovu qucaqladı, təbrik etdi. Çingiz Hacıbəyova yaxınlaşıb onu kənara itələdi: "Ver mənə, özüm aparacağam bu əsəri". Bundan sonra barışdılar.

Xasiyyəti beləydi, hər kəsin nöqsanını üzünə deyərdi. Qızı Aida xanımın söylədiyinə görə bu, Cahangir Cahangirova çox zaman başağrısı gətirirdi: “Amma heç vaxt adətindən əl çəkmirdi. Bəzən evə sənət aləmində baş verənlərdən, işdən gileyli gələrdi. Ancaq işdəki söhbətləri danışmağı xoşlamazdı. 

Uşaqlıqdan başında qalan ərköyünlüyündən də heç vaxt əl çəkməzdi. Amma ərköyünlüyü qədər qayğıkeşiydi. Diqqətini, mehribanlığını ailəsindən əsirgəmirdi. Atamgilə uşaq yaşlarında həyan olmuş Gülsurət nənə də bizimlə yaşayırdı. Atam o ağbirçək, nurlu qadını doğma anası kimi istəyirdi. Onu bizə - övladlarına da sevdirmişdi”.

Zarafatcıl olduğu qədər də ciddi, tələbkar idi. İşgüzar, istedadlı adamları sevirdi. Ancaq zəifləri də görməzliyə vurmazdı. Mahnıları səviyyəsiz müğənnilər tərəfindən oxunanda, ifa xoşuna gəlməyəndə iradını bildirirdi. Amma onlara "Niyə oxudun?" - demirdi.

 

Son söz atanındır

Bir gün Cahangir Cahagirovun bəstəsini televizorda xalq mahnısı kimi təqdim etdilər. Ona zəng vurub soruşdular: "Olanlardan xəbərin var?". Bəstəkar cavab verdi: "Mən buna görə çox xoşbəxtəm. Axı hər mahnı xalq mahnısı kimi getmir".

Qızı Aida xanımın xatirələrindən: "O, daim yazan bəstəkarlardanıydı. Zəhmətsevərliyini hər kəs bilirdi. "Xəyyam" əsərini bir aya yazdı. Adətən, səhərlər işləyərdi. Bəzən yeddi-səkkiz saat fasiləsiz çalışır, iş otağından çıxmırdı. Belə vaxtlarda kiminsə yanına gedib, onu fikirlərindən ayırmağını xoşlamırdı. Hətta telefona çağırsaydılar, bundan da möhkəm əsəbiləşirdi. Atam heç vaxt gecələr musiqi yazmayıb. Bir də onu bəstəkar kimi tanıyanların çoxu bilmir ki, Cahangir Cahangirov həm də yaxşı şeirlər yazır, şəkillər çəkirdi. Atam istedadlı adamlara yol açmağı sevərdi. Təkcə gözəl səsi ola-ola həyat yoldaşının sənətdə qalmasını istəməmişdi. Anam işdən çıxmasına, sənətdən ayrı düşməsinə çox peşmanıydı. Arabir evdə oxuyardı. Səsinin gözəlliyi ilə bizi heyran edərdi. Bəzən atama irad tutardı: "Məni oxumağa qoymadın". Ancaq heç vaxt bu mübahisəni dava-dalaş həddinə çatdırmırdı. O, həyat yoldaşına güzəştə getməyi bacaran qadınlardanıydı. Bir də söz-söhbət salmağının nə faydası vardı ki? Evimizdə son qərarı həmişə atam verərdi. Anam ağıllı qadınıydı. Həyat yoldaşı barədə qulağına söz-söhbət çatsaydı belə, özündən çıxmazdı. Atam yaradıcı adamıydı. Belə adamların xasiyyəti həmişə ağır olur. Yəqin, ona görə ki, onlar bizim düşündüyümüz kimi deyillər. Yaradıcı adamlar səmimi də ola bilirlər, əsəbi də. Anam bunu yaxşı anlayırdı. Onu da bilirdi ki, həyat yoldaşının könlündə yaşayan, mahnılarında pərvazlanan alagözlü gözəldir. Atam ona çoxlu əsər həsr etmişdi. Onların arasında müğənni Rəşid Behbudovun ifa etdiyi "Ala göz" mahnısı xüsusilə məşhuruydu”.

Nakam anasına həsr elədiyi "Ana" mahnısı da dillər əzbəriydi. Bu əsərə o, sanki bütün pünhan duyğularını, çəkdiyi həsrəti, iztirabları pıçıldamışdı. Rəşid Behbudovun səsinə yazdığı bu mahnı ifa edildiyi andan sevildi. Ona böyük şöhrət gətirən "Füzuli" kantatasını isə müğənni Şövkət Ələkbərovanın səsinə bəstələdi.

Qahirədən dəvət almışdı. Müqaviləyə əsasən, dörd il orada qalıb-işləməliydi. Ancaq altı-yeddi aydan sonra geri döndü: "Yaradıcı adamlar öz torpaqlarından ayrı qala bilməzlər", - dedi. Qahirədə Bakı haqqında musiqi yazmışdı. Onunla görüşməyə gələn yaxın dostu, şair Zeynal Cabbarzadəyə  əsəri ifa edib. Musiqi şairə necə təsir göstəribsə, oradaca ona söz qoşub. Şövkət Ələkbərova da bəstəkarın evindəymiş. Cahangir Cahangirov pianoda müşayiət edib. Şövkət xanım "Azərbaycan" adlı həmin mahnını oxuyub. Aidə xanımın yaddaşında qalanlardan: "Yaxşı qonşularımız varıydı. Hər həftə birinin evinə yığışardılar. Həmişə də axırda hamı bir yerdə "Füzuli"ni oxuyardı. Cahangir Cahangirov xor tutar, Şövkət xanım da solonı ifa edərdi".

 

Zaman  yetişdi

Onun uşaqlıq illəri Xəzərin sahilində keçdiyindən, dənizi, Abşeronu dəlicəsinə sevirdi. Mərdəkandakı bağında istirahət etməkdən zövq alırdı. Üzməyi yaxşı bacarırdı. Xəstə olanda həkimlər məsləhət görürdülər ki, günəş şüası altında çox gəzməsin. Ancaq o, heç kimi dinləmir, əvvəlki kimi sübhdən oyanıb dənizdə üzməyə gedirdi.

...Beş il idi xəstəydi. Ömrünün başlanğıcında əvvəlcə gənc anasını, sonra iyirmi bir yaşlı qardaşını itirən bəstəkar ahıl çağında yenə heç gözləmədiyi anda ayrılıq acısını daddı. Həyat yoldaşı birinci infarktdan keçindi. Tahirənin yoxluğuna tablaşmaq Cahangir Cahangirov ücün çox ağır oldu. Ancaq ondan sonra beş il də yaşadı.

İldə bir-iki dəfə müalicə üçün Moskvaya gedirdi.  Meydan hərəkatının gücləndiyi vaxtlar idi. Cahangir Cahangirov siyasi hadisələrin gərginləşməsinə, günahsız insanların qurban getməsinə dözmür, əsəbiləşirdi. Getdikcə səhhəti pisləşirdi. Xəstəliyinin çarəsiz olduğunu duysa da, bu barədə danışmırdı. Ancaq 70 yaşı tamam olanda, "Hər şey bitdi, daha vaxtdır", - dedi.

Aida xanım atasının son günlərini yada saldı: "Atam ömrüboyu çalışsa da, yazıb-yaratmaqdan doymadı. Hələ nə qədər nota alınmamış əsərləri vardı. Xəstə olanda da yeni əsərlər üzərində işləyirdi. Cəmi üç ay yazmadı. Sonuncu dəfə xəstəxanaya gedəndə yenə notlarını aparmışdı. Amma yaza bilmədi. Həmin əsəri yarımçıq qaldı. Yarımçıq deyəndə, "Füzuli" operasının çox hissəsini yazıb. Amma onu klavirə köçürmək, "orkestrovka" etmək üçün müəllifin öz fikirləri var idi. Ömrünün sonuna nə qədər qaldığını həkimlər demədilər. 1992-ci ilin 25 martında - onun yoxluğunu anladığım anda əvvəlcə Tofiq Quliyevə zəng vurdum. "Bu dəqiqə gəlirəm", - dedi. O bizə qarşı həmişə etibarlı olub. Atamdan yeddi ay sonra da qardaşım Pərviz 44 yaşında qəflətən vəfat etdi. Anam kimi onu da birinci infarkt əlimizdən aldı...".

 Cahangir Cahangirovun həyatı əsərlərində davam edir. "Azad", "Xanəndənin taleyi" operaları, "Füzuli", "Nəsimi", "Aşıq Alı" kantataları, "Sabir" oratoriyası, "Arazın o tayında" poeması, "Dostluq mahnısı" kompozisiyası, "Dəli Kür", "Yenilməz batalyon" filmlərinə yazdığı musiqilər, "Ana", "Aylı gecələr", "Bakı", "Dan ulduzu, bir də mən", "Ay qız", "Ala göz" mahnıları və digər bəstələri bəstəkar ömrünün əbədiyyət ünvanı oldu.



MƏSLƏHƏT GÖR:

505