Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Avqustun 5-də Rio-de-Janeyroda yerləşən Marakana stadionunda XXXI Yay Olimpiya Oyunlarına start veriləcək. Planetin ən mötəbər yarışında rekord sayda - 206 ölkədən 10 mindən çox idmançı mübarizə aparacaq. İlk dəfə olaraq Kosov, Cənubi Sudan və vətəndaşlıqdan imtina edən 10 idmançının təmsil olunduğu Beynəlxalq Olimpiya Komitəsinin komandası yarışacaq. On altı gün davam edəcək Yay Olimpiya Oyunlarında 301 medal dəsti öz sahibini tapacaq. Cənubi Amerikada ilk dəfə baş tutacaq Olimpiadada yarışlar Rio-de-Janeyroda baş tutacaq. Yalnız futbol oyunları Rio-de-Janeyro ilə yanaşı, Braziliya, San-Paulu, Salvadorda keçiriləcək.
Mötəbər yarış üçün, ümumilikdə, 2 488 medal hazırlanıb. Onlardan 812-si qızıl və eyni sayda gümüş, 864-ü bürünc mükafatlardır. Medalların hər birinin çəkisi 500 qramdır. Qızıl mükafatların tərkibinə hər hansı maddə, hətta civə də qatılmayıb. Ondan fərqli, gümüş və bürünc mükafatların hazırlanmasında 30 faiz təkrar emal materiallarından istifadə olunub.
Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təhlükəsizliyi dünyanın 55 ölkəsinin nümayəndələri qoruyacaq. Beynəlxalq Olimpiya Komitəsinin rəsmi məlumatına əsasən, təhlükəsizlik xidməti əməkdaşları Olimpiada ilə əlaqəsi olan bütün insanların genişmiqyaslı yoxlamasını aparıb. Olimpiadada iştirak edəcək 400 min insan, o cümlədən, könüllülər, jurnalistlər və rəsmi şəxslər barədə bütün məlumatlar toplanıb. Əlli beş ölkədən 250 polis zabiti Braziliyanın Silahlı Qüvvələrinə və polis strukturlarına yardımçı olacaq. ABŞ, Belçika və Fransa kəşfiyyat xidmətlərinin rəsmiləri də terror təhlükələrinin qarşısının alınmasında Braziliyaya kömək edəcəklər.
Rio-de-Janeyro Olimpiadası, yəqin ki, tarixə həm də təşkilatçılıq baxımından çoxlu sayda problemi olan yarış kimi düşəcək. Beynəlxalq Olimpiya Komitəsi (BOK) təşkilatçı ölkənin mötəbər yarışa tam hazır olmadığını açıqlamaqla yanaşı, Olimpiada vaxtı müəyyən problemlərin ortaya çıxacağını istisna etməyib. Ötən il “Rio-2016”nın təxirə salınması ilə bağlı müzakirələr aparan BOK sonda Olimpiadanın Rio-de-Janeyroda baş tutmasına razılıq verdi. Üstəlik, beynəlxalq qurum yarışın vaxtında başlanması üçün Braziliyaya maliyyə yardımı etdi.
“Rio-2016” yaddaşda həm də dopinq qalmaqalları ilə qalacaq. İştirakçı ölkələrin əksəriyyətində qadağan olunan preparatlardan istifadə edən idmançılar tapıldılar. Azərbaycan komandasında ağır atletikada təmsil olunan idmançılarımız bu problemdən kənarda qalmadılar. Eyni zamanda, Belarus, Rumıniya kanoeçiləri Olimpiadadan kənarlaşdırıldılar. Rusiya idmanının titullu tennisçisi Mariya Şarapova və yüngül atletika üzrə yığma komandası Olimpiadaya buraxılmadı.
Rusiya millisinin Olimpiya Oyunlarında iştirakı, ümumiyyətlə, sual altinda idi, lakin BOK bütün ölkənin oyunlardan kənarlaşdırılmasına getmədi. Əvəzində isə hər idman növü üzrə beynəlxalq federasiyalar Rusiya idmançılarının Olimpiadaya buraxılmasını araşdırır.
Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının talismanlarından biri, parlaq sarırəngli pişiyəbənzər siması olan canlıdır. O, özlüyündə Braziliya faunasını tərənnüm edir. İkinci talisman palma yarpaqlarını xatırladan saçları olan yaşıl varlıqdır. Təşkilatçılar talismanları özlərinin əsas qazanc mənbəyinə çevirmək niyyətindədirlər. Onlar atribut və suvenir satışından 398 milyon dollar qazanmağı nəzərdə tutublar. Talismanlar Vinisius və Tom adlandırılıb.
Yay Olimpiya Oyunları dünyanın əksər ölkələrində televiziya vasitəsilə canlı yayımlanacaq. Final görüşlərinin, eyni zamanda, 175 ölkədə canlı göstərilməsi nəzərdə tutulur. Avropa ölkələrinin Braziliya ilə saat fərqinin olması belə, televiziya yayımından olan gəlirin azalmasına təsir göstərməyib. Ümumilikdə, yarışları işıqlandırmaq üçün Beynəlxalq Olimpiya Komitəsi 2 200 jurnalisti akkreditasiyadan keçirib.
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı 18 idman növü üzrə 56 idmançı təmsil edəcək. Bu barədə Gənclər və İdman naziri Azad Rəhimov XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimindəki çıxışı zamanı bildirib. Nazirin sözlərinə görə, Azərbaycan 4 növdə ilk dəfə təmsil ediləcək. Komandanın, əsasən, titullu idmançılardan ibarət olduğunu deyən Azad Rəhimov qarşıdakı Olimpiadaya 3 hakimin də yollanacağını vurğulayıb. O bildirib ki, "Rio-2016"ya hazırlıq prosesi uğurla həyata keçirilib. Bildirilib ki, bütün idmançılar “Zika” virusu əleyhinə dərman vasitələri və digər tibbi ləvazimatlarla təmin olunublar.
“Azərbaycan idmanının inkişafı bizim ümumi inkişafımızın göstəricisidir”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimindəki nitqində deyib.
Olimpiya Oyunlarında Azərbaycanın 56 idmançısının mübarizə aparacağını vurğulayan dövlət başçısı bildirib ki, bu, ötən Olimpiadadakından çoxdur. İdmançılarımızın Olimpiadada ölkəmizi ləyaqətlə təmsil edəcəyinə əminliyini bildirən Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, son 4 il ərzində idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında bizi sevindirib, ölkəmizin şöhrətini ucaldıb və Vətənə böyük qələbələrlə qayıdıblar.
Prezident İlham Əliyev deyib ki, “Azərbaycan idman dövlətidir. Bunu dünyanın bütün idman ictimaiyyəti bilir, qəbul edir. Azərbaycanda idman, Olimpiya hərəkatı ilə bağlı məqsədyönlü siyasət aparılır. Məhz bu siyasət nəticəsində, biz bu gün bu uğurlar haqqında danışa bilərik. Düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycan cəmiyyətində önəmli bir ictimai amilə çevirib. Bu gün idmançılara cəmiyyətdə çox böyük hörmət var, idmançılar cəmiyyətdə layiqli yer tutublar. İdmanla məşğul olmaq istəyənlərin sayı getdikcə artır. Bunun əsas səbəbi idmançıların uğurları və onlara göstərilən dövlət qayğısıdır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya və XV Paralimpiya Oyunlarında Azərbaycan idmançıları, əlil idmançılar və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi ilə bağlı sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, XXXI Yay Olimpiya Oyunlarında birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat məbləğində mükafat veriləcək. Olimpiadada ikinci yeri tutan hər bir idmançıya və məşqçiyə müvafiq olaraq, 200 min və 100 min manat məbləğində mükafat nəzərdə tutulub. Üçüncü yeri tutan idmançı 100 min, onun məşqçisi isə 50 min manat məbləğində mükafatlandırılacaq.
Bundan başqa, XV Yay Paralimpiya Oyunlarında birinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat mükafat veriləcək. İkinci yerə layiq görülən idmançı 100 min manat, onun məşqçisi 50 min manat məbləğində mükafatlandırılacaq. Üçüncü yeri tutan hər bir paralimpiyaçı idmançıya 50 min manat, onun məşqçisinə isə 25 min manat məbləğində mükafat nəzərdə tutulub.
Azərbaycan müstəqil ölkə kimi iştirak etdiyi “Atlanta-1996”da 23, “Sidney-2000”də 31, “Afina-2004”də 36, “Pekin-2008”də 44, “London-2012”də 53 idmançı ilə təmsil olunub.
İndi isə Rio-de-Janeyro Olimpiadasında iştirak edəcək idmançılarımızla tanış olaq.
Boks üzrə yarışlarda 11 idmançımız iştirak edəcək. Onlardan biri Yana Alekseyeva qadın boksunda təmsil olunub.
Kışılər arasında isə mübarizəni Rüfət Hüseynov (49 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (-81 kq), Abdulkadir Abdullayev (-91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) aparacaqlar.
Atletikada Skidan Anna çəkictullamada, Nazim Babayev üç təkanla tullanmada, Hayle İbrahimov 5000 m məsafəyə qaçışda, Evans Kiplaqat isə marafonda iştirak edəcəklər.
Avarçəkmə idman növlərində Aleksandr Aleksandrov/Boris Yotov (akademik avarçəkmə, 2 000 m ikinəfərlik qayıq); Valentin Demyanenko (kanoe, 200 m), İnna Osipenko-Rodomska (kayak, 200 m və 500 m) Yure Meqliç (kanoe-slalom) mübarizə aparacaqlar.
Güləşdə ölkəni böyük heyət təmsil edəcək. Yunan-Roma güləşində Elvin Mürsəliyev (75 kq), Rövşən Bayramov (59 kq), Rəsul Cunayev (66 kq), Sabah Şəriəti (130 kq), Saman Təhmasibi (85 kq) mübarizə aparacaqlar.
Qadın güləşində Mariya Stadnik (48 kq), Snişin Nataliya (53 kq) və Yuliya Ratkeviç (58 kq) iştirak edəcəklər.
Sərbəst güləşdə isə Hacı Əliyev (57 kq), Toğrul Əsgərov (65 kq), Şərifov Şərif (86 kq), Xetaq Qazyumov (97 kq), Cəmaləddin Maqomedov (125 kq), Cəbrayıl Həsənov (74 kq) mübarızə aparacaqlar.
Bədii gimnastikada Marina Durunda, idman gimnastikasında isə Oleq Stepko və Petro Paxnyuk mübarizəyə qoşulacaqlar.
Taekvondoda Radik İsayev (+80 kq), Fəridə Əzizova (67 kq), Milad Beigi Harçeqani (-80 kq) və Patimat Abakarova (49 kq) medallar ücün mübarizə aparacaqlar.
Velosiped yarışlarında Maksim Averin (şose), Yelena Pavluxina (şose) və Olqa İsmayılova (trek-keyrin, trek-sprint) iştirak edəcəklər.
Qılıncoynatmada Sabina Mikina (sablya), triatlonda Rostislav Pevsov, kamandan oxatmada Olqa Senyuk, güllə atıcılığında Ruslan Lunyov, üzgüçülükdə Fatimə Alkərəmova (100 m məsafəyə sərbəst üsulla) və Boris Kirilov (200 m məsafəyə arxasıüstə) mübarizə aparacaqlar.
Cüdo üzrə millimizin tərkibinə Orxan Səfərov (-60 kq), Nicat Şıxəlizadə (-66 kq), Rüstəm Orucov (-73 kq), Məmmədəli Mehdiyev (-90 kq), Elmar Qasımov (-100 kq) və Kokauri Uşangi (+100 kq) daxildirlər.
Paralimpiyaçılarımız 18 idmancı ilə təmsıl olunacaq, onlardan 4-ü cüdo üzrə yarışlara qatılacaq - Ramin İbrahimov (60 kq), Bayram Mustafayev (66 kq), Ramil Qasımov (73 kq), Rövşən Səfərov (81 kq), Kənan Abdulxanlı (100 kq), İlham Zəkiyev (100 kq-dan yuxarı), Səbinə Abdullayeva (57 kq).
Dmitri Saley və Roman Saley üzgüçülükdə, Razm Azar və Elşən Hüseynov – pauerliftinqdə, Kamil Əliyev və Elçin Muradov – uzunluğatullanmada, İradə Əliyeva, Yelena Çebanu, Rüfət Rəfiyev və Elmir Cəbrayılov – atletikada, Yelena Taranova isə 10 m atıcılıqda mübarızə aparacaqlar.
“Rio 2016”da Azərbaycan yığmasının bayraqdarı London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı və Avropa çempionu boksçu Teymur Məmmədov olacaq.
XXXI Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi avqustun 5-də Marakana stadionunda keçiriləcək. Mötəbər yarışa avqustun 21-də yekun vurulacaq.
MƏSLƏHƏT GÖR: