Müəllif: Vəfa ZEYNALOVA Bakı
Yayın qızmar çağıdır. Demək, həm də məzuniyyət dövrüdür. Bəs yayı necə keçirmək lazımdır ki, sonradan mənasız yerə itirilmiş vaxta görə heyfsilənməyəsən? Çimərlikdə, kondisionerli otaqdakı divanda, yoxsa səyahətdə? Yeri gəlmişkən, alimlər sübut ediblər ki, səyahət insanı maddi rifahdan daha çox xoşbəxt edir. Hələ bu cür səfərlərin insanın dünyagörüşünü artırmasından, uzaq ölkələrin gözəlliyi ilə tanışlıqdan, uğurlu şoppinqdən danışmırıq.
Təbii ki, dəbdəbəli kurortlara «birinci klass»la uçmaq hər kəsə qismət olmur. Bəs buna görə səyahətdən imtina etməyə dəyərmi? Qətiyyən!
Azərbaycandan
Əlbəttə, qənaətli istirahət müəyyən narahatlıqlar yaradır. İstirahət dedikdə, yalnız yüksək xidmət səviyyəsi və mənasız vaxtöldürmə haqqında düşünən insanlar üçün komfortun olmaması evdə qalmaq üçün kifayət qədər ciddi səbəb kimi görünə bilər. Uzaq və yaxın ölkələri görməyi müvəqqəti narahatlıqdan daha üstün tutan digər insanlar isə səyahətə əvvəlcədən hazırlıq görməlidir.
İlk olaraq səyahətə hansı nəqliyyat növü ilə yollanacağınızı müəyyənləşdirməlisiniz. Əlbəttə ki, təyyarə bahalı da olsa, ən rahat vasitədir. Bileti əvvəlcədən, səyahətdən bir neçə ay əvvəl almaq daha yaxşı olar. Çünki istirahət mövsümündə qiymətlər nəzərəçarpacaq dərəcədə yüksəlir. Bundan başqa, birbaşa olmayan, həmçinin gecə və ya sübh tezdən uçan reyslər daha ucuz olur. Reyslər arasındakı interval da biletin qiymətinə təsir göstərən məqamlardandır. Azərbaycandan olan azbüdcəli turistlər daha çox Ukrayna aviaşirkətlərinin Kiyevdə təyyarə dəyişmə ilə uçan reyslərinə üstünlük verir. Reyslər arasında gözləmə intervalı bir neçə saatdırsa, siz isə yüksüz, körpələrsiz səyahət edirsinizsə, aeroportdan çıxa, avtobusla şəhəri gəzə, bir neçə saatınızı Ukraynanın gözəl paytaxtında keçirə bilərsiniz.
Həmvətənlərimiz üçün ən populyar marşrutlardan biri qonşu Gürcüstanda dincəlməkdir - orada hər şey cəlbedicidir: əla təbiət, ləzzətli təamlar, əvəzsiz şəhər aurası, nisbətən ucuzluq. Oraya daha çox qatarla gedirlər ki, bu da daha rahatdır. Yay mövsümündə biletləri əvvəlcədən almaq lazımdır. Çünki yay aylarında, həmçinin bayram ərəvəsində bilet tapmaq asan olmur. Bununla yanaşı, hər gün Bakı avtovağzalından Azərbaycanın bütün guşələrinə, o cümlədən Gürcüstanla sərhədə avtobuslar gedir. Yeri gəlmişkən, bu yaxınlarda Bakıdan kurort şəhəri olan Batumiyə birbaşa avtobus reysidə açılıb. Bu, qatarla səyahətdən ucuz başa gəlir və vaxta da müəyyən qədər qənaət edirsiniz. Lakin komfort baxımından o, qatara uduzur. Yeri gəlmişkən, «Bakı-Batumi» avtobus reysləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 18:00-da çıxır, səhəri gün saat 09:00-da ünvana çatır. Bir istiqamətdə biletin qiyməti 35 manatdır.
Harada qalmalı?
Mənzilbaşına çatan zaman əsas məsələ budur. Bir çoxları qənaət məqsədilə özləri otel tutmağa üstünlük verir. Lakin turizm agentliyinin əməkdaşı Səbinə Serednyovanın artıq jurnalımızın əvvəlki nömrələrinin birində dediyi kimi, agentlik, adətən, otel ilə əvvəlcədən müqavilə bağlayır və nömrələri güzəştli qiymətlərlə alır. Beləliklə, turistin özünün tapdığı otellə agentliyin təklif etdiyi otelin qiyməti arasında ciddi fərq ola bilər.
Otellərə alternativ hostellər və ya qonaq evləridir - bu, kirayəşinə qısa və ya uzun müddətə yataq yeri olan otağın verilməsidir. Ölkədən və qiymətindən asılı olaraq, hostellər rahat, ayrıca sanitar qovşağa malik ikinəfərlik də, bir ümumi otaqda bir neçə yataqdan ibarət də ola bilər. Orada birqayda olaraq, ayrı xidmətlər nəzərdə tutulmur. Mətbəx əksərən ümumi olur, çay və kofe pulsuz verilir. İstəsəniz, hosteldə özünüz üçün süfrə aça bilərsiniz. Şərait buna imkan verir. Əlbəttə, hostellər xidmət, privatlıq baxımından, otellərdən geri qalır. Lakin onların populyarlığı getdikcə artmaqdadır. Səbəb isə yalnız ucuzluq deyil. Bu, həm də orada dünyanın müxtəlif ölkələrindən gəlmiş müxtəlif insanlarla tanış olmaq, söhbətləşmək imkanının olması ilə bağlıdır. Hostel böyük deyilsə (bir çox hallarda o, kifayət qədər geniş məhəllədə yerləşir), orada tez bir zamanda kirayəşinlərdən, hostelin sahiblərindən və işçilərindən ibarət özünəməxsus, kifayət qədər mehriban, səmimi bir çevrə yaranır. Sərbəst vaxtlarda onlar həmsöhbət olur, birgə dincəlir.
Bizim mentalitetimizdə bu cür mənzil «aşağısəviyyəli» kimi qiymətləndirilərək, çətinliklə qəbul olunursa, dünyada hostellərə münasibət fərqlidir. Üstəlik, hostellər özünəməxsus mədəniyyətə çevrilib - orada yaşamaq maraqlı muzeyə baş çəkməyə bərabər tutulur. Həqiqətən də, sıradan çıxmış təyyarə salonunu xatırladan vintaj üslubundakı qonaq evində gecələməkdən kim imtina edər? Ən maraqlı hostellərdən biri Karostada (Latviyanın Liepaya şəhərində hərbi liman) yerləşir və heç də birmənalı səslənməyə ada malikdir – “Prison Hostel”. Orada kirayəşinlərə kifayət qədər ucuz qiymətə - 15 avroya, sözün əsl mənasında, həbsxanada qalmaq təklif olunur. Amma əksinə, qədim, rahat nənə evini xatırladan hostellər də var… Bir sözlə, istənilən zövqə uyğun hostel tapmaq mümkündür.
Mənzildə qənaət etmək istəyənlər və daha çox təklik arzulayanlar,əsasən, mənzil və ya otaq kirayələməyə üstünlük verir. Dünyanın hər yerində sutkalıq mənzillərin kirayələnməsinə imkan verən saytların sayı-hesabı yoxdur. Onlardan ən populyarı airbnb.com saytıdır. Bu saytda yalnız mövsüdən qazang götürməyə çalışan yerli sakinlərin cari təklifləri yer alır. Orada hər hansı vasitəçi şirkətin və ya maklerin təklifinə rast gəlmək mümkün deyil. Saytda təklif olunan mənzillər nəinki baha deyil, həm də müştərilərin şəhərin ruhunu, oradakı həyatı daha dərindən hiss etməsinə şərait yaradır. Bəzi hallarda sakinlər mənzili bütünlükdə, bəzi hallarda isə otaqlardan yalnız birini kirayə təklif edir. Yeri gəlmişkən, mənzil kirayələməyin sərfəli cəhətlərindən biri də evdən kənarda yeməyə pul xərcləməməkdir.
Mənzil kirayələnməsi sahəsində ən qənaətcil variantlardan biri kauçserfinqdir. Bu geniş beynəlxalq şəbəkənin müvafiq onlayn xidmətdə qeydiyyatdan keçmiş iştirakçıları bir-birlərinə mənzilləri pulsuz təklif edir. Bununla yanaşı, siz diqqətinizi yalnız kiminsə evində yaşamağa yönəldə, öz mənzilinizi kirayə verməyə bilərsiniz. Kauçserfinq pulsuz mənzillə yanaşı (yeri gəlmişkən, kauçserferlər prinsipial olaraq mənzilə görə pul götürmür, hesab edirlər ki, dünya hər kəs üçün əlçatan olmalıdır), özünəməxsus mədəniyyət və fəlsəfədir. Siz köklü şəhərlilərin evində qala, onların məişəti ilə, vərdişləri ilə tanış ola, onların həyat tərzini dərindən dərk edə bilərsiniz. Bundan başqa, kauçserferlər bir çox hallarda əlavə olaraq gid xidməti də təklif edir.
Yad şəhərə gələn zaman, yəqin ki, çox gəzirsiniz. Öz avtomobiliniz və ya velosipediniz varsa (qaydaları və parklama qiymətləri ilə tanış olmağı unutmayın), bu, əladır. Yox, əgər piyada dolaşmalısınızsa, şəhər nəqliyyatının marşrutunu öyrənin, müəyyən müddət üçün abonement alın - bu, xüsusilə taksidən xeyli ucuz başa gəlir.
Yollandığınız şəhərin görməli yerləri haqqında da əvvəlcədən İnternetdən məlumat toplamaq, bunun üçün peşəkar gidin xidmətindən istifadə etməmək mümkündür. Bununla yanaşı, bir sıra hallarda müxtəlif mədəni, tarixi obyektlərə ekskursiyalar təşkil olunur ki, onlara da yazılmaq olar.
Qidalanma
Şübhəsiz ki, bu, məişətimizin ayrılmaz hissəsidir. Bütün vaxtınızı istirahətə həsr etməyə çalışır, nahar və şam hazırlamağa vaxt itirmək istəmirsinizsə, diqqəti iaşə obyektlərinə yönəltməlisiniz. Əlbəttə, turizm məkanlarına baş çəkən zaman nəfsinə üstün gəlmək, gözəl, cəlbedici görünüşə malik kafelərdən yan keçmək asan deyil. Lakin hər yerdə olduğu kimi, şəhər mərkəzində, turizm obyektlərinin yaxınlığında qiymətlər şişirdilmiş olur. Odur ki, yerli sakinlərdən onların,əsasən, harada yemək yediklərini soruşmaq daha yaxşıdır. Birincisi, belə obyektlərdə «yerlilər üçün» qiymətlər xeyli ucuz olur, ikincisi, orada siz ləzzətli milli xörəkləri dadmaq imkanı qazanırsız.
İndiki dövrdə geolokasiyasız keçinmək mümkün deyil. Xəritədə qaldığınız mehmanxananı (mənzili, hosteli), şəhərin görməli yerlərini, restoranları əvvəlcədən işarələyirsiniz. Daha sonra elə həmin xəritənin və işə salınmış GPS-in köməyilə sizə lazım olan hər şeyi tapırsınız.
Bundan başqa, restoranların reytinqini, valyuta məzənnəsini, hətta dünyanın hər tərəfindən pulsuz İnternetin olduğu məkanları göstərən çox sayda turizm əlavələri var. Lazımi şəkildə hazırlaşarsınızsa, doğru strategiya seçərsinizsə, səyahət büdcəniz sizin üçün kifayət qədər rahat və qəbuledilən olar.
Üzü Azərbaycana
Azərbaycana üz tutan xarici turistlərə gəlincə, bütün dünyada olduğu kimi, onlar ən müxtəlifsəviyyəli insanlardır. Lakin praktiki olaraq, bütün turistlər qiymət/keyfiyyət məsələsində özünə optimal variant tapmağa çalışır. Səyahət və aktiv istirahət xaricdə yaşayan bir çox insan üçün həyat üslubudur. Sosial statusundan asılı olmayaraq, hər kəs uzaq ölkələrə üz tutmağa çalışır.
Aeroportdan Bakının mərkəzinə işləyən «Bakubus» avtobusları haqqında əcnəbilər bir yana, yerli insanlar belə, az məlumatlıdır. Onlar hər yarım saatdan bir yola düşür və 24 saat işləyir. Bu avtobuslar xüsusilə gecə reysi ilə gələnlər üçün çox əlverişlidir.
Turistlər, adətən, dəbdəbəli mehmanxanalara yerləşməkdən qaçır, rahat, nisbətən ucuz olan qonaq evlərinə üstünlük verir. Təəssüf ki, bizdə hələ ki, hostel mədəniyyəti formalaşmayıb - Bakıda cəmi 2 hostel var (müqayisə üçün qeyd edək ki, qonşu Gürcüstanda onların sayı, az qala, yüzlərlədir). Turistlər fəal şəkildə airbnb xidmətlərindən və kauçserfinqdən istifadə edir, mövsümün uyğun olduğu halda isə kempinqlərə üstünlük verir. Yəqin ki, şəhərdə nəhəng, içərisinə sanki bütün bir evin yerləşə biləcəyi «turist» çantası ilə dolaşan turistləri hər biriniz görmüsünüz. Belə çantalarda, adətən, geyim və ilkin tələbat malları ilə yanaşı, yataq ləvazimatı və yüngül çadırlar da olur.
Artıq qeyd etdiyimiz kimi, kauçserfinq, sadəcə, həyat tərzinə görə yoldaş olanlar üçün özünəməxsus «xeyriyyəçilik» deyil, həm də bir mədəniyyətdir. Bu kreatin tendensiyanın bizə də gəlib-çatdığını söyləmək xoşdur - indi, xarici qonağı qəbul etməyə hazır olan kauçserferlərə yalnız Bakıda deyil, regionlarda da rast gəlinir. Bu, fərqli mentalitetə sahib insanlarla həmsöhbət olmaq imkanı ilə yanaşı, həm də xarici dil biliklərini artırmaq şansıdır.
Təbii ki, əvvəlcə tamamilə izaholunan qorxu yaranır - evə, ailənin içərisinə tanımadığın şəxsi buraxırsan… Amma buna bu dərəcədə narahatlıqla yanaşmaq da lazım deyil - bütün kauçserferlər couchsurfing.org saytında qeydiyyatdan keçir. Gələcək qonağın və ya ev sahibinin profilinə baxmaqla onun haqqında lazımi informasiya əldə edə bilərsiniz: yaşı, məşğuliyyəti, maraqları. Səyahətçilər və ev sahibləri vidalaşdıqdan sonra, çox vaxt bir-birləri haqqında fikirlərini də bölüşür. Təbii ki, yüksək reytinq bu şəbəkə istifadəçilərinə inamı artırır.
Son zamanlar bir tendensiya da yaranıb. İndi, kauçserfer-qonaqlar onlara sığınacaq verənlərə minnətdarlıq əlaməti olaraq ən müxtəlif sahələrdə bacarıq və biliklərilə bölüşürlər - dodaq qarmonunda ifadan tutmuş, kvant fizikası haqda populyar mühazirələrədək. Yeri gəlmişkən, bu, həm də qeyri-adi bir yeniliyə qoşulmaq imkanıdır. Axı bu cür səyahət növünə üstünlük verən insanlar çox nadir hallarda darıxdırıcı və adi insanlar olur; məsələn, «R+»un müxbirinin təcrübəsində müxtəlif qonaqlar olub: Yeni Orleandan gəlmiş, küçədə musiqi ifa etməklə pul qazanan yunan; yalnız yerüstü nəqliyyat vasitələri ilə səyahət edən fransız cütlük (onların il ərzində davam edən, Parisdən başlayıb Çində bitməli olan səyahət yolunda Azərbaycan istirahət nöqtələrindən biri idi); ABŞ-dan olan vegetarianlar - gənc, şən cütlük dünyanı velosipedlə gəzir, aktiv həyat tərzinə üstünlük verirdi.
Bundan başqa, mənzilin pulsuz olduğunu unutmayan bu turistlər əksər vaxt çox rahat, aza qane olar insanlar olur.
Bakıya gələn əksər turistlər birqayda olaraq, səyahətlərini yalnız şəhərin görməli yerlərini dolaşmaqla məhdudlaşdırmaq istəmir. Onlar məmnuniyyətlə çimərliklərə yollanır, Azərbaycan rayonlarının təbiəti ilə tanışlığa həvəs göstərir. Rayonlarda mənzillərini gəlmələrə verən sakinlərə daha çox rast gəlinir. Bu, həm olduqca ucuz başa gəlir, həm təzə kənd məhsullarından hazırlanmış dadlı səhər yeməyi, nahar və şam, həm də fermada, göl ətrafında və ya meşədə gözəl istirahətdir. Üstəlik, uşaqlarla əla istirahət üçün də imkan var.
MƏSLƏHƏT GÖR: