24 Noyabr 2024

Bazar, 07:46

HƏR KƏSƏ EV

Ucuz mənzil tikitisinə başlanılması və ipoteka kreditləşməsinin sadələşdirilməsi Azərbaycanda bütün ailələrin mənzillərlə təmin edilməsinə yönəlib

Müəllif:

15.07.2016

Dövlət idarəçiliyi sektorunda, xüsusən də əhaliyə xidmət sferasında həyata keçirilən islahatlar məmur-vətəndaş münasibətlərini xeyli asanlaşdırıb. İslahatların əsas istiqaməti elektron hökumət xidmətlərinin imkanlarından fəal şəkildə istifadə etməkdir. Bu isə bürokratik süründürməçilik hallarını azaltmağa, koorupsiya və rüşvətxorluq faktlarını aradan qaldırmağa imkan verir. Burada aparıcı rolu, əsasən, şəxsiyyət vəsiqələri, pasportlar, sürücülük hüququ, "kupça"ların verilməsindən başlayaraq, kommunal xidmətlərdən ayrıca arayışların alınmasındək dövlət orqanları tərəfindən əhaliyə xidmət göstərilməsinə cəmlənmiş "ASAN xidmət" mərkəzləri oynayırlar.

Bu istiqamətdə islahatların daha bir mühüm yönü Prezident İlham Əliyevin ipoteka kreditləşməsinin bəzi məsələlərini tənzimləyən fərmanı oldu. Bu fərmana uyğun olaraq, "Azərbaycan İpoteka Fondu" ASC-nin nizamnaməsi və "AİF vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası" təsdiq edildi.

İpoteka kreditinin verilməsi prosedurlarının sadələşdirilməsi məqsədilə "Elektron hökumət" portalında "Elektron ipoteka" sisteminin yaradılması və 2017-ci il yanvarın 1-dən başlayaraq bu institutun təcrübədə tətbiq edilməsi barədə qərar verildi.

Fərmanda qeyd edilib ki, "Elektron ipoteka" sistemində ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin siyahısının və şərtlər barədə məlumat olmalıdır; ipoteka kalkulyatoru proqramı; ipoteka kreditinin alınması üçün elektron müraciəti, qeydiyyata alınması və s. üçün imkanların təqdim edilməsi. Sistemdə ipoteka krediti almaq üçün müraciət etmiş şəxs üçün elektron kabinetin və ödənişlərin elektron formada həyata keçirilməsi üçün imkan yaradılması nəzərdə tutulmalıdır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə "Elektron ipoteka" sisteminin "Elektron hökumət" portalına inteqrasiyasını təmin etmək həvalə olunub. Bu isə müvəkkil banklara ipoteka krediti almaq istəyənlərin məlumatlarını əldə etməyə imkan verəcək. İpoteka kreditlərinin verilməsi və prosedurun sadələşdirilməsi təkcə vətəndaşların yaşayış şərtlərini yaxşılaşmasına deyil, həm də tikinti sektorunun canlanmasına yardım edəcək.

Bütün dünyada ipoteka kreditləri yaşayış məsələsinin əsas həll yolu hesab edilir. MDB məkanında AİF-in verdiyi ipoteka kreditlərinin illik 8% (adi ipoteka) və güzəştli ipoteka krediti üçün 4%-lik dərəcəsini ən münasib şərt hesab etmək olar. Məsələn, Rusiyada ipoteka almaq istəyən şəxslər İpoteka Yaşayış Kreditləşməsi Agentliyinin xətti ilə ən yaxşı halda 11,5-12%-la əldə edirlər. Bundan əlavə, ipoteka kreditlərinin verilmə templəri də heç də yaxşı deyil. 2006-cı ildən AİF xətti ilə 18 min nəfər ümumi məbləği 730,8 mln. manat həcmində ipoteka krediti alıb. Bununla bərabər, son yarım ildə kreditlərin verilmə prosesi olduqca ləngiyib.

Buradan belə çıxır ki, orta hesabla, ancaq 1,8 min sakin ipoteka krediti alır. Hərçənd bir neçə il əvvəl Milli Məclisdə ipoteka kreditləri ilə bağlı müzakirələr zamanı vətəndaşlardan ipoteka krediti almaq üçün 100 min sorğunun olduğu rəqəm səsləndirilmişdi. Kreditin indiki verilən templəri ilə ipoteka krediti almaq istəyənlərin hamısını kreditlə təmin etmək üçün bir neçə on il lazım olacaq. Bununla yanaşı, ölkə əhalisinin sayının artmasını da nəzərə almaq lazımdır.

Bununla əlaqədar ölkədə ipoteka kreditinin bərpa olunması və sürətlənməsinin nə üçün lazım olmasına dair suallar yaranmır. Qeyd edək ki, ipoteka kreditinin bərpası təkcə mənzil bazarında deyil, bütövlükdə iqtisadiyyatda vəziyyəti yaxşılaşdırmalıdır. Tikinti sahəsinə yatırılan hər bir manat oxşar sahəyə əlavə dörd manat gətirir. Bu proses hələ 2010-cu ildə, ipoteka kreditləşməsinin üçillik fasilədən sonra bərpası ilə müşahidə edilirdi. Müvafiq olaraq, AİF xətti ilə aktiv ipoteka kreditləşməsi başlayarsa, daşınmaz əmlak bazarı və tikinti sektorunda canlanmanın növbəti gurultusunu gözləmək olar. Bu isə 2017-ci ilin əvvəlində ölkə iqtisadiyyatında əhəmiyyətli dərəcədə öz əksini tapacaq.

Lakin istənilən halda ipoteka ilə kredit almaq və kreditin ödənilməsi üçün müəyyən maliyyə imkanlarının olması tələb edilir. Əhalinin aztəminatlı təbəqəsi isə bu imkana malik deyil. Azərbaycanda əhalinin bu təbəqəsinin mənzil məsələsinin həlli üçün Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) yaradılıb. Onun əsas vəzifəsi - olduqca əlverişli şərtlərlə aztəminatlı ailələrə mənzil verilməsindən ibarətdir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş sonuncu iclasında qeyd etdiyi kimi, bu, olduqca ciddi sosial təşəbbüsdür.

"İndi təşkilati məsələlər öz həllini tapmaqdadır. Torpaq sahələri ayrılır və tezliklə MİDA öz işinə başlamalıdır, mənzillər tikilməlidir. Bu mənzillər uzunmüddətli güzəştli şərtlərlə aztəminatlı vətəndaşlara veriləcək. Bu, çox ciddi sosial təşəbbüsdür. Bu, geniş vüsət almalıdır. Hər bir bölgədə, hər bir rayonda buna ehtiyac var. Eyni zamanda, bu təşəbbüs, bu layihə inşaat sektoruna da çox ciddi təsir göstərəcək. Çünki inşaat sektorunda çox böyük geriləmə var və iş yerlərinin itirilməsi də məhz inşaat sektorunda baş vermişdir", - deyə İ. Əliyev bildirib.

O, qeyd edib ki, sahibkarlar da sosial mənzillərin tikintisinə dair irimiqyaslı işlərə hazır olmalıdırlar.

"Bütün inşaat materialları Azərbaycanda istehsal olunmalıdır. Onların böyük hissəsi istehsal olunur. Ancaq indi həcm, tələbat artacaq. Özəl sektor da hazır olsun və öz işlərini elə qursun ki, bizim bu inkişaf planlarımızı təmin edə bilsin. Yoxsa, belə olmasa, onda biz gərək inşaat materiallarını xaricdən alaq. Ona da əlbəttə ki, biz getmək istəmirik", - deyə İ. Əliyev bildirib.

Əlbəttə, belə bir sual doğur ki, mənzil tikintisinin vüsəti əmlak bazarında "həddindən artıq qızmaya" gətirib çıxarmayacaq ki?

Lakin statistika əksini iddia edir. Azərbaycanda əhalinin adambaşına 18 kv.m düşür. Bu isə Qazaxıstan (21 kv. m) və Rusiya (23 kv.m) üzrə rəqəmlərlə müqayisə edilir. Lakin Avropa göstəriciləri ilə (49,7 kv. m) və ABŞ-la (65 kv.m) müqayisədə olduqca aşağıdır.

Ona görə də mənzil probleminin tam həlli üçün hələ də xeyli yeni mənzillər tikilməlidir. Bundan əlavə, əhalinin fəal artımını da nəzərə alsaq, deməli tikinti şirkətləri və müvafiq sektor hələ neçə on illər işlə təmin olunacaq.


MƏSLƏHƏT GÖR:

447