23 Dekabr 2024

Bazar ertəsi, 22:26

SƏSİN CÖVHƏRİ

Opera və Balet Teatrının solisti Afaq ABBASOVA: "Opera rəqsi də, musiqini də, rəssamlığı da, dramı da özündə ehtiva edir"

Müəllif:

01.08.2016

Afaq Abbasova Azərbaycanın Əməkdar artisti, Opera və Balet Teatrının solistidir. Gəncdir. Heç 30 yaşı da yoxdur. İlahi soprano səs tembrinə malikdir. Teatrdakı 4 ili ərzində 12 opera partiyasında iştirak edib. Və bütün rolları, hətta ən kiçik olanları belə, onun üçün əziz və dəyərlidir. “Səs mənim ruhumdur”, - Afaq Abbasova deyir. Bununla yanaşı, vokal sənətinin mütəxəssisləri çox vaxt həmin səsi musiqi aləti hesab edirlər. Lakin Afaq üçün səs – insan təbiəti, onun səhhətini və bir çox başqa nüansların ən kiçik incəliklərinin əks olunduğu canlı substansiyadır. “R+”la söhbəti zamanı artist yaradıcılıq sahəsində yetişməsi və gündəlik işi barədə danışıb.

- Afaq xanım, bu sənətə necə gəldiniz?

- Müəllim ailəsində böyümüşəm, müstəntiq olmağa hazırlaşırdım. Bir qədər rəssamlığım vardı, amma opera sənətinə hər zaman heyran olmuşam. Balaca olanda uşaqları toplayırdım və onların qabağında əlimdə xəyali mikrofonla belə səslənirdim: “Çıxış edir respublikanın xalq artisti...”. Gördüyünüz kimi, yorulmadan çalışdıqda arzular gerçəkləşir. Əvvəlcə Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil almışam, Musiqi Akademiyasını isə Azərbaycanın Xalq artisti Fidan Qasımovanın sinfində bitirmişəm. Diplom işim “Traviata” operasında Violettanın partiyası olub. Elə bu rol teatrda ilk rolum olub. Hünərimi toplayaraq, direktor, Azərbaycanın Əməkdar incəsənət xadimi Arif Məlikovun məni dinləməsi xahişi ilə teatra gəldim. Teatrın dirijoru, respublikanın Xalq artisti, professor Cavanşir Cəfərov və truppanın rəhbəri Tamara xanım Eyvazova ilə birgə hazırladığım və ifa etdiyim Violettanın ariyasını oxumağa icazə verərək, məni dinlədilər. Dinləmə uğurlu keçdi. Direktorumuz gəncləri dəstəkləyir, buna görə də ona minnətdaram. Beləcə, teatrın solisti oldum.

- Rolunuza sizi kim hazırlayır?

- Əvvəlcə bu, konsertmeyster, dirijor, orkestrlə birgə hazırlıqdan ibarətdir, daha sonra rejissorla işləyirik. Tamaşanın qoyulmasına qədər xeyli işləməli oluruq. Bu vaxta qədər mənimlə güclü, gözəl rejissor, Azərbaycanın Xalq artisti Gülcahan Gülməmmədova-Martınova məşğul olur. Onu özümə yaxın hesab edirəm. Ondan çox şey öyrənmişəm və buna görə ona minnətdaram. Orada təkcə gözəl ifa etmək yox, həm də qəhrəmanın obrazını yaratmaq vacibdir.

Hər gün çoxlu çalışıram. Özünü səhnədə yaxşı hiss etmək üçün doyunca yatmaq, istirahət etmək, soyuqdan qorunmaq lazımdır. 12 operamın hamısını sevirəm: “Sevil”, “Eşq içkisi”, “Bohema”, “Trubadur”,  “Manon Lseka”, “İl Tabarro” (“Plaş”), “Otello”... “Otello”nun bizdə konsert ifasında səslənməsinə baxmayaraq, artistlər səhnədə dekorasiya olmadan əyləşərək ifa edirlər – yenə də Verdinin operası ölümsüzdür. Operanın dirijorluğu üçün Azərbaycanın Xalq artisti, möhtəşəm Rauf Abdullayevi dəvət edirlər.

- Sizi istər yaxın, istərsə də uzaq xarici şəhərlərdə alqışlayıblar. Siz Türkiyə və Yunanıstanda, İtaliya və ABŞ-da, Almaniyada, Vyana, Bratislava, habelə Moldova, Minsk, Yekaterinburq və digər şəhərlər və ölkələrdə çıxış etmisiniz. Ən çox yadınızda nə qalıb?

- Fikrət Əmirovun eyniadlı operasından olan "Sevil" ariyasını və Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi və London Simfonik Orkestrinin müşayiəti ilə Niyazinin "Azru" romansını ifa etdiyim Londonda keçirilən böyük konserti deyə bilərəm. Publika bu çıxışı çox yaxşı qarşıladı, avtoqraflar istəyirdilər. Yenidən səfərə dəvət edirdilər, müsahibələr alırdılar. Bir də Minskdə dünya əhəmiyyətli konsertdə Verdinin "Taleyin gücü" operasından olan Leonoranın ariyasının ifasından öncə, mənə respublikanın əməkdar artisti adının verilməsi barədə məlumat verildikdə. Minskdə də bu xoş xəbəri qeyd etdik. Qazaxıstanda isə Astana ilinin bağlanmasına həsr edilmiş, MDB dövlətlərinin opera ulduzlarının festival paradında çıxış etmək qismət olub.

- İncəsənətdə hansı pilləyə yüksəlməyi düşünürsünüz?

- Mənim kumirim Mariya Kallassdır. Onu durmadan dinləmək istəyirəm. O, səhnə ilə yaşayırdı və sadəcə, müğənni deyildi, həm də gözəl aktrisa idi.

- Səhnədə necə hisslər keçirirsiniz? Tamaşanın qəhrəmanlarına, həqiqətən, aşiq olursunuz?

 - Əlbəttə, tamaşa personajıma vuruluram. Əks halda, səhnə obrazını yarada bilməzdim. Lakin səhnə səhnədir. İlk tamaşa "Traviata" öncəsi pərdə arxasında, hətta ürəyimin döyüntüsünü eşitmişdim.

- Planlarınız, hobbiniz nədir?

- Verdinin Aida və Radamesin böyük məhəbbətinə həsr edilmiş "Aida" operasını ifa etməliyəm. İndi onun üzərində çalışıram. Hobbiyə gəldikdə isə rəsm çəkməyi çox sevirəm - lakin bunun üçün çox vaxtım olmur.

- Deyirlər ki, bu gün operaya əvvəlkitək tələbat yoxdur və onun mövcud olma şansları cüzidir?

- Bu, doğru deyil. Bizim teatrın, eləcə də dünyanın nüfuzlu zallarının tamaşaçı izdihamına  əsasən deyə bilərəm ki, opera yaşayır və yaşayacaq. Klassik operalarla yanaşı, müasir operalar da qoyulur.  Gənclərin müasir musiqi və ədəbiyyata maraqlarına baxmayaraq, opera sonuncu yerdə deyil. Çünki opera rəqsi də, musiqini də, rəssamlığı da, dramı da özündə ehtiva edir. Janrın intibahı baş verib. Onun emosional təsiri güclüdür.

- "Aida" operasında sizə müvəffəqiyyətlər arzulayırıq!



MƏSLƏHƏT GÖR:

442