19 Dekabr 2024

Cümə axşamı, 15:04

STATUS-KVO NƏ VAXT DƏYİŞƏCƏK?

ATƏT-in Minsk qrupunun sabiq həmsədri, ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavininin keçmiş köməkçisi, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu BRAYZANIN «R+»a müsahibəsi

Müəllif:

01.08.2016

- ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayer iyulun əvvəlində Cənubi Qafqaz ölkələrində işgüzar səfərdə olub. O, regionda dondurulmuş münaqişələrin həllinə dair müzakirələr aparıb. Bu səfər Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir göstərə bilər?

- Şəxsi təcrübəmdən çıxış edərək deyə bilərəm ki, ATƏT sədrinin səfərləri sülh nizamlanması prosesinə xüsusi təsir göstərmir. Belə səfərlər ATƏT-in sülhün qorunması, münaqişənin dinc yolla həlli prosesinə sadiqliyinin nümayişi baxımından vacib olsa da, təşkilatın rəhbərlərindən heç biri Minsk qrupunun fəaliyyətinə praktiki rəhbərliyi təşkil edə bilməyib.

Bəlkə də nazir Ştaynmayer təşkilatın əvvəlki rəhbərlərindən fərqlənəcək. Ola bilsin ki, onun vasitəçilik missiyası Rusiyanı Qərbin diplomatik məkanına qaytarmağa yönəlib.

- Yaxın gələcəkdə bu münaqişənin nizamlanmasında hər hansı dəyişikliyin baş verəcəyini gözləmək olarmı?

- Həyatda hər zaman dəyişiklik gözləmək lazımdır. Konkret bu münaqişəyə gəlincə, ümid edirəm ki, bu yaxınlarda əldə olunmuş barışığın möhkəmlənəcəyinə şahid olacağıq. Münaqişə tərəfləri arasında inamın təmini üçün bəzi tədbirlərin həyata keçirilməsi də mümkündür. Amma yaxın perspektivdə problemin siyasi həlli prosesində nəzərəçarpacaq irəliləyişin olacağını gözləmirəm.

- Apreldə qoşunların təmas xəttində barışığın pozulması hallarının artdığını müşahidə etdik. Belə insidentlər təkrarlana bilərmi? Cənab Ştaynmayer də regiona səfəri zamanı Dağlıq Qarabağ münaqişəsində gərginliyin arta, status-kvonun pozula biləcəyini dedi.

- Əlbəttə ki, vəziyyətin gərginləşməsi ehtimalı yüksəkdir. Lakin bu, o halda baş verəcək ki, münaqişə tərəflərindən hansısa bilərəkdən buna getsin. Mən münaqişənin hər hansı tərəfin məqsədi olmadan, özbaşına nəzarətdən çıxa biləcəyinə dair fikirlər səsləndirən rəsmilərlə, ekspertlərlə razı deyiləm. Amma kənar qüvvələrin də təxribata əl atması, nəticədə, barışığın ciddi şəkildə pozulması ehtimalı hər zaman var. Bu, 1994-cü ildən sonra təmas xəttinə çox sayda ağır texnikanın yığıldığı indiki dövrdə daha da aktualdır. Amma indi münaqişə tərəflərindən heç biri yerüstü əməliyyatlarla ciddi hərbi nailiyyətlərə ümid edə bilməz. Odur ki, miqyaslı müharibənin başlanması ehtimalı yüksək deyil.

- Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünün nəticələrini necə qiymətləndirirsiniz?

- Müsbət. Putinin prezidentlər Əliyev ilə Sarqsyana yardım göstərilməsindəki müsbət rolunu etiraf edirəm. Bu, hərbi gərginliyin azaldılmasına, qoşunların təmas xəttində sabitliyin bərpasına yönəlib. Amma bununla belə, problemin tam həlli istiqamətində irəliləyiş əlamətləri görmürəm. Söhbət ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin 2007-ci ilin sonunda keçirdikləri görüş zamanı müzakirə olunmuş baza prinsiplərinə əsaslanan yekun həllindən gedir.

- Son zamanlar Rusiya-Türkiyə münasibətlərində yaxınlaşma müşahidə olunur. Bu mənada, Prezident Ərdoğanın həlak olmuş rusiyalı pilotun ailəsindən üzr istəməsini də yada salmaq olar. Bu addımların atılmasında məqsəd nədir?

- Birincisi, Prezident Ərdoğan üzr istəməyib, sadəcə, rusiyalı pilotun həlak olmasına görə təəssüfləndiyini bildirib. Prezident Putin isə bu təəssüfü üzr kimi təqdim etməyi lazım bilib.

Açığı, mən uzun müddət bu məsələnin elə bu cür həll olunacağını gözləyirdim. Bunu dəfələrlə açıq şəkildə dilə də gətirmişdim. Bu mübahisəyə son qoyulması hər iki prezident üçün arzulanan idi. Lakin onların heç biri seçiciləri qarşısında zəif görünmək istəmirdi. Prezident Ərdoğanın fikrincə, Rusiyanın Ankaraya tətbiq etdiyi iqtisadi sanksiyalar Türkiyə iqtisadiyyatına ciddi zərbə olmasa da, ölkənin turizm və kənd təsərrüfatı sektorlarına ziyan vurub. Rusiya prezidenti isə hesab edirdi ki, rusiyalı istehlakçılar Türkiyədə keyfiyyətli, əlçatan istirahət imkanından, Türkiyənin ərzaq məhsullarından məhrum olub. Üstəlik, Rusiya həcminə görə ikinci yerdə olan qaz ixracı bazarını itirmək risqi ilə də üz-üzə qalmışdı.

Beləliklə, hər iki prezidentə arzulanan nəticəni əldə etməyə imkan verən formulun əsası belə oldu: Putin Türkiyə tərəfinin üzr istədiyini, Ərdoğan isə texniki baxımdan üzr istəmədiyini bəyan etdi.

Düşünürəm ki, hər iki prezidentin məhz bu cür davranmaqla bağlı müvafiq tövsiyələr aldığını düşünmək üçün ciddi əsaslar var. Söhbət həm də biznes dairələrindən gəlmiş tövsiyələrdən gedir.

- Məlum olduğu kimi, Türkiyə son zamanlar terror hücumlarından əziyyət çəkir. Fikrinizcə, Atatürk Beynəlxalq Aeroportuna bu yaxınlarda edilmiş terror hücumunun Türkiyə, Rusiya və İsrail arasında əməkdaşlığın güclənməsi ilə hər hansı əlaqəsi varmı?

- Taktiki baxımdan həmin terror aktını törətmiş “İD” üzvlərinin 28 iyun tarixini təsadüfən seçmədiyini düşünmək olar. Bununla onlar sanki Türkiyə ilə İsrail arasında cəmi bir gün əvvəl qeydə alınmış diplomatik yaxınlaşmaya, bir növ, cavab verib. Strateji baxımdan isə “İD” Türkiyədə anoloji terror aktlarını əvvəllər də təşkil edib və nə qədər ki o, Suriyada, İraqda, elə Türkiyənin özündə tam məhv edilməyəcək, terrorçulara dəstək şəbəkəsinin dağıdılması üçün lazımi addımlar atılmayacaq, belə hallar davam edəcək.

- Ümumilikdə, bu terror hücumunun əvvəlkilərlə əlaqəli, Türkiyənin siyasəti ilə bağlı olduğunu demək olarmı?

- Bu soyuqqanlı qatilləri nəyin motivasiya etdiyini dəqiqliklə söyləmək çətindir. Biz yalnız onların hərəkətlərini radikal, islamçı və qeyri-islamçı ideologiyaların bu cür insanlara xas şəxsi psixopatiyası ilə əlaqələndirə bilərik. Amma Türkiyə “İD” ilə mübarizədən qaçmaqla, öz ərazisində terror aktlarından xilas olacağını düşünməkdə səhv edib. “İD” fanatları xilafət yaratmağa çalışır və bu mübarizədə onlar üçün əsas bəxşiş məhz xilafətin son taxt-tacı olmuş Türkiyədir.


MƏSLƏHƏT GÖR:

511