24 Dekabr 2024

Çərşənbə axşamı, 17:55

DAHA BİR CƏHD

“Qarabaq” və “Qəbələ” Avropa Liqasını fəth etməyə daha bir şans əldə etdi

Müəllif:

01.09.2016

Avrokubok mövsümü Azərbaycan klubları üçün yaddaqalan məqamlarla zəngin oldu. Avropa meydanlarında çıxış edən “Neftçi” və “Kəpəz” mübarizəni erkən mərhələdə dayandırsa da, “Qarabağ”la “Qəbələ” növbəti dəfə yarışın qrup oyunlarında iştirak etmək imkanı qazandı.

Gəncənin “Kəpəz” klubu böyük futbola qayıdanda əksəriyyət yalnız qənaətbəxş oyun arzulayırdı. Lakin həm baş məşqçi Şahin Diniyevin, həm də komandanın bəxti gətirdi. Gümüş mükafatçı “Zirə” cəmi 2 yaşı olmasına, çempionatda 4-cü yeri tutan “İnter” isə maliyyə problemlərinə görə UEFA tərəfindən avrokuboklara buraxılmadı. Belə də “Kəpəz” çempionata qayıtdığı ilk mövsümdəcə Avropa Liqasında iştirak etməyə məcbur oldu. Ona görə məcbur oldu ki, əslində klubun maliyyə imkanları bu yarışda iştirak etməyə imkan vermirdi.

Püşk “Kəpəz”ə Moldovanın “Daçiya” klubunu rəqib etdi. Bu dueldə təcrübəli Şahin Diniyev rəqibi yaxşı təhlil etdiyinə görə azarkeşləri sevindirməyi bacardı. Bakıda 0-0 oynayan “Kəpəz” səfərdə vurduğu qol sayəsində (1:0) mərhələni adladı. Gəncə təmsilçisinin uğuru rəqibi sözün əsl mənasında şoka saldı. Maliyyə problemi olan Azərbaycan klubu əzmkarlıq nümayiş etdirərək ikinci mərhələdə oynamaq imkanı qazandı. Avstriyanın “Admira” klubu Şahin Diniyevin komandasını növbəti dəfə sensasiya etməyə fürsət yaratmadı. Səfərdə 0:1 hesabı ilə uduzan gəncəlilər cavab görüşündə qapısından iki cavabsız qol buraxmaqla turniri tərk etdi. Ümumilikdə maliyyə problemlərini tam həll etməyən “Kəpəz”in avrokuboklardakı çıxışını qənaətbəxş qiymətləndirmək olar. Çempionata qayıtdığı ilk mövsümdə təsadüfən Avropa Liqasına vəsiqə qazanan klub ən azı bir mərhələ keçməklə minimum məqsədə nail oldu.

Son aylar stabil oyun nümayiş etdirməyən “Neftçi” də “Kəpəz”in çıxışını təkrarladı. Maltanın “Balzan” klubuna səfərdə 2:0 hesabıyla qalib gələn Vəli Qasımovun komandası cavab görüşündə azarkeşləri şoka saldı. Bakıda cırtdan ölkənin təmsilçilərinə təslim olan “Neftçi” səfərdəki qollar sayəsində mərhələ adladı. Növbəti mərhələdə Makedoniyanın “Şkendiya” klubu da ağ-qaralar üçün keçiləsi rəqib sayılırdı. Amma Vəli Qasımov “Şkendiya”yla bacarmadı. Bakıda 0:0 hesabına razılaşan flaqman səfərdə buraxdığı 1 qol sayəsində Avropa Liqasına əlvida dedi. Ümumiyyətlə avrokuboklardakı matçlar “Neftçi”nin böyük sınaqlara hazır olmadığını göstərdi. Bütün oyunlarda müdafiədə çoxlu səhvə yol verən flaqman rəqiblərə problem yaratmaqda çətinlik çəkdi.

“Kəpəz” və “Neftçi”dən fərqli olaraq, “Qəbələ” növbəti dəfə tarixi uğura nail oldu. Avropa Liqasına ilk seçmə mərhələdən başlayan Roman Qriqorçukun komandası stabil oyunla azarkeşlərə həyat verdi. İlk mərhələdə Gürcüstanın “Samtrediya” klubunu yarışdan kənarlaşdıran (5:1, 1:2) ardınca Macarıstanın MTK klubunu üstələdi. 2:0 və 2:1 hesablı qələbələr “Qəbələ”ni üçüncü seçmə mərhələyə daşıdı. Burada onların rəqibi Fransanın adlı-sanlı “Lill” klubu oldu. Qriqorçukun düzgün taktika seçimi, rəqibi öyrənməyi komandanın uğur qazanmasına yardımçı oldu. Fransa səfərindən 1:1 hesablı sərfəli nəticəylə qayıdan “Qəbələ” Bakıda fransız klubunu 1 qolla üstələdi. Pley-off astanasında təmsilçimiz Sloveniyanın “Maribor” komandasına sevinməyə imkan vermədi. Bakıda 3:1 hesablı qələbədən sonra arxayınlaşan Roman Qriqorçukun yetirmələri Sloveniyada uduzsa belə (0:1) layiqli olaraq qrup mərhələsinə vəsiqə əldə etdi.

Roman Qriqorçukun “Qəbələ”də stabil heyət formalaşdırması, lazımsız futbolçuları klubdan uzaqlaşdırması xüsusi vurğulanmalıdı. Çətin oyunlar ərəfəsində futbolçuları motivasiya etməyi bacaran Qriqorçuk döyüşkən kollektivlə ardıcıl ikinci dəfə qrup mərhələsində oynamaq imkanı qazandı. Cari mövsüm ötənilki nəticəni təkrarlayan Qriqorçuk yeni futbolçularla da işləməyi bacardığını göstərdi. Bu mənada “Qəbələ”nin uğurlarında onun böyük əməyinin olduğunu qeyd etmək lazımdır.

Azərbaycan çempionu “Qarabağ” mübarizəyə Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başladı. Lüksemburqun “Düdelanj” klubuna Bakıda 2 cavabsız qol vuran Qurban Qurbanovun komandası səfərdə 1:1 hesablı heç-heçəyə razılaşdı. Nəticədə iki oyuna görə “Qarabağ” növbəti mərhələyə adladı. Burada Ağdam təmsilçisini Çexiyanın “Viktoriya” klubu gözləyirdi. Mütəxəssislər çexlərlə matçda “Qarabağ”ı şanslı hesab etsə də, sonda sevinən tərəf rəqib oldu.

Səfərdə qolsuz bərabərliyə razılaşan “Qarabağ” Bakıdakı oynda uzun müddət üstün tərəf oldu. Hesabı açandan sonra meydanda oyunu diqtə edən “Qarabağ” son dəqiqələrdə qapısında qol gördü. Çexlərin yeganə hücumu qolla başa çatdırması azarkeşlərimizin pley-off arzusunu reallaşmağa qoymadı. Evdə 1:1 hesabı “Qarabağ” üçün məğlubiyyət effekti verdi və komandamız Avropa Liqasına yollandı.

Avroliqanın pley-offunda İsveçin “Göteborq” klubuyla qarşılaşan “Qarabağ” mövsümdə ən yaxşı oyunlarını keçirdi. Səfərdə 0:1 hesablı məğlubiyyətdən sonra ölkə çempionu Bakıda buraxılan qolun əvəzini artıqlamasıyla çıxdı. Rəşad Sadıxov, Muarem Muarem və Dani Kintananın qolları 3:0 hesablı qələbəni təmin etdi və “Qarabağ” ardıcıl üçüncü dəfə qrup mərhələsində iştirakını təmin etdi. 

Artıq qrup mərhələsində rəqiblərimiz məlumdur.

“Qəbələ” qrupda Fransanın “Sent Etyen”, Almaniyanın “Maynts” və Belçikanın “Anderlext” klubları ilə mübarizə aparacaq.

“Qarabağ” isə İtaliyanın “Fiorentina”, Çexiyanın “Slovan” və Yunanıstanın PAOK klubları ilə bir qrupda yer alıb.

“Qarabağ”la “Qəbələ”nin sayəsində azarkeşlərimiz ən azı yanvara qədər Avropa futbolunu canlı izləyəcək. Hər iki təmsilçimiz təcrübəsizlikdən şikayətlənə bilməz. Artıq itiriləsi heçnə yoxdur, deməli, daha böyük hədəflər uğrunda mübarizə aparmaq olar. Niyə də yox? Pley-off haqqında düşünmək və onu reallaşdırmaq vaxtıdır.



MƏSLƏHƏT GÖR:

402