24 Dekabr 2024

Çərşənbə axşamı, 08:55

OLİMPİADAÖNCƏSİ İMTAHAN

Marina Durunda Olimpiya Oyunları qabağı azarkeşləri ümidləndirdi

Müəllif:

01.08.2016

Bakıda 17 ölkənin iştirak etdiyi bədii gimnastika üzrə Dünya Kubokuna yekun vurulub. Mötəbər yarış yüksək təşkilatçılıq və gimnastlarımızın uğurlu çıxışı ilə əlamətdar olub. Bədii gimnastika üzrə yığmamızın lideri Marina Durunda növbəti dəfə məharətini nümayiş etdirməklə, qitənin güclüləri sırasında olduğunu sübut edib.

Gözlənildiyi kimi, Marina Durunda lentlə hərəkətlərdə əksər həmkarlarını arxada qoydu. Ritmik musiqi, mürəkkəb hərəkətlər və dinamik ifaçılıq sayəsində hakimlər gimnastımızın finaldakı çıxışını 18.500 balla qiymətləndirdi. Bu göstərici ilə Marina Durunda bürünc medala layiq görüldü. İlk iki yerdə rusiyalı gimnastlar Yana Kudryavtseva və Marqarita Mamun qərarlaşdı.

Mötəbər yarışda topla fərdi proqram üzrə final yarışında rusiyalı gimnast Marqarita Mamun 19.400 xalla qızıl medal qazanıb. Digər rusiyalı Aleksandra Soldatova 19.000 xalla gümüş, İsrail təmsilçisi Neta Rivkin isə 18.500 xalla bürünc medala sahib olub. Azərbaycan gimnastı Marina Durunda 17.900 xalla yeddinci olub.

Halqa ilə yarışlarda da rusiyalı gimnastlar fərqləniblər. Yana Kudryavtseva (19.450 xal) qızıl, Marqarita Mamun (18.550 xal) gümüş, Fransa gimnastı Kseniya Mustafayeva (18.500 xal) isə bürünc medala sahib olublar.

Gürzlərlə final yarışında Yana Kudryavtseva və Marqarita Mamun eyni - 19.400 xal topladıqları üçün fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Fransa təmsilçisi Kseniya Mustafayeva yarışı üçüncü pillədə başa vurub.

Qrup hərəkətləri yarışında komandalar 5 lent, 3 gürz və 2 halqa ilə final mərhələsində mübarizə aparıblar. Beş lent ilə mübarizədə İsrail komandası 18.500 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rusiya kollektivi 18.350 xalla ikinci, İspaniya millisi isə 18.250 xalla üçüncü pillədə qərarlaşıblar. Azərbaycan yığması 18.100 xalla yarışı beşinci pillədə başa vurub.

Üç gürz və 2 halqa ilə qrup yarışlarında Rusiya komandası 19.000 xalla qızıl medala sahib olub. İtaliya komandası 18.500 xalla gümüş, İspaniya yığması isə 18.300 xalla bürünc medal qazanıblar. Azərbaycan komandası 17.750 xalla beşinci olub.

Qrup hərəkətləri üzrə komandamızın Dünya Kubokunun finalında inamlı çıxış etməsi gənc gimnastlarımızın perspektivli olduğunu təsdiqlədi. Mürəkkəb hərəkətləri səhvsiz yerinə yetirən yığmamız güclü rəqabətin olmasına baxmayaraq, həlledici mərhələdə alqışlarla qarşılandı. Gimnastlarımızın mükafatçılar sırasına düşməməsini finalda qitənin ən güclü komandalarının çıxış etməsi ilə izah etmək lazımdır.

Dünya Kubokunun final mərhələsinin təşkilatçılığında milli ənənələrə, tarixi mədəniyyətimizə sadiqlik özünü göstərdi. Gimnastika xalçası və mükafatlandırma mərasimi üçün hazırlanan məkanın Naxçıvan xalçalarına məxsus - Çələbi naxışları ilə bəzədilməsi xüsusi qeyd olunmalı məqamdır. Dünya Kubokunun bağlanış mərasimi açılış mərasiminin məntiqli davamı oldu. Bağlanış mərasiminin əsas qəhrəmanı qismində yenə də Azərbaycana gələn və ölkənin gözəllikləri ilə tanış olan balaca şahzadə çıxış etdi. Ssenariyə əsasən, artıq Azərbaycanın bütün gözəl yerlərini gəzmiş balaca şahzadə Yanardağdan öz evinə üz tutmağa başlayır. O, bu dağın atəşini bürünc mükafatçı Marina Durundaya verir. O da odla digər yerlərdən keçməyə başlayır. Onlar sahələrdən, üzüm bağlarından və digər yerlərdən keçərək, Şamaxı Rəsədxanasına qayıdırlar. Qala-konsertdə Azərbaycan bədii gimnastikasının indiki və gələcək ulduzları, o cümlədən Marina Durunda, Jalə Piriyeva və ölkənin qrup komandası nümunəvi nömrələrlə çıxış etdilər.

Azərbaycan gimnastlarının çıxışından razı qaldığını söyləyən Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov “R+”a açıqlamasında bunları dedi: “Dünya Kubokunun son mərhələsi Rioda keçiriləcək Olimpiya Oyunlarından əvvəl son yarışdır. Bu mərhələnin üstünlüyü ondadır ki, idmançılar öz güclərini sınayırlar, bu, onların axırıncı şanslarıdır. Fikrimcə, gimnastika bayramı hamıya sevinc bəxş etdi. Millimizin lideri Marina Durunda lentlə hərəkətlərdə bürünc medal qazanmaqla tamaşaçıların ümidini doğrultdu".

Altay Həsənov Azərbaycan Gimnastika Federasiyasının uğurlu işini xüsusi vurğulayaraq əlavə etdi ki, federasiya artıq uzun illərdir, müxtəlif mötəbər tədbirləri uğurla təşkil edib: "Düşünürəm ki, daha iri yarışları keçirmək iqtidarındayıq - öhdəsindən gələ bilərik. İnsanlar arenaya gimnastika yarışlarında iştirak etmək üçün gəlirlər. Görürəm ki, insanlar buradan dost kimi ayrılırlar. Bu, ölkəmizin çox böyük nailiyyətidir. İnsanlar yaxşı təəssüratlarla, bura qayıtmaq ümidi ilə gəlir və gedirlər.

Azərbaycan artıq çoxdan idman ölkələrinin ilk sıralarındadır. Bunu ölkəmizdə keçirilən idman tədbirləri də göstərir. İnanıram ki, o gün gələcək, biz futbol üzrə Dünya Çempionatını, Olimpiya Oyunlarını keçirəcəyik, çünki Azərbaycan artıq buna hazırdır və layiqdir".

Bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilyeva da azərbaycanlı idmançıların çıxışından razı qaldığını söylədi. Onun fikrincə, müəyyən səhvlərə baxmayaraq, gimnastlarımızda inkişaf hiss olundu: "Marina Durunda bizi sevindirdi, düzdür, həmişə olduğu kimi, son anda. Təəssüf ki, bu, ənənə halını almağa başlayır. O, həmçinin Avropa Oyunlarında, Minskdəki Avropa Çempionatında da belə edib. Amma ən önəmlisi odur ki, o bizi sevindirdi. O, bəzi səhvlərə yol verib, ancaq mən buna şadam, çünki həmin səhvləri Olimpiya Oyunlarında etməkdənsə, burada etmək daha yaxşıdır".

Mariana Vasilyeva, həmçinin qeyd etdi ki, digər Azərbaycan gimnastı Jalə Piriyevanın da çıxışından çox razıdır: "Jalədən son dərəcə razıyam, çünki o, çox gənc gimnastdır. Demək olar ki, bu, onun yunior proqramı ilə ilk ilidir və üç hərəkəti gözəl icra edərək məni çox sevindirdi. Lakin dördüncü çıxışda kiçik səhvə yol verdi. O, ilk dəfə dünya reytinqinə düşəcək, buna görə onu yalnız təbrik edə bilərəm".

Azərbaycan gimnastlarının qrup çıxışlarına gəlincə, baş məşqçi bildirdi ki, onlar ilk dəfə 18,1 bal toplayıb: "Hesab edirəm ki, onlar belə qiyməti layiqincə qazanıblar. Düşünürəm ki, bu göstərici onlara kömək edəcək və özlərinə inamları artacaq. Onlara mane olan yeganə məqam liderlər arasında ola biləcəklərinə inanmamaları idi. Lakin düşünürəm ki, hakimlərin verdiyi qiymət onlara buna layiq olduqlarını göstərəcək".

Qeyd edək ki, istirahət etməyə vaxtı olmayan Azərbaycan gimnastları XXXI Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Braziliyaya yollanıb. Planetin ən mötəbər yarışında gimnastikada ölkəmizi Marina Durunda, Oleq Stepko və Petro Paxnyuk təmsil edəcəklər.



MƏSLƏHƏT GÖR:

444