Müəllif: Sabirə MUSTAFAYEVA, Vəfa ZEYNALOVA Bakı
Bu gün, demək olar ki, hər kəs çap mətbuatının gələcək taleyi haqqında danışır. İnterneti və elektron texnologiyalarının inkişafını nəzərə alsaq, hazırda nəşriyyat işində bu, əsas mövzudur. Rəqəmsal texnologiyanın inkişafı, şübhəsiz ki, media mühitinə öz təsirini göstərir. Nəticədə, dövri mətbuatın tirajı azalır. Bununla yanaşı, ümumilikdə, oxumağa maraq da azalır. Lakin çap KİV-in aktuallığını qoruyub-saxladığını görməmək mümkün deyil. Bu, sadəcə, boş söz deyil. KİV sahəsindəki əksər ekspertlər hesab edir ki, yaxın gələcəkdə çap mətbuatının populyarlığı mütləq bərpa olunacaq.
Kağıza etibar etmək olar
Əsas arqument - bir çox istifadəçilər dünya şəbəkəsində yayılan məlumatların doğruluq səviyyəsini yüksək saymır. Doğrudur, ənənəvi KİV-in də yalan xəbərlər yaya bilməsi istisna deyil. Amma belə hallara çox az rast gəlinir. Məhz bu amil qəzet və jurnalları onlayn rejimdə çalışan orqanlardan fərqləndirir. Oxucu üçün optimal variant informasiyanı həm çap mətbuatından, həm də İnternetdən əldə etməkdir. Belə çıxır ki, ənənəvi KİV mövcudluğunu qoruya bilmək üçün aktual, keyfiyyətli, obyektiv informasiya daşıyıcısı rolunu davam etdirməlidir. Kağız əvəzedilməz informasiya daşıyıcısı olan keyfiyyətli məhsul kimi öz ənənəvi mövqelərini qoruyub saxlayacaq.
Yeri gəlmişkən, elə bu yaxınlarda məsələ Vyanada Avropa Qəzetçilər Konqresində müzakirə olunub. Avropanın KİV sahəsində nüfuzlu eksperti olan futuroloq Mattias Xorks «R+»un əməkdaşına açıqlamasında bildirib ki, insan beyni kağız üzərindəki informasiyanı daha yaxşı qavrayır, bu üzdən də Avropada artıq elektron kitablardan imtina tendensiyası müşahidə olunur.
«Yalnız Almaniyada ötən il çap məhsulları satışında 2%-lik artım qeydə alınıb. Yəni, insanlar kağıza qayıdır», - deyə o, qeyd edib. Futuroloq əmindir ki, çap mətbuatına inam səviyyəsi dəfələrlə artıqdır, çünki onların informasiyanın dəqiqliyini yoxlamaq üçün vaxtı çox olur. «İnternet nəşrləri «klik» uğrunda yarışdığından, informasiyanın daha tez yayılmasına üstünlük verir, diqqəti cəlb etmək üçün faktı şişirdir. Çap KİV-i əksinə, bütün lazımsız məqamları ələyir, informasiyanın təqdim olunmasına analitik yanaşma ortaya qoya bilir», - deyə Horks bildirib. Onun fikrincə, insanlar keyfiyyətsiz informasiya bolluğundan bezib və artıq etibar etdikləri KİV-ə üstünlük verir.
İvan Fyodorov adına Moskva Dövlət Mətbuat Universitetinin müəllimi Yelena Puşkina deyir ki, qəzet və jurnalların auditoriyası 25 yaşdan yuxarı şəxslərdir. 25 yaşadək olan oxucular isə müxtəlif mənbələrdən informasiya almaq üçün eyni vaxtda bütün mümkün resurslardan yararlana bilir. Bununla yanaşı, zaman keçdikcə istehlakçı daha ciddi informasiya mənbələrinə üstünlük verməyə başlayır. «Elektron KİV informasiyanı tez və qısa şəkildə çatdırır. Haradasa nə isə baş verirsə, xəbər dərhal saytlarda çıxır. İnsan beyninin isə kontekstə, hadisə haqqında daha dərin məlumatlar almağa ehtiyacı var. Əgər bütün olanları kiçik bir formata salırsınızsa, bu, insan beynini həddindən çox yükləyir. İnformasiyanın ötürülmə sürəti onun qavranılsmasını ləngidir», - deyə ekspert bildirir.
Hələ heç nə itirilməyib
Həqiqətən də, yaşlı insanlar qəzet və jurnallarda yazılmış məlumatları daha yaxşı qavrayır, nəinki saytlarda. Burada söhbət heç də yalnız onların qadcetlərdən istifadə edə bilməməsindən getmir. Kağız daha nüfuzlu informasiya mənbəyidir. Bundan başqa, fəal olmayan yuzerlər üçün elektron informasiya axını içərisində baş çıxarmaq çətin olur. Bu işdə «staj» lazımdır ki, ziddiyyətli informasiya axınını ələməyi bacarasan. Necə ki, əksər oxucu üçün ən müasir qadcet belə, kitabı, qəzetdən, jurnaldan gələn tipoqrafiya qoxusunu əvəz etmir - bu, sanki bir ayindir.
Bəs Azərbaycan mütəxəssisləri bu barədə nə düşünür? Media sahəsində ekspert Qulu Məhərrəmli «R+»a açıqlamasında bildirib ki, dünyada çap mətbuatının həcmi azalmağa doğru getsə də, onun tamamilə yox olacağı haqda danışmaq tezdir. «İnternet nəşrindən fərqli olaraq, qəzetin və digər dövri mətbuatın bir sıra üstünlükləri var. Misal kimi məlumat bazası və arxivin yaradılması imkanını göstərmək olar. Əlbəttə, operativlik baxımından elektron media ilə rəqabət çox çətindir. Son illərdə ABŞ-da, təxminən, 2000 çap mətbuat orqanı bağlanıb», - deyə o, qeyd edib. Bununla yanaşı, ekspert hesab edir ki, nüfuz məsələsində hər şey media təşkilatının statusundan asılıdır: «Çap KİV-in hələ də bir çox üstünlükləri qalmaqdadır. Lakin o, operativlik baxımından elektron KİV-ə uduzur. İstənilən halda, media orqanı özünə hörmət etməli, nəşrin formasından asılı olmayaraq, yayılacaq informasiya yoxlanılmalıdır».
Digər ekspert, jurnalistika müəllimi Zeynal Məmmədli də eyni fikirdədir: «Çap KİV-in aktuallığını itirməsi məsələsi ilk dəfə qaldırılmır; bu, radionun, daha sonra isə televiziyanın populyarlıq qazanmağa başladığı dövrdə də müzakirə olunurdu. İndi isə elektron KİV-in və sosial şəbəkələrin yayılması ilə bu məsələ daha ciddi xarakter alıb. Çünki İnternet bizə müxtəlif media-kontent təqdim edir: çap, radio, video». Z. Məmmədli yaranmış vəziyyətlə əlaqədar, çap KİV-nin miqyasının, reklam gəlirlərinin azaldığını deyir (çünki bu məhsullara təlabat azalır). Bu üzdən də onlar heç də həmişə nüfuzlu müəllif və ekspertləri işə cəlb edə bilmir - axı onlara kifayət qədər ciddi məbləğ ödənilməlidir. Amma nüfuzlu çap KİV-dən danışırıqsa, o, daha peşəkar və daha etibarlıdır.
Bununla yanaşı, ekspert çap məhsullarının heç bir halda yoxa çıxmayacağına əmindir; texnologiyaların inkişafı çevik qadcetlərin, monitorların meydana çıxmasına yol açır. Bununla da gələcəkdə qəzet və jurnallar, sadəcə, formasını, şəklini dəyişəcək. Onların hazırlanma prinsipi dəyişməz qalacaq: «Qatlanması və ya bükülməsi mümkün olan monitor təsəvvür edirsinizmi? Düşünürəm ki, gələcəkdə qəzetlər məhz bu cür olacaq, amma çap KİV-nin bütün ənənələri qorunub saxlanacaq. Belə qəzeti almaq üçün evdən çıxmağa, köşkə yollanmağa ehtiyac qalmayacaq. Qəzet özü evinizə gələcək. Amma onun çap mediası ilə heç bir fərqi olmayacaq. Düşünürəm ki, bu, xüsusilə ekoloqları sevindirərdi».
Çap və elektron KİV-ə inamın müqayisəsinə gəlincə, Zeynal Məmmədli hesab edir ki, İnternet çox müxtəlifdir - orada ən müxtəlif məqalələr, sosial şəbəkələr var. «Eyni vaxtda bir çox insana ünvanlanmış məktubu İnternetə yerləşdirmək olar. Əhatə edəcəyi auditoriya və miqyasına görə onu media ilə səhv sala bilərlər. Mediadan tələblər isə başqadır: onun üzərində məsuliyyət, həmçinin hüquqi öhdəliklər var. İstənilən halda, inam məsələsi jurnalistlərin peşəkarlığından və nəşrin keyfiyyətindən asılıdır», - deyə Z.Məmmədli qeyd edib.
Ekspert informasiya mənbələrinin düzgün şəkildə bir-birilə əlaqələndirilməsinə tərəfdardır: elektron KİV vasitəsilə ilkin informasiya yayılır, daha sonra çap KİV-i məsələni daha dərin, hərtərəfli öyrənərək, təqdim edir.
Bu gün çap KİV-i üçün optimal biznes modeli hazırlanmalıdır ki, o, öz formasını dəyişməsin. Bu, onlara texnologiyalar dövründə də effektiv, uğurlu işləməyə, vəziyyətlə ayaqlaşmağa imkan verərdi. Dövri mətbuatın «ölümü» haqqında danışmaq isə tezdir. O, müasir informasiya məkanındakı yeri uğrunda mübarizəni davam etdirir.
MƏSLƏHƏT GÖR: