4 Dekabr 2024

Çərşənbə, 23:01

QAPALI ÇEVRƏ

“R+”un suallarını Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı cavablandırır

Müəllif:

15.07.2016

- Düz, 9 ay əvvəl Azərbaycan Dövlət Neft Akademiyasının adı dəyişdirilib, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırıldı və siz də həmin ali məktəbə rektor təyin edildiniz. Yəqin ki, artıq yeni hədəfləriniz müəyyən edilib?

- Ölkə başçımız cənab İlham Əliyev Azərbaycan Dövlət Neft Akademiyasının adını Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə dəyişdirdikdə və məni bu vəzifəyə təyin etdikdə, bizim qarşımıza təkcə neft sektoru üçün deyil, bütövlükdə, milli sənayemiz üçün yüksəkixtisaslı, keyfiyyətli və vətənpərvər kadrların hazırlanması vəzifəsini qoydu.  Nəzərə alsaq ki, bu ali məktəb çox qədim və şanlı tarixə malikdir, bizim qarşımızda duran bu vəzifənin öhdəsindən gəlmək o qədər də çətin görünmürdü. Ancaq dünya inkişaf edir və bu gün dünənki uğurlarla öyünməklə heç bir nailiyyət əldə etmək olmaz. Bu gün qarşımızdakı məqsədlərdən biri, yaxın 5 ildə ortasəviyyəli Avropa universitetləri sırasına daxil olmaqdır. Bunu rəqəmə çevirsək, təxminən, dünya sıralamasında 700 universitetin sırasına qoşulmaq deməkdir. Növbəti 5 ildə isə, yəni 10 ilin tamamında Avropanın aparıcı universitetləri səviyyəsində bir Azərbaycan brendi kimi fəaliyyət göstərməliyik. Nəzərə alsaq ki, dünyada 100 mindən artıq universitet var, onda bu vəzifənin nə qədər ağır olduğunu görə bilərik.

- Hədəfləriniz iddialıdır. Onlara çatmaq üçün nələr etməyi düşünürsünüz?

- Bəzi statistik məlumatlar vermək istəyirəm ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin gələcəyə hansı baqajla getdiyini təsəvvür edə biləsiniz. Təxminən, 90-cı illərin ortalarında bizim universitetə daxil olan tələbələrin cəmi1-2 nəfəri 500 balı keçirdi. Ancaq 2015-2016-cı tədris ilində bizim universitet 2005 nəfər abituriyent sifarişi verdi və onların hamısı universitetə qəbul olundu. Onların 117 nəfəri 600-dən yuxarı bal toplayan tələbələrdir. Qəbul olunanların içərisindən 695 bal toplayan tələbənin də neft-qaz mühəndisliyi ixtisasını seçməsi bu gün ölkə başçısının apardığı siyasət nəticəsində vətəndaşların ölkənin gələcəyi üçün ən önəmli ixtisaslara yiyələnmək istədiklərinin göstəricisidir.  Bu baxımdan bizim pis işləməyə haqqımız yoxdur pis işləyək. Ancaq hazırki tədris proqramlarımız bizi qane etmir. Onlar sovet dönəmindən qalıb, çox köhnəlib. Onların mahiyyəti Avropanın aparıcı universitetlərinin proqramları ilə ən yaxşı halda 15-20% üst-üstə düşür. Ona görə də böyük rəqabətə dözmək üçün biz öz proqramlarımızı Avropanın təhsil məkanına inteqrasiya etdirməliyik.  Bizim qarşımızda duran əsas məqsəd universitetin keyfiyyətcə yeni kadrlar hazırlamasıdır. Bunun üçün nələr etməliyik? Biz müasir ixtisaslara, tələbələrin təcrübəsinin artırılmasına, sənaye müəssisələri ilə əlaqələrin qurulmasına üstünlük verməliyik. Bu baxımdan universitetimiz gələcəyə hesablanmış çox uğurlu layihələr həyata keçirir.

- Onlardan hansını misal gətirmək olar?

- Bu layihələrdən biri Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Fransa Prezidenti Fransua Oland arasında imzalanmış memorandum əsasında Fransa-Azərbaycan Universitetinin (UFAZ) yaradılmasıdır. Bu il həmin universitetə 4 ixtisas üzrə hər birinə 30 abituriyent olmaqla yüksək bal toplamış 120 abituriyentin qəbulu nəzərdə tutulur. Təhsil isə tam dövlət hesabına olacaq.  Buranı bitirənlər ikili deyil, iki diplom alacaqlar. İxtisasdan asılı olaraq, biri Strasburq və ya Renn-1 universitetinin, digəri isə AZNSU-nun diplomu. UFAZ-da tədris Fransa standartlarına cavab verəcək, əsasən, fransız professor-müəllim heyəti tədrisə cəlb ediləcək. Tədricən bizim mütəxəssislər də həmin standartlara uyğunlaşdırılacaq ki, gələcəkdə o keyfiyyətdə kadrları özümüz yetişdirə bilək. Tələbələrin daha çox təcrübə toplamasına və bu məqsədlə sənaye müəssisələrilə əlaqələrə önəm verdiyinizi dediniz… Bəli, ölkə başçısının universitetimizin qarşısında qoyduğu əsas vəzifələrdən biri də innovativ, elm tutumlu biznesin universitetə gətirilməsidir. Bu, sözsüz ki, bir günün, iki günün məsələsi deyil, ancaq biz indidən işimizi elə qurmalıyıq ki, gələcəkdə bu uğurlara imza ata bilək. Bu gün biz Təhsil Nazirliyinin ümumi rəhbərliyi ilə Azərbaycan ekosistemi deyilən bir layihənin yaradılması ərəfəsindəyik.  Bu layihənin mahiyyəti nədir? Universitetin yuxarı kurs tələbələrinin, magistrant və doktorantlarının ən yaxşı ideyaları ətrafında startap layihələrinin qurulması, yəni startap müəssisələrinin yaradılmasıdır. Universiteti bitirən tələbə təkcə diplomla deyil, özünün müəssisəsi ilə tərk edir. Lakin universitet özü bu gün bu vəzifənin öhdəsindən tam gələ bilmədiyi üçün, biz universitet daxilində startap məktəbinin açılmasına məcbur olduq.Azərbaycanda bu sahədə mütəxəssis çox olmadığına görə, biz Ukraynadan, İsraildən, ABŞ-dan mütəxəssislər dəvət etdik. Artıq iyun ayının sonunda həmin startap məktəbinin ilk buraxılışını həyata keçirəcəyik.  Hazırda tələbələrimizin 15-dən artıq layihəsi, yəni onların prototipi var. Həmin təqdimatda hər bir müəllif öz ideyasının mahiyyətini izah edəcək, onu əsaslandırmağa çalışacaq ki, investorlar bu layihələrə maliyyə yatıra bilsin. Yeri gəlmişkən, buraxılışa 10-dan artıq xarici investor da dəvət etmişik və onlar iştiraka razılıq veriblər. Hələlik bu təqdimatlar buraxılış işi şəklində baş tutacaq, ancaq payızda ölkə miqyaslı startap layihələrinin festivalını da keçirəcəyik.  Biz startap ideyası ilə qurulmuş həmin müəssisələri inkubatorlara yerləşdirəcəyik, onları 3-4 il tam qorumağa çalışacağıq, bundan sonra onlar öz istəyilə universitetin nəzdində yaradılacaq texnoparka köçürəcəyik. İnkubatorda olduqları müddətdə biz onları rüsumlardan maksimum azad edəcəyik, daha sonra isə onlar dövlətə rüsumlarını ödəyəcəklər, sözsüz ki, yenə müəyyən güzəştlərlə.

- Sizin danışdıqlarınızdan da, tələbələrinizdən eşitdiklərimdən də universitetdə bir yeni ruh, müasir ab-hava hiss olunur. Bu gün universitetin pedaqoji heyət bu yeni iş üsullarına, yeni qaydalara, ab-havaya nə dərəcədə uyğunlaşa bilir? Mən köhnədən qalma neqativ hallardan danışmaq, universitetin keçmişinə kölgə salmaq istəmirəm. Lakin insanları bir gündə dəyişmək də mümkün deyil…

- Hazırda bizim universitetdə 700-ə yaxın professor-müəllim heyəti çalışır. Bunun 80-ə yaxını elmləri doktoru, professor, Elmlər Akademiyasının müxbir və həqiqi üzvləri, 400 nəfərdən çoxu isə elmlər namizədi, dosentlərdir. Çox gözəl bir heyətlə işləyirik. Çox az ali məktəb belə bir kontingentlə fəxr edə bilər. Ancaq yaş həddinə baxanda, bizim universitetin müəllimlərinin 51%-i 60, onların da 23%-i 70 yaşdan yuxarı insanlardır. Bizim universitetdə yaşı 90-ı ötmüş müəllimlər var. Sözsüz ki, biz bu kontingenti təzələməliyik, gəncləşdirməliyik.  Siz bizim keçmişimizə kölgə salmaq istəmirsiniz, biz özümüz də bundan qaçırıq, ancaq faktları da inkar etmək olmur. Son 5 ildə universitetimiz 1627 nəfər magistr buraxıb. Soruşa bilərsiniz ki, onlardan neçə nəfəri müəllim qismində universitetə işə götürülüb? Cəmi 13 nəfəri. Bunların hamısı neqativ hallarla bağlıdır. Əgər yaxşı oxuyan tələbələr ali məktəbdə pozitiv görsələr, bura can atardılar. Bizim gənclər daha çox pozitiv olan yerlərə, yaradıcılığa can atırlar. Sizin dediyiniz doqquz ay ərzində biz 40-a yaxın gənc magistri işə götürmüşük. Yayda onların sayı daha da artacaq. Nəzdimizə verilmiş kollecə də gənc mütəxəssisləri cəlb edəcəyik.

- Bu gəncləşdirmə siyasəti yaşlı nəslin işsiz qalmasına səbəb olmayacaq ki?

- Biz insanların yaşından asılı olmayaraq universitetdə qalmasının tərəfdarıyıq. Lakin müəllimin səviyyəsini və tədrisin keyfiyyətini də yaxşılaşdırmalıyıq. Müəllim yaşından asılı olmayaraq, kreativ, müasir düşüncəli olmalıdır, informasiya texnologiyalarını bilməlidir. Bu gün biz elektron təhsil sisteminə keçirik. Əgər müəllim kursoru gətirib faylı aça bilmirsə, hansı uğurdan danışa bilərik? O müəllimi biz tədrisdə saxlaya bilərikmi?  Ona görə də elə şərait yaratmağa çalışırıq ki, hər insan öz qabiliyyətinə görə məvacib ala bilsin. Bunun üçünbir bal sistemi tətbiq etmişik; məsələn, professor vəzifəsini tutmaq üçün 110 bal toplamaq lazımdır. Bu bal 5 il müddətində dərc edilmiş məqalələrə, patent işlərinə, yazdığı kitablara, ona olunun istinadlara, gətirdiyi layihələrə görə toplanılır. Beynəlxalq nəşrlərdə dərc olunan məqalələrə görə daha çox bal verilir. Ona görə müəllimlərimiz çalışır ki, daha çox "Tomson Royters" (Thomson Reuters), "Sayəns Siteyşn" (Science Citation), "Elsever" kimi mətbu orqanlarda çap olunsunlar.  Bunları edib lazımi balı toplayanlar beş il müddətinə professor seçilir və 1100 manat ştat maaşı alır. Biz bu il Təhsil Nazirliyinin dəstəyi ilə maaşları iki dəfə artırdıq. Üstəlik, həmin müəllim əlavə 400 manat da ala bilər. Lakin bunun üçün həmin müəllim tələbələrdən də bal almalıdır. Özü də müəllimi yalnız yaxşı oxuyan tələbələr qiymətləndirə bilər. Bir şərtlə ki, həmin müəllimin tələbələrinin, ən azı, 20%-i 4-5 qiymətlərlə oxusun ki, o bal ona getsin. Bütün bunları etməkdə əsas məqsədimiz odur ki, müəllim tələbə ilə ünsiyyətdə olsun, tələbəni yetişdirməyə çalısın.

- Dolayısıyla, belə başa düşdüm ki, qapalı bir çevrə yaranıb və burada tələbə müəllimin, müəllim isə tələbənin verdiyi qiymətdən asılıdır…

- Tamamilə doğrudur.  

- Söhbətimizin əvvəlində siz universitetin şərəfli keçmişindən, ənənələrindən danışdınız. Ötən il Cənubi Koreyada səfərdə olarkən bir vyetnamlı konfrans iştirakçısından Azİİ barədə eşitmək mənim üçün çox qürurverici idi. İndi necədir, xaricdən maraq varmı?

- Bilirsiniz ki, Azİİ sovet vaxtı ilk onluğa daxil olan universitet olub. Əcnəbi tələbələrin hazırlığına görə isə ilk üçlükdə qərarlaşırdı. Bu da əsasən neft-qaz sənayesi ilə bağlı idi. Bu gün universitetimizdə 19 ölkədən 400-ə yaxın tələbə oxuyur. Ənənəvi olaraq, Vyetnamdan, Qazaxıstandan, Türkmənistandan, bu gün hətta Avropadan, daha dəqiqi, Yunanıstandan tələbələrimiz var. Banqladeşdən, Nepaldan, Hindistandan böyük maraq var. Gələn tədris ili üçün bizə müraciət edən əcnəbilərin sayı artıq 200-ü keçib. Nə üçün? Çünki biz 14 ixtisas üzrə ingilis dilində tədris verməyə qalxmışıq. Cəmi 32 ixtisasımız var, onlardan 14-ü üzrə ingilis dilində, 15 ixtisas üzrə isə rus dilində tədris qurmuşuq.  Ölkə başçımız postneft dövrünü elan edib. Artıq biz ona hazır olmalıyıq və ölkəyə təhsil sahəsindən də gəlir cəlb etməliyik, ölkəyə valyuta gəlməlidir. Rəqabət böyükdür. Bütün dünya tələbə qəbul etməyə hazırdır.  Bizim zəif yerimiz təkcə yataqxanalarla bağlıdır. Çox guman ki, Təhsil Nazirliyi və ölkə rəhbərliyinin dəstəyilə biz universitetimiz üçün yaxın bir ərazidə yataqxana şəhərciyi yaradacağıq. Bu mənada, Təhsil Nazirliyi tərəfindən işlər uğurla davam etdirilir. Əminəm ki, bu layihələr bir- birini tamamlasa, yaxın 3 ildə universitetimizin əcnəbi tələbələrinin sayı 1000 nəfəri keçəcək. Növbəti illərdə isə hədəf 2 min nəfər olacaq. Bu, həm universitet, həm də ölkəmiz üçün bir imicin yaradılması deməkdir.

- Əslində, mənim də postneft dövrü ilə bağlı sualım olacaqdı. Ancaq başqa bir rakursda. Sizin universitetin adı daha çox neft sənayesi ilə yanaşı səslənir. Bəs postneft iqtisadiyyatına ali məktəbiniz nə verə bilər?

- Bəli, bu gün biz artıq qeyri-neft sektorunu təmsil edən sənaye müəssisələri ilə ilişgilər qurmağa çalışırıq, onlarla müqavilələr bağlayırıq. İstəyirik ki, universitetimizin tələbələri 2-ci kursdan başlayaraq, gündəlik istehsalat təcrübəsinə gedə bilsin. Yəni tələbə birinci növbədə oxuyur, ikinci növbəni işə gedir. Təbii ki, bu məcburi deyil.  İstədiyimiz nədir? Biz istəyirik ki, tələbə 2-ci kursu bitirən kimi buraxılış işinin mövzusunu alsın. İndiyədək təhsilin bitməsinə cəmi 2-3 ay qalmış tələbəyə deyirdilər ki, sən filan mövzuda müdafiə etməlisən. Belə olan halda tələbə nə etməli idi? Təbii ki, müxtəlif yollar axtarmağa başlayacaqdı. Biz artıq bu ildən başlayaraq ikinci və üçüncü kurslara buraxılış işlərinin mövzularını veririk. Uşaqlara hər fəndən bir təqdimat tapşırılır və həmin təqdimat buraxılış işinin bir hissəsi olur, növbəti illərisə bütün kurs işləri buraxılış işinin mövzusunda verilir və tələbə artıq özünü buna kökləyir, materialları toplayırvə təhsilin sonunda müdafiə edir. Daha sonra nə baş verir? Üçüncü kursdan biz bunlara vəzifə təklif edirik; məsələn, energetika mühəndisi üçün ölkəizdə "Azərenerji", "Azərişıq", Bakı Metropoliteni, "Azərfon", "Azercell" və s. şirkətlər var ki, onların bir çoxu ilə müqavilə bağlamışıq və ya bağlamaq ərəfəsindəyik. Bu tələbələr müəyyən qrafiklə müəssisələrə gedir, bir ayın yekununda onların arasından bir qismi seçilir və artıq rəmzi bir məvacib müqabilində həmin müəssisədə müəyyən iş saatlarını işləyir. Bununla tələbə həm təcrübə qazanır, həm də öz diplom işinin materiallarını toplayır. Eyni zamanda, müəssisə özünə lazım olan kadrları seçmək imkanı qazanır və biz də bununla təhsilimizi sənayenin tələblərinə uyğun qurmuş və iqtisadiyyatımıza xidmət etmiş oluruq. Əks halda, mən universitet kimi öz gələcəyimizi görmürəm.

- Ali məktəb orta məktəbin verdiyi biliklərin qəbul imtahanından sonra qiymətləndirildiyi bir yerdir. Yüksək bal toplayan tələbələriniz öz ballarını doğruldurlarmı?

- Bəli. Biz bütün tələbələri diqqətimizdə saxlayırıq. Bu il yüksək balla bizim universitetə qəbul olunan 117 tələbənin 70%-i əlaçı və ya zərbəçi təqaüdü alır. Yəni onlar qəbul imtahanında topladıqları balları doğruldurlar. Biz hazırlıqlı tələbələri himayə edirik. Bəzən isə elə olur ki, qəbul imtahanında tələbə müəyyən səbəblərdən çox yüksək bal toplaya bilmir. Ancaq burada, universitetdə onun potensialı açılır.  Bu gün 1-ci qrup üzrə universitetimizə qəbul olunan tələbələrin orta balı 435-dir və bu göstəriciyə görə biz ölkədə üçüncü yerdəyik. Bizdən yüksəkdə duran, yalnız 676 balla Ali Neft Məktəbi, ikinci yerdə isə 462 balla Qafqaz Universitetidir. Yəni bizim narazı qalmağa haqqımız yoxdur. Ancaq biz aldığımız materialı necə yetişdiririk, hara aparırıq? Tələbənin biliyinin ortaya çıxması üçün şərait, şəffaf mühit yarada bilirikmi? Bunu özümüzdən soruşmalıyıq.

- Soruşsaq, cavab necə olar?

- Bu gün biz imtahanları yalnız yazılı şəkildə aparırıq və bunun özəlliyi var. Şəffaflığı təmin etmək üçün cavablar dərhal skan edilib Təhsil Nazirliyinin bunkerlərində saxlanılır ki, sonradan o, dəyişdirilməsin. Müəllim kimin yazısını yoxladığını bilmir. Tələbə isə sabah onun yazısı işləyəcəyi şirkətə təqdim oluna biləcəyindən xəbərdar olur. Çünki yazılı imtahanın nəticəsi bir sənəddir və bu məsuliyyəti artırır. Ancaq mən istərdim ki, gələcəkdə bizim müəllimlər həm yazılı, həm də şifahi imtahan versinlər ki, müəllimlə ünsiyyətdə ən yaxşılarıortaya çıxa bilsin. Hərçənd bu gün bizim müəllimlər buna hazır deyillər.

- Səbəb nədir?

- Çünki müəllimlər kənardan tapşırıqların qabağında dura bilmirlər. Universitet olaraq biz dayana bilirik. Bu gün bizim universitetdə 12 müəllim yazılı və şifahi imtahan götürür. Onlar özlərinə əmindirlər və söz veriblər ki, bir heç bir tapşırığa baxmayacaqlar. Ancaq 5 müəlim xahiş etdi ki, bu məsuliyyəti onların üzərindən götürək. Dedilər ki, qohum var, qonşu var, onların xahişlərinin qarşısında davam gətirə bilmirlər. Baxmayaraq ki, bu müəllimlər özləri çox şəffaf insanlardır.

- Belə çıxır ki, cəmiyyətin bu məsələlərə yanaşması da dəyişməlidir?

 

- Bəli, nə vaxt ki, bizim cəmiyyət himayədarlıqdan uzaqlaşacaq, onda bizim təhsilin keyfiyyəti birə-on artacaq.    



MƏSLƏHƏT GÖR:

521