23 Dekabr 2024

Bazar ertəsi, 23:38

ŞƏBƏKƏ USTASI

Mehriban SADIQOVA: "Zərgərlərin mədəniyyətimizə olan töhfəsinin dəyərləndirilməsi üçün daha 100 il gözləmək istəməzdim"

Müəllif:

01.09.2016

Zərgərlik məmulatlarının hazırlanması qədim zamanlardan Azərbaycanın dekorativ-tətbiqi sənətinin ən inkişaf etmiş sahələrindən biri olub. Min illər ərzində zərgərlik əşyaları və bəzəklər nəinki geyimin ayrılmaz hissəsi olub, həmçinin görünüşcə dini-mənəvi xarakter daşıyıb. Zaman ötdükcə, onlar, tədricən, öz əzəli funksiyalarını itirib və incəsənət əsərinə çevrilib. Məsələn, bu gün dəbsevərlər arasında şəbəkə üslubunda hazırlanan zərgərlik əşyaları məşhur sayılır. Bu, Azərbaycan milli zərgərlik texnikasının unikal növü, qızıl və gümüş sapları ilə işlənən zərif və incə hörgü işidir. Şəbəkə üslubunda məmulatların yaradılması ustadan təkcə ənənələrin biliklərini deyil, eyni zamanda, böyük səbir tələb edir. Bu gün Bakıda şəbəkə üslubunda çalışan ustalar, demək olar ki, barmaqla sayılası qədərdir. Onların arasında yeganə qadın zərgər Mehriban SADIQOVADIR. Onun işləri ABŞ, Fransa, Böyük Britaniya, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrdə fərdi kolleksiyada saxlanılır.

- Əsas ixtisasıma görə,  ibtidai sinif müəllimiyəm. Məktəbdən sonra, 40 ildən çox pedaqoq kimi çalışmış anam Sona xanımın izi ilə getməyə qərar verdim. İnstitutdan sonra uzun müddət Slavyan Universitetinin humanitar liseyində tədris edirdim. Lakin məni həmişə Azərbaycan sənətlərinin ənənələri maraqlandırırdı: xalçaçılıq, naxışçılıq, toxuculuq, zərbçilik. Ailəmizdə bütün qadınlar toxuyur, naxış vurur və tikirlər.

Nənəm Tuğra xanım ömrüboyu inanılmaz gözəl tirmə şallar toxuyardı. Zərif başörtükləri üçün ipləri o, keçmiş “Basin” (indiki Füzuli - müəllif) küçəsindən alırdı. Onun işləri bizim əvvəllər yaşadığımız Bülbülədə böyük populyarlığa malik idi. Dayılarım "düyməçilər" idi və keyfiyyətli qayış, çanta və düymələr hazırlayırdılar. Ata tərəfdən biz neft sənayeçisi və mesenat Şəmsi Əsədullayevin ailəsinə bağlıyıq. Onların evində hazırlanması, qiyməti və gözəlliyinə görə unikal məhsullar var idi. Buna sübut kimi - yarınağıl, yarıəfsanəyə çevrilən məşhur hekayə olub. Şəmsi Əsədullayevin nadir iş nümunəsi olan qızıl xəncər var idi. Sovet hökuməti zəngin ailələrdən zinət əşyaları müsadirə etməyə başlayanda, onun oğlu Mirzə xəncəri vermək istəmirdi və onu Əmircandakı ailə evinin quyusuna atıb. Deyilənə görə, Sovet vaxtında elə dalğıc qalmamışdı ki, həmin unikal əşyanı  tapmaq üçün quyuya dalmasın. Lakin hər şey hədər idi - o, həqiqətən də heç kimə nəsib olmadı...

- Ailənizdə zərgərlər var idimi, yoxsa siz bu sahədə, bir növ, ilk kəşf edənlərdənsiniz? Peşəyə çevrilən maraq necə yaranıb?

 

- Elədir ki, var. Mən nəslimizdə ilk və hələ ki, yeganə zərgərəm. Hər şey isə Bakının kiçik mağazalarının birindən aldığım qızıl üzükdən sonra başladı. O, şəbəkə üslubunda hazırlanmışdı və elə xoşuma gəlmişdi ki, bu cür gözəl əşyaları hazırlamağı öyrənmək istədim. Mən bu üzüyü hazırlayan ustanı tapmaq qərarına gəldim. Bakının, demək olar ki, bütün zərgər mağazalarını gəzdim. Axtarışa sərf etdiyim 1 ildən sonra, mənə həmin ustanın ünvanını dedilər...

Vasif müəllim zinət metallarından eksklüziv əşyaların hazırlanması üzrə əsl sənətkardır. Gözəlliyinə və texnikasına görə, inanılmaz işlərini görəndən sonra, onun ustalığına yiyələnmək qərarı verdim və Vasif müəllimi məni "şagird" kimi götürməyə məcbur etməyə başladım. Uzun xahişlərdən sonra o razılaşdı. O, əmin etdi ki, gərgin və çətin işə dözməyərək,  2 həftədən sonra oradan qaçacağam. Lakin bu, baş vermədi. Sənətkardan  zərgər işinin bütün incəliklərini öyrənəndən sonra, tək işləməyə başladım.  

- Tədris prosesində ən çətini nə idi?

- Zərgər işi gərgin, dəqiq və kifayət qədər monoton bir məşğuliyyətdir. Şəxsən mənim üçün ən çətini səbir və hövsələyə nail olmaq idi. Həmçinin müxtəlif kimyəvi maddələr və turşuların kəskin iyinə öyrəşmək lazım idi. Yadımdadır ki, ilk dəfə "xam" qızılı görəndə, xeyli təəccübləndim. Qara, sanki yanmış, çirkin, bizim öyrəşdiyimiz parıltı və gözəlliyə sahib olmayan metaldır. Söz düşmüşkən, zərgərlik sənəti özündə çoxlu müxtəlif peşələri birləşdirir. Hər zaman öyrənməyə və yeniliyə sahib olmaq lazımdır. İşimizin bir neçə kateqoriyası var: modelin hazırlanması və dizayn, tökmə, quraşdırma, kəsmə, təraşlama, daşların bərkidilməsi və oyma. Ən çətini, modelin hazırlanmasıdır. Gərək, əyləşib,  gözəl, orijinal və eyni zamanda, texniki cəhətdən edilə biləcək nəsə hazırlamalısan.

- İlk işiniz yadınızdadırmı? Bu, nə idi?

- Bu, filiqran üslubunda hazırlanan şəbəkə nişan üzüyü idi. Yadımdadır, valideynlərimin qarşısında lovğalanmaq üçün onu evə gətirəndə, onlar çox təəccübləndilər. İş orasındadır ki, "zərgər" Vasif müəllimin yanında oxuduğum zaman, anam və atam fikirləşirdilər ki, bu, qızlarının növbəti dəliliyidir, hobbisidir. Həmin vaxt onlar heç təsəvvür etmirdilər ki, mən bu işə o qədər ciddi yanaşmışam ki, hətta peşəmi dəyişdirməyə qərar vermişəm. Üzüyümü görəndə anladılar ki, zərgərlik işi mənim sənətimdir və işimə daha ciddi yanaşmağa başladılar.

- Mehriban xanım, nə ilə işləmək daha asandır: qızıl, ya gümüşlə?

 

­- Daha çox qızılla işləmək asandır. Gümüş - şıltaq metaldır, onun fərqli ərimə temperaturu var. Bir çox zərgər onunla işləməkdən imtina edir, bununla belə, mən bu metalla işləyirəm. Ümumilikdə, gümüşlə işləməyi xoşlayıram. Şəbəkənin hazırlanması üçün yüksəkkeyfiyyətli gümüş lazımdır, əks halda, hörgü ya yanır, ya da ümumiyyətlə alınmır.

- Materialı haradan sifariş edirsiniz?

 

- Burada, Bakıda alıram. On il bundan öncə iş üçün yaxşı, keyfiyyətli material tapmaq çətin idi, bu gün isə zərgərlər daha yaxşısını seçə və ala bilərlər.

- Zərgər işinin üstünlükləri və mənfi cəhətləri nədir?

- Üstünlük odur ki, zərgərin öz sifarişçi dairəsi varsa, o zaman onun gəliri pis olmur. Həmçinin, işdən zövq alırsansa da, o həmişə məmnuniyyət hissi bəxş edəcək. Mənfi cəhətləri odur ki, bu, oturaq və çirkli işdir; məsələn, əvvəllər zərgərlik məhsulunu təmizləmək üçün duz və kükürd turşularının qarışığından istifadə olunurdu, ona görə də ustaların tənəffüs yolları xəstəlikləri yaranırdı.

- Mehriban xanım, demək olar ki, bütün işləriniz şəbəkə üslubunda hazırlanıb. Nəyə görə məhz bu filiqran?

- Sovet vaxtında şəbəkə üslubunda zərgər bəzəkləri indiki kimi dəbdə deyildi. Ozamankı dəbsevərlər köhnə şəbəkə-qızılı əritməyə və "nəsə müasir" bir şey hazırlamağa üstünlük verirdilər. Bu gün köhnə əşyalara olan dəb qayıdır, bir çox qadın da özünə köhnə üslubda hazırlanan sırğa və boyunbağı alır. Şəbəkə əllə hazırlanır. Heç bir supermüasir aparat bu gözəlliyi yarada bilməz. Bu zərgər məmulatları sanki nazik qızıl və ya gümüş hörükdən hazırlanıb. Hər bir detalın gözə görünmədən və  dağılmamaq şərti ilə birləşdirildiyi əl "hörüyü" ilə savayı, bu, öz-özlüyündə çətin bir texnikadır. Mən hesab edirəm ki, bu, heç də sənət deyil, əsl incəsənətdir. "Qanun naminə" filmi yadınızdadır? Orada Nəcibə Məlikovanın qəhrəmanı "Ay və ulduzlar" ornamenti ilə məşhur seriyadan olan boyunbağını nümayiş etdirir. Bu, saxta deyil: çəkiliş zamanı əslini muzeydən götürüblər. Üstəlik, "Gecə-gündüz" seriyasından olan və H.Z.Tağıyev muzeyində saxlanılan məşhur melxior vazası var. Bu və bir çox digər tarixi bəzəkləri mən təkrarlamışam. Milli sənətlər, ümumiyyətlə, "gördün, təkrarladın" prinsipi ilə öyrənilir. Ona görə də tarixi nə qədər çox bilsən, bir o qədər yaxşıdır. Amma əgər bu, təkcə sənət deyil, əsl incəsənətdirsə, burada daha bir halqa var: "gördün-təkrarladın-yaratdın". Sənətkarı rəssamdan nə fərqləndirir? Düşünürəm, azad tərzdə yaratmaq niyyəti. Satış üçün deyil, "ruh üçün".

- İş zamanı hər hansı bir problemlə üzləşirsinizmi?

- Bir çox kişi zərgər mənə qeyri-ciddi yanaşır. Onlar hesab edirlər ki, qadın yaxşı usta ola bilməz. Çox vaxt mən diskriminasiya və onlar tərəfindən anlaşılmazlıqla rastlaşıram. Mənim bütün günü emalatxanada əyləşib çalışmağım, çoxlu sifarişlərim onları qıcıqlandırır. Onların düşüncəsi ilə qadın bütün günü mətbəxdə oturmalı və xörək bişirməlidir. Bu ədalətsizlik tez-tez məni özümdən çıxarır və hirsimdən  ağlamağa vadar edir. Bu, niyə baş verir və bu mentaliteti necə dəyişdirmək olar? Bilmirəm...

Bəlkə də 10-20 ildən sonra Bakıda daha çox zərgər qadın peyda olacaq və bu peşə bizim üçün daha "non- qrata" sənəti olmayacaq. Buna inanmaq istərdim...

- Sizcə, nə edilməlidir ki, zərgərlik sənəti Azərbaycanda inkişaf etsin?

- 100-200 il bundan əvvəl bizim Azərbaycan zərgərlərinin dəstəsi var idi - Məmməd Şəfa, Hənifə bəy, Məşədi Əbdülxaliq, Usta Əsədulla, Nəqqaş Hüseynqulu və digərləri. Hazırda onların işi milli sənətin yüksək nümunələri, bizim fəxrimiz və Azərbaycanın prestiji sayılır. Biz isə unuduruq ki, o zaman onlar indiki qızıl ustaları kimi sahibkar idilər. Təəssüf ki, bu gün zərgər sənəti dövlət qurumlarında təmsil olunmur, yəni onu 100 il əvvəl olduğu kimi, heç mədəniyyət anlayışına aid də etmirlər. Bunu biznes, istehsalat hesab edirlər. Zərgərlərin mədəniyyətimizə olan töhfəsinin dəyərləndirilməsi üçün daha 100 il gözləmək istəməzdim. Ölkəmiz böyük zərgər ənənələrinə sahibdir. Azərbaycan ustaları böyük yaradıcılıq potensialı, ailə əmanətləri kateqoriyasına aid edilə biləcək, bədii dəyərlərə malik möhtəşəm zərgər kompozisiyalarının, məmulatların yaradılmasına meyillidirlər. Ona görə bu incəsənət növünü inkişaf etdirmək, zərgərlərimizi dəstəkləmək – müxtəlif sərgilər təşkil edilməsində, ustalarımızın işlərinin xaricdə təqdim edilməsində kömək etmək lazımdır.



MƏSLƏHƏT GÖR:

580