24 Dekabr 2024

Çərşənbə axşamı, 05:58

“11” NÖMRƏ

60 yaşlı məşhur futbolçu İsgəndər Cavadov xatirələrini “R+”la bölüşüb

Müəllif:

01.10.2016

Azərbaycan futbolu 100 yaşını adlasa da, tarixdə iz qoyan məşhur adları çox deyil. Sovetlər dönəmində yaşıl meydanlarımızda top qovan Anatoli Banişevski, Kazbek Tuayev, İsgəndər Cavadov, İqor Ponomaryov, Maşallah Əhmədov kimi tanınmış usta futbolçular indiyə qədər unudulmur. Adını çəkdiyimiz məşhur futbolçulardan biri olan İsgəndər Cavadov bu günlərdə 60 yaşını qeyd edir.

İsgəndər Cavadovun adını ilk dəfə uşaq olarkən atamdan eşitmişəm. “Neftçi”nin azarkeşi olan atam həmişə evimizdə “Cavadov-Ponomaryov-Əhmədov” üçlüyünün adını fəxrlə çəkərdi. Uzun illər ağ-qaraların şərəfini qoruyan “11” nömrə sonra Moskva “Dinamo”sunda da forma geydi. Rusiyadakı karyerası uğurlu alınsa da “Neftçi”nin dəvətindən imtina etmədi, növbəti dəfə sevimli klubunun şərəfini qorudu. 

R+” 60 yaşını qeyd edən İsgəndər Cavadovun qonağı oldu. Maraqlı söhbətimiz zamanı unudulmaz “11” nömrənin keçmiş illərini birlikdə yada saldıq. 

“R+” kollektivi adından 60 yaşınızı təbrik edirik. Sizə cansağlığı arzulayırıq. Altmış yaş veteran futbolçu üçün nə deməkdir?

Veteran sözündən o qədər də xoşum gəlmir. Futbolçu həmişə futbolçudur. Altmış yaş az deyil, bununla belə, özümü gümrah hiss edirəm. Dostlarla futbol oynayanda çalışıram, formada olduğumu göstərim. Sözsüz ki, gənclik illərində olduğu qədər, topla sürətli və çevik davranmaq çətindir.

- Müasir Azərbaycan futbolu ilə sizin “Neftçi”də çıxış etdiyiniz illəri müqayisə edə bilərsiniz?

- Müqayisə düzgün olmazdı. Bu gün futbol üçün bütün şərait yaradılıb. Amma bizim dövrdə adi buts tapmaq çətin olurdu. İlk illərdə onu hazırlayan insanlardan alırdıq. Sonralar xarici ölkələrdən gətizdirirdik. Hazırda isə futbolçu istədiyi idman ayaqqabısını almaq gücündədir. O vaxt əksəriyyət “Neftçi”nin azarkeşi idi. Bu komanda xalqın sevimlisinə çevrilmişdi. Uşaq yaşlarımda şəhərdə klubun avtobusunu görəndə çox sevinirdik. Ən böyük arzum həmin avtobusun içini görmək idi. Sonra da qismətə bax - “Neftçi”nin kapitanı oldum.

- “Neftçi”nin heyətində əfsanəvi Anatoli Banişevskinin 100-cü qolu vurmasına kömək etmisiniz. Həmin oyunu necə xatırlayırsınız?

- Banişevski qolu özü vurub. Sadəcə, ötürmə vermişəm. Anatoli çox böyük insan və gözəl futbolçu olub. “Neftçi”nin heyətinə təzə gəlmişdim. Biz gənc olduğumuzdan liderlərə yaxınlaşa bilməzdik. Əgər lazım olarsa onlar bizə müraciət edirdi.

Karyerasını başa vurduğu il Soçidə hazırlıq keçmişdik. Təlim-məşq toplanışında çox həvəslə iştirak edirdi. Gənclərdən yaxşı qaçırdı. Bakıya qayıdan zaman bir neçə futbolçu ondan karyerasını başa vurmamağı xahiş etdi. Lakin o, fikrini dəyişmədi. Son matçda 100-cü qolun ötürməsini vermişdim. Topu tora göndərəndən sonra çox sevinirdi, amma biz kədərlənirdik. Başa düşürdük ki, o futboldan gedir.

Matçdan sonra dedim ki, bəlkə, fikrinizi dəyişəsiniz? Razılaşmadı. Dedi, artıq getmək vaxtıdır. Ona görə qərarı dəyişməyəcək. Söylədi ki, komandada sizin kimi gənclər var, Banişevskiyə artıq ehtiyac yoxdur.

- Banişevskidən sonra “Neftçi”də bütün ümidlər sizinlə bağlı idi. Bununla belə, siz sevimli komandadan ayrıldınız...

- O vaxt Əhməd Ələsgərovla mübahisəmiz düşdü. Heç nəyin üstündə münasibətlər korlandı. O məni bağışlamadı. Buna görə Moskva “Dinamo”suna transfer olundum. O vaxt Rusiyada çıxış etmək çox çətin idi. Bununla belə, avrokuboklarda da meydanda oldum. “Şlensk”lə matçda qol vurdum. Həmin dövrləri xatırlayanda insanda qəribə hisslər oyanır.

- Moskvada uğurlu karyeraya baxmayaraq, yenidən “Neftçi”yə qayıtmağa səbəb nə idi?

- Azarkeşlər Bakıya qayıtmağımı istəyirdilər. İstəsəm belə, “Neftçi”yə qayıtmaq alınmırdı. “Dinamo” rəhbərliyi qəti şəkildə məni buraxmayacaqlarını bildirdilər. O zaman Ümummilli Lider Heydər Əliyev məsələyə qarışmasaydı, Bakıya gələ bilməyəcəkdim. Ümumiyyətlə, Heydər Əliyevin idmanı çox sevməsi hər zaman hiss olunub. “Neftçi”nin heyətində bizimlə görüşəndə bütün oyunlarımıza baxdığını deyirdi. Heç vaxt yadımdan çıxmaz. Heydər Əliyev görüşlərin birində söyləmişdi: “Neftçi” xalqın komandasıdır. Siz gözəl oyunla bütün xalqı sevindirə bilirsiniz. Yaxşı nəticə olmayanda azarkeşlər də pis olur”. Bu sözlər bizə stimul olmuşdu.

- İndiyə qədər çoxlu sayda məşqçilərlə çalışmısınız. Hansı daha çox yadınızda qalıb?

Doqquz məşqçi ilə işləmişəm. Hər birinə hörmətlə yanaşmışam. Bəziləri məni sevməsə belə, meydanda ən yaxşısını etməyə çalışmışam. Əhməd Ələsgərovun çox yaxşı məşqçi olduğunu deməliyəm. İntizamı sevən, futbolçudan maksimum tələb edən mütəxəssis idi. O bizə təkcə futbolu yox, həm necə geyinməyi, rəsmi tədbirlədə özümüzü necə aparmağı öyrətmişdi. Ruslan Abdullayevin də məşqçi keyfiyyətləri yüksək idi.

- “Neftçi” komandası 80-ci illərdə güclü heyətə malik olsa da, SSRİ çempionatında mükafatçılar sırasına düşmədi... 

- Məşqçiləri çox tez-tez dəyişirdik. “Neftçi”nin ardıcıl iki oyunda xal itirməsi artıq böyük faciə sayılırdı. Yaxşı nəticə göstərmək üçün məşqçi gərək, ən azı, 3 il işləsin. Amma bu komandada dərhal nəticə tələb olunurdu. Hər məşqçiyə öyrəşmək isə qeyri-mümkündür. Yeni məşqçi oyun sistemini, taktikanı dəyişir. Bütün bu amillər futbolçulara təsir edir. Ruslan Abdullayevin vaxtında medal qazanmağa çox yaxın idik. Təəssüf ki, sonda mükafatçılar sırasına düşmədik.

- Məşhur üçlük Cavadov-Ponomaryov-Əhmədov haqqında danışaq. İndi komanda yoldaşlarınız haradadır?

- İqor Ponomaryov İsveçdə, Maşallah Əhmədov Bakıda yaşayır. Güclü rəqiblərə qarşı matçlarda bu üçlük çox vaxt oyunun taleyini həll edirdi. Ponomaryov həm də penalti ustası kimi tanınır. Oyunda penaltini mən qazanırdım, vurmaq isə onun işi idi. İqor 11 metrlik zərbəni çox ustalıqla yerinə yetirir.

- Azərbaycan futbolunun bugünündən razısınız?

- Nəticə baxımından yox. Azərbaycan millisindən və klublarımızdan çox şey gözləyirəm. Bu il “Qarabağ” və “Qəbələ” Avropa Liqasının qrup mərhələsində çıxış edir. Arzu edirəm, ən azı, biri pley-offa çıxsın. Millimizdən hər oyun nəticə gözləyirəm. Futbolçularımız pis oynayanda çox fikir edirəm. Çox əsəbiləşirəm. Azərbaycanda idmanın və futbolun inkişafı üçün yüksək şərait yaradılıb. Nəticələr də buna uyğun olmalıdır.

- Yubilyar 60 yaşında özünə nə arzu edir...

- İlk olaraq “R+” kollektivinə təşəkkür edirəm. Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirmək istərdim. Ad günümdə mənə Prezident təqaüdünün ayrılması ilə bağlı verdiyi qərara görə “Çox sağ ol” deyirəm. Biz çox xoşbəxtik, çünki bizim idmanı sevən Prezidentimiz var. İlham Əliyev hər zaman nəinki idmançıları, hətta veteranları da diqqətdə saxlayır. Hamıya cansağlığı arzu edirəm. Qoy, qələbələrimiz bol olsun.



MƏSLƏHƏT GÖR:

520