Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Olimpiya çempionu olmaq hər bir idmançının ən böyük arzusudur. Azərbaycan taekvondoçusu Radik İsayev bu zirvəyə 27 yaşında çatıb. Bu parlaq qələbəsi ilə Braziliyada Azərbaycan Bayrağını yüksəyə qaldıraraq, Himnimizi səsləndirərək, milyonlarla idman həvəskarına və xalqımıza hədsiz sevinc bəxş edib.
Radik İsayev, yəqin ki, həyatının ən unudulmaz günlərini yaşayır.
Tarixi zəfərdən 1 ay vaxt keçib və “R+” taekvondoçu Radik İsayevlə Olimpiadadakı cıxışı və gələcək planları haqqında müsahibəni təqdim edir.
- Radik İsayev Rio de-Janeyroda baş tutan Yay Olimpiya Oyunlarından əvvəl və sonra. Fərq böyükdür?
- Heç bir fərq yoxdur. Sadəcə, kolleksiyama daha bir medal əlavə olundu. Fürsətdən istifadə edərək, mənə dəstək olan hər bir insana təşəkkür edirəm. Olimpiya çempionu olanda iştirak etdiyim hazırlıq dövrü gözümün qabağından keçdi.
- Hazırlıq nə qədər vaxtı əhatə edib?
- Rioya lisenziya qazanandan sonra, demək olar ki, yalnız Braziliyaya hazırlaşmışıq. Məşqçilər korpus xüsusi proqram tərtib etmişdilər. Ona uyğun məşqlər və yoxlama görüşləri keçirirdik. İdmanda məşqsiz, əziyyətsiz mümkün deyil.
- İdman sağlamlıqdır. Amma sən həm də deyirsən ki, əziyyətdir...
- Sağlamlıq və müəyyən mənada əziyyət. Xahiş edirəm, düzgün başa düşəsiniz. İsti yay günlərində hamı istirahətdə olduğu zaman, millimiz Olimpiadaya hazırlaşırdı. Digər tərəfdən, idmançılar istədikləri qidanı qəbul edə bilmirlər. Çəki artırmaqdan qorxuruq. Rio ərəfəsində şirniyyat və kolorili qidaları tamamilə unutmuşdum.
- Artıq Olimpiada başa çatdı. Sən qızıl medal qazanmısan və demək olar ki, bir müddət çəki artırmaq olar...
- İdmançı kimi hər zaman özümü formada saxlamalıyam. Ən çox sevdiyim yeməkləri anam hazırlayır. Riodan əvvəl deyirdi ki, uğur qazanacağıma inanır. Ona görə qələbədən sonra ilk olaraq anamı düşünürdüm.
- Rioda qazandığın qızıl medalı kim saxlayacaq?
- Anam onu medal kolleksiyasına əlavə edəcək. Evimizdə xüsusi guşə yaradıb. Hər dəfə qazandığım medal və diplomları ora yığır.
- Riodakı qızıl medalla qazandığın o biri mükafatlar arasında nə fərq var...
- Fərq böyükdür. Söhbət çəkidə və ya ağırlıqda deyil. Nədənsə, Riodakı mükafat mənə daha möhtəşəm görünür. Olimpiadada uğur qazanmaq çox çətindir. Bəlkə də buna görə belə düşünürəm.
- Olimpiadadan öncə qızıl medal qazanacağına inamın var idi?
- Bu barədə düşünmürdüm. İstəyirdim ki, mükafatçılar sırasında yer alım. Taekvondo yığmamıza böyük qayğı göstərilir. Ona görə nəticəsiz qalmaq istəmirdim. Finala çıxandan sonra gümüş deyil, qızıl medal qazanmaq istəyim artdı. Çox fərqli hisslərdi. Əvvəl adi medal arzulayırsan, sonra gümüş yox qızıl istəyirsən.
- Azərbaycan Olimpiya yığmasında qızıl medal yox idi. Üstəlik, bəzi təcrübəli idmançılarımız finalda məğlub olmaqla ikinci olmuşdular. Bu amil sənə psixoloji təsir edirdi?
- Müəyyən mənada, gizli qorxu ola bilərdi. Amma özümə inanırdım. Dünya, Avropa çempionatlarının qalibi kimi özümü göstərmək istəyirdim. İlk görüşdə psixoloji gərginlik çox idi. Amma sonra həyəcan azaldı. Məşqçilər məni çempionluğa pillə-pillə hazırlayırdılar. Yalnız növbəti görüş haqqında düşünürdüm. Birdən-birə qızıl arzulasaydım, yanardım.
- İndiyə qədər Niyaməddin Paşayev, Rəşad Əhmədov kimi tanınmış taekvondoçular Olimpiadada iştirak etsə belə, medal qazanmayıb. Bu mənada, çempionluqda ilkə imza atdın...
- Niyaməddin və Rəşad çox təcrübəli idmançı və gözəl insandır. Onların dəstəyini hər zaman hiss etmişəm. Lazım olanda dəyərli məsləhətlərini əsirgəməyiblər. Rəşad Əhmədov Afina Olimpiadasında bürünc medala çox yaxın idi. Sevinirəm ki, Riodakı çıxışım tarixə düşüb. Bir daha demək istərdim ki, qələbədə məşqçilər, federasiya rəsmiləri, komanda yoldaşlarımın rolu böyükdür. Əlbəttə ki həmişə məni ruhlandıran anamı da unutmuram.
- Adətən, Olimpiya çempionu olan idmançı “ulduz xəstəliyi”nə tutulur və növbəti dəfə bu zirvəni fəth edə bilmir. Hamının sənə diqqəti baş gicəlləndirməyə səbəb ola bilər?
- Mən dəyişmək fikrində deyiləm. İdmançını tanıdan media və azarkeşlərdir. Onlarsız biz heç kimik. Ona görə həmişə davranışıma fikir verəcəyəm. Qələbədən sonra dövlət başçısı cənab İlham Əliyev zəng edərək məni təbrik etdi. Prezidentin zəngi məsuliyyətini daha da artırdı. O söylədi ki, uğurlarımı davam etdirməliyəm. Bu sözlər mənim üçün həyatımın stimulu olacaq.
- Karyeranda Avropa, dünya və Olimpiadanın qızıl medalı var. Növbəti hədəfin nə olacaq?
- Növbəti hədəfim Avropa, dünya və Olimpiadada ikinci dəfə qızıl medal qazanmaq olacaq. Bütün mümkün titullardan sonra həmin zirvəni yenidən fəth etmək həm çətin, həm də vacibdir. İdmanda qələbə qazanmaqdan doymuram. İdmançı həyatı, təxminən, 32-34 yaşa qədər davam edir. Ona görə mümkün qədər çox medal əldə etmək istərdim.
- Olimpiya çempionları sabiq olmur. Bu titul hər zaman önəmliliyini saxlayır. Radik İsayev üçün Riodakı mükafat nəyi dəyişdi?
- Əvvəllər Bakıda gəzəndə o qədər diqqəti cəlb etmirdim. Amma indi çoxları məni tanıyır. Bununla belə, idmançının tanınması o qədər vacib deyil. İdmançı sözünü yarışda deməlidir. Fikrimcə, çempionluğum taekvondoya olan marağı artıracaq. Artıq çoxlu sayda uşaqlar bu idman növüylə məşğul olmağa başlayıb. Yeniyetmələrə bir söz demək istərdim. Məğlubiyyət olanda təəssüflənməsinlər. Birdən-birə çempion olmaq mümkün deyil. Çempionluq illərlə qazanılan təcrübə və zəhmətin bəhrəsidir.
MƏSLƏHƏT GÖR: