24 Dekabr 2024

Çərşənbə axşamı, 05:19

HƏR ÜÇÜNCÜ - MEDALÇI

Azərbaycan ən yaxşı Olimpiya nəticəsi nümayiş etdirdi

Müəllif:

01.09.2016

Braziliyada keçirilən XXXI Yay Olimpiya Oyunları Azərbaycan idman tarixinə qızıl hərflərlə yazıldı. Planetin ən böyük yarışında idmançılarımız qazanılan 18 medalla yeni rekord müəyyənləşdirdilər.

17 gün davam edən mübarizənin yekununda 28 növdə fəxri kürsüyə yüksələnlərin adına aydınlıq gəlib və 307 qızıl, 307 gümüş və 361 bürünc mükafatçı müəyyənləşib.

 

Medal sıralanması 

Ümumilikdə, 207 ölkədən 87-i medal qazanılıbsa, onlardan 59-u çempionluq sevinci yaşayıb. Rioda himni səslənən ölkələr sırasında Azərbaycan da yer alıb. Cənubi Amerikaya 56 idmançı ilə yollanan Olimpiya yığmamızın qazancı 1 qızıl, 7 gümüş və 10 bürünc medal olub.

Olimpiya Oyunlarında ölkəni təmsil edən idmancıların üçdəbiri medal qazanıb, bu da dünyada ən yaxşı göstəricidir.

Millimizin heyətində taekvondoçu Radik İsayev (+80 kq) birinci, cüdoçular Rüstəm Orucovla (73 kq), Elmar Qasımov (100 kq), güləşçilər Toğrul Əsgərov (65 kq), Xetaq Qazyumovla (97 kq), Mariya Stadnik (48 kq), boksçu Lorenzo Sotomayor (64 kq), kanoeçi Valentin Demyanenko (200 m) ikinci, taekvondoçular Patimat Abakarova (49 kq) ilə Milad Beiqi Harçeqani (80 kq), boksçu Kamran Şahsuvarlı (75 kq), güləşçilər Rəsul Çunayev (66 kq), Sabah Şəriəti (130 kq), Nataliya Sinişin (53 kq), Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov (86 kq), kayakçı İnna Osipenko-Radomskaya (200 m) isə üçüncü yeri tutub.

Bu, Azərbaycan üçün yeni rekorddur. Komandamız London-2012 ilə müqayisədə medal əyarını yaxşılaşdıra bilməsə də, mükafat və medal qazanılan idman növlərinin sayında rekord müəyyənləşdirib. Əgər 4 il öncə Böyük Britaniyada 10 mükafatı (2-2-6) 3 idman növündə əldə etmişdiksə, bu dəfə 18 medalı 5 idman növündə qazanmışıq. Taekvondo, kanoe və kayakda ilk dəfə fəxri kürsüdə yer almışıq.

Yığmamız bu nəticə ilə mükafat qazanan ölkələr arasında 39-cu pillədə qərarlaşıb. Sabiq SSRİ ölkələri sırasında Rusiya, Özbəkistan, Qazaxıstan, Ukrayna və Gürcüstandan geri qalmışıq. Medal sayına görə siyahıda isə 15-ci yerdəyik və yalnız Rusiya bizdən öndədir.

Siyahını ABŞ öndə bitirib. Onlar 46 qızıl, 37 gümüş və 38 bürünc medal qazanmaqla, həm qızıl həm də ümumi medal sayında hamını qabaqlayıb. Böyük üstünlüklə birinci olan amerikalılar ən yaxın izləyicisi Böyük Britaniyanı 54 medal geridə qoyublar. İlk “üçlük”ü isə Çin qapayıb.

 

Cüdo dirçəlir 

“Rio-2016”da ilk uğurumuz cüdoçulardan gəldi. Yarışa 6 kişi cüdoçu ilə yollanan Azərbaycan millisi Olimpiadada 2 gümüş medal əldə etdi. Rüstəm Orucov 73, Elmar Qasımov 100 kq çəki dərəcəsində finaladək irəlilədi və yalnız həlledici qarşılaşmada uduzaraq ikinciliklə kifayətləndi.

Avropa çempionu Rüstəm Orucovun finalda yapon cüdoçuyla qarşılaşması onun qızıl medal qazanmasına mane oldu. Bununla belə, Orucov sona qədər əzmkar mübarizəylə seçildi. Elmar Qasımov haqqında da eyni fikirləri söyləmək olar. Finala qədər 4 rəqibini sıradan çıxaran qitə birinciliyinin qalibi həlledici görüşdə çex idmançısına uduzdu. Görüş bərabər səviyyədə keçsə də, rəqibin ippon fəndinə düşən Qasımov gümüş medalla kifayətlənməli oldu.

Qazanılan bu 2 gümüş medal cüdo yığmamızı medal sıralamasında Olimpiadanın 12-si edib. Yarışa qatılan 136 ölkədən yalnız 26-sı medal qazana bilib. Azərbaycan postsovet məkanında yalnız Rusiyadan geri qalaraq 2-ci olub. Bu nəticədə millimizin yalnız kişi cüdoçularla təmsil olunması da öz sözünü deyib. Çünki kişilərdən ibarət komandaların medal sıralamasında yığmamız daha yüksək - 6-cı yeri tutub. Ümumi sıralamada olduğu kimi, kişilərin hesabında da Yaponiya 1-ci olub. Asiyalılar ümumilikdə 12 medal qazanıb ki, bunun 7-si kişi, 5-i qadınların hesabındadı. Cüdo yığmamızın Rioda qazandığı 2 gümüş medalı yüksək qiymətləndirmək olar. London-2012-də medalsız qalan milli bu dəfə bizlərə iki final həyəcanı yaşatdı.

 

Ən yaxşı komanda 

Tarixində ilk dəfə Olimpiya Oyunlarında mükafat qazanan teakvondo üzrə Azərbaycan millisi “Rio-2016”da ən yaxşılardan oldu. Braziliyaya 4 idmançı ilə yollanan yığmamız okeanın o tayında 3 medal əldə etməklə taekvondo tariximizdə yeni səhifə açdı.

Taekvondoda ilk Olimpiya medalımızı Patimar Abakarova qazandı, o bürünc mükafata nail oldu.

Sonra onun nailiyyətini Milad Beiqi Harçeqani təkrarladı.

Radik İsayev XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanın yeganə qızıl medalının sahibi oldu.

Taekvondoçularımızdan yalnız Fəridə Əzizova (67 kq) vətənə mükafatsız döndü. O da bürünc medal uğrunda döyüşdə uduzaraq, mükafatı son anda əldən verməklə 5-ci yerlə kifayətləndi.

Radik İsayevin finalda niger idmançısı üzərində qələbəsi ölkə idmanı tarixində bir sıra ilklərə səbəb oldu. İlk dəfə olimpiadada Azərbaycan taekvondoçusu final həyəcanı yaşadı. İlk dəfə bu idman növündə qızıl medal qazandıq. Dünya və Avropa çempionu karyerasının ən böyük yarışında da çempion olmaqla kolleksiyasına növbəti mükafatı əlavə etdi.

Azərbaycan yığması bu göstərici ilə “Rio-2016”nın taekvondo yarışlarında 4-cü pillədə qərarlaşdı. Millimiz yalınız Cənubi Koreya, Çin və Böyük Britaniyadan geri qaldı. Avropada 2-ci olan komandamız postsovet məkanında hamıdan öndə yer almaqla diqqəti cəlb etdi.

Asiya təmsilçiləri hərəyə 2 qızıl medal əldə etdi. Ümumi mükafat sayında qabaqladığımız Çin və eyni sayda medal qazandığımız britaniyalılar yalnız əyarlara görə daha öndədi. Qeyd edək ki, taekvondo yarışlarında 63 ölkədən 128 idmançı (64 kişi və 64 qadın) çıxış edib.

 

Boks 

XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanın boks millisi “Rio-2016”da final həyəcanı yaşayan 12 ölkədən biri olub. Belə ki, 13 medal dəsti uğrunda mübarizə aparan 11 boksçumuzdan biri - Lorenzo Sotomayor (64 kq) həlledici qarşılaşmada qüvvəsini sınamaqla ilkə imza atıb. Bununla, boks tariximizə ilk və hələlik yeganə finalçı kimi düşən idmançımız özbək rəqibinə uduzsa da, gümüş mükafata layiq görülüb.

Daha bir boksçumuz - Kamran Şahsuvarlı da (75 kq) Braziliyadan medalla qayıtdı. Bürünc mükafatçı olan olimpiyaçımız yığmanın hesabına digər medalı yazdırdı.

Nəticədə, Oyunları bir gümüş və 1 bürünclə başa vuran komandamız “Rio-2016”da 10-cu yerə şərik oldu. Kolumbiya ilə eyni göstəriciyə malik ölkəmiz Avropada 4-cü olub. Yalnız Fransa, Rusiya və Böyük Britaniya daha öndə qərarlaşıb.

Medal sayında 1-ci yeri isə Özbəkistan tutub. Kuba kimi nəhənglə eyni sayda qızıl medal qazanan asiyalılar digər mükafatlarda onları qabaqlayıb. Fransa isə siyahıda 3-cü olub. Ümumilikdə, 19 ölkə üzvləri medala yiyələnib.

Boksçularımızdan medal ümidlərimiz Albert Səlimov və Teymur Məmmədov səviyyələrindən aşağı çıxış ediblər. Hər ikisi mübarizəni erkən mərhələdə dayandırmaqla qələbə əldə edə bilməyib.

 

Güləşçilərin medal rekordu 

Başa çatan Rio Yay Olimpiya Oyunları Azərbaycan güləş tarixində yeni səhifə açdı. Pəhləvanlarımız dördilliyin zirvə yarışında indiyə qədərki olimpiya oyunlarından fərqli olaraq ən çox sayda medal qazandı. "Dördillik"də mübarizə aparan 14 güləşçimizdən 9-u Vətənə medalla qayıtmaqla rekord müəyyənləşdirdi. Medallardan 3-nün əyarı gümüş, 6-cı isə bürünc oldu.

Yarışların ilk üç günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz Rəsul Çunayev (66 kq) və Sabah Şəriətinin (130 kq) timsalında bürünc medala yiyələndi. Baş məqşçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi ilə 5 bahadırla çıxış edən yığmamız 2 bürünc medal qazandı və Dünya Güləş Birliyinin ənənəvi reytinq sıralamasında 3-cü nəticə göstərdi.

Qadın güləşçilərin yarışında 3 idmançı ilə təmsil olunduq. Baş məşqçi Semyon Çteryovun rəhbərliyi ilə çıxış edən güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazandı. Mariya Stadnik (48 kq) yalnız finalda uduzaraq gümüş medala yiyələnsə də, Nataliya Sinişin (53 kq) bürünc medalı boynuna asdı. Sözsüz ki, bu mənada Stadnikin qızıla bərabər gümüş medalı haqda şərh verməmək olmur. Final görüşünün başa çatmasına 3 saniyə qalmış fəndə düşən idmançımız yapon rəqibinə uduzmaqla çempionluq şansını əldən verdi. Mükafatlandırma mərasimində göz yaşlarına hakim ola bilməyən Mariyanı sonradan Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax sakitləşdirdi.

Ümumilikdə, qadın yığmamızın çıxışı uğurlu alındı. 1 gümüş və 1 bürünc medalla qadın güləş yığmamız Dünya Güləş Birliyinin ənənəvi reytinq sıralamasında 4-cü yeri tutdu.

Yarışların son 3 günündə mübarizə aparan "sərbəstlər"imiz güləş tariximizdə yeni bir səhifə yazdı. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi ilə 6 idmançı ilə təmsil olunan sərbəst güləş millimiz 5 medal - 2 gümüş və 3 bürünc medal qazandı. Gümüş medalları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), bürünc medalları isə Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) əldə etdi. Qazanılan medalların sayına və Dünya Güləş Birliyinin tərtib etdiyi ənənəvi reytinq sıralamasına görə yığmamız bütün komandaları qabaqlayıb və ilk sırada qərarlaşdı.

Güləşçilərimiz Rio-de-Janeyroda məhz bu növdə qazanılan medalların sayına görə Rusiya ilə ilk sıranı bölüşdülər - hərəyə 9 medal.

Azərbaycan Olimpiya yığmasında Olimpiadanın ikiqat mükafatçısı Rövşən Bayramovun mükafatsız qalması azarkeşləri üzdü. Yarımfinala qədər bütün rəqiblərini məğlub edən dünya çempionumuz finalın bir addımlığında büdrədi. Məğlubiyyəti unuda bilməyən Bayramov bürünc medal uğrunda görüşdə də uğursuzluq yaşadı. Toğrul Əsgərovun ardıcıl ikinci Olimpiada da medal qazanması xüsusi qeyd edilməlidir. Gəncəli pəhləvan 4 il ərzində iki dəfə zədələnsə də, Rio-da adını mükafatçılar sırasına yazdırmağı bacardı.

1996-cı ildə Atlantada 1 gümüş, 2000-ci il Sidney Olimpiadasında 1 qızıl, 2004-cü ildə Afinada 1 qızıl, 2008-ci il Pekin Olimpiadasında 2 gümüş, 2 bürünc, ümumilikdə 4 medal, 2012-ci ildə Londonda 2 qızıl, 2 gümüş, 3 bürünc olmaqla yekunda 7 medal qazanan güləşçilərimiz Rio Olimpiya Oyunlarında 3 gümüş və 6 bürünc olmaqla ümumilikdə 9 medal qazandı və güləş tariximizdə yeni bir səhifə açdı.

Statistikaya nəzər salsaq görərik ki, güləşçilərimizin 4 illiyin zirvə yarışında qazandıqları medalların sayında hər dəfə artım müşahidə olunur. Bu dəfə yeganə çatışmayan qızıl medal oldu. İnanırıq ki, gələcəkdə güləşçilərimiz daha böyük əzmkarlıq nümayiş etdirərək qazanılan medalların keyfiyyətinin daha da yaxşılaşıdırılması üçün əllərindən gələni edəcək, həmişə olduğu kimi bayrağımızı yüksəldəcək, himnimizi səsləndirəcəklər.

 

Avarçəkmə 

Rio Olimpiadasında Azərbaycan idmançıları yeni idman növü - avarçəkmədə ilk medallarını qazandılar. Azərbaycan təmsilçisi İnna Osipenko-Radomskaya kayak yarışlarında uğurla çıxış edərək finişə üçüncü çatmaqla bürünc medala layiq görüldü. Həlledici yürüş Yeni Zelandiyadan Liza Karrinqtonun qələbəsi ilə başa çatıb. O, 4 il öncə olduğu kimi yenə Olimpiya çempionu olub. Yeni Zelandiya təmsilçisi 200 m məsafəni yeni Olimpiya rekordu ilə qət edib - 39,864 san. Təmsilçimiz İnna liderdən 0,537 san geri qalıb.

Yığmamızın liderlərindən Valentin Demyanenko 200 metr məsafəyə yürüş zamanı fəxri kürsünün ikinci pilləsinə qalxdı. Həlledici mərhələ Yuri Çebanın qələbəsi ilə başa çatdı. O, finiş xəttini yeni Olimpiya rekordu - 39,279 saniyəyə qət etdi. Həmyerlisindən 0,214 saniyə geri qalan kanoeçimiz gümüş medalla kifayətləndi. İlk "üçlüyü" İsak Keyroş Dos Santos (Braziliya) tamamlayıb - 39,628 saniyə.

 

Olimpiadanın rekordları 

Braziliyada keçirilən Olimpiada bir sıra maraqlı faktlarla yadda qalacaq. Əfsanəvi amerikalı üzgüçü Maykl Felps Rio Olimpiadasından sonra karyerasına rəsmən son qoyduğunu açıqladı. 

Felps 4 il öncə də analoji çıxışla diqqət çəkmiş, lakin sonradan fikrini dəyişmişdi. Amma 31 yaşlı idmançı bu dəfə bir daha üzgüçülüyə qayıtmayacağını açıqlayıb. O, bundan sonra qolf oynayacağını vurğulayıb: “Karyeramı bu cür bitirdiyim üçün çox xoşbəxtəm. Bundan sonra qolfla məşğul olacağam. Artıq ailəmlə vaxt keçirəcəm və günəşdən həzz alacağam”.

Qeyd edək ki, Braziliyada keçirilən Yay Olimpiya Oyunlarını 5 qızıl və 1 gümüş medalla başa vuran Maykl Felps karyerası ərzində Olimpiadalarda 23 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb. O, həm də 27 qat dünya çempionudur.

ABŞ olimpiadalarda ardıcıl 2-ci, tarixində 17-ci dəfə medal sayında birinci oldu. Rio 2 böyük yubileylə də əlamətdar olub. ABŞ tarixində 1000-ci qızılı və 2500-cü medalı qazanıb.

Yamaykalı atlet Useyn Bolt çempionluq sayını 9-a çatdırmaqla, atletikada ən çox Olimpiya qızılı qazanan idmançılara şərik olub. O, finlandiyalı Paavo Nurmi və amerikalı Karl Lyusa çatıb.

Üç ölkə tarixində ilk dəfə medal qazanıb. Fici yığması reqbi-7-də (kişilər), iordaniyalı Əhməd Abuqauş (68 kq) taekvondo yarışlarında, kosovalı Maylinda Kelmendi (52 kq) cüdoçuların mübarizəsində qızıl medal qazanıb.

Rioda 27 dünya rekordu qeydə alınıb. Üzgüçülük və ağırlıqqaldırmada hərəsində 8, velosiped idmanında 7, atletikada 3 və kamandan oxatmada 1 belə göstərici rəsmiləşib.

Efiopiyalı Almaz Aynasmaşed 23 illik dünya rekordunu qıraraq, 10 000 m məsafəyə qaçışda yeni nailiyyət əldə edib.

Çinli U Minsya suyatullanmada ən çox Olimpiya çempionluğu yaşayan idmançı olub. O, Rioda 5-ci qızılını qazanmaqla bunu rəsmiləşdirib.

Qadınlardan ibarət Böyük Britaniya velosiped yığması eyni yarışda 3 dəfə dünya rekordu vurub.

XXXI Yay Olimpiya Oyunlarının gedişini dünya əhalisinin təxminən yarısı fəal şəkildə izləyib. Bu rəqəm 3,7 milyarda bərabərdi.

2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək Tokioda görüşənədək.



MƏSLƏHƏT GÖR:

514